
A.Vanetsyan istefadan sonra ondan susmağı xahiş edən baş naziri dərrakəsiz, öz ölkəsinin konstitusiyasından xəbərsiz, populist və səriştəsiz biri kimi qiymətləndirib
Ermənistanda baş verən müəmmalı istefaların pərdəarxası yavaş-yavaş ortaya çıxmaqdadır. İşğalçı dövlətin baş naziri gözlənilmədən yaşanan hadisələrlə bağlı bir müddət sussa da, bu günlərdə ABŞ-a etdiyi səfər zamanı verdiyi açıqlamalarla özünü lap pis vəziyyətdə qoyub. Belə ki, qarşı tərəfin reaksiyası onun baş nazir kimi həm reputasiyasına, həm də vəzifəsinə xələl gətirəcək qədər sərt olub.
Vəziyyəti gərginləşdirən təhlükəsizlik xidmətinin sabiq rəisi Artur Vanetsyanın istefası ilə bağlı qalmaqallı açıqlamasının xidmətin saytından silinməsinə N.Paşinyanın reaksiyası olub: “O, təhlükəsizlik xidmətinin de-yure rəisi, ali baş komandana və baş nazirə tabe olan bir qurumun rəhbəri kimi mənə qarşı bəyanat verib. Zabit şərəfinə bundan daha böyük təhqir ola bilməz. Sonra bu materialın xidmətin saytında yerləşdirildiyini bildim. Silinib. Onlar nə etməliydilər? Saxlamalıydılar? Zabitin belə bir hərəkəti poqonlarını zibil qutusuna atmağa bərabərdir”.
Xatırladaq ki, təhlükəsizlik xidməti rəisi postundan istefa verən A.Vanetsyan vəzifəsini tam təhvil vermədən istefası ilə bağlı bəyanat vermiş və həmin bəyanat xidmətin rəsmi saytında yerləşdirilmişdi: “Dövlət quruculuğunun öz məntiqi var. Kortəbii qərarlar, fəaliyyətdə çarəsizlik, birinci dərəcəli ilə ikinci dərəcəli məsələlərin arasında fərqin olmaması məqsədə çatmağa aparan yol deyil. Bunun zabit ləyaqəti ilə heç bir əlaqəsi yoxdur: zabit poqonu və hadisələrin bu şəkildə inkişafı bir-birinə uyğun deyil. İstefam bu gedişə “dur” demək üçün bir addım olsun”.
Los-Anceles şəhərində mətbuat konfransı zamanı N.Paşinyanın söylədiklərinə qarşı tərəfin reaksiyası da özünü çox gözlətməyib. “Hraparak.am” saytına A.Vanetsyanın verdiyi açıqlamaları baş nazir kimi ölkə daxilində Paşinyanın aldığı ən böyük zərbə kimi qiymətləndirmək olar. Belə ki, A.Vanetsyan bəyanatında baş naziri açıq şəkildə hədələyib: “Los-Ancelesdəki mətbuat konfransı zamanı Ermənistanın baş naziri N.Paşinyan yenə də çox az dərk etdiyi məsələlər haqqında danışıb. İstefadan sonra o, vəziyyət sakitləşənə qədər susmağımı xahiş etmək üçün yanıma adamlarını göndərməyə davam edir. Amma indi görürəm ki, bir daha razılaşmaları pozur, anlaşılmaz və əslində heç bir məna kəsb etməyən populist açıqlamalar verir”.
Keçmiş xidmət rəisinin sözlərinə görə, ictimai əhval-ruhiyyəyə qısamüddətli təsir göstərmək arzusuna qapılan N.Paşinyan bir daha işlətdiyi sözlərin nəticələri barədə düşünmür: “Təsəvvür edin ki, işlətdiyim ifadələrin nəticələrini düşünmədən birdən mən də danışmağa başlasam, onda nə baş verər?”
A.Vanetsyan N.Paşinyanı hədələməklə qalmayıb, onu hərb sahəsindən və öz ölkəsinin konstitusiyasından xəbərsiz olmaqda da günahlandırıb: “Hərbi biliyə malik olmayanın və hərbi düşüncəyə dair səthi təsəvvürü olanın zabitin şərəfi və çiynindəki poqonlarının əhəmiyyətindən xəbərsiz olması başadüşüləndir. Yeri gəlmişkən xatırladım ki, Ermənistan konstitusiyasına görə, baş nazir sülh dövründə ali baş komandan səlahiyyəti daşımır”. Sonda A.Vanetsyan deyib ki, istefa haqqında bəyanatını diqqətlə oxuyanlar onun nədən bəhs etdiyini yaxşı başa düşüblər: “Buna görə də əminliklə deyə bilərəm ki, kimin və ya nəyin zibilliyə atılacağını zaman göstərəcək”.
Beləliklə, sabiq xidmət rəisinin baş nazir N.Paşinyanı dərrakəsiz, habelə populist çıxışlarla və manipulyativ ifadələrlə xal qazanmaq istəyən səriştəsiz biri kimi qiymətləndirməsi sensasiyalı olmaqla yanaşı, işğalçı dövlətdəki mövcud durumun təhlükəli məcraya doğru getdiyindən xəbər verir.
Qaşqay ZİYƏDDİNOĞLU
- Oxunub: 14550 |
- Tarix: 24-09-2019 |
-
Çap et |