Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”

“İqtisadi inkişaf modellərinin humanitar aspektləri”

06.10.2012 [16:43]

İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu mövzuda keçirilən “dəyirmi masa”da hökumət rəsmiləri, dünyanın tanınmış alimləri və KİV nümayəndələri iştirak ediblər
II Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” mövzusunda “dəyirmi masa” işə başlayıb. “Dəyirmi masa” çərçivəsində “Qlobal iqtisadi inkişafın sosial və humanitar aspektləri: strateji çağırışlar”, “Dayanıqlı və inklüziv iqtisadi inkişafın strateji məsələləri”, “İqtisadi modernləşmədə insan kapitalının rolu” mövzularında bölmə iclasları keçirilib. Tədbirdə dünya iqtisadiyyatının inkişaf meyilləri və onların humanitar aspektləri müzakirə olunub, maraqlı məruzələr dinlənilib.
Giriş sözü ilə “dəyirmi masa”nı açıq elan edən Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, XXI əsr dünya iqtisadiyyatına çox böyük dəyişikliklər gətirib. Dəyişikliklər sürətlə gedir və ənənəvi metodların dəyişməsi yeni idarəetmə modellərinin işlənməsini zəruri edir. Birinci növbədə postindustrial dövr başa çatıb. Bu gün insan kapitalının artırılması iqtisadi inkişafın baza xarakterli amilinə çevrilib. İnsan kapitalı olmadan ciddi nailiyyət əldə etmək mümkün deyil. Buna görə də, dövlətlər, ictimai təşkilatlar insan kapitalının formalaşması üçün iqtisadi inkişafın yaratdığı bütün imkanlardan maksimum istifadə etməyə çalışırlar.
Bildirilib ki, ikinci mühüm məsələ müasir dünyanın kəmiyyətcə dəyişməsidir. Baxmayaraq ki, dünya iqtisadiyyatı son 10 ildə 2 dəfə, ÜDM 60 trilyon dollar, əhalinin sayı isə 1 milyard artıb. Əhalinin sayının artması bir çox ölkələrdə ərzaq problemlərinin, təhsil və səhiyyəyə çıxış çətinliklərinin yaşanması ilə müşayiət olunur. Dünya əhalisinin 80 faizinin gəlirləri 1 dollardan aşağıdır. Buna görə də, bu gün dünya iqtisadçılarının ən ümdə vəzifəsi məhz ərzaq problemini həll etmək və yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində fəaliyyət modellərini hazırlayıb tətbiq etməkdir. Həmin iqtisadi həll mexanizmləri humanitar aspektlər nəzərə alınmaqla işə salınmalıdır.
Ş.Hacıyev qeyd edib ki, iqtisadi məsələlər də enerji, ekoloji, ərzaq problemi kimi dünyanın əsas qlobal problemlərindən birini təşkil edir və ona bu prizmadan yanaşmaq laızmdır. Onun sözlərinə görə, böhrana dayanıqlılıq prosesində ölkəmizin təcrübəsi də öyrənilməyə layiqdir.
“Bu gün Azərbaycanda humanitar sahələrin inkişafı diqqət mərkəzindədir və aparılan siyasət bir neçə onillikləri nəzərə alaraq hazırlanıb. Azərbaycanda iqtisadi artım və iqtisadi inkişafın əsas hədəflərindən biri humanitar sahələrin inkişaf etdirilməsidir. Bunun nəticəsində son 10 ildə Azərbaycanda yoxsulluq həddi 50 faizdən 5,6 faizə düşüb. Neft kapitalından düşünülmüş istifadə bu uğurlarda öz rolunu oynayıb. Ölkə strategiyası hazırlanarkən dünyanın inkişaf etmiş ölkələrinin, beynəlxalq iqtisadi təşkilatların ən yaxşı təcrübələri öyrənilib və uğurla tətbiq edilib”, - Ş.Hacıyev deyib.
Sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard İqtisadi Məktəbinin yaradıcısı, professor Kennet Cozef Arrou “Bu gündən gələcəyə doğru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər bir yeniliyin, qoyulan sərmayələrin, başladılan işlərin gələcəyə hesablanmasının vacibliyinə toxunulub. Alim bildirib ki, insanın gələcəyi onun resurslarından və məhz bu gün veriləcək qərarlarından asılıdır. Kennet Cozef Arrou iqlim dəyişməsinin investisiya qoyuluşuna təsiri, istehsal modulunun dəyişdirilməsi ilə iqtisadi inkişafa nail olmağın yolları məsələlərinə toxunub. Bildirib ki, iki hissəyə - cari xərclər və gələcək gəlirlərə bölünən hər bir biznes layihəsinin özünü nə dərəcədə doğruldacağı bir sıra siyasi və iqtisadi risklərlə yanaşı, iqlim dəyişmələrindən də asılıdır. Belə ki, baş verən iqlim dəyişmələri nə qədər paradoksal səslənsə də, hər bir başlanğıca böyük təsir göstərir.
