
Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində 37 saylı Nizami I (Gəncə) seçki dairəsində də Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova çıxış edərək ölkəmizdə ildən-ilə təkmilləşən seçki prosesi zamanı uğurlu nailiyyətlərə imza atıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, vətəndaşlar öz hüquqlarından istifadə edərək şəffaf və demokratik yolla keçən seçki prosesində fəallıq göstərirlər. Növbəti parlament seçkilərinə hazırlıq məqsədilə təşkil olunmuş bu kursların beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsinin əhəmiyyətindən danışan A.Muxtarova vurğulayıb ki, Azərbaycan cəmiyyəti seçkilərin qanunvericiliyin tələblərinə uyğun, yüksək səviyyədə keçirilməsi üçün zəngin təcrübəyə malikdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də obyektivliyin təmin olunması üçün bütün imkanlar yaradılıb.
Məruzəçi çıxışının sonunda yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışdıqdan sonra iştirakçıların suallarını cavablandırıb.
Sonra MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli çıxış edərək seçki prosesi zamanı kütləvi informasiya vasitələri nümayəndələrinin hüquq və vəzifələrindən danışıb.
Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların birinci günü 38 saylı II Nizami (Gəncə), 39 saylı I Kəpəz (Gəncə) və 40 saylı II Kəpəz (Gəncə) dairə seçki komissiyalarında da səmərəli keçib. Kurslarda MSK-nın nümayəndələri ilə yanaşı, yerli məhkəmələrin hakimləri də çıxış edərək seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri ətrafında maraqlı məruzələr ediblər.
Kurslara avqustun 26-da yekun vurulacaq.
- Oxunub: 25290 |
- Tarix: 26-08-2015 |
-
Çap et |