Ana səhifə »  Ədəbiyyat »  “DEDUKSİYA METODUNUN ATASI”NIN İRSİNƏ BİR NƏZƏR
A+   Yenilə  A-
“DEDUKSİYA METODUNUN ATASI”NIN İRSİNƏ BİR NƏZƏR

Dahi yazıçı Artur Konan Doyl (1859-1930) Stoniherst izuit məktəbini bitirib Edinburq Universitetinin tibb fakültəsində təhsil alır. Həkim diplomu əldə edəndən sonra fərdi klinika açdıqda qazancı çox kiçik olduğundan boş vaxtlarında o, bədii yaradıcılıqla məşğul olur. Detektiv janrda yazmağa başlayana kimi o, bir neçə əsər çap etdirir. Lakin həqiqi uğurunu yalnız fərdi xəfiyyə Şerlok Holms obrazını yaratması ilə tapır. Detektiv janrın incəliklərini o, özünə simvolik müəllim saydığı Edqar Ponun əsərlərindən öyrənir, kamil xəfiyyə Şerlok Holmsun həyatdakı prototipinin bir çox cəhətlərini isə universitetdə ona dərs demiş professor Cozef Belldən əxz etmişdi. Həmin adamın klinikasında tələbə vaxtı köməkçi işləyərkən Artur onun müalicə və diaqnostikaya tətbiq etdiyi deduksiya metodunu dərindən mənimsəyir, müşahidə və ümumiləşdirməyə əsaslanan bu güclü üslubdan yazıçı öz əsərlərində cinayət işlərinin araşdırılmasında istifadə etməklə böyük şöhrət qazanır. Onun bu istiqamətdəki dörd romanı və 56 povesti dünyanın bir çox dillərinə tərcümə olunanda ədibə əbədi şöhrət və böyük var-dövlət gətirir. Təqdim edilən bu əsərin xülasəsi azərbaycanlı oxuculara ilk dəfə təqdim olunur. Onun bizim dildə çıxan əsərləri barədə bu təqdimatın müəllifi Qabil Əhmədov “Respublika” qəzetinin 07 və 09 iyun 2015-ci il tarixli nömrələrində müfəssəl məlumat verib.

SUSSEKS VAMPİRİ
Bir gün Holms Beyker-stritdə axşam poçtuna baxarkən bir neçə sətirlik qısa bir məktubu diqqətlə gözdən keçirdikdən sonra gülümsər sifətini dostuna tutur və nə orta əsrlərdə, nə də indiki dövrdə ən vəhşi bir təxəyyülün belə bunu düşünüb tapa bilməyəcəyini deyir. Doktor Uotson həmin mətnə nəzər salanda orada vampirlər barədə bunu görür:
“Ser!
Bizim müştərimiz və Minsinq-leyndə yerləşən “Ferqyüson və Myürhed” şirkəti bizi çay məhsulu ilə təchiz etdiyindən həmin ticarət evinin şəriki mister Robert Ferqyüson qan içən vampirlərə aid bizdən məsləhət istəyir. Lakin bizim firma yalnız maşın və avadanlıqların qiymətləndirilməsi, onlara vergi qoyulması ilə məşğul olduğundan və bu məsələ əsla bizim fəaliyyət dairəmizə daxil olmadığından biz mister Ferqyüsona sizə müraciət etməyi məsləhət bildik. Matilda Brikslə əlaqədar olan müəmmanı uğurla təhqiq etməyiniz hələ də yadımızdadır.