Qlobal Araşdırmalar Mərkəzinin direktoru, Böyük Britaniyanın Uorvik Universitetinin fəxri professoru lord Robert Skidelski dünyada iqtisadi inkişafın rifah termini ilə eyniləşdirildiyini, lakin bunun səhv olduğunu diqqətə çatdırıb. “İnsanlar yüksək inkişaf etməyən cəmiyyətlərdə də xoşbəxt ola bilirlər”, - deyən professor artırılmış gəlirin rifahla mütənasib olmadığı fikrini irəli sürüb. Həmçinin, əhalinin say artımı da rifah yaradan amil deyildir. Hər bir cəmiyyətin öz rifah modeli olduğunu deyən britaniyalı alim bunun səbəbini fərqli aspektlərdən izah edib. Onun sözlərinə görə, demokratiya ilə iqtisadi inkişaf arasında da əlaqə vardır, lakin bu prosesdə də qeyri-sabitlik var. İqtisadi inkişaf həm də təhsillə sıx bağlıdır, savadsızlıq iqtisadi inkişafa mənfi təsir göstərən amillərdən biridir.
Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyderberqa iqtisadi inkişafı hər bir fərdin gəlirləri ilə müəyyən dərəcədə əlaqələndirib. O söyləyib ki, insanları xoşbəxt etməyən iqtisadiyyat və dəyişikliklər onlarda haqlı narazılıq doğuracaq və cari rejimi devirməyə sövq edəcək. Məhz bu səbəbdən istər iqtisadi, istərsə də siyasi qərarlar xalq tərəfindən qəbul olunmağa məhkumdur. İqtisadi uğurlar yalnız sabit cəmiyyət və təhlükəsiz millət üçün maraqlıdır.
“Dəyirmi masa”nın bölmə iclaslarında İqtisadiyyat üzrə Nobel mükafatı laureatları professor Finn Kidland “Siyasətin qeyri-müəyyənliyinin mənşəyi və riskləri haqqında”, pofessor Rocer Brus Mayerson “Dövlət tənzimlənməsi standartları”, professor Edvard Preskott “Açıqlıq: zəngin olmağın həlledici amili kimi”, Rusiya İqtisadi Strategiyalar İnstitunun Baş direktoru, professor Aleksandr İvanoviç Aqeev, Azərbaycanın Almaniyanın Baden-Vüttermberq Torpağındakı fəxri konsulu Otto Hauzer “Davamlı iqtisadi artımın humanitar aspektləri” mövzusunda məruzə ediblər.
Eyni zamanda, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar İnstitunun elmi işçisi Vladimer Papava “Qlobal maliyyə böhranının dərsləri və Zambi İqtisadiyyatından doğan təhlükələr”, Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Tətbiqi İnstitusional İqtisadiyyat kafedrasının müdiri, professor Aleksandr Auzan “Dəyərlər və davranış qaydaları iqtisadi dinamikanın amili kimi”, Rusiya XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet araşdırmaları Mərkəzinin direktoru, professor Stanislav Çernyavski “İqtisadi inkişaf modellərinin humanitar nəticələri”, Qırğızıstan Milli Elmlər Akademiyasının üzvü, professor Turar Koyçuyev “Humanistləşdirmə və iqtisadi ideologiya haqqında”, ADİU-nun prorektoru, professor Əvəz Bayramov “İqtisadi sistemin mental ölçüsü: azadlıq fenomeni”, ADİU Elmi Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənov “Marjinal faydalılıq və humanitar hədəflər: uzlaşdırmanın çətinlikləri”, Sverdlovsk regionunun Qanunvericilik Məclisinin sədr müavini Yelena Çeçunova “Bazar iqtisadiyyatı şəraitində şəxsiyyətin ləyaqətinin qorunmasına baxış”, Avrasiya İqtisadi Münasibətlər Assosasiyasının idarə heyətinin sədri Hikmet Eren “İqtisadi inkişafda insani dəyərlərin yeri və əhəmiyyəti”, CITRIS CSE Kompüter elmləri və mühəndislik mərkəzinin direktoru, professor Masud Nikraveş “Texnologiya, innovasiya və iqtisadi inkişafda liderlik: biliklərə əsaslanan iqtisadiyyat”, Belarus Parlamentarizm və Xüsusi Sahibkarlıq İnstitutunun I vitse-prezidenti, professor Andrey Markov “Yeni iqtisadiyyatın formalaşması şəraitində şəxsiyyətin inkişafının texnoloji amilləri”, professor Nazim İmanov “Azərbaycanda iqtisadi və sosial inkişaf arasında müvazinət: yaxın gələcəyin vəzifələri” mövzusunda çıxış ediblər.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Tədbirin yekununda bəyannamə qəbul edilib.
SEVİNC
Paylaş:
Baxılıb: 2378 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30