Ana səhifə »  Elm »  Nizami Cəfərov: Ədəbiyyat haqqındakı elmin akademik İsa Həbibbəyli miqyası
A+   Yenilə  A-
Nizami Cəfərov: Ədəbiyyat haqqındakı elmin akademik İsa Həbibbəyli miqyası

Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin 70 yaşı tamam olur. Akademik İsa Həbibbəyli çox məhsuldar, fədakar alimdir. Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bununla bağlı məqaləsində İsa Həbibbəylinin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında göstərdiyi xidmətlərdən, humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən, zəngin pedaqoji və ictimai-siyasi fəaliyyətindən bəhs olunur.
AZƏRTAC Nizami Cəfərovun “Ədəbiyyat haqqındakı elmin akademik İsa Həbibbəyli miqyası” sərlövhəli məqaləsini təqdim edir.
Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyu heç bir dövrdə, mərhələdə geri çəkilmədən, ədəbi-bədii fikrin meydanını boş qoymadan böyük söz sənəti əsərləri (və sənətkarları) yetişdirdiyi kimi, xüsusilə XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq həmin sənət əsərlərinin (və sənətkarların) dərindən və hərtərəfli təhlil, izahı və dərki əsasında mükəmməl ideya-estetik ümumiləşdirmələr aparmaqla ədəbiyyat haqqındakı elmi yaradan çox kamil mütəxəssislər də meydana çıxarıb. Onların sırasında Firudin bəy Köçərli, Salman Mümtaz, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Cəfər Xəndan, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Məmmədhüseyn Təhmasib, Mirzəağa Quluzadə, Əkrəm Cəfər, Mirəli Seyidov, Qafar Kəndli, Kamal Talıbzadə, Rüstəm Əliyev, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi klassiklərin adları xüsusi hörmət və ehtiramla çəkilir.
Əgər XX əsrin əvvəllərinə qədər milli ədəbi təfəkkürü daha çox (və bəzən də ümumiyyətlə) ədəbiyyat təmsil edirdisə, həmin dövrdən etibarən ədəbiyyat tarixi, nəzəriyyəsi, tədrisi və ədəbi tənqid də iri addımlarla irəliləyib ictimai fikrə ədəbiyyatın, demək olar ki, özü qədər təsir göstərməyə başladı. Əslində, ilk ən güclü impuls “yeni dövr”ün bilavasitə ədəbiyyat yaradıcılarından - Səməd Vurğundan, Mehdi Hüseyndən, Mirzə İbrahimovdan, Mir Cəlaldan gəldi. Onlar Nizami, Füzuli, Mirzə Fətəli ənənələrinə sadiq qalaraq, bir tərəfdən, dövrün şeirini, nəsrini, dramaturgiyasını yaradır, digər tərəfdən, həm ədəbiyyat tarixinin, həm də müasir ədəbi prosesin tədqiqi sahəsində çalışmaqla ədəbi təfəkkürün miqyasını o zamana qədər görünməmiş şəkildə genişləndirirdilər. Və həmin missiya sonralar Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Anar, Elçin kimi universal humanitar düşüncəli qələm sahiblərinin simasında uğurla davam (və inkişaf) etdirildi.
XX əsrin sonu, XXI əsrin əvvəlləri də Azərbaycan ədəbiyyatşünaslığına öz sələflərinin görmüş olduğu işləri irəli aparmağa qadir bir sıra istedadlı xələflər gətirdi.
Heç bir tərəddüd etmədən cəsarətlə demək olar ki, bu gün Azərbaycanda ədəbiyyat haqqında elmin yalnız akademik-inzibati yox, eyni zamanda intellektual-mənəvi (və ideya-metodoloji) məsuliyyətini, ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli daşıyır.
İsa Həbibbəyli ilk ciddi elmi araşdırmalarını keçən əsrin 70-ci illərində aparıb, həmin illərdə, əsasən, “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusu üzərində çalışaraq dəyərli bir əsər ortaya qoymaqla yanaşı, özünün ümumiyyətlə istedadlı bir ədəbiyyatşünas olduğunu təsdiqləyib ki, akademik Məmməd Cəfərin aşağıdakı sözləri bu təsdiqin ən yüksək səviyyədə ifadəsi (rəsmi sənədi!) sayıla bilər:
“Mənim fikrimcə, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı dissertasiyası bizim filologiya elminə yenilik gətirən və romantik lirika haqqında təəssürat yaradan orijinal bir tədqiqat əsəridir. Orijinallığı bir də o cəhətindədir ki, burada lirikanın daha çox poetikasından, üslublarından və janr xüsusiyyətlərindən danışılır”.
Və bu rəy - sənəddə böyük ustad öz şagirdinin alim-tədqiqatçı səciyyəsini də tamamilə dəqiqi vermişdi ki, “daim axtarışda olmaq İsa Həbibbəylinin özünəməxsus xarakteridir”.
Ümumiyyətlə, İsa müəllimin yaradıcılıq tərcümeyi-halı haqqında yazanlar, danışanlar həmişə, tamamilə haqlı olaraq, “Məmməd Cəfər faktoru”na xüsusi diqqət verirlər. Məsələn, akademik Bəkir Nəbiyev göstərir ki, “İsa Həbibbəyli akademik Məmməd Cəfər Cəfərovun məşhur “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin yetirməsi və hamımızın müəllimi, mənəvi atamız olmuş Məmməd Cəfərin ən layiqli davamçısıdır”.
Hələ 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının tələbəsi olarkən Naxçıvanda keçirilən “Elm günləri”ndə Azərbaycan ədəbiyyatşünaslığının mütəfəkkir patriarxı ilə tanış olan İsa Həbibbəyli onu özünə əbədi müəllim seçmiş və bu səmimi, ədəbiyyatşünaslığımızı yalnız zənginləşdirməklə qalmayan, ona eyni zamanda mənəvi ruh verən müəllim-tələbə münasibəti uzun zaman davam edərək filoloji cameədə ibrətamiz obraza, əgər belə demək mümkünsə, çox qədim bir ənənəni bu günə (və gələcəyə) daşımışdır.
AMEA-nın müxbir üzvü Kamran Əliyevlə professor Məmməd Əliyev yazırlar ki, “akademik Məmməd Cəfər Cəfərov faktoru İsa Həbibbəylini təkcə elmi yaradıcılığa həvəsləndirməmiş, həm də onun sadəlik və müdrikliyi özündə cəmləşdirən şəxsiyyət kimi formalaşmasına nüfuz etmişdir... İsa Həbibbəylinin fikrincə, “sadəliyin nə qədər böyük mənəvi sərvət olduğunu akademik Məmməd Cəfər Cəfərova məxsus klassik sadəlik isbat etdi. Yalnız özünü dərk etmiş, şəxsiyyət etibarilə kamil olan insanlar bu qədər sadə ola bilərlər”.
1970-ci illərdə respublika mətbuatında, xüsusilə Naxçıvanın “Şərq qapısı” qəzetində onlarla ədəbi-tənqidi məqalələri çap olunur ki, bunlar İsa Həbibbəylinin ədəbiyyatşünas kimi yetişməsi prosesini həm mövzu-maraq dairəsinin, həm də təhlil-üslub texnikasının miqyası baxımından izləməyə imkan verir. Diqqətdən kənarda qalması heç vəchlə mümkün olmayan bir məqam da, əsasən, 60-cı, 70-ci illəri əhatə edən şeir yaradıcılığıdır ki, bunu yalnız gənclik həvəsi hesab edib üstündən sükutla keçmək doğru olmazdı. Əvvəla ona görə ki, müəllif sonralar da ara-sıra poeziyaya müraciət edərək, məsələn, Naxçıvanın, eləcə də Akademiyanın marşlarını yazıb, digər tərəfdən isə, hər bir peşəkar ədəbiyyat araşdırıcısının - ədəbiyyatşünasın yaradıcılığa şeirlə, nəsrlə, dramaturgiya ilə, fərqi yoxdur, başlaması və tədqiq etdiyi mətn-təfəkkür tipinin bilavasitə az-çox yaradıcısı kimi də çıxış etməsi istedad bütövlüyünün (və mükəmməlliyinin) təzahürüdür.
80-ci illərdə İsa Həbibbəylinin yaradıcılıq tərcümeyi-halının ən mühüm hadisəsi, heç şübhəsiz, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda apardığı fundamental olduğu qədər də məhsuldar araşdırmadır ki, öz müəllifinə yalnız böyük ədəbi-elmi deyil, həm də ictimai-mədəni şöhrət qazandırdı. Mirzə Cəlil nəslinin davamçılarını, eləcə də dahi ədibin o zamana qədər məlum olmayan əsərlərini ölkə ictimaiyyətinə tanıtdıran tədqiqatçı bu məqsədlə dünyanın bir sıra ölkələrini gəzib dolaşmış, neçə-neçə arxivlərdəki toz basmış səhifələri dönə-dönə vərəqləməli olmuş, “mühit və müasirlər” kimi həm sosial, həm də intellektual yönləri olan çox mürəkkəb bir problemin nümunəvi həllinin olduqca dəyərli bir təcrübəsini vermişdir. Təxminən on beş ilin gərgin axtarışlarının nəticəsində meydana çıxaraq 1996-cı ildə İsa müəllimə filologiya elmləri doktoru adını qazandıran “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası, əlbəttə, Azərbaycan ədəbiyyatşünaslığının klassik əsərləri sırasında şərəfli bir yer tutmaqdadır. Belə əsərlər, məlum məsələdir ki, nə qədər yüksək olursa-olsun yalnız intellektin, nə qədər böyük olursa-olsun yalnız zəhmətin deyil, həm də son dərəcə nadir (və mükəmməl!) eşqin, ilhamın məhsuludur. Və o yerdə ki intellekt var, zəhmət var, eşq-ilham var, orada mütləq İsa Həbibbəyli də var.
Nəinki həmkarlarının, özünün də tədqiqatlarına son dərəcə tələbkarlıqla yanaşan, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı üzrə görkəmli mütəxəssis, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov kəskin opponent mövqeyindən belə, etiraf etməli olmuşdu ki, “yaşımızdakı böyük fərqə baxmayaraq, professor İsa Həbibbəylini təkcə həmkarım yox, dünənki və bugünkü ağsaqqal nəsillərin fəal və layiqli davamçısı sayıram. İsa Həbibbəylinin tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki ədəbiyyatşünaslıqda az öyrənilmiş və demək olar ki, diqqəti cəlb etməmiş elmi-nəzəri məsələlər, hadisələr, şəxsiyyətlər, əsərlər haqqındakı təhlil və qiymətləridir. O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə, sintez halında istifadə etməyi bacarır.
İsa Həbibbəyli dövrün ən fədakar məmmədquluzadəşünasıdır... Hiss olunur ki, artıq İsa Həbibbəyli dövr və problem çərçivəsinin sədlərini aşmaqdadır”.
Görkəmli məmmədquluzadəşünasın böyük xidmətlərinə verilmiş çoxsaylı (və sanballı) dəyərlər içərisində iki yazıçı-mütəfəkkirin rəyi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onlar “böyük demokrat”ın yaradıcılıq ənənələrini sadəcə davam etdirməmiş, yeni tarixi şəraitdə Mirzə Cəlil üslubuna yeni həyat verməyin incə bədii-estetik (və ideoloji!) nüanslarını kəşf etməklə ümumən milli mədəni-ictimai təfəkkürün hərəkatında postsovet əhvali-ruhiyyəsini hələ 60-cı illərdən hazırlamışlar. Söhbət Xalq yazıçısı Anar və Xalq yazıçısı, professor Elçindən gedir.
Elçin yazır: “Mən İsa Həbibbəylinin bir “cəlilşünas” kimi hansı ehtiras, şövq, həvəslə, hansı enerji ilə işləməsinin bilavasitə şahidi olmuşam: 80-ci illərin sonlarında İsa Həbibbəyli məhz həmin tədqiqatçı ehtirası və enerjisi sayəsində “Vətən” Cəmiyyətinin köməyi və iştirakı ilə Mirzə Cəlilin dünyanın bir çox ölkələrinə səpələnmiş nəvə-nəticələrini tapdı, onlarla əlaqə yaratdı, görüşdü və bu işi sonralar da böyük bir təşəbbüskarlıqla davam etdirdi”.
Anar yazır: “İsa Həbibbəylinin araşdırmaları yüksək elmi dəyərə malikdir. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin tərcümeyi-halının yenidən öyrənilməsi, ədibin nəsil şəcərəsinin müəyyən edilməsi, nəvə-nəticələrinin aşkara çıxarılması İsa müəllimin adı ilə bağlıdır. İsa Həbibbəyli, həmçinin Mirzə Cəlilin üç naməlum səhnə əsərini aşkara çıxarmış, təhlil edib dəyərləndirmişdir. Beləliklə, o, fədakar mirzəcəlilşünas alim olduğunu sübuta çatdırmışdır”.
Əlbəttə, İsa Həbibbəylinin xidməti yalnız ondan ibarət deyil ki, nə qədər böyük elmi, milli-ictimai əhəmiyyəti olsa da, Mirzə Cəlili, onun mühitini və müasirlərini daha müfəssəl, daha obyektiv, ümumən, müasir ədəbiyyatşünaslığın artan tələbləri səviyyəsində öyrəndi, həm də ondadır ki, tədqiq etdiyi dövrün hər cəhətdən canlı mənzərəsini yaratmağa nail oldu. Həmin mənzərə, tədqiqatçının analitik “təsvirlər”indən aydın göründüyü kimi, dövrün mürəkkəb sosial, siyasi və mədəni hadisələrində, bu hadisələrin birbaşa iştirakçısı olan nəhəng (və tarixi!) şəxsiyyətlərində olduğu qədər də hər cəhətdən yaradıcı ideyalarında (və ideallarında!) təzahür edir.
Akademik Teymur Kərimli təsadüfən demir ki, “akademik İsa Həbibbəylinin çox dərindən araşdırdığı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-ictimai-fəlsəfi fikrində belə bir gözəl anlayış var: “vətəndust”. Vətəndaşlığın ana özəyi sayılan bu keyfiyyət istisnasız olaraq o dövrün ən böyük patriot ziyalılarının ayrılmaz sifətlərindən birini təşkil etmişdir.
İsa Həbibbəyli də, hər şeydən öncə, vətəndustdur”.
İstər 80-ci illərdə, istərsə də 90-cı illərin birinci yarısında İsa Həbibbəyli Mirzə Cəlil mövzusu ilə nə qədər məşğul olsa da (ədibin həyat və yaradıcılığının əsas tarixlərinin dəqiqləşdirilməsindən üç yeni pyesinin tapılıb nəşr etdirilməsinə qədər), onun elmi maraq dairəsi yalnız bu böyük mövzu ilə məhdudlaşmamış, ədəbiyyatın müxtəlif məsələlərinə həsr olunmuş kitablar, kitabçalar, məqalələr yazıb nəşr etdirmiş, mötəbər elmi məclislərdə məruzələrlə çıxış etmişdir. 90-cı illərin ortalarında artıq bütün təfərrüatı ilə aydın görünürdü ki, gənc (və enerjili) tədqiqatçı ədəbiyyatın tarixçisi olduğu qədər də nəzəriyyəçisidir. Və ən böyük ədəbiyyat filosofumuz Yaşar Qarayev həmin illərdə tamamilə haqlı olaraq yazmışdı ki, “həm tənqid, həm də ədəbiyyatşünaslıqla paralel məşğul olmaq yetmişinci illərin gəncliyi üçün sanki fəaliyyət prinsipinə çevrilib. Bu qoşalığı, vəhdəti biz İsa Həbibbəylinin də nümunəsində görürük. Belə qoşalıq ünsiyyətə və vəhdətə köklə zirvənin, keçmişlə indinin, ənənə ilə novatorluğun arasında nail olmağa imkan yaradır... İsa Həbibbəylinin Azərbaycan romantik şeirinin, realist ədəbi hərəkatının, müasir ədəbi prosesin müxtəlif problemlərindən bəhs edən əsərləri onun səmərəli axtarışlarının nəticəsi kimi nəzərə çarpır”.
Akademik İsa Həbibbəylinin həyatı, yaradıcılığı təkcə üzdə deyil, çox-çox dərin qatlarında mənsub olduğu xalqın “tərcümeyi-hal”ı ilə üzvi surətdə bağlıdır. Və onun istedadına xüsusi məna verən, rövnəq gətirən, istedadı bir şəxsin sərəncamında qoymayıb milli dəyərə çevirən də bu bağlılıqdır.
Ümummilli Lider Heydər Əliyev Öz xilaskar missiyasını həyata keçirdikdən sonra çox böyük uğurla başlayan genişmiqyaslı iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi quruculuq hərəkatı elmin, təhsilin və ziyalılığın tarixində də yeni epoxanın əsaslarını yaratdı. Və xalqın taleyi üçün həmin fövqəladə məsuliyyətli illərdə biz İsa Həbibbəylini Ulu Öndərin ideyalarının ardıcıl müdafiəçisi kimi böyük siyasətin meydanında görürük... Hər cəhətdən təqdirəlayiq (və tamamilə təbiidir) ki, İsa Həbibbəyli bu illərdə milli ziyalı vəzifəsini şərəflə yerinə yetirməklə yanaşı, həmin möhtəşəm epoxanın tarixini qələmə alanların, onu ən mükəmməl şəkildə təhlil edib fəlsəfəsini ortaya çıxarmağa çalışanların ön sıralarında oldu.
Aşağıdakı fikirlər akademik İsa Həbibbəylinin hər cəhətdən mükəmməl tarixi-siyasi təfəkkürünün (və ziyalı patriotizminin) məhsuludur:
“Dövlət müstəqilliyimizin iyirmi beşinci ilinin böyük reallıqları Azərbaycan Respublikasının müasir inkişafının mühüm nəticələrini və geniş imkanlarını aydın surətdə təsəvvür etməyə, təhlil edib dəyərləndirməyə tam əsas verir. Müstəqil Azərbaycan dövləti qısa müddətdə inkişaf etmiş ölkələrin sırasında dayanmağa qadir olduğunu isbat etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin məqsədyönlü şəkildə, ardıcıllıqla və yaradıcılıqla həyata keçirilməsi ölkəmizin çoxəsrlik inkişafında yeni tarixi epoxanın formalaşdırılması ilə nəticələnmişdir”.
Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin Heydər Əliyev epoxasından bəhs edərkən Ümummilli Liderin dövlət (və millət!) quruculuğu siyasətində ədəbiyyatın roluna həmişə xüsusi diqqət yetirir. Və “müasir inkişafın reallıqları və üfüqləri” barədə bəhs edərkən yazır:
“Tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində mühüm yer tutmuşdur. Dövlət xadimlərindən bir çoxu dünya ədəbiyyatının ən fəal mütaliəçisi kimi fərqlənmişlər. Belə siyasi rəhbərlər hətta bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər... Bütün bunlarla bərabər, ədəbiyyatı dövlət siyasətinin üzvi tərkib hissəsi səviyyəsində qəbul edən, bu tükənməz xəzinədən milli siyasətin həyata keçirilməsində bacarıqla və yaradıcı şəkildə faydalanan dövlət xadimləri də olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş anlayış olub, yuxarıda sadalanan prinsiplərin bir çoxunu özündə cəmləşdirir”.
