
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aprelin 6-da tanınmış jurnalist Aida Eyvazlının “Qalibiyyət - şahidlər və şəhidlər” kitabının birinci cildinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ötən il aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, Milli Məclisin deputatları, ictimai xadimlər iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yazılan “Qalibiyyət - şahidlər və şəhidlər” kitabının müəllifinə minnətdarlığını bildirib. O, qeyd edib ki, kitab Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir!” - sözləri ilə başlayır.
Kitaba Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Ön söz” yazdığını xatırladan O.Səmədov bu işdə əməyi olanların şərəf tariximizin əbədiləşdirilməsi baxımından vacib missiya yerinə yetirdiklərini vurğulayıb.
Fondun icraçı direktoru kitabın məziyyətləri haqqında danışaraq bildirib ki, nəşrin birinci cildində aprel döyüşlərində şəhid olmuş 45 qəhrəmanımızın həyat salnaməsi, əsgərlərimizin son döyüşdə dedikləri sözlər, cəbhədə göstərdikləri igidliklər, şəhid ailələrinə dövlət qayğısı, övladını vətənə qurban verən valideynlərin bayraq və Vətən sevgisi, eləcə də müəllifin şəhidlərimizə, Vətənimizin qalibiyyətinə həsr etdiyi şerləri yer alıb.
Rəşad Məcid aprel döyüşləri zamanı Azərbaycan dövlətinin milli birliyin nəticəsində ağır imtahandan uğurla, şərəflə çıxdığını deyib. Düşmənlə savaşda qəhrəmanlıq göstərən əsgərlərimizin tarixi şücaətlərinin xalqa daha dolğun və obyektiv çatdırılmasında jurnalistikanın böyük rol oynadığını xatırladan baş redaktor istedadlı yazar A.Eyvazlının əməyini xüsusilə dəyərləndirib. Onun sözlərinə görə, şəhid qəhrəmanlarımız haqqında kitabda əksini tapan reportajlar öncə baş redaktoru olduğu “525-ci qəzet”də dərc olunub və yazılarda aprel döyüşlərinin xalqımıza yaşatdığı coşqu, qürur, zəfər ovqatı və itkilərdən doğan hüznümüz eyni dərəcədə təsirli dillə ifadə olunub.
Milli Məclisin deputatları Qənirə Paşayeva və Sona Əliyeva qeyd ediblər ki, qəhrəman oğullarımız şərəfli şəhidlik yolunu seçərək əbədiyyətə qovuşdular, Azərbaycan xalqına qürur yaşatdılar.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “Qalibiyyət - şahidlər və şəhidlər” kitabının tarixi mənbəyə çevrildiyini bildiriblər.
Kitabın müəllifi A.Eyvazlı reportajların hazırlanması prosesindən, şəhid ailələri ilə görüşlərdə keçirdiyi hisslərdən danışıb: “Qəhrəmanlarımızdan yazanda da, kitabı hazırlayanda da, indi sizin qarşınızda dayananda da, heç vaxt izah edə bilməyəcəyim hisslər yaşadım və yaşayıram. Nə qədər yazsam, azdır. Bizim qəhrəmanlarımız, qalibiyyət cəngavərləri dünya durduqca tarixdə yaşayacaqlar. Onların həyat yolu bizim üçün əbədi örnək olacaq”.
Bildirilib ki, hazırda kitabın ikinci cildi üzərində iş gedir.
Təqdimat mərasimində şəhid qəhrəmanlar Raquf Orucov, Mirzə Novruzov, Orxan Müstəcəbov, Əbdülməcid Axundov, Xalid Əzizzadə, Müşfiq Orucov, Şulan Bayramov, Elşən Səmədov, Nazim Zəkərəyev, Rəşad Niftalılı və Murad Məmmədovun ailə üzvləri çıxış edərək, kitabın yazılmasının onların övladlarına verilən böyük qiymət kimi dəyərləndiriblər. Şəhid ailələri Vətən uğrunda canından keçən övladları ilə fəxr etdiklərini, tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağına inandıqlarını bildiriblər.
Sonda qonaqlara “Qalibiyyət - şahidlər və şəhidlər” kitabı hədiyyə edilib.
- Oxunub: 12900 |
- Tarix: 07-04-2017 |
-
Çap et |