Ana səhifə »  Gündəm »  Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
A+   Yenilə  A-
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər
İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı: “Hörmətli İtaliya Prezidenti cənab Sercio Mattarella.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu mərasimdə bizimlə bərabər İtaliya Prezidenti cənab Sercio Mattarella iştirak edir. Buna görə, cənab Prezident, Sizə minnətdaram. İtaliyanın Prezidentinin bu mərasimdə iştirakı müəssisənin əhəmiyyətini daha da artırır. Eyni zamanda, bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranmışdır. İtaliya şirkəti “Maire Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə aparmış və gözəl bir əsər yaratmışdır.
Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır.
Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük.
2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram, - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilmişdir - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir.
Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var.
Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır.
Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük. Xarici banklar öz maliyyə dəstəyini göstərmişdir. Bu zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib.
Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir. Beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır. Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq.
Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq.
Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır.
Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılmışdır. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək.
İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da, gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir. Mən İtaliya Prezidentini və onunla bərabər mərasimdə iştirak etmək üçün gəlmiş bütün qonaqları salamlayıram. Zavoda uğurlar arzulayıram. Sağ olun”.
* * *
Prezident Sercio Mattarellanın çıxışı: “Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.
Cənab Prezident, bu gün bu tədbirdə Sizinlə bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir.
Cənab Prezidentin dediyi kimi, sabah Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Biz ümid edirik ki, bu forum çərçivəsində yeni münasibətlərin əsaslarını qoya biləcəyik. Mən SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir.
Bu gün səhər Prezidentlə görüşüm zamanı xarici işlər nazirlərimizin və bizi müşayiət edən nümayəndə heyətinin iştirakı ilə ölkələrimiz arasındakı ikitərəfli məhsuldar əməkdaşlıq barədə danışdıq. Bu gün bizim burada olmağımız və əlbəttə, bütün nümayəndə heyətlərinin - İtaliya şirkətlərinin və onların tərəfdaşlarının burada olması bu tədbirin yüksək səviyyəsini göstərir. Təbii ki, biz Sumqayıt şəhərini də qeyd etməliyik. Çünki o, öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir. Təşəkkür edirəm”.
* * *
Müəssisənin tikintisinin yüksək səviyyədə aparıldığını vurğulayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev.
İtaliya Respublikasının Prezidenti möhtərəm cənab Sercio Mattarella.
Hörmətli qonaqlar, dəyərli mərasim iştirakçıları.
Bu tarixi gündə bizlərə şərəf verib bu mərasimdə iştirak edən bütün qonaqlarımızı salamlamaqdan qürur hissi keçiririk.
İcazə verin, Azərbaycanın neft-kimya sənayesi üçün xüsusi əhəmiyyət kəsb edən belə bir gündə yanımızda olduqlarına, sevincimizi paylaşdıqlarına görə Zati-aliləri cənab İlham Əliyevə və Zati-aliləri cənab Sercio Mattarellaya neftçilər adından dərin təşəkkürümüzü, hörmət və ehtiramımızı bildirim.
“SOCAR Polymer” layihəsinin başlanğıcından işlərin gedişini diqqət mərkəzində saxlamış, dəyərli tövsiyələri ilə bizə daim dəstək vermiş möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məruzə etmək istəyirəm: Cənab Prezident, verdiyiniz tapşırıqlar vaxtında, ətraf mühit və təhlükəsizlik standartlarına tam əməl olunmaqla və yüksək keyfiyyətlə yerinə yetirilib.
SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Sizi əmin etmək istəyirəm ki, bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.
Möhtərəm cənab Prezident,
Zati-alinizə məruzə etmək istəyirəm ki, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb. İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq. Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.
“SOCAR Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib. Mən yerli tərəfdaşlarımızın əməyini qeyd etmək və layihənin səmərəliliyinə inanmış Rusiyanın “Qazprombank”ının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Layihənin uğurla başa çatdırılması münasibətilə onları təbrik edirəm.
Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm. “Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək.
Sonda layihənin həyata keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə çox sağ olun”.
