Ana səhifə »  Daxili siyasət »  Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub
A+   Yenilə  A-
Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) qeydiyyatdan keçmiş bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Komitənin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkədə dini durum sabitdir və dövlət-din münasibətləri qanunla tənzimlənir. Mövcud qanunvericilik dövlət-din münasibətlərini yüksək səviyyədə nizamlayır. Ölkəmizdə müxtəlif konfessiyaların mövcud olduğunu vurğulayan komitə sədri Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqların da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan dövlətinin dini icmalara qayğısından danışan M.Qurbanlı qeyd edib ki, Ulu öndər Heydər Əliyevin başladığı bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dini icmaların maarifləndirmə işinin təşkili və icmaların fəaliyyətinin yaxşılaşdırılması məqsədilə ölkə Prezidenti tərəfindən ayrılmış maliyyə yardımı bunun əyani göstəricisidir. Maliyyə yardımı İslam və qeyri-İslam dini icmalar üçün nəzərdə tutulub.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən M.Qurbanlı onların yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə əməkdaşlıq etmələrinin zəruriliyini vurğulayıb. Eyni zamanda, o, dini icma sədrlərinə rəhbərlik etdikləri icmaların milli mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.
Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Sonda qeydiyyatla bağlı şəhadətnamələr dini icma sədrlərinə təqdim olunub.