Əlbəttə, 90-cı illərin ortalarından etibarən ölkədə ədəbi-ictimai həyatın dirçəlməsi, Azərbaycan Yazıçılar Birliyinin 70-ci illərdəki nüfuzunun (və səlahiyyətlərinin) yenidən bərpa edilməsi, xüsusilə onun ədəbi orqanlarının - “Azərbaycan” və “Ulduz” jurnallarının, “Ədəbiyyat qəzeti”nin ardıcıl nəşrinin təmin olunması, ədəbiyyatı, müasir ədəbi prosesi araşdıran elmi mərkəzlərin işinin canlandırılması məhz Heydər Əliyev siyasətinin prioritetləri sırasında idi. Əgər bu siyasət olmasaydı, akademik İsa Həbibbəylinin aşağıdakı sözləri bu gün bu qürurla səslənməzdi:
“Ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması və inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin də özünəməxsus xidmətləri vardır. Geniş mənada azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq elmi xüsusi çəkiyə malikdir”.
90-cı illərin ortalarından İsa Həbibbəylinin yaradıcılığında ikinci mərhələ başlayır ki, həmin mərhələ 2010-cu illərin əvvəllərinə qədər davam edir. Bu illərdə o, biri digərindən az məsuliyyətli olmayan (və hər biri yeni Azərbaycanın yüksəlişi üçün olduqca böyük əhəmiyyət daşıyan) üç sahədə özünün parlaq istedadını nümayış etdirir: 1) təhsil quruculuğu sahəsində; 2) ictimai-siyasi sahədə; 3) təbii ki, elmi tədqiqat sahəsində.
Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunan İsa Həbibbəyli “Şərqin qapısı”ndakı bu ali təhsil müəssisəsini tezliklə yalnız Azərbaycanda yox, İranda, Türkiyədə, eləcə də bir sıra “uzaq” ölkələrdə tanıtmağa nail olur. Onun 2000-ci ildə Azərbaycan, ingilis, fransız, rus və alman dillərində nəşr edilmiş “Naxçıvan Dövlət Universiteti” kitabı, bir tərəfdən, tələbəlikdən rektorluğa qədər şərəfli yol keçdiyi doğma universitetlə fəxr duymağın nəticəsi idisə, digər tərəfdən, onu dünyanın qabaqcıl universitetləri sırasına çıxarmaq cəhdinin ifadəsi idi. Və təsadüfi deyil ki, İsa Həbibbəyli rektor olduğu illərdə Naxçıvan Dövlət Universiteti bir sıra çox mötəbər universitetlərlə yalnız əməkdaşlıq müqavilələri imzalamaqla kifayətlənməmiş, həm də yaxından əməkdaşlıq etmişdir.
Ümummilli Lider Heydər Əliyevə 1999-cu ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fəxri doktoru diplomunu təqdim etmək şərəfi də rektor İsa Həbibbəyliyə nəsib olub.
Yeni Azərbaycanın qurucusu əmin idi ki, ölkənin gələcək taleyini ilk növbədə ziyalılara etibar etmək lazımdır. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində baş vermiş hadisələr də bunu göstərirdi: elmə, təhsilə tamamilə biganə olan qaragüruh hakimiyyəti əldə edən kimi “islahatlar”ını ali təhsil müəssisələrinin dağıdılmasından, akademiyanın ləğvindən başlamış, ali qanunverici orqanı dedi-qodu yuvasına çevirmişdilər.
Heydər Əliyevin ziyalılar haqqındakı siyasətinin əsasını isə, ümumiyyətlə, dahi dövlət xadiminin həyata keçirdiyi siyasətin mahiyyətcə ziyalılığı təşkil edirdi.
İsa Həbibbəyli ilk dəfə 1997-ci, ikinci dəfə 2000-ci ildə Naxçıvan MR Ali Məclisinə deputat seçilmişdi. 2005-ci ildən bu günə qədər isə Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür.
90-cı illərin ortalarından 2010-cu illərin əvvəllərinə qədər İsa Həbibbəyli həm təhsil quruculuğunda, həm də ölkənin ictimai-siyasi həyatında nə qədər fəal iştirak etsə də, elmi araşdırmalarını nəinki dayandırmamış, demək olar ki, eyni fəallıqla davam etdirmişdir. Fundamental “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasından (1997) sonra “Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti” (1998), “Xalq şairi Məmməd Araz” (1999), “Ustad Məhəmmədhüseyn Şəhriyar” (1999), “Cəlil Məmmədquluzadə” (2002), “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” (2002), “Məmməd Araz” (2002), “Mollanəsrəddinçi karikatura ustası Oskar Şmerlinq” (2002), “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları” (2004), “Ədəbiyyat və mətbuat cəbhəsində” (2006), “Mustafa Kamal Atatürk və Naxçıvan” (2006), “Ədəbi-tarixi yaddaş və müasirlik” (2008), “İntibahın 15 ili” (2010), “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi” (2012), “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr” (2013) və s. kitablar, ümumtəhsil məktəbləri üçün “Ədəbiyyat” dərsliyi, yüzlərlə məqalələr bu illərin yaradıcılıq məhsullarıdır. Və təbii ki, onların sırasına İsa Həbibbəylinin tərtibçisi olduğu kitabları ona görə ayrıca daxil etmək lazımdır ki, həmin kitabların nəşrə hazırlanmasına, bunu mütəxəssislərə izah etməyə ehtiyac yoxdur, bəzən bir monoqrafiya qədər zəhmət (və istedad enerjisi) sərf olunur: Cəlil Məmmədquluzadənin “Cümhuriyyət”i (2002), Abbas Zamanovun “Seçilmiş əsərləri” (2003), Mirzə Cəlil və Məmmədquluzadələrin “Məktublaşma”sı (2003), “Müasirləri Abbas Zamanov haqqında” (2003), Cəlil Məmmədquluzadənin dördcildlik “Əsərləri” (2004) və ayrıca “Seçilmiş əsərləri” (2004), Məhəmməd Tağı Sidqinin “Əsərləri” (2004), Məhəmmədhüseyn Şəhriyarın “Seçilmiş əsərləri” (2004), Məhəmmədağa Şahtaxtlının “Seçilmiş əsərləri” (2006), “Taleyi və sənəti” silsiləsindən Hüseyn Cavid (2007), Məhəmmədağa Şahtaxtlı (2008), Akademik Məmməd Cəfər (2009), Cəlil Məmmədquluzadə (2010), Əliqulu Qəmküsar (2011) və s.
Akademik İsa Həbibbəylinin yalnız insan-şəxsiyyət olaraq deyil, həm də alim-humanitar olaraq ən böyük üstünlüklərindən biri doğulub boya-başa çatdığı diyara - Naxçıvana sonsuz övlad məhəbbətidir. O, bu tarixi diyarın üzdə yox, bəşəri hissiyyatların dərinliklərindən gələ biləcək bir səviyyədə intellektual təəssübkeşidir. Və belə təəssübkeşlik təkcə o kəslərə xasdır ki, onlar bütün dünyanı doğulduqları diyar, doğulduqları diyarı bütün dünya qədər sevməyi bacarırlar.
İsa Həbibbəylinin saysız-hesabsız əsərlərindən çoxunun adında “Naxçıvan” sözü var. Və mən bu saysız-hesabsız əsərlərin müəllifini yaxşı tanıyan həmkarı kimi əminliklə deyə bilərəm ki, o, “Naxçıvan” deyəndə təsəvvürünə (və təxəyyülünə) dünyanın mifik tarixinin Nuhdan sonrakı ən müqəddəs mənəvi məkanı gəlir... Və mənim ağsaqqal dostuma yeni bir Nuh missiyası verilsəydi, heç şübhə etmirəm ki, bütün bəşəriyyəti gəmisinə doldurub məhz Naxçıvana gətirərdi ki, yenidən haqq-nahaq imtahanına çəksin.
2010-cu illərin əvvəllərində İsa Həbibbəyli öz yaradıcılığının ikinci mərhələsini başa vurub üçüncü mərhələsinə qədəm qoyur ki, bu mərhələnin ilk əsərləri həmmüəllifi olduğu çoxcildlik “Naxçıvan tarixi”, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Nizami adına Ədəbiyyat İnstitutu” və bir də yazıçı-publisist Rəşad Məcidə həsr olunmuş “Bütün yönləri ilə yaradıcı”dır. Bunlardan sonra isə “Akademik Səməd Vurğun Vəkilov” (2015), “Nuhçıxandan Naxçıvana” (2015), oncildliyin ilk cildləri, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyindəki (2016) orijinal oçerklər... gəlir. Və təbii ki, yenə də yüzlərlə məqalələr, məruzələr, çıxışlar...
Əlbəttə, İsa Həbibbəyli yaradıcılığının hər bir mərhələsi əvvəlkinin məntiqi davamı olmaqla yanaşı, həm kəmiyyət, həm də keyfiyyətcə zənginləşməsi, inkişafıdır. Və həqiqi istedadın təkamül yolu da, əslində, bundan ibarətdir... Odur ki, mənə elə gəlir, görkəmli ədəbiyyatşünasın bu günlərdə çapdan çıxmış, ancaq yəqin ki, elmi yaradıcılığa başladığı ilk illərdən bu günə qədərki axtarışlarının nəticələrinin, düşüncələrinin zərrə-zərrə yığıldığı, ümumiləşdiyi, ideya-metodoloji (və fəlsəfi) məzmun kəsb etdiyi “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasının onun yaradıcılığının üçüncü mərhələsinin fakt-hadisəsi olması şərtidir. Çünki müəllif bu fundamental əsər üzərində, əslində, yaradıcılığının hər mərhələsində çalışmışdır. Və ona da şübhə etmirəm ki, “Dövrləşdirmə konsepsiyası”na müəyyən mənada akademik İsa Həbibbəylinin ümumən bu günə qədərki ədəbiyyatşünaslıq axtarışlarının elmi-nəzəri (və metodoloji!) yekunu kimi baxmaq olar. Burası da var ki, bu cür geniş ideya-məzmun tutumuna malik əsərlərin nə bir müəllif, nə də bir epoxa (gizlətmək istəmirəm, get-gedə daha çox əmin olmağa başlayıram ki, “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığının şah əsəri olmağa ən layiqli namizəddir) səviyyəsində nə son cümləsi, nə də son nöqtəsi olmur.
Müəllif (və epoxa!) Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsinin aşağıdakı səbəblərdən irəli gəldiyini göstərir:
1. Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası əsasında aparılmış dövrləşdirilməsinin ədəbi-tarixi proseslərin reallıqlarını əks etdirməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi.
2. Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirmədə keçmişdə müəyyən edilmiş mərhələlərdən uzaqlaşa bilməmək hallarının aşkar görünməsi.
3. Dövrləşdirmə meyarlarında və mərhələlərin müəyyən edilməsində pərakəndəliyin müşahidə olunması.
4. Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması.
5. Dövrləşdirmədə dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti.
Bu səbəb-zərurətlərin heç birinə etiraz etmək mümkün deyil. Və həmin səbəblərin bu miqyasda məhz akademik İsa Həbibbəyli tərəfindən aşkarlanaraq formulə edilməsi də ona görə tamamilə təbiidir ki, görkəmli tədqiqatçı-ədəbiyyatşünas neçə illərdir on cildlik (yəqin ki, onun təsəvvürlərində bu da hələ son deyil) “Azərbaycan ədəbiyyatı tarixi”nin yaradılmasına bilavasitə rəhbərlik etdiyindən bu fundamental (və mahiyyətcə ensiklopedik) yaradıcılıq işinin perspektivlərini hamıdan aydın görməklə yanaşı, onun problemlərini də hər kəsdən yaxşı bilir.
Azərbaycan ədəbiyyatı tarixini dövrləşdirərkən müəllif (və epoxa) o prinsiplərə əsaslanır ki, onlar tarixi ədəbi prosesi həm “daxil”dən, həm də “xaric”dən müşayiət edir:
1. Azərbaycançılıq məfkurəsi.
2. Sivilizasiya faktoru.
3. Ədəbi-tarixi prosesin reallıqları.
4. Azərbaycanda ədəbi cərəyanlar.
Azərbaycançılıq məfkurəsi amilini rəhbər tutmadan Azərbaycanın, şübhəsiz, nə ədəbiyyat, nə mədəniyyət, nə ictimai-siyasi fikir, nə fəlsəfə... tarixini, nə də ümumiyyətlə tarixini az-çox obyektiv (və mükəmməl) şəkildə nəinki qələmə almaq, heç təsəvvür belə eləmək olmaz. Sivilizasiya faktoruna gəldikdə isə, bu, hər hansı milli bədii təfəkkür-yaradıcılıq hərəkatının elə bir möhtəşəm kontekstidir ki, ədəbi-tarixi prosesin reallıqları məhz onda təcəssüm etməklə həm fərdi, həm də ictimai cərəyanlaşma-üslublaşma imkanları qazanır. Yəni “Konsepsiya” müəllifi bir xalqın ədəbiyyat tarixinin dövrləşdirilməsini apararkən etnik amildən başlamış estetik amillərə qədər bütün metodoloji dayaqlara üzvi bir sistem olaraq istinad etməyin nümunəvi təcrübəsini verməklə həmin dövrləşdirməni, əslində, elə universal-tipoloji səviyyəyə yüksəldir ki, sabah və ya o biri gün, məsələn, türk xalqlarının, eləcə də başqa xalqların ədəbiyyat tarixlərini yazanlar ədəbiyyat tarixşünaslığının həmin universal-tipoloji cəhətlərindən fayda görəcəklər.
Və nəhayət, müəllif (və epoxa) belə bir dövrləşdirmə üzərində dayanır:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər).
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər).
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda sovet hakimiyyətinədək).
8. Azərbaycan ədəbiyyatında sosializm realizmi dövrü (1920-1960-cı illər).
9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980-ci illər).
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).
Həm günümüzün ən tanınmış ədəbiyyatşünaslarının mətbuatdakı yazılarında, həm də yüksək səviyyəli müzakirələrdə akademik İsa Həbibbəylinin “Konsepsiya”sı haqlı olaraq dəfələrlə təqdir edilmişdir. Odur ki, bu barədə yeni bir müzakirə açmağa ehtiyac görmürəm, yalnız belə bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, həmin “Konsepsiya” Azərbaycan ədəbiyyatı tarixşünaslığına üzərində işləmək, ədəbiyyat tarixinin bu günə qədər diqqətdən kənarda qalmış, yaxud hansısa səbəblərdən göz görə-görə sərf-nəzər olunmuş problemlərini həll etmək üçün külli miqdarda mövzular verir. Və bu mövzular Azərbaycan ədəbiyyatşünaslarının bütöv bir nəslini yetişdirmək gücündədir.
Ədəbiyyat haqqındakı elmdə akademik İsa Həbibbəyli miqyası nə qədər geniş olsa da, o, yaradıcılığının həm birinci, həm ikinci, həm də üçüncü mərhələsində onun (ədəbiyyatşünaslığın) hüdudlarından kənara çıxmağın - etnoqrafiyadan, tarixdən və siyasətdən; musiqidən, təsviri sənətdən və teatrdan; təhsildən, iqtisadiyyatdan və sosial məsələlərdən bəhs etməyin peşəkar nümunələrini göstərmişdir. Görkəmli alim, ictimai-siyasi xadimin çoxsahəli istedadının bir təzahürü də son dərəcə səmərəli, məhsuldar, hər cəhətdən perspektivli təşkilatçılıq məharətidir ki, onun şəxsiyyəti, mənəvi keyfiyyətləri barədə də geniş ictimai təsəvvür yaradır. Və rəhbərlik etdiyi qurumlarda hər kəs bilir ki, hər hansı məsələnin həlli ona tapşırılıbsa, İsa Həbibbəyli nəyin naminə olursa-olsun heç vaxt haqqı-nahaqqa verməyəcək. Ona görə yox ki, kənardan baxan var, ilk növbədə ona görə ki, İsa Həbibbəylinin dünyaya gələndən inandığı, etiqad elədiyi elə həqiqətlər (və ideallar!) mövcuddur ki, ən böhranlı hallarda da onlara laqeyd qala bilməz.
O, artıq qeyd olunduğu kimi, müstəqil Azərbaycanın tərəqqisi, dünyanın ən inkişaf etmiş, ən qüdrətli bir ölkəsinə çevrilməsi uğrunda ilk günlərdən başlayaraq ardıcıl ziyalı mübarizəsi aparmış, çoxlu dövlət təltiflərinə, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.
İsa Həbibbəylini həm zahirən, həm də daxilən xarakterizə edən bir xüsusiyyət də var ki, hərəkətlərindən tutmuş şifahi nitqinə qədər onu müşayiət edən bu xüsusiyyəti mən heç bir tərəddüd eləmədən “atəşin sürət” adlandırardım. Və ən önəmlisi də odur ki, müəllifini (və sahibini) uğurdan-uğura, qələbədən-qələbəyə aparan həmin bu atəşin sürət onun təbiətindəki tükənməz təmkini (və mütəvazi sanbalı!) bütün dəqiqliyilə tamamlayır.
Bir sözlə, akademik İsa Həbibbəyli miqyası çox böyük miqyas, akademik İsa Həbibbəyli məktəbi çox böyük məktəbdir.

 
  • Oxunub:  2550  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir
20 Noyabr 10:00
Sumqayıt şəhəri 70 illik yubileyini möhtəşəm bayram tədbiri ilə qeyd edib
20 Noyabr 09:55
Vətəndaşların hüquqlarının təminatında mühüm rol oynayan məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması icra məmurlarının ən ümdə vəzifələrindən biridir
20 Noyabr 09:51
Radikal müxalifət partiyalarının saxta sənəd şəbəkəsi ifşa edilir
20 Noyabr 09:50
Tur-aksiyanın ikinci günü məktəblilər Lənkəran, Astara və Masallı rayonlarına səyahət ediblər
20 Noyabr 09:48
X sinif şagirdi: Hər bir bölgəmizin özünəməxsus zəngin tarixi, mədəniyyəti, ənənələri var
20 Noyabr 09:45
Zərdab məktəblisi: Ölkəmizin şimal bölgəsi ilə tanışlıqdan böyük zövq alırıq
20 Noyabr 09:44
Azercell-in Rominqi millər qazandırır!
20 Noyabr 09:40
Regionlarda pambıq yığımı başa çatmaq üzrədir
19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9