Hörmətlə,
Morison, Morison və Dodd”.1 (1Arthur Conan Sir Doyle. “Sherlock Holmes: The Complete Novels and Stories” in 2 volumes. Volume II. 4 Novels and 56 Short Stories With an Introduction of Loren Estleman. New York. Bantam Books. 1986. Page 534)
Uotson dostundan Matilda Briksin, yəqin ki, qəşəng bir qız olduğunu xəbər alır və cavabında bunun gəmi adı olduğu məlum olur. Holms bu hadisənin Sumatrada yaşayan nəhəng bir siçovulla bağlı olduğunu bildirir. Amma həmin müəmmanın dünyaya bildirilməsinin dövrü hələ gəlib çatmadığını da bəlli edir. Buradakı məsələnin isə vampirlərə aid olması çox qəribə olduğundan o, sorğu kitabına baxır ki, orada bu xüsusda bir şey olub-olmadığını bilsin. Əlində indi işi olmadığından bu nağıla bənzər müəmmanı, yəqin ki, götürməlı olacağını düşünür. Budur, burada o, “V” hərfinə aid iki məlumata təsadüf edir: “Vampirlər Macarıstanda” və “Transilvaniya Vampirləri”. Holms bunları diqqətlə gözdən keçirsə də, az sonra qalın cildi kənara ataraq bunların cəfəngiyat olduğunu bildirir:
“- Qəbirdən çıxıb ətrafda dolaşan ölülərlə bizim nə işimiz var?
- Öz aramızdır, - deyə Uotson etiraz edir, - belə işlərlə bircə ölülər məşğul olmurlar. Mən arada uşaq qanı içən qocalar barədə də oxumuşam ki, onlar belə işləri cavanlaşmaq xatirinə edirlər.
- Ola bilər. Amma belə şeylərə bizim ciddi yanaşmağımız düzgün işdirmi? Real həqiqətin meydanı o qədər genişdir ki, bizə vampirlərlə əlləşmək heç də lazım deyildir. Bəlkə, həmin işə bu ikinci məktub işıq salsın”. (Yenə orada, səh. 536)
Həmin zərfi açan xəfiyyəçi əvvəl onun içərisindəki göndərişi istehza ilə oxumağa başlasa da, sonra onda dərin maraq və diqqət üstünlük təşkil edir. Məktubla tanışlığı başa çatdırandan sonra Holms bir müddət öz düşüncələrinə dalmış halda sükut içində oturur. Sonra o, diksinən kimi olur və üzünü dostuna tutaraq bu hadisənin Limberli kəndindəki Çizmen malikanəsində baş verdiyini bəyan edir. O, Limberlinin harada yerləşdiyini soruşanda doktor Uotson bu yerin Susseks qraflığında, yəni Horşemdən cənubda olduğunu məlum edir. Çizmenin isə oradakı qədimi malikanələrdə vaxtilə görülən işlərlə bağlılığını nəzərə çatdırır. Doktor Uotsonun ehtimal etdiyi kimi, bu ikinci məktub elə Robert Ferqyüsonun özü tərəfindən yazılmışdı.
“- Bu Ferqyüson burada sizi tanıdığını yazır. Bir özünüz də onun göndərişini nəzərdən keçirsəniz”. (Yenə orada, səh. 538)
Oradakı ünvan “Çizmen, Limberli” kimi göstərilmişdi. Mətn isə belə idi:
“Hörmətli mister Holms!
Mənə məsləhət gördülər ki, sizə müraciət edim. Amma başıma gələn iş o qədər qəribədir ki, onu kağız üzərində ifadə etməkdə çətinlik çəkirəm. Bu hadisələr mənim yox, dostumun başına gəlib. O, beş il əvvəl Peruda bir tacirlə əməkdaşlıq edərkən onun cavan qızı ilə evlənir. Ancaq həmin xanımın dini və dünyagörüşü fərqli olduğundan ər-arvad münasibətləri pisləşir. Qadın dostumu böyük məhəbbətlə sevdiyindən əri onu ata bilmir. Əslində, bu, onun ikinci arvadı idi. Birincidən dostumun on beş yaşlı bir oğlu vardı. Bu oğlanın təmiz ürəyi və iti ağlı olsa da, uşaq vaxtı yıxılaraq onurğasından şikəst olmuşdu. İndiki arvadı heç bir səbəbsiz iki dəfə oğlanın üzərinə atılıb onu döymüşdü. Bir dəfə də bu qadın taxta ilə onun əlinin üstündən elə möhkəm zərbə endirmişdi ki, uşağın əlində dərin çapıq qalmışdı. Amma bu pis münasibət qadının özünün bir yaşlı körpəsinə qarşı etdiyi təcavüzün yanında toya getməli idi. Bir dəfə dayə körpəni bir neçə dəqiqəliyə qoyub çıxır. Uşağın dəhşətli çığırtısı onu qaçaraq geri dönməyə məcbur edir və ananın öz körpəsinin boğazına dişlərini keçirib qanını sorduğunu görür.
