Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər edib
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
Tacikistan Prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Emoməli Şərifoviç. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq və bunların arasında çox mühüm sənəd olan prezidentlərin Birgə Bəyanatının imzalanmasını qeyd etmək istərdim.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək. Bir daha xoş gəlmisiniz”.
Tacikistan Prezidenti Emoməli Rəhmon deyib: “İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun”.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Emoməli Şərifoviçi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizi yenidən görməyə çox şadam. Bizim bu gün ikitərəfli münasibətlərin gündəliyini ətraflı müzakirə etmək imkanımız oldu, regional əməkdaşlıq məsələlərinə toxunduq. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik.
Biz Sizi Azərbaycanda görməyimizə çox şadıq. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcək. Biz beynəlxalq arenada çox fəal qarşılıqlı fəaliyyət göstəririk. Tacikistan və Azərbaycan iştirak etdiyimiz beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələrimiz üçün çox əhəmiyyətlidir.
Biz bu gün qarşılıqlı iqtisadi fəaliyyəti də müzakirə edəcəyik. Artıq nümayəndə heyətlərinin üzvləri fəal iş aparıblar. Sizin səfəriniz ərəfəsində səfərlə bağlı materialları hazırlamaq və iqtisadi layihələr, o cümlədən nəqliyyat, ölkələrimizin sənayesinin inkişafına dair layihələr üzrə vacib qərarlar qəbul etmək üçün ölkələrimizin rəsmi təmsilçilərinin bir neçə görüşü keçirilib. Biz bu haqda artıq danışmışıq və daha geniş tərkibdə bu məsələləri müzakirə edəcəyik.
Əlbəttə ki, münasibətlərimizin vacib hissəsini humanitar sahədə əməkdaşlıq təşkil edir. Burada biz xalqlarımız arasında ənənəvi əlaqələrə istinad edirik. Bu əlaqələr bugünkü münasibətlər üçün yaxşı təməldir. Düşünürəm ki, qarşıdakı illərdə biz, həmçinin xalqlarımızın daim sıx təmasda olması məqsədilə ölkələrimizdə mütəmadi mədəni tədbirlər keçirmək üçün iş aparmalıyıq. Münasibətlərimizin gündəliyi çox genişdir. Biz mütəmadi görüşürük, səfərlər, beynəlxalq xarakterli tədbirlər çərçivəsində vacib məsələləri müzakirə edirik. Şadıq ki, bu gün dostluq münasibətləri uğurla inkişaf edir. Mən bir daha Sizi səmimi qəlbdən salamlayıram və Azərbaycanda vaxtınızı yaxşı keçirməyi arzulayıram”.
Tacikistan Prezidenti Emoməli Rəhmon deyib: “Çox sağ olun hörmətli İlham Heydər oğlu və əziz azərbaycanlı dostlar. Biz bugünkü görüşümüzə çox şadıq. İlk növbədə, dost Azərbaycana rəsmi səfərə dəvətə, səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığımızı bildirmək istərdim.
Tacikistan Respublikası xalqlarımız arasında tarixi-mədəni birliyə və çoxəsrlik ənənələrə əsaslanan dostluq əlaqələrini yüksək dəyərləndirir. Qeyd etməyə şadam ki, bu gün Tacikistan-Azərbaycan münasibətləri getdikcə inkişaf edir. Biz qarşılıqlı maraq doğuran əməkdaşlığımızın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətimizin genişləndirilməsində və dərinləşdirilməsində maraqlıyıq. Əminəm ki, bu gün əldə edəcəyimiz razılaşmalar çoxşaxəli tərəfdaşlığımızı yeni məzmunla zənginləşdirəcək, daha yüksək və keyfiyyətli səviyyəyə çıxaracaq.
Hörmətli İlham Heydər oğlu, müstəqillik illərində öz sosial-iqtisadi inkişafında böyük uğurlar əldə edən Azərbaycanın beynəlxalq arenada mövqeləri ardıcıl surətdə möhkəmlənir. Ölkənin uğurunun parlaq nümunəsi onun paytaxtının simasının ildən-ilə dəyişməsidir. Mən görüş zamanı bu barədə danışdım. Bakı bu gün haqlı olaraq dünyanın ən gözəl və müasir şəhərlərindən biri sayılır. Bütün bu nailiyyətlər Sizin cəmiyyət tərəfindən daha çox və hərtərəfli dəstəklənən uğurlu dövlət siyasətinizlə əlaqədardır. Səmimi qəlbdən Sizə uğurlar və Azərbaycan xalqının rifahı naminə nailiyyətlər arzulayıram.
Azərbaycan Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. Məmnuniyyətlə Tacikistan-Azərbaycan münasibətlərinin uğurla genişləndirilməsi meylini qeyd etmək istərdim. Dostluq və əməkdaşlıq barədə müqaviləyə əsaslanaraq ötən illər ərzində biz münasibətlərimizin sanballı müqavilə-hüquq bazasını formalaşdırmışıq. Bu baza bu gün demək olar ki, əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu gün ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə yönələn ikitərəfli sənədlərin yeni paketi imzalanacaq”.
Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dövlət başçılarının Birgə Bəyanatını imzalayıblar.
“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda imzalayıblar.
“Azərbaycan Sənaye Korporasiyası” ilə “Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzalayıblar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Tacikistan Hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Maxmadsaid Şoxiyon imzalayıblar.
“SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzalayıblar.
“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Tacikistan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, Sərhəd Qoşunlarının komandanı Rəcəbəli Rəhmonəli imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Tacikistanın Qida Təhlükəsizliyi üzrə Komitəsinin sədri Farxod Kamolzoda imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”u Azərbaycanın təhsil naziri Ceyhun Bayramov və Tacikistanın təhsil və elm naziri Nuriddin Said imzalayıblar.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şavkat Bobozoda imzalayıblar.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Tacikistanın baş prokuroru Yusif Rəhmon imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirociddin imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident. Hörmətli qonaqlar, əziz dostlar.
Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.
İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanıqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək.
Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb.
Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır. Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.
Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik. Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Bir daha xoş gəlmisiniz hörmətli cənab Prezident”.
Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon bəyanatla çıxış edib: “Sağ olun hörmətli İlham Heydər oğlu.
Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, əziz dostlar.
Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaq və Azərbaycan xalqının səmimi sevincini duymaq mənim üçün xoşdur. Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıyıq.
Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektri üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir. Bu barədə indicə İlham Heydər oğlu sizə məlumat verdi. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığımızın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində oldu. Bu cəhətdən biz ticari-iqtisadi əməkdaşlıq üzrə iki ölkənin dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi kimi birgə hökumətlərarası komissiyanın mühüm rolunu qeyd etdik. Biz o fikirdə həmrəy olduq ki, komissiya çərçivəsində əldə olunmuş razılaşmaların dəqiq yerinə yetirilməsi və imzalanan dövlətlərarası sənədlərin reallaşdırılması bizim ticari-iqtisadi münasibətlərimizin gələcək inkişafının amilidir. Biz hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir. Bu səfərin gedişində ikitərəfli əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə işləri davam etdirdik. Danışıqların nəticələrinə görə bu gün imzaladığımız sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir.
Ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində də qarşılıqlı fəaliyyətimizin perspektivlərini müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik.
Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur.
Mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı. Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.
Bizim konstruktiv dövlətlərarası dialoqumuzun davamı üçün mən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu Onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət etdim.
Hörmətli İlham Heydər oğlu, bir daha Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına səmimi qəbula və ənənəvi Azərbaycan qonaqpərvərliyinə görə təşəkkür edirəm. Sağ olun”.
* * *
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Çox hörmətli Emoməli Şərifoviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bir daha bizim bütün əziz qonaqlarımızı Azərbaycanda səmimi qəlbdən salamlayıram. Bu gün ölkələrimiz arasındakı münasibətlərin tarixində əlamətdar gündür. Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərimizin inkişafında mühüm mərhələdir. Səfər çox uğurlu keçir. Biz bu gün ikitərəfli münasibətlərin gündəliyində duran bir çox məsələlərlə bağlı ətraflı danışıqlar, fikir mübadiləsi apardıq. Əməkdaşlığın möhkəmlənməsinə, qarşılıqlı fəaliyyətin genişlənməsinə ölkələrimizin sadiq olduğunu bir daha təsdiq etdik və ticari-iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün mühüm yolları müəyyənləşdirdik. Siz hamınız sənədlərin imzalanması mərasimində iştirak etmisiniz. Təkcə bu sənədlərin siyahısı münasibətlərimizin səviyyəsini xarakterizə edir. Bu gün imzalanan sənədlər xeyli fəaliyyət sahəsini əhatə edir. Əminəm ki, bunların hamısı vaxtında icra ediləcək və bu da bizim münasibətlərimiz üçün daha möhkəm təməl yaradacaq.
Biz bu gün Tacikistanın hörmətli Prezidenti ilə Birgə Bəyanat imzaladıq. Bu, bizim iradəmizi, qarşılıqlı fəaliyyətə yönələn səylərimizi, beynəlxalq vəziyyətlə bağlı məsələlərdə ümumi yanaşmanı, həmçinin Tacikistanın siyasəti çərçivəsində BMT-də su ehtiyatları ilə bağlı irəli sürdüyü çox mühüm təşəbbüslərə Azərbaycanın dəstəyini əks etdirən olduqca vacib siyasi sənəddir. Biz bu bəyanatda mahiyyət etibarilə münasibətlərimizin inkişafının əsas yollarını müəyyən etdik. Mən çox şadam ki, belə bir bəyanat bizim gələcək fəaliyyətimizin təməli olacaq.
Bu gün sənaye kooperasiyası ilə bağlı məsələlərə çox vaxt sərf etdik. Qəbul edilən qərarlar əminəm ki, qısa müddətdə çox yaxşı nəticələr verəcək. Nəticə yeni istehsalatların, istehsalat güclərinin, sənaye kooperasiyasının, yüzlərlə yeni iş yerinin yaradılmasına hədəflənəcək. Bu qərarlar bizim sənaye müəssisələrimiz arasında tamamilə yeni kooperasiya sistemi yaradacaq, ölkələrimizin nəqliyyat infrastrukturunu daha da çox yükləyəcək. Başqa sözlə, əminəm ki, səfərin nəticələri çox səmərəli olacaq və yaxın zamanda biz bunu konkret rəqəmlərdə hiss edəcəyik.
