
Yaxud Rusiya mətbuatı Ermənistanın yeni baş nazirini ifşa etdi
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu yaxınlarda Belçikanın paytaxtına səfəri işğalçı ölkənin daxilində və xaricdə birmənalı qarşılanmayıb. Əsasən qərbyönümlülərdən ibarət olan N.Paşinyanın komandası bu səfərin əhəmiyyətini şişirtməyə ciddi cəhdlər etsə də, hətta bitərəf erməni ekspertlər belə baş nazirin səfərinin, avropalılardan pul istəməsinin tələsik və yersiz olduğunu bildirirlər.
Xarici ölkələrə gəlincə, gözlənildiyi kimi, N.Paşinyanın Brüssel səfərinə ən kəskin reaksiya Rusiya mediasında müşahidə edilir. Düzdür, N.Paşinyanın hakimiyyətə yiyələndikdən sonra verdiyi açıqlamalar, ətrafına yığdığı Rusiya əleyhdarı olan gəncləri yüksək vəzifələrə təyin etməsi vaxtaşırı Moskvadan sərt reaksiyalar doğururdu. Onun Brüssel səfəri isə Rusiya tərəfini daha da qıcıqlandırıb desək, yanılmarıq. Belə ki, həmin səfərdən sonra bir çox Rusiya media orqanları N.Paşinyanı tənqid edən yazılarla çıxış ediblər.
“Lenta.ru” Paşinyanın uğursuzluğundan yazdı
Bu yazılardan ən maraqlısı isə bu vaxta kimi əksər hallarda Ermənistanın mövqeyini müdafiə edən Rusiyanın nüfuzlu “Lenta.ru” informasiya portalında dərc edilib. “Brüssel uğursuzluğu” adlı həmin yazıda “Lenta.ru” N.Paşinyanı, sözün əsl mənasında, ifşa edib. Sözügedən yazının müəllifi Konstantin Lyapunov yazır ki, Rusiya Federasiyasına heç də normal münasibətdə olmayan Ukraynanın “əkiz bacısı” ortaya çıxıb. Müəllif təəssüflə qeyd edir ki, Ukraynanın “əkizi” dünənə qədər Rusiyaya daha loyal münasibətdə olan Ermənistandır.
K.Lyapunov RF-nin əlaqədar qurumlarının gələcək perspektivdə Ermənistanla münasibətlərdə baş nazir Nikol Paşinyanın son dövrdəki fəaliyyətini nəzərə alması lazım gəldiyini vurğulayaraq, onun son addımlarını Ukrayna prezidenti Petro Poroşenkonun fəaliyyətinin yamsılanması kimi dəyərləndirir.
Yazıda N.Paşinyanın mövqeyini (mövqesizliyini - Q.Z.) təhlil edən müəllif baş nazirin “bir əldə iki qarpız tutmaq” cəhdini Ermənistanın xarici siyasətini daha çox Qərbə istiqamətləndirmək və Rusiyaya qarşı düşmən mövqedə olan NATO-ya inteqrasiya etmək görüntüsü yaratmaqla, gələcək əməkdaşlıq zamanı rəsmi Moskvadan xüsusi dividendlər əldə etmək niyyəti kimi qiymətləndirir. Brüssel sammitində Rusiyanın təşəbbüsü ilə NATO-dan gələn təhlükəyə qarşı yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərdən heç birinin iştirak etməməsini də xüsusi qeyd edən müəllif N.Paşinyanın məqsədini açmağa çalışır. K.Lyapunov qeyd edir ki, Rusiya auditoriyasına bu səfərin tanışlıq xarakteri daşıyan işgüzar səfər olması barədə fikirləri sırımağa çalışırlar, guya N.Paşinyan onu tanımayan Qərb liderlərinin bir araya gəldiyi sammitdə “vizitka” paylamaq niyyətində olub. Nəticəsi bu subyektiv dəyərləndirmədən uzağa getməsə də, müəllif NATO-nun fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, başqa bir hərbi alyansın üzvü olan bir dövlətin baş nazirinin orada nə axtardığı sualını açıq saxlayır.
Paşinyan Rusiyanı şantaj edir?
Müəllif bu “əmma”ların axtarışı zamanı N.Paşinyanın kadr siyasətinə də toxunaraq bu prosesin də Rusiyaya qarşı yönəldiyini və onun rəhbərlik etdiyi hökumət üzvlərinin əksəriyyətinin rusofoblardan ibarət olduğunu yazır. Belə ki, ABŞ-da təhsil almış və “Soros Fondu” proqramlarının koordinatoru qismində çıxış edən Ermənistanın diaspor nazirinin müavini Babken Ter-Qriqoryan N.Paşinyanı hakimiyyətə gətirən “Kabab Maydanı” aksiyaları zamanı Rusiya prezidentini təhqir edən plakatlarla şəkil çəkdirən, Ermənistanın yeni əmək naziri Mane Tandilyan ölkənin Avrasiya İqtisadi Birliyindən çıxması üçün fəal şəkildə təbliğat aparan, yeni mədəniyyət naziri Lilit Makunts isə 2016-cı ildən bəri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan ABŞ Sülh Korpusunda işləyən şəxsdir.
Müəllif kabinetin üzvlərini sadalamaqla sonda belə bir qənaətə gəlir ki, indiki Ermənistan hökumətində Rusiya ilə uzunmüddətli və sarsılmaz əlaqələrin vacibliyindən çıxış edən yeganə şəxs N.Paşinyandır. Bu vəziyyət isə baş nazirə sərf edə bilər, çünki Rusiya Federasiyasına qarşı hər hansı bir düşmənçilik addımları atıldığı zaman günahı ətrafdakıların üzərinə yıxacaq. Beləliklə, “məqsəd” aydındı. Yəni Rusiyaya qarşı düşmənçilik xarakterli addımlar atıldığı zaman ətrafında olan fəal “qərbpərəstləri” sakitləşdirmək üçün “sülh göyərçini” Paşinyanla razılığa gəlmək lazım olacaq. Bu vəziyyəti, yüksək ehtimalla, yeni erməni liderinin fəaliyyətinin şantaj üsullarından hesab edən müəllif Brüssel səfərinin də eyni məntiqə əsaslandığı qənaətinə gəlib. Əslində burada təəccüblü heç nə yoxdur. Çünki bütün dünya əsl erməni xislətinə bələddir. Hələ I Pyotrun dövründən erməni keşişləri dünyanın güclü imperatorları arasında var-gəl edərək Rusiya ərazisində başqa xalqların torpaqlarını və lazım olan bütün dividendləri bu yolla əldə ediblər.
N.Paşinyan Brüsseldə çıxılmaz duruma düşüb
K.Lyapunov baş nazirin komandasının erməni cəmiyyəti üçün “fenomenal diplomatik uğur” kimi qələmə verdiyi dünya liderləri ilə şəkil çəkdirməyini də lağa qoyur. Belə ki, bəzi media məlumatlarına görə, ABŞ prezidenti Donald Trampın əlini sıxmaq üçün saatlarla əsas girişdə gözləyən N.Paşinyan onun və həyat yoldaşı Melaninin ehtiyat çıxışdan gəldiklərini görəndə dəhliz boyu qaçıb, yersiz şəkildə özünü D.Trampın qabağına atıb və ABŞ prezidenti isə etika xətrinə, məcburən ona qarşılıq verib. Müəllif yazır ki, buna baxmayaraq, erməni KİV-də Donald Trampın bu jesti “diplomatik sıçrayış” kimi təqdim edilib. Analoji sxemlə N.Paşinyan Qərbin digər liderləri ilə də görüşüb.
Yazıda ən mühüm məqam isə N.Paşinyanın “Euronews” telekanalına müsahibəsində NATO-ya tövsiyəsinin absurdluğunun diqqətə çatdırılmasıdır. Belə ki, N.Paşinyan Azərbaycanın müharibə yolu ilə öz torpaqlarını geri qaytarmağa çalışacağı təqdirdə NATO-nun bu cəhdin “bütün dünya demokratiyasına təhlükə kimi qəbul ediləcəyi” barədə Azərbaycana “sərt mesaj” göndərməsini tövsiyə edib. K.Lyapunov yazır ki, bu çağırış, təbii olaraq, Şimali Atlantika tərəfdaşları arasında təəccübə səbəb olub, çünki Qərb, o cümlədən NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün tanınması və bu məsələ ilə bağlı şübhəli avantürada iştirak etməyəcəyini bəyan edib. Elə sözügedən Sammitdə də NATO və Azərbaycan arasında imzalanan sənədlərdə dövlətimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə qeyd olunub.
Avropadan əliboş qayıdan Paşinyanın vəziyyəti acınacaqlıdır
Müəllif N.Paşinyanın əsas məqsədlərindən birinin Avropa İttifaqından iqtisadi böhran yaşayan Ermənistan üçün hər il ayrıldığından əlavə vəsaitin əldə edilməsi olduğuna toxunaraq onun bu məsələdə də uğursuzluqla üzləşdiyini yazır. Belə ki, Avropa İttifaqı hələ əvvəlki rejimin (Sarkisyan rejiminin - Q.Z.) dövründə nəzərdə tutulan 10 milyon avrodan artıq pul ayırmayacağını bəyan edib. Ermənistan mətbuatı da N.Paşinyanın Avropadan əliboş qayıtdığını vurğulayaraq, Qərbin təmsilçilərinin ona seçkiləri keçirdikdən sonra bu məsələyə baxacaqlarını söylədiklərini yazır.
“Brüssel uğursuzluğu” yazısının yekununda müəllif N.Paşinyanın vəziyyətini acınacaqlı olaraq dəyərləndirir. Heç bir diplomatik etikaya və xarici siyasət xəttinə uyğun gəlməyən siyasi gedişlərlə Ermənistanda NATO-nun təsirini artırmaq, ölkəni Qərbə satmaq görüntüsü yaratmaqla N.Paşinyanın Rusiyanı şantaj etmək variantı daha ağlabatan hesab olunur. Erməni xislətindən irəli gələn bu ikiüzlü siyasəti N.Paşinyanın bundan sonra da davam etdirəcəyinə şübhə yoxdur. Çünki Rusiyanın regiondakı “forpost”unun indiki vəziyyətdə bu statusdan kənara çıxmağa nə imkanı, nə də başqa yolu var. Bütün bu sadalananların fonunda Ermənistandakı Rusiya hərbi bazasının “özünü xatırlatması”nı da N.Paşinyanın bu kimi şantajlarına cavab kimi qiymətləndirmək olar.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 8280 |
- Tarix: 21-07-2018 |
-
Çap et |