Dayə dəhşətə gələrək körpənin atasına vəziyyəti xəbər vermək istəyəndə ana ona yalvarır və beş funt da susması müqabilində pul verir. Beləliklə, bu iş bir müddət üstüörtülü qalır. Dayə öz sayıqlığını qat-qat artırır, çünki o hiss edir ki, körpənin anası da fasiləsiz olaraq pusqu çəkir. Dayə bircə anlığa uşaqdan aralanan kimi anası ona tərəf cummaq istəyirdi. Mümkünsə, bu işə ciddi yanaşasınız. Çünki bundan həm uşağın həyatı, həm də atasının ağlının başında qalması asılıdır.
Budur, elə bir gün gəlib çatır ki, dayənin əsəbləri artıq bu gərginliyə dözə bilmir və hər şeyi açıb ataya danışır. Lakin dayənin dedikləri ona sərsəmləmə kimi görünür. Dostum öz arvadından həmişə böyük məhəbbət gördüyündən bu təmiz duyğuya kölgə salan hal arvadın böyük oğlana iki dəfə hücum etməsi idi. Bəs öz doğma övladına qarşı belə vəhşi münasibət nə deməkdir? Dostum dayəyə demişdi ki, yəqin, onun başına hava gəlib, ya da onların münasibətləri korlandığına görə o, evin xanımına böhtan atır. Dayə mənim dostumla danışarkən yenə dəhşətli çığırtı çıxır və hər ikisi uşaq otağına cumurlar. Dizi üstə uşağın yanında durmuş ana qalxanda körpənin boynundan döşək ağına qan sızırdı. Arvadının üzünü işığa tərəf tutanda ev sahibi onun dodaqlarındakı qanı görür. Hər şey yalnız bu zaman ona aydın olur - ana övladının qanını içirdi. Vəziyyət belədir. Bədbəxt ana öz otağını içəridən kilidləyib oturub. Ər-arvad həmin gündən bir-birləri ilə heç nə danışmayıblar. Ata başını tamam itirib. Onun vampirlər barədə heç bir məlumatı olmadığından nə edəcəyini bilmir. Nağılların mövzusuna aid olan belə bir şeyin İngiltərə kimi ən mədəni ölkənin ürəyi olan Susseksdə baş verməsi damarlarda qanı dondurur. Nə isə. İstəsəniz sabah səhər saat onda görüşə və bütün bunları müzakirə edə bilərik. Başına belə bir bəla gəlmiş bir adamdan öz dahiyanə bacarığınızı əsirgəməzsizsə, zəhmət olmasa, Lamberli ünvanına mənə teleqram vurun ki, yanınıza gəlim.
Hörmətlə, Robert Ferqyüson”. (Yenə orada, səh. 539)
Uotson qələm götürüb teleqram blankına dostunun diktəsi ilə: “Sizin işinizi aparmağı məmnuniyyətlə öz üzərimizə götürürük” yazanda Uotson “Necə yəni, sizin?” - deyə sual verir. Holms bildirir ki, bu hadisə Ferqyüsonun dostunun deyil, elə onun öz başına gəlmişdir.
Ertəsi səhəri düz on tamamda Ferqyüson onların otağına daxil olur.
“- Məncə, hər işi birbaşa görsək, yaxşı olar. Axı bu əhvalat sizin dostunuzun deyil, elə öz başınıza gəlib.