Bu gün Biz Tacikistanın hörmətli Prezidenti ilə əlbəttə ki, bizi qane etməyən əmtəə dövriyyəsinin səviyyəsi barədə fikir mübadiləsi apardıq. Amma həyata keçirilən tədbirlər və imzalanan sənədlər bizə qısa müddət ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsini bir neçə dəfə artırmağa imkan verəcək.
Bu gün biz nəqliyyat infrastrukturumuzun inteqrasiyası, sənaye istehsalında kooperasiya, xarici bazara çıxış ilə bağlı mühüm qərarlara gəlirik. Sizin bildiyiniz kimi, Azərbaycan son zamanlar nəqliyyat infrastrukturunun olduqca şaxələnmiş sistemini yaradıb. Biz böyük sərmayələr yatıraraq yeni nəqliyyat yolları yaratmışıq. Asiya ilə Avropa arasında ən qısa yol bu gün Azərbaycandan keçir. Avtomobil yollarının, yeni aeroportların, Xəzərdə iri ticarət limanının inşasına da sərmayələr qoyulub. Biz bütün bunları dostlarımıza, Mərkəzi Asiyadakı tərəfdaşlarımıza təqdim edirik. Əlbəttə ki, biz bu gün Tacikistan Prezidenti ilə bu məsələləri ətraflı müzakirə etmişik.
Səfər ölkələrimizin əməkdaşlığı dərinləşdirməyə meyilli olduğunu göstərir, ticari-iqtisadi sahədə perspektivlər açır. Biz, həmçinin sərmayələrlə bağlı məsələyə toxunduq və yaxın vaxtlarda Tacikistana sərmayə məsələlərinin öyrənilməsi üzrə konkret missiya göndəriləcək. Həmçinin kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Belə demək olarsa, diqqətimizdən kənarda qalan çox az sahələr oldu. Bütün bunlar dövlətlərimizin qarşılıqlı fəaliyyəti möhkəmləndirməkdə çox güclü siyasi iradəsinin olduğunu göstərir.
Biz Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Bu gün Tacikistan sabit ictimai-siyasi şəraitə malik ölkədir. Bu, inkişaf üçün olduqca mühüm amildir. Xüsusən, biz görəndə ki, Mərkəzi Asiya regionunda, bizim regionda və Yaxın Şərqdə sabitlik pozulur, qan axıdılır, yeni münaqişələr başlanır, köhnə münaqişələr öz həllini tapmır, əlbəttə ki, Tacikistanda sülhün hökm sürməsi, vətəndaş həmrəyliyi, ictimai-siyasi sabitlik - bütün bunlar Sizin ölkənizin dayanıqlı inkişafının rəhnidir. Əlbəttə ki, burada əsas rol Tacikistan Prezidenti Emoməli Şərifoviç Rəhmona məxsusdur. O, hələ Tacikistanın müstəqil dövlət kimi erkən dirçəliş mərhələlərində vətəndaş müharibəsinin qarşısının alınmasında, sülh şəraitinin, rifah və inkişafın yaranmasında böyük rol oynayıb. Əlbəttə, biz nəticələri Tacikistanın sosial-iqtisadi inkişafında görürük. Biz Sizin uğurlara sevinirik və əlbəttə, əminik ki, Prezidentin sosial-iqtisadi inkişafa, Tacikistanın dünyəvi və regional məsələlərdə rolunun və əhəmiyyətinin artmasına yönələn kursu uğurla davam etdiriləcək. Biz isə sizin dostlarınız kimi, uğurlarınızı müşahidə edəcək və sevinəcəyik, öz tərəfimizdən həm Azərbaycanın, həm də Tacikistanın gələcəkdə də uğurlu inkişafı və rifahı üçün səylərimizi əsirgəməyəcəyik”.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dost Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident Emoməli Rəhmon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına və Azərbaycan xalqına təşəkkür edib. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu xatırladan Tacikistan dövlətinin başçısı budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, səfərin çox yaxşı nəticələri var və ölkələrimiz arasında tarixin sınağından çıxmış əlaqələr əməkdaşlıq haqqında yeni sazişlərlə bu gün daha da möhkəmləndirildi. Tacikistan Prezidenti vurğulayıb ki, səfər çərçivəsində aparılan konstruktiv və səmimi danışıqlar bir daha sübut edib ki, dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var. Emoməli Rəhmon Azərbaycan dövlətinin başçısı ilə ənənəvi görüşlərin iki ölkə arasında bütün formatlarda uğurlu qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün çox vacib olduğunu bildirib.
Xalqlarımızı ümumi tarixin, mədəniyyətin, dinin, adət-ənənələrin birləşdirdiyini vurğulayan Prezident Emoməli Rəhmon deyib: “Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir”.
Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğulayıb ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.

 
  • Oxunub:  5250  |  
  • Tarix:  11-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA