
Azərbaycanda terror və radikalizmin qarşısının alınması istiqamətində hüquqi müstəvidə görülən tədbirləri təhrif edən Dövlət Departamenti nə üçün Ermənistanda hakimiyyət tərəfindən ölkə vətəndaşlarına divan tutulmasına, mülki şəxslərin qətlə yetirilməsinə göz yumur?
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatı açıqlanıb. Hesabatın ölkəmizlə bağlı hissəsində konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququnun verildiyi göstərilir. Bununla yanaşı, hesabatda Azərbaycandakı reallıqların təhrif olunduğu, heç bir söykənməyən, əsassız ittihamlar da yer alır.
İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizm nümunəsi kimi xarakterizə olunur. Tarixən müxtəlif dinlərin və millətlərin birgə yaşadığı Azərbaycanda istər dini, istərsə də milli-etnik dözümlülük yüksək səviyyədə olub. Multikulturalizmi öz həyat tərzinə çevirən Azərbaycanda ənənəvi dini ritualların həyata keçirilməsi istiqamətində heç bir problem yoxdur. Ən əsası isə insanların din, vicdan azadlığı ölkə Konstitusiyası ilə tənzimlənir. Eyni zamanda, Azərbaycan dini icmalara hər cür kömək, o cümlədən maddi dəstək verən azsaylı dövlətlərdəndir. Təbii ki, qeyri-insani və ya radikalizmə söykənən, ölkə qanunvericiliyinə zidd fəaliyyət göstərən istənilən təşkilatın, o cümlədən dini qrupların fəaliyyəti haqlı olaraq məhdudlaşdırılır, onlara qarşı hüquqi çərçivədə tədbirlər görülür. Görəsən, ABŞ-ın özündə qeyri-ənənəvi və ya radikal ekstremizmə istinad edən fəaliyyətlərin qarşısının alınması yönündə hər hansı addımlar atılmırmı? Bu gün bir sıra bölgələrdə məhz terrorçu dini qruplaşmalarla mübarizə aparan ABŞ-ın Dövlət Departamentinin belə bir fikrə istinad etməsi həmin sənədin obyektivlikdən uzaq olduğunun göstəricisidir.
Eləcə də ötən ilin noyabrında Nardaran qəsəbəsində baş verənlərlə bağlı həmin hesabatda yer alan məqamlar da həqiqəti əks etdirmir. Belə ki, ABŞ Dövlət Departamenti özünün “xəbər mənbələri”ndən aldığı informasiyalar əsasında hazırladığı və reallığı əks etdirməyən bu hesabatda Nardaran qəsəbəsində həbs edilənlərin hansı səbəblərdən saxlanıldıqlarını qeyd etmir. Xatırladaq ki, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən “Müsəlman birliyi” adlı qeyri-qanuni silahlı cinayətkar dəstə ötən il Daxili İşlər Nazirliyi tərəfindən zərərsizləşdirilmişdi. Müəyyən olunmuşdu ki, dəstənin başçısı Taleh Bağırzadə və digərləri dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Saxlanılan şəxslər barəsində faktla bağlı Baş Prokurorluq yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə cinayət işi açılıb. Ona görə də bu gün Azərbaycan cəmiyyəti haqlı olaraq soruşur ki, xalqın iradəsinə qarşı çıxış edən silahlı dəstə haqqında ABŞ Dövlət Departamentinin xüsusi olaraq “narahatlıq” keçirməsi nə ilə əlaqədardır?
Digər tərəfdən, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanda insan hüquqlarının pozulması, müxalif fikirli şəxslərə qarşı repressiyaların aparılması, xalqa qarşı silah işlədilməsi ABŞ Dövlət Departamentinin diqqətini cəlb etməyibmi? Ermənistanda vətəndaşlar işsizlik, aclıq və yoxsulluq səbəbindən ölkəni tərk edirlər. Eyni zamanda, özünütəcrid siyasəti yürütməklə Ermənistanın sabit inkişaf imkanlarından yararlanmasına əngəl törədən hazırkı iqtidar həm də ölkə daxilində insan hüquq və azadlıqlarına hörmətlə yanaşmır, dözümsüzlük nümayiş etdirir. Bundan başqa, işğalçı ölkə iqtisadiyyatının iqtidardakı məmurların nəzarət etdikləri şirkətlərə verilməsi istisnasız olaraq bütün sahələrin inhisarlaşdırılması, konkret və effektiv iqtisadi inkişaf konsepsiyasının yoxluğu bu ölkədə antidemokratik vəziyyətin daha da kritik hala gəlib çatmasına şərait yaradıb. Belə vəziyyət sadə vətəndaşların mövcud hakimiyyətdən duyduğu narazılığın daha kəskin xarakter almasına, hətta sosial partlayış həddinə qədər yüksəlməsinə gətirib çıxarıb. Rəsmi Yerevanda bu gün silahlı qarşıdurmalar ənənəvi hala çevrilib və Sarkisyan komandası öz hakimiyyətini qorumaq üçün xalqa qarşı zorakılıqlar nümayiş etdirir. Amma ABŞ Dövlət Departamenti bütün bu qanun pozuntularına göz yumur, hesabatda bütün bu reallıqlar əks etdirilmir. Belə çıxır ki, Ermənistanda insanların qətli ilə müşayiət edilən siyasi böhran ABŞ üçün “demokratiyanın nümunəsidir”, amma Azərbaycanın hüquqi müstəvidə gördüyü tədbirlər, terror və radikalizmin qarşısının alınması istiqamətində atdığı addımlar isə Departamenti narahat edir....
Pərviz SADAYOĞLU
- Oxunub: 19650 |
- Tarix: 17-08-2016 |
-
Çap et |