- Düzdür. Amma bu, elə bir əhvalatdır ki, gedib polisə ərizə vermək olmaz. Mister Holms, mən bilmirəm ki, bu, dəlilikdir, yoxsa qanda olan bir xüsusiyyət. İnanmıram ki, əvvəllər siz belə hadisə ilə öz təcrübənizdə üzləşəsiniz. Başımı itirmişəm.
- Özünüzü ələ alın və suallarıma cavab verin. Əvvəlcə deyin görüm, arvadınız övladlarınızı görə bilirmi?
- Onun çox zərif və sevən ürəyi var. Məşum sirri açılandan sonra o, mənimlə heç kəlmə də kəsməyib. Mənim tənələrimə cavab vermədi, üz-gözündən həmin anda ruh düşkünlüyü yağırdı. Sonra o, öz otağına çəkilib daha oradan çıxmır. Xidmətçi Dolores hələ bizim evlənməyimizdən daha əvvəl arvadımı tanıdığından o həm də onunla rəfiqə idi. O, bu günlərdə arvadımın otağına yemək aparır.
- Deməli, körpəni indi heç bir təhlükə gözləmir?
- Dayə Meyson onu nə gecə, nə də gündüz bircə an da olsa nəzarətsiz qoymayacağına and içib. Odur ki, mən daha çox Cekin həyatı üçün qorxuram. Axı şikəst olan bədbəxt uşağa qarşı belə amansız hərəkət etmək olarmı?” (Yenə orada, səh. 540)
Holms dünənki məktubu götürüb bir də nəzərdən keçirir və orada xatırladılanlardan başqa daha kimlərin sakin olduğunu xəbər alanda Robert iki təzə götürülmüş xidmətçinin və mehtər Mayklın adını çəkir. Çünki arvadının qulluqçusu Doloreslə dayə Meyson haqqında orada bəhs edilirdı. Holms öz müştərisindən evlənənə kimi öz zövcəsini nə qədər müddətdən bəri tanıdığını sual edəndə Ferqyüson bunun cəmi bir neçə həftə olduğunu məlum edir. Amma Doloresin xanıma illərdən bəri xidmət etdiyini və onun xasiyyətinə daha yaxşı bələd olduğunu izah edir. Holms öz cib dəftərçəsinə nə isə yazıb başını qaldırır və gələn adama onun öz mülkündə daha faydalı ola biləcəyini anladır. O, öz dostu ilə Lamberliyə gələndə narahatlığa səbəb olmayacağını düşündüyünı nəzərə çatdırır, çünki qadın qapalı otaqda idi. O həm də gecəni Uotsonla mehmanxanada qalacağını da xatırlatmağı unutmur. Ferqyüson isə Viktoriya vağzalında saat iki qatarına minməyin münasibliyini deyib köks ötürür.
Yolda Holms bu adamdan arvadının böyük oğlanı nə üçün iki dəfə döydüyü barədə ərinə hər hansı bir izahat verib-vermədiyini soruşanda müştəri elə uşağa nifrəti olduğunu bəyan etdiyini işıqlandırıb. O, böyük oğlunun çox mülayim və istiqanlı uşaq olduğu, mərhum anasını isə heç vaxt unutmadığı barədə xəfiyyəyə izahat verir. Növbəti sualında Holms evin xanımının Cekə etdiyi hücumların körpənin dünyaya gəlməsindən sonra baş verdiyini aydınlaşdırır.
Holms bu adama heç bir ümidverici vəd etmir və onun tələbəlik dostu Uotsonun xəfiyyənin qabiliyyətlərini öz bədii yazılarında bir qədər şişirtdiyini qeyd edir. Holms bircə bu sözlərlə müştərisini sakit edir ki, onun başına gələn müəmmanı həll olunmaz hesab etmir. Onlar çamadanlarını Çizmen malikanəsinə yaxın olan “Şahmat lövhəsi” mehmanxanasına qoyanda həmin noyabr axşamı hava tutqun və dumanlı idi. Gilli torpaq yolla bir qədər irəlilədikdən sonra onlar Ferqyüsonun fermasına gəlib çatanda binanın çox qədim olan orta hissəsinə hər iki tərəfdən təzə tikintilər artırıldığını görürlər. Xorşem dəbində olan iki hündür bacadan tüstü qalxırdı. İçəridə damın altında olan palıd fərşlərdən bəziləri ağırlıqdan bir qədər əyilmişdi. Ev sahibi öz qonaqlarını mərkəzi hissədə olan geniş bir otağa gətirir. Hər yerdən çürüntü və kif iyi duyulurdu. Köhnə buxarının üstündə “1670” tarixi vardı.
Holmsun iti baxışları küncdəki zənbilin içində olan spanel cinsli itə sataşır. Yiyəsini görcək ona tərəf hərəkət edəndə onun çətinliklə yeridiyi və dal ayaqlarının qıc olduğunu, quyruğunu döşəmə ilə sürüdüyünü aşkar edir. Holms onun niyə bu hala düşdüyünü soruşanda Robert onun dörd ay əvvəl bir gecədə bu vəziyyətə düşdüyünü, ehtimal ki, meningitdən əziyyət çəkdiyini məlum edir. Holms buradan müəyyən nəticə çıxarmağın mümkün olduğunu deyəndə ev sahibi ondan xahiş edir ki, düşündüklərini onunla bölüşdürsün. “Siz Allah, nə nəticəyə gəldiyinizi bizə açın. Sizdən ötrü bu, adi bir tapmacadırsa, bizim üçün ölüm-dirim işidir. Ana qatil rolunda, körpə ölüm ayağında”. (Yenə orada, səh. 541)
Bu sözləri deyəndə keçmiş reqbi oyunçusunun bədəni əsirdi. Holms isə əlini sakitləşdirici tərzdə onun çiyninə qoyur və bu müəmmanı həll edəndən sonra onun yeni sarsıntılar keçirəcəyini yumşaq halda bəyan edir. Robert Ferqyüson özünün olmadığı müddətdə nə baş verdiyini öyrənmək üçün gələnləri qısa bir müddətə tərk edərək yuxarı qalxır. Həmin dəqiqələrdə Şerlok Holms divardakı silah kolleksiyalarını tədqiq etməyə girişir. Ev sahibi qayıdanda özü ilə çox arıq, qarayanız bir qız da gətirir və onu Dolores kimi təqdim edəndə qız qonaqlara çayın hazır olduğunu bildirir. O, aralananda ev sahibi xanıma bir şey lazım olub-olmadığını öyrənməsini ona tapşırır.
“- Xanım bərk xəstədir. Yeyib-içmək halətində deyil. Ona təcili həkim lazımdır.
Bu halda Ferqyüson sualedici tərzdə Uotsona baxdı.
- Mən öz bacarığımı əsirgəmərəm, - Uotson səsləndi.
- Öyrən, gör, doktor Uotson onu gedib müayinə edə bilərmi? - Ferqyüson tapşırıq verdi.
- Soruşmaq lazım deyil, qoy tez dalımca gəlsin!” (Yenə orada, səh. 542)
Bir mərtəbə yuxarıdakı dəhlizin o biri başındakı qapı metaldan olduğundan xəstənin əri buraya zorla heç cür daxil ola bilməzdi. Dolores cibindən çıxardığı açarla qapını açıb Uotsonu içəri buraxır və tez də onu içəri tərəfdən kilidləyir. Uotson çarpayıda uzanmış gözəl bir qadının yüksək hərarətdən yandığını görür. Gələnin kənar adam olduğunu görcək bu qadının həyəcanı bir qədər azalır. Uotson ona bir neçə kəlmə sakitləşdirici söz deyərkən temperaturunu və nəbzini yoxlayır. Doktor Uotsonda elə bir təəssürat yaranır ki, bu, hər hansı bir xəstəlikdən deyil, əsəb sarsıntısından irəli gələn bir haldır.
“Ərim haradadır? -deyə üzü od tutub yanan xəstə soruşdu.
- O, aşağıdadır. Özü də sizi görmək istəyir.
- O, mənə lazım deyil! İblisin biri iblisdir. Cəhənnəm bəlası! Mənə heç kəs kömək edə bilməz. Hər şey batdı getdi.
- Xanım, əriniz sizi sevir. Baş verən işə o, dərindən təəssüf edir.
- Bəs məgər mən onu sevmirəm? Onun mənə belə sözlər deməsini heç vaxt ağlıma gətirməzdim.
- İnanın ki, o da ağlını itirib. Nə danışdığını bilmir”. (Yenə orada, səh. 543)
Missis Ferqyüson ərinin ona inanmalı olduğunu və belə iyrənc sözlər danışmamalı olduğunu, həkimin isə ona heç bir köməyinin dəyə bilməyəcəyini bildirir və Uotsondan yalnız uşağını görməyə imkan yaratmasını istəyir. Elə bu sözlərlə o, üzünü divara çevirib daha kəlmə kəsmir. Uotson aşağı düşəndə Holmsla Ferqyüson buxarıya yaxın oturub susurdular. Həkimin dediklərini dinləyəndən sonra ev sahibi üzünü Holmsa tutaraq körpəni bu qadına etibar etməyin qeyrı-mümkünlüyünü və onun qanlı dodaqlarını unuda bilmədiyini deyir.
Görünüşcə qəşəng olan xidmətçi qız çay süfrəsi açanda içəri arıq, solğun sifətli bir yeniyetmə daxil olur. Onun mavi gözlərində atasını görəndə sevinc parıltısı duyulur. Oğlan atasına tərəf atılaraq onun boynunu bərk-bərk qucaqlayır. Atası nəvazişlə onu özündən aralayaraq başını tumarlayır. O, öz oğluna deyir ki, mister Holms və mister Uotson onunla buraya baş çəkməyə razılıq verdıklərinə görə belə tez qayıdıb gəlib. Oğlan Holmsun xəfiyyə olub-olmadığını soruşur və müsbət cavab alır. Yeniyetmə gələnləri maraqla süzəndə Uotson onun baxışlarında xoşagəlməz bir əlamət sezir. Holms isə Robertin ikinci oğlunu da görmək arzusunu ifadə edir. Ata oğluna müraciətlə gedib Doloresdən uşağı gətirmək xahişini ona çatdırmasını istəyir. Tezliklə Dolores qucağında bələk körpəsi varid olur. Bu quru bədənli qadının gətirdiyi körpənin qara gözləri və qızılı saçları xoş təsir bağışlayırdı. Həmin anda Uotsonun gözləri öz dostuna sataşır. Onun üzü daş kimi bir ifadə almışdı. Nədənsə xəfiyyə arxası körpəyə tərəf bayır qapağı yarıörtülü olan pəncərədən harasa diqqətlə baxırdı. Sonra Holms gülümsəyib üzünü yenidən körpəyə tutur. O, missis Meysona onunla üz-üzə danışmaq istədiyini deyir. Onlar bir kənara çəkilib bir neçə dəqiqə söhbət edirlər. Xəfiyyə axırda bir qədər uca səslə bu nigarançılığın sona çatmasına az qaldığını bildirir. Üzünə təbəssüm qonmuş dayə körpəni götürüb mürəxxəs olur.
Holms bu dayə barədə Ferqyüsonun fikrini soruşur.
O deyir ki, görünüşü cəlbedici olmasa da, bu qadının da ürəyi qızıldır. Uşağa baxmasına söz ola bilməz. Sonra xəfiyyə üzünü oğlana tutur və onun uşaqdan xoşu gəlib-gəlmədiyini xəbər alır. Oğlanın sifəti qaralır və o, başını inkaredici tərzdə bulayır. Atası təəssüratı yumşaltmaq üçün bu oğlanın qəzəbinin də məhəbbəti kimi dərin olduğunu qeyd edir. Oğlan başını valideyninin sinəsinə söykəyəndə atası nəvazişlə onu özündən kənar edir və ona gedib oynamasını təklif edir. Sonra ata üzünü xəfiyyəçiyə tutur və deyəsən, ona nahaq yerə əziyyət verdiyini bildirir.
“- Axı bu qəliz müəmmaya siz nə edə bilərsiniz?
- Qəlizliyinə, həqiqətən, qəliz işdir. Amma deduksiya metodunu tətbiq etməklə mən bu işi hələ evdən çıxmamış artıq açmışdım. Burada isə mən obyektiv halları da işə qoşmaqla vəziyyətə tam aydınlıq gətirmişəm.
- Siz Allah, mister Holms, əgər siz nə isə bir nəticə hasil etmisinizsə, bunu mənə deyin. Ürəyim lap çəkilir. Hansı yolla getməyiniz məni az maraqlandırır, əsas şey nəticədir.
- Mən bu işi öz metodumla aparıram. Uotson, missis Ferqyüson bizi qəbul etmək halətindədirmi?
- O, xəstə olsa da, ağlı başındadır”. (Yenə orada, səh. 544)
Onlar birlikdə yuxarı qalxırlar. Holms cib dəftərçəsindən bir vərəqə qoparır və nə isə yazıb Uotsona verərək ona bu kağızı xanıma çatdırmağı buyurur. Uotson Doloresi səsləyib kağızı ona verir. İçəridən xoş nidalar gəlir və Dolores çıxıb xanımın onları görmək istədiyini söyləyir.
Ferqyüson içəri girən kimi başını balışından qaldıran arvadına tərəf yönələndə bu qadın əlini qabağa verib onu dayandırır. Qadın nəzərlərini onunla birgə içəri girmiş xəfiyyəçiyə yönəldir. Holms ona təzim edərək sözə başlayır.
“- Mister Ferqyüson, xanımınız sizi ürəkdən sevən çox yaxşı bir qadındır.
- Bunu mənə sübut eləsəniz, qəbrə kimi özümü sizə borclu sayaram.
- Mənim əlimdə bu asan işdir, amma bu, sizə yeni iztirab gətirəcək.
- Təki arvadımın günahsız olduğunu bilim, qalan şeylər məndən ötrü az əhəmiyyətlidir”. (Yenə orada, səh. 546)
Holms öz təhqiqatının gedişini addım-addm açmağa başlayır. O, hələ Beyker-stritdə qəti surətdə bilirdi ki, vampirlər barədə fikirlər absurd bir şeydir. O qeyd edir ki, ingilis kriminalistikasında belə hala hələ heç vaxt təsadüf olunmayıb. Amma ev sahibi arvadının qanlı dodaqlarını körpənin boğaz nayihəsindən ayırdığı məqamı öz gözləri ilə görmüşdü.
“- Bəs sizin ağlınıza gəlməyibmi ki, qanı yaradan yalnız onu içmək üçün sormurlar? Məgər ingilis kraliçalarından birinin öz yarasından zəhəri özünün sorub çıxarması barədə olmuş əhvalatdan xəbəriniz yoxdurmu? Cənubi Amerika üslubunda təsərrüfat aparılan evdə silah alətləri kolleksiyası varsa, mən, ilk növbədə, onları öz gözlərimlə görmək istəyirdim. Orada ovçu yayın üstündə olmalı kiçik oxu yerində görməyəndə mən zəhər sürtülmüş bu oxun kim tərəfindən götürüldüyünü həmin saat başa düşdüm. Əgər sizin körpə kurare bitkisinin zəhərli şirəsinə və ya digər bir qorxunc maddəyə bulaşdırılmış oxla zədələnibsə, həmin zəhər tezcə yaradan sorulub çıxarılmasaydı, uşaq dərhal ölməli idi. Sonra isə mən evdəki itə fikir verdim. Zəhərli oxu kim isə əvvəlcə onun üzərində sınamalıydı. Zəhərin öz gücünü itirib-itirmədiyini həmin adam itin üzərində müəyyən edib. Buraya gələnə qədər mən itlə bağlı təcavüzü təsəvvür etmirdim. Amma həmin hal mənim məntiqi sxemimi qurmağıma kömək etdi”. (Yenə orada, səh. 547)
Holms bir anlıq sükut edəndən sonra üzünü bir daha ev sahibinə tutaraq hər şeyin ona aydın olub-olmamasını xəbər alır. Holms ona bildirir ki, körpənin həyatını anası iki dəfə xilas edib. Bununla belə, bu qadın baş verənləri ərinə açmaq istəməyib. Çünki o, atanın öz böyük oğlunu nə qədər çox sevdiyini görürdü. Missis Ferqyüson duyurdu ki, həqiqəti açıb ərinə desəydi, Robertin ürəyi parçalanardı. Robert Ferqyüson, doğrudanmı, Cekinin belə bir faciəvi əmələ qadir olduğunu bilmək istəyir? Holms ona deyir ki, ata körpəni əzizləyəndə xəfiyyəçi pəncərənin şüşəsindən bu yeniyetmənin üzündəki qəzəbi aşkarca görürdü. Axı şüşənin arxasındakı pəncərə qapağı qaranlıq fon yaradırdı. Bu qısqanclıq o qədər güclü idi ki, bunu hər kəs öz həyatında nadir halda görə bilərdi.
Atası Cekinin adını bir daha pıçıltı ilə çəkir. Holms ona özünü ələ almasını və dəyanətli olmasını tövsiyə edir. Anasının vəfatı ilə Cekinin ataya məhəbbəti ikiqat artmış, anasının yerini tutmuş bu qadın isə onda manyakal bir nifrət doğurmuşdu. Ferqyüson buna hələ də inana bilmirdi. Elə olan tərzdə Holms üzünü missis Ferqyüsona tutur və doğrumu danışdığını ondan xəbər alır. Xəstə qadın xəfiyyənin danışdığı müddətdə üzünü balışı ilə örtmüşdü. Ona müraciət edilən anda üzünü ərinə tutaraq bütün bunları ona deməyə çətinlik çəkdiyini ifadə edir və möcüzə baş verməsini arzulayaraq bu sirrin başqa ağızdan eşidilməsini istədiyini nəzərə çatdırır. Holmsu nəzərdə tutaraq bu centlmenin həqiqətən ya cadugər, ya da peyğəmbəranə bir adam olduğunu deyir. Artıq hər şeyi bildiyini o, bu kağızda yazanda ürəyimdən asılan daş yoxa çıxdı. Holms üzünü yenə missis Ferqyüsona tutaraq onun körpəsi fəlakət qarşısında olduğu vaxt bu otaqda necə qaldığını soruşur. Xəstəliyi çəkilən qadın isə dayə Meysona etibar etdiyini və ona artıq bu işin təfərrüatını bildirmiş olduğunu açıqlayır. Axırda Holms müştərisinə oğlunu bir illiyə dəniz səfərinə göndərməyin vacib olduğunu bəyan edir. Holms üzünü dostuna tutaraq burada işin başa çatdığını və geriyə yol başlamaq vaxtının gəldiyini deyir. Bayırda xəfiyyə Uotsona bildirir ki, indi bu ailə öz münasibətlərini onlarsız da qaydaya sala biləcək.
Sabahı günü Uotson dostunun noyabrın 19-da aldığı teleqrama yazılı cavabı nəzərə çatdırır. “Sizin məsləhətinizlə yanıma gəlmiş Robert Ferqyüsonun müəmmasını 21-də araşdırdım. Nəticə müsbət oldu”. (Yenə orada, səh. 549)
Əsəri N.Dexteryova rus dilindən xeyli sonra tərcümə etmişdir. Onun ilk çapı 1924-cü ilin yanvarında “Strend” jurnalında həyata keçmişdir.
QABİL ƏHMƏDOV

 
 
  • Oxunub:  49920  |  
  • Tarix:  24-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA