Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / MÖHKƏM TƏMƏLLƏR ÜZƏRİNDƏ QURULMUŞ GÜCLÜ DÖVLƏTİN BANİSİ

MÖHKƏM TƏMƏLLƏR ÜZƏRİNDƏ QURULMUŞ GÜCLÜ DÖVLƏTİN BANİSİ

22.04.2015 [09:48]

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Ölkəmizin son 20 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Ümummilli lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı. Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai-siyasi sabitliyin qorunub saxlanılması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycana azərbaycançılığı qaytarması, azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Sovetlər birliyinin dağılmasından sonra baş verən qlobal siyasi hadisələr, Qarabağ münaqişəsi, 80-ci illərin sonlarından etibarən Azərbaycanın güclü informasiya blokadasına alınması, erməni lobbisinin əleyhimizə güclü fəaliyyəti və s. xaricdəki həmvətənlərimizin ictimai fəallığının artması zərurətini yaratdı. 1996-cı ilin iyul ayında Almaniyanın Bonn şəhərində soydaşlarımızla görüşdə Heydər Əliyev belə bir tövsiyə irəli sürdü: “...Mən demirəm ki, 40 milyon azərbaycanlı bir yerə yığışsın, bu heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər...”
Ulu öndər Heydər Əliyev bu görüşlə xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək təşkilatlanması, ümumazərbaycan lobbisinin yaranması işinin əsasını qoydu. Hələ Naxçıvanda olarkən - 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bayram etməsi, 2001-ci ilin noyabr ayında Bakıda dünya azərbaycanlılarının I qurultayının keçirilməsi dünyaya səpələnmiş soydaşlarımızı bir araya gətirdi.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” - deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı. Onun yorulmadan gecə-gündüz çalışması, qətiyyətli qərarları, vaxtında atdığı addımları artıq 1-2 ilə bəhrə verməyə başladı. BMT, ATƏT, AŞ PA və digər beynəlxalq təşkilatlar bu müdrik siyasətçi ilə hesablaşmağa, Onun sözünü dinləməyə məcbur oldular. Ulu öndər Heydər Əliyevin çıxılmaz vəziyyətlərdə belə etdiyi siyasi gedişlər dünyanın siyasi nəhənglərini heyrətə salırdı. Heydər Əliyev Ümummilli lider səviyyəsinə ucaldı. Bir çox məqamlarda O, təkcə Azərbaycanın yox, bütün Türk dünyasının ümid yeri, Öndəri oldu. 1994-cü ilin sentyabrında Heydər Əliyevin səyi nəticəsində dünyanın məşhur şirkətləri ilə imzalanan neft kontraktı - “Əsrin müqaviləsi” dövlətimizin iqtisadi strategiyasını müəyyənləşdirdi. Qərb və Avropa dövlətləri üçün enerji resurslarına görə Azərbaycanın önəmi artdı.
Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - “azərbaycançılıq” ideologiyasını da yaratdı. Xalqımızın Ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirdi: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşdı.
Ümummilli lider Heydər Əliyevin müstəsna missiya ilə müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və düşüncə əsasında yaradaraq təcrübi surətdə həyata keçirmiş böyük şəxsiyyət olduğu danılmaz həqiqətdir. Ulu öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə Heydər Əliyevin şah əsəri olaraq qəbul edildi.
Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı dövlət həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin. Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Cəmiyyətin siyasi sisteminin inkişaf etdirilməsi, sosial-iqtisadi siyasət, sosial-mədəni və mənəvi inkişaf sahəsində fəaliyyətin əsas istiqamətləri Azərbaycanın müstəqilliyinin xilaskarı kimi dövlət rəhbərliyi missiyasını öz üzərinə götürmüş Ulu öndərin daxili siyasətdə əsaslandığı və uğurla reallaşdırılan taleyüklü siyasi vəzifələr idi. Ümummilli lider Heydər Əliyev özünün öndərliyində Azərbaycanda həyata keçirilən müstəqil dövlət quruculuğu tədbirlərini belə dəyərləndirirdi: “Qısa bir müddət ərzində biz qabaqcıl Avropa təcrübəsinə əsaslanaraq çox şeyə nail ola bildik. Biz bütün çətinliklərə baxmayaraq, liberal iqtisadiyyat və sivil cəmiyyət quruculuğu yolu ilə irəlilədik. Biz insan haqlarının qorunmasını önə çəkdik, Vətənimizin və vətəndaşlarımızın totalitarizm dövrünün ağır irsindən xilas olmasına çalışdıq. Biz demokratiyanın inkişafı üçün mühüm şərtlərdən olan daxili sabitliyə nail olduq. Biz azad söz, azad mətbuat və çoxpartiyalı siyasi sistem yaratdıq. Biz milli Konstitusiya qəbul etdik. Prezident, parlament və bələdiyyə seçkiləri keçirdik, mühüm siyasi və iqtisadi islahatlar apardıq”.
Böyük Öndərin milli dövlətçilik konsepsiyası müstəqil dövlətçiliyimizin bundan sonrakı inkişafının bütün mərhələlərini əhatə edəcək qədər uzaqgörən və bəşəridir. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini isə ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən Ulu öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir. “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”, - deyən Ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı. Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası bugünkü və gələcək nəsillər üçün örnəkdir. Bu strategiya ölkəmizin hərtərəfli inkişafını və tərəqqisini təmin etmiş, müstəqil, demokratik və hüquqi dövlətin yaradılması ilə nəticələnmişdir.
Azərbaycan bu gün Cənubi Qafqazda sabitlik və tərəqqi adasıdır. O, gündən-günə inkişaf edir, daha da inamlı olur. Bütün bunlar ölkəni və Azərbaycan cəmiyyətini inkişafın daha yüksək pillələrinə aparır. Müasir Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim edilir. Müstəqillik illərində ölkəmizdə bir çox yeniliklər baş verib. Azərbaycan 10 il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail olub. İqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib.
Ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında Azərbaycanın yeni neft strategiyası durur desək, yanılmarıq. Çünki bu strategiyanın uğurlarının nəticəsi olaraq ölkəmiz regionun lider dövləti, eləcə də, qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınıb. Azərbaycanın uğurlu enerji siyasəti çoxdan ölkə hüdudlarından kənara çıxıb. Neftimiz xalqın milli maraqlarına xidmət edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən neft strategiyası çox düşünülmüş siyasətlə qeyri-neft sektorunun inkişafına yönəldilib, neft kapitalı insan kapitalına çevrilib. Aparılan uğurlu siyasət Azərbaycanı bu gün dünyanın ən etibarlı tərəfdaş ölkəsinə çevirib. Ölkəmizdə “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu da Azərbaycanın dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə səbəb olur, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməsinə imkan yaradır.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutunun inkişaf dövrü başlayıb. Azərbaycan dövləti ölkədə vətəndaş cəmiyyəti institutlarının formalaşmasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi təməli strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil etməkdədir. Həyata keçirilən rasional və praqmatik siyasi kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin, digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirdi.
Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir. Azərbaycan Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilib. Belə ki, mətbuat üzərindən senzura götürülüb, KİV-ə tam sərbəstlik verilib. Hər bir demokratik, plüralistik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların mühüm ictimai institutları mövcuddur, bu institutların inkişafını dəstəkləmək güclü dövlət quruculuğunun istiqamətlərindən biridir.
Bu gün Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və eləcə də, kütləvi informasiya vasitələrinin dövlət tərəfindən maliyyələşdirilməsi prosesi həyata keçirilir. Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib.
Bununla yanaşı, həyata keçirilən sosial siyasət, əhalinin rifahının yüksəldilməsinə, sosial müdafiəsinə xidmət etmək ölkəmizdə dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycanda milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin edilməsi kimi ümdə məsələləri əhatə edir. Bu gün tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.
Hər sahə üzrə proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəklənməsi, birgə addımların atılması gələcəyə daha böyük inamla irəliləməyə stimul verir. Bütün bu nailiyyətlərin əldə olunmasının əsas qayəsi, məhz Ulu öndərimizin siyasi kursunun yaradıcılıqla davam etdirilməsi, xüsusilə demokratik inkişaf sahəsində bu kursun təkamül prinsipinə əsaslanır.
Ulu öndər Heydər Əliyev ölkəmizin inkişafının çox möhkəm əsasını qoydu, bu inkişafın perspektivlərini işıqlandıran ideya və prinsipləri müəyyənləşdirdi. Bizə və gələcək nəsillərə bu dahi insanın, Ümummilli liderin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyat və yaradıcılığını yaxşı öyrənmək, ideyalarını mənimsəmək və həyatımızda tətbiq etmək qalır. Xalqımızın xoşbəxt gələcəyi bir çox hallarda bundan asılıdır.
Bu gün qlobal dünyaya inteqrasiya edərkən biz bilməliyik ki, Heydər Əliyev Azərbaycan xalqının milli “Mən”ini, ənənələrini, dilini, tarixini, sosiomədəni fonunu qorumağa necə böyük əhəmiyyət verirdi. Qlobal mədəniyyəti formalaşdıran xarici amillər cəmiyyətimizə nəzərəçarpacaq təsir göstərir. Bunun nəticəsi ondan ibarət olur ki, milli mədəniyyət, tarix, ənənələr qlobal sosiomədəni koordinat sisteminin törəməsinə çevrilir. Bu koordinat sistemi bütün lokal dəyərləri əvəzləyir və milli sosiomədəni amilləri vahid qlobal amillərə transformasiya edir. Deməli, biz ümumbəşəri dəyərlərə doğru irəliləməyə kömək edən milli xüsusiyyətlərimizi qorumaq uğrunda mübarizə aparmalıyıq. Ona görə də, nəinki milli mədəniyyəti və ənənələri qorumaq, həm də onların inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi üçün şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Məhz belə yanaşma Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu Azərbaycan milli dövlətçiliyini inkişaf etdirməyə imkan yarada bilər.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində başlıca rol oynayacaq. Bu İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini misal göstərmək olar. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi, ilk növbədə, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Çünki beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu uğuru Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur. Belə ki, 2013-cü ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılmışdır. Bu nailiyyət Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin İKT sahəsində məqsədyönlü, müdrik və uzaqgörən siyasətlərinin həyata keçirilməsi, eləcə də, ölkəmizdə ən yeni texnologiyaların tətbiqi üzrə məramlarının reallaşdırılması sayəsində əldə olunmuşdur. Dövlət başçısının qeyd etdiyi kimi, ilk peykin orbitə buraxılması müstəqillik dövründə imza atdığımız ən böyük uğurlardan biridir, dövlətimizin qələbəsidir və hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər.
Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən biri ölkəmizin dinamik inkişafıdır. Həyata keçirilən Dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açıb. Bütün bu uğurların kökündə dayanan əsas amil 1993-cü ildən sonra Azərbaycanda formalaşmış yeni siyasi kursdur. Azərbaycan cəmiyyəti Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu kursu ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.
Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə çalışan Prezidentdir. Yeni Azərbaycan Partiyasının V qurultayında Prezident İlham Əliyev deyib: “Mənim bir məqsədim, bir amalım vardır. Bu, güclü Azərbaycan dövlətidir. Ulu öndərin bizə miras qoyduğu dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək, Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək mənim əsas vəzifələrimdir və son 10 il ərzində çalışmışam ki, bütün istiqamətlər üzrə ölkəmizin uğurlu inkişafını təmin edim”.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müstəsna xidmətləri sayəsində bu gün ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada qərar tutub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətə çevrilib.
Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan inkişaf edir, güclənir və gələcəyə mətin addımlayır! Bu yolda hər bir azərbaycanlı qəlbindəki vətən eşqini alovlandıraraq, gələcəyimiz naminə yorulmadan fəaliyyət göstərməli və Ulu öndərin bizə miras qoyduğu doğma Azərbaycanımızı göz bəbəyi kimi qorumalıdır.
Sevinc FƏtƏliyeva
Milli Məclisin deputatı,
YAP İcra Katibliyinin şöbə müdiri

Paylaş:
Baxılıb: 1245 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31