* * *
Zavodun tikintisini birgə əməkdaşlığın yüksək nümunəsi adlandıran İtaliyanın “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato deyib: “Hamınızı salamlayıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellaya, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə çıxışlarına görə təşəkkürümü bildirirəm.
Bu gün biz “Maire Tecnimont” və “SOCAR Polymer” arasında əldə olunmuş əhəmiyyətli bir nəticəni qeyd edirik. Bu münasibətlə hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün Sumqayıt şəhərində olmaqdan şərəf hissi duyuram.
SOCAR bizim şirkətin ən önəmli tərəfdaşlarından biridir. “SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq. Biz İtaliya vətəndaşı olaraq dialoqa daim hazır olmalı və insani dəyərləri diqqətdən kənarda qoymamalıyıq. Biz, eləcə də bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu, nəinki neft kimyası sahəsində, digər sahələrdə də əməkdaşlığın başlanğıcıdır. Bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir. Bu zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etmək və əməkdaşlığımızı daha da məhsuldar etməkdir.
Biz bu zavodun tikintisində təhlükəsizlik baxımından bütün parametrləri nəzərə almaqla işləri həyata keçirməyə çalışmışıq. Bütün işçi heyətə təşəkkürümü bildirirəm. Həmçinin azərbaycanlı və italiyalı işçilərdən əlavə xarici tərəfdaşlarımıza da xüsusi təşəkkürümü bildirirəm. Çünki onlar bu layihənin reallaşmasında doğrudan da böyük rol oynayıblar. Bu, Azərbaycan ilə İtaliyanın sənaye sahəsində əməkdaşlığında çox böyük addımdır. Xüsusən vurğulamaq istəyirik ki, İtaliya ilə Azərbaycan və “Maire Tecnimont” ilə “SOCAR Polymer” arasında olan əməkdaşlıq başqa sahələrdə də davam edəcək. Bu, zavodun daha da inkişafına kömək göstərəcək. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu zavodun tikintisində işləyənlərin çoxu Azərbaycan vətəndaşıdır. Onlar çox gərgin işləyərək bu layihəni həyata keçirmişlər.
Bu, Azərbaycan ilə İtaliya arasında texnologiya sahəsində əməkdaşlığın bir nümunəsidir. Ümid edirik ki, bu əməkdaşlıq uzunmüddətli olacaq. “Maire Tecnimont” “SOCAR Polymer” ilə yanaşı, Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda və bu əməkdaşlığın uzun müddət davam etməsində maraqlıdır. Bu, Azərbaycanın iqtisadiyyatının dayanıqlı şəkildə inkişafında böyük rol oynayacaq. Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim Azərbaycanla əməkdaşlığımız təkcə sənaye sahəsində deyil, akademik sahədə də mövcuddur. Məsələn, biz Bakı Ali Neft Məktəbi ilə bir sıra təhsil proqramları həyata keçiririk. Bu təhsil proqramları çərçivəsində tələbələri ixtisasartırma kurslarına dəvət edir və yaxud İtaliya şirkətlərində təcrübə keçməyə imkan yaradırıq. Təbii ki, bu yolla biz həm ixtisasını artırmış mühəndislər yetişdiririk, həm də onlar İtaliya təcrübəsindən yararlanmış olurlar. Buna görə mən məmnunluq hissi duyuram. Sağ olun”.
* * *
Sonra “SOCAR Polymer” şirkətinin fəaliyyəti və burada həyata keçirilən layihələrdən bəhs edən qısa film nümayiş olunub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella polipropilen zavodunu işə salıblar.
Zavodda görülən işlərlə tanışlıq zamanı bildirilib ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub və artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.
Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.
“SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunacaq. Qeyd edək ki, “Socar Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə Maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir ki, bunun da 768 milyon dolları artıq xərclənib. Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.
Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantıların zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.
Biznes proseslərinin mərkəzləşdirilməsi məqsədilə “SOCAR Polymer” kadrların idarə olunması, maliyyə, istehsalat, texniki xidmət, keyfiyyətə nəzarət və təchizat-satınalma daxil olmaqla şirkətin bütün struktur bölmələrini əhatə edən xüsusi sistem tətbiq edib. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 17 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər görülməkdə davam edir.

 
  • Oxunub:  10590  |  
  • Tarix:  19-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA