Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Konstitusiya Məhkəməsi Aparatının 2014-cü il üzrə hesabat iclası keçirilib

Konstitusiya Məhkəməsi Aparatının 2014-cü il üzrə hesabat iclası keçirilib

13.02.2015 [10:00]

Fevralın 12-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.
Məlumat verilib ki, 2014-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, Bakı Apelyasiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, ümumi məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub.
Bildirilib ki, ötən il Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olan 1982 sorğu, müraciət və şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 40 qərar və qərardad qəbul edilib. Həmin sorğu, müraciət və şikayətlərin 492-sinə palatalar tərəfindən baxılıb, digərləri isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.
İl ərzində Konstitusiya Məhkəməsinə daxil olan bütün sorğu və müraciətlərlə bağlı rəylər tərtib edilib. Ötən il məhkəməyə şikayətlər əsasən məhkəmə aktları, ailə, vergi, mülki, əmək münasibətləri, alğı-satqı, torpaq sahələrinin ayrılması, sahibkarlıq fəaliyyəti və s. ilə bağlı olub.
Bildirilib ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri daha da möhkəmlənib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, habelə bir çox xarici ölkənin Konstitusiya məhkəmələri ilə əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilib. Vurğulanıb ki, Konstitusiya Məhkəməsi qəbul etdiyi bütün qərarlarında dövlətdaxili qanunvericiliklə yanaşı, beynəlxalq müqavilə və məhkəmə praktikasına diqqət yetirir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasa yekun vuraraq qeyd edib ki, 2014-cü ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin milli qanunvericilik bazasının müasir hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra Fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi və beynəlxalq aləmdəki digər uğurları dövlətimizin məqsədyönlü siyasətindən qaynaqlanır. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir.
Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini xüsusi vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların göndərdikləri şikayətlərin diqqətlə araşdırılması üçün tapşırıqlar verildiyini bildirib. Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən, Konstitusiya Məhkəməsinin rəhbərliyi vətəndaşların müraciətlərinin diqqətlə dinlənilməsi, araşdırılaraq həll olunması üçün tədbirlər görülməsini tapşırıb.
Konstitusiya Məhkəməsinin sədri 2014-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Fərhad Abdullayev 2015-ci ildə görüləcək işlərdən danışıb, hakimlərin icraatında olan işlərlə bağlı Azərbaycan Respublikası qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqa, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasına əsaslanan rəy və arayışların hazırlanmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, 2015-ci ildə Azərbaycanda bir sıra mühüm tədbirlər, o cümlədən birinci Avropa Oyunları, parlament seçkiləri keçiriləcək. Müəllifi Ulu öndər Heydər Əliyev olan Əsas Qanunun 20 illiyi münasibətilə Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaradır.
İclasın sonunda iş planlarına əsasən, 2015-ci ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 1283 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30