Ana səhifə »  Gündəm »  Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir
A+   Yenilə  A-
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Milli Məclisdə keçirilən təntənəli iclasda iştirak edib
Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.
Dövlətimizin başçısı iclasda nitq söyləyib:
“Hörmətli deputatlar.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Mən sizin hamınızı Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Bizim tədbirlərdə iştirak edən bütün xarici qonaqları salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm.
Dörd ay bundan əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Bu, tarixi hadisə idi. Çünki ilk dəfə idi ki, müsəlman aləmində demokratik respublika yaradılmışdır və Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bu respublikanı yaradan biz olmuşuq.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Ancaq buna baxmayaraq, Azərbaycan Demokratik Respublikası bir çox işləri görə bildi. Dövlət atributları təsis edildi və bu gün bizim dövlət bayrağımız, dövlət himnimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş dövlət atributlarıdır. Azərbaycan dili rəsmi dil kimi elan edilmişdir. İyunun 26-da Azərbaycan Milli Ordusu yaradılmışdır ki, bir neçə ay bundan sonra Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycan Milli Ordusu və könüllülər Bakını işğalçılardan azad etdilər.
Təhsillə bağlı çox önəmli qərarlar qəbul edilmişdir, o cümlədən Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul olunmuşdur. Gələn il biz Bakı Dövlət Universitetinin 100 illiyini qeyd edəcəyik.
Bir çox qanunlar qəbul edilmişdir, daha doğrusu, 200-dən çox qanun qəbul edilmişdir. Qadınlara səsvermə hüququ verilmişdir. Yəni, qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər gördü. Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirir. Təsadüfi deyil ki, 2018-ci il mənim Sərəncamımla “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.
Bu il biz Azərbaycanda və bir çox ölkələrdə Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir çox önəmli tədbirlər keçirmişik. Azərbaycanda müntəzəm olaraq tədbirlər keçirilir. Onların arasında, əlbəttə ki, 28 May günü ilə əlaqədar keçirilmiş təntənəli tədbirləri xüsusilə qeyd etmək istərdim. Ondan sonra Azərbaycan Milli Ordusunun 100 illiyinə həsr edilmiş möhtəşəm hərbi paradı qeyd etməliyəm. Bir neçə gün bundan əvvəl - sentyabrın 15-də ikinci möhtəşəm hərbi parad keçirilmişdir. Bakının işğalçılardan azad edilməsi günü təntənəli şəkildə qeyd edildi. O gün Qafqaz İslam Ordusu, Azərbaycan Milli Ordusu, könüllülər Bakını işğalçılardan azad etmişlər və Azərbaycan hökuməti iki gündən sonra Gəncədən Bakıya köçə bilmişdir. Bizim tarixi şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz sahiblərinə qaytarılmışdır.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, süqut etdi və Azərbaycan dövlət müstəqilliyini itirdi. Bu, onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Bu, tarixi şans, tarixi xoşbəxtlik idi. Çünki Azərbaycan xalqı əsrlər boyu müstəqillik, azadlıq eşqi ilə yaşamışdır. Ancaq uzun illər ərzində başqa dövlətlərin tərkibində idi. 1991-ci ildə ikinci dəfə bizə belə imkan yarandı. Ancaq əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunurdu. Ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, siyasi proseslər vəziyyəti gərginləşdirirdi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti vüsət alırdı, daxildə çəkişmələr imkan vermirdi ki, Azərbaycan uğurla inkişaf etsin. 1992-ci ildə dövlət çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı və Azərbaycan çox çətin çağırışlarla üz-üzə qalmışdı. 1992-ci ildə hakimiyyətə gəlmiş qüvvələr ölkəmizi uçuruma aparırdı, ölkəmizdə siyasi-iqtisadi böhran dərinləşirdi, Ermənistan işğalçılıq siyasətini genişləndirirdi, torpaqlarımız işğal altına düşürdü, iqtisadiyyat tamamilə iflic olmuşdu və ölkəmizdə vətəndaş müharibəsinə start verildi, qardaş qanı töküldü. Bu ağır, çətin günlərdə Azərbaycan xalqı müdriklik göstərərək yeganə düzgün addım atmışdır, Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və bu tarixi addım ölkəmizin müasir tarixində dönüş nöqtəsi idi.
Heydər Əliyevə Azərbaycan xalqının rəğbəti, dəstəyi həmişə çox böyük olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, O, Azərbaycana sovet dövründə rəhbərlik edən zaman respublikamızın uğurlu inkişafına təkan vermişdi. O vaxt Azərbaycan sovet məkanında 15 respublikadan fərqlənirdi, çünki Rusiyadan başqa cəmi iki respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi. Azərbaycan ən geridə qalmış yerdən Heydər Əliyevin dövründə, 1980-ci illərin əvvəllərində ən qabaqcıl yerlərə çıxmışdır və insanların rifah halı böyük dərəcədə yaxşılaşmışdır. Digər səbəblər isə ağır günlərdə Heydər Əliyevin cəsarətli addımları ilə bağlıdır. 20 Yanvar faciəsindən sonra O, dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti rəsmən pislədi, Kommunist Partiyasından çıxdı və Azərbaycan xalqı Onun simasında liderini gördü. Ondan sonrakı dövr Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Deyə bilərəm ki, bu, müstəqilliyə aparan önəmli addımlardan biri idi.
Bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü.
Azərbaycana böyük həcmdə sərmayə qoyuluşunun təmin edilməsində Heydər Əliyevin müstəsna rolu var. Dünən biz “Əsrin kontraktı”nın 24-cü ildönümünü qeyd etdik və “Əsrin kontraktı” olmadan Azərbaycanın bugünkü sürətli inkişaf dinamikasını təsəvvür etmək mümkün deyil.
Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər. Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır. Mən qeyd etməliyəm ki, Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar. Bu, Azərbaycan xalqı tərəfindən də qiymətləndirilir, mən də bunu izləyirəm və deməliyəm ki, doğrudan da çox böyük iş aparılır. Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın.
Əlbəttə ki, Azərbaycan deputatlarının fəaliyyətinin əsas istiqaməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə, öz həmkarlarına həqiqətlərin çatdırılmasıdır. Mən hesab edirəm ki, bu işdə çox böyük uğurlara nail olmuşuq. Son illərdə bir neçə təşkilat, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmişlər və bu sahədə fəaliyyət davam etdiriləcək. Mən əminəm ki, Azərbaycan parlamenti bundan sonra da həm ölkə daxilində gedən proseslərin sürətləndirilməsinə, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə öz müsbət töhfəsini verəcəkdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb. Bu gün bu torpaqlar işğal altındadır. Nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir.
Bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər. Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Mən hesab edirəm ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.
Münaqişəyə, böyük humanitar fəlakətə baxmayaraq, - bir milyondan çox insan bu münaqişədən əziyyət çəkir, - Azərbaycan inkişaf yolundadır, Azərbaycanın inkişafı çox sürətlidir. Ermənistan isə, əksinə, getdikcə daha da zəifləyir. Ermənistanda bu ilin yazında baş vermiş çevriliş əslində göstərir ki, əvvəlki rejim xalqın dəstəyini tam itirmişdir. İyirmi il Ermənistana rəhbərlik etmiş rejim çökdü və bu, bir daha onu göstərir ki, onların işğalçılıq siyasəti iflasa uğradı. Eyni zamanda, beynəlxalq təşkilatlar da bu məsələ ilə bağlı gərək ciddi təhlil aparsınlar və özlərinə sual versinlər ki, necə ola bilər, Ermənistanda son müddət ərzində keçirilmiş parlament və prezident seçkilərinə beynəlxalq müşahidəçilər müsbət reaksiya vermişlər. Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər kobudcasına saxtalaşdırılır? Bilmirdilər ki, orada əvvəlki rejimin hörməti sıfıra bərabərdir? Bilirdilər, ancaq hansısa səbəblərə görə göz yumurdular. İndi də Ermənistanda yaranmaqda olan yeni diktatura rejimi, demək olar ki, eyni siyasəti aparır. Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq. Bizim mübarizəmiz çox tutarlı arqumentlərlə dəstəklənir. Bayaq qeyd etdiyim kimi, deputatlarımız bizə qarşı aparılan çirkin kampaniyalarla bağlı öz sözlərini tutarlı arqumentlərlə deyirlər. Bizə qarşı irəli sürülən ittihamlar 100 faiz saxtadır, yalandır, ikili standartlar əsasındadır və siyasi məqsədlər güdür. Onu da bildirməliyəm ki, bu hücumlar, bu ittihamlar bizim siyasi iradəmizə zərrə qədər təsir etmir və etməyəcək. Amma Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər.
Ermənistanda gedən proseslərə baxdıqda istər-istəməz müəyyən paralellər meydana çıxır. 1992-ci ildə də Azərbaycanda hakimiyyətə insanlar meydanlardan, küçələrdən gəlmişdilər. Onların heç bir təcrübəsi, siyasi biliyi yox idi. Onlar iqtisadiyyatın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə elementar davranış qaydalarını gözləmirdilər. Nəticədə Azərbaycan xalqı o hakimiyyətə cəmi bir il dözə bildi və ondan sonra onlar siyasi səhnədən birdəfəlik çıxarıldılar. Ermənistanda da biz eyni mənzərəni görürük. Meydanda çığırıb-bağıranlar bu gün yüksək postlara təyin olunur, heç bir təcrübəsi olmayan insanlar bu gün Ermənistanın taleyini həll edirlər. Yeni hökumət tərəfindən atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur və bu, nəinki Ermənistan üçün, bölgə üçün böyük təhlükə mənbəyidir. Bir tərəfdən, - mən bunu artıq bir dəfə demişəm, - indiki Ermənistan hakimiyyəti nə qədər çox hakimiyyətdə qalsa, bizim üçün bir o qədər yaxşıdır. Çünki o, mövcud olan problemlərin üstünə problemlər gətirir. Onsuz da Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq.
Baxmayaraq ki, torpaqlarımız işğal altındadır, bir milyondan çox köçkün və qaçqınımız var, Azərbaycan uğurla inkişaf edir və inkişaf üçün çox gözəl perspektivlər var. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın. Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Təkcə BMT Təhlükəsizlik Şurası deyil, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Bu il Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Tərəfdaşlıq Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü dəstəklənir. Bu, Avropa İttifaqının mövqeyidir. Qonşu dövlətlər bizim ərazi bütövlüyümüzü tanıyır və dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə münaqişə ilə bağlı qətnamələr qəbul etmişdir. Onların hamısı bizim mövqeyimizi müdafiə edir. Yəni, bu, məsələnin beynəlxalq hüquqi tərəfidir. Real həyatda biz nəyi görürük: Ermənistan uğursuz dövlətdir. Əgər bir ölkəni 20 il ərzində kriminal xunta rejimi idarə edibsə, - müstəqilliyi cəmi 26 il olan dövlətdən söhbət gedir, - onda bu dövlətə hansı ad vermək olar? Ancaq uğursuz dövlət. Bu uğursuzluq, əslində, onların işğalçılıq siyasəti nəticəsində olmuşdur. Çünki əgər işğalçılıq siyasəti olmasaydı, onlar Azərbaycanın imkanlarından faydalana bilərdilər. Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir.
Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq.
Bir daha demək istəyirəm ki, Azərbaycan beynəlxalq məsələlərlə bağlı çox uğurlu siyasət aparır, qonşu ölkələrlə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox böyük hörmətə layiqdir. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə bizim strateji tərəfdaşlıq haqqında sənədimiz var və bu il Tərəfdaşlıq Prioritetləri sənədi imzalanıb.
Bax, budur bizim uğurlu xarici siyasətimiz ki, bu gün daxili inkişafımıza da müsbət təsir göstərir. O ki qaldı, iqtisadi sahəyə, son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyat 3,2 dəfə artmışdır və bu artım bu gün davam edir. Təsadüfi deyil ki, cəmi 26 yaşı olan ölkəmiz Davos Dünya İqtisadi Forumunun iqtisadiyyatların rəqabətqabiliyyətlilik hesabatına görə, dünya miqyasında 35-ci yerdədir. Təsəvvür edin, dünyada 200-dən çox ölkə var. Azərbaycan 35-ci yerdədir. Rəqabətqabiliyyətliliyi hesablaması bütün sahələri əhatə edir, təkcə enerji resurslarını yox. Yenə də Davos Forumunun inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksi üzrə hesablamalarına görə, Azərbaycan 3-cü yerdədir. Azərbaycan infrastrukturun səviyyəsinə görə, dünya miqyasında 26-cı yerdədir. Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində. Ona görə bizim iqtisadi inkişafla bağlı fikirlərimiz çox ümidvericidir və çox müsbətdir.
Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır.
Bir sözlə, biz ölkəmizi bundan sonra da bu siyasətlə inkişaf etdirəcəyik. Bu gün biz innovasiyalara, texnologiyalara daha çox üstünlük veririk. Bir neçə gündən sonra Azərbaycan orbitə üçüncü süni peyki çıxaracaq. Azərbaycan artıq bir neçə ildir ki, kosmik klubun üzvüdür. Orbitdə iki peykimiz var, üçüncü də çıxarılır.
Enerji siyasətimizə gəldikdə, bunun təsiri təkcə ölkəmizdə hiss olunmur, Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Biz dənizləri birləşdiririk. Xəzər dənizini neft kəmərləri ilə Qara dənizlə, Aralıq dənizi ilə, Azərbaycanı isə qaz xətti ilə Avropa ilə birləşdiririk. Bu gün həyata keçirilən “Cənub Qaz Dəhlizi” bölgədə ən böyük infrastruktur layihələrindən biridir, ümumi dəyəri 40 milyard dollara bərabərdir. Demək olar ki, bu layihə enerji xəritəsini tamamilə yenidən yaradır.
Əlbəttə ki, Azərbaycan öz coğrafi vəziyyətindən bundan sonra da uğurla istifadə edəcək. Nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz artıq reallıqdır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb. Xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Mən bunu dəfələrlə demişəm. Biz özümüzü mümkün olan risklərdən isə öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. İlk növbədə, bu siyasət bizə lazımdır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Çünki bu gün dinlərarası məsələlər getdikcə narahatlıq doğurur. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya - bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk. Bakıda keçirilən bir çox beynəlxalq tədbirlər ən böyük beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO və digər təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Biz bu gün parlamentin 100 illiyini qeyd edirik. Yüz il bundan əvvəl, əlbəttə, Azərbaycan parlamenti öz funksiyalarını tam şəkildə icra edə bilmirdi. Biz, əlbəttə, müstəqil dövlət idik, ancaq onu da hamımız bilməliyik ki, 1918-1920-ci illərdə müstəqilliyimiz tam deyildi. Azərbaycan çox zəif bir ölkə idi. Azərbaycan müstəqil həyatda ilk addımlarını atırdı. Ölkə daxilində kifayət qədər çox problemlər var idi. Deyə bilərəm ki, hökumət ölkə ərazisinə tam nəzarət edə bilmirdi. Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik. Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər - istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqillik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var.
Əziz dostlar, deputatlar, sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun”.
* * *
Sonra Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil olunan təntənəli iclasın iştirakçıları xatirə şəkli çəkdiriblər.
Təntənəli iclas işini çıxışlarla davam etdirib.

 
  • Oxunub:  6840  |  
  • Tarix:  22-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

27 İyun 15:56
Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar
27 İyun 15:53
Pedaqoji Şura iclasları keçirilir
27 İyun 15:50
Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
27 İyun 15:35
Azərbaycanda uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə müzakirə edilib
27 İyun 15:30
“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
27 İyun 15:28
Azərbaycan V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda təmsil olunub
27 İyun 15:22
Milli Məclisin deputatı AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb
27 İyun 14:54
Azərbaycanlı deputat avropalı həmkarlarını miqrant uşaqlarla bağlı xüsusi strategiya qəbul etməyə çağırıb
27 İyun 14:51
Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib
27 İyun 14:40
İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda iştirak ediblər
27 İyun 14:30
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
27 İyun 13:46
Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir
27 İyun 13:38
Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub
27 İyun 13:36
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib
27 İyun 12:51
“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb
27 İyun 12:35
Sevinc Fətəliyeva: Hər hansı həssas məsələ ilə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir
27 İyun 12:33
Gədəbəydə seminar: “QİÇS-ə birlikdə qalib gələk”
27 İyun 12:29
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans
27 İyun 12:07
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir
27 İyun 11:52
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilir
27 İyun 11:41
Asim Mollazadə: Azərbaycana qarşı aparılan hibrid müharibə Avropa dəyərlərinə hücumdur
27 İyun 11:38
Səməd Seyidov: Bəziləri bədbəxt hadisələrdən, faciələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar
27 İyun 11:17
BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
27 İyun 11:06
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
27 İyun 11:00
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir
27 İyun 10:20
Milli Oftalmologiya Mərkəzinin Gədəbəydə keçirdiyi aksiyada 210 vətəndaş müayinə olunub
27 İyun 10:18
"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüb
27 İyun 09:54
Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb
27 İyun 09:13
Meksikanın paytaxtında keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
27 İyun 09:09
Naqif Həmzəyev: Psixi xəstələrə münasibətdə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqinə ehtiyac var
27 İyun 09:02
Beynəlxalq Türk Akademiyası yanında “Dil və Terminologiya” Daimi Komissiyası qurulub
27 İyun 08:58
Sevinc Fətəliyeva: Azərbaycanda aparılan inqilabi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəlib
27 İyun 08:53
Braziliya səfiri: Bakı forumu BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir
27 İyun 08:51
Avropa Şurasının yeni Baş katibi seçilib
27 İyun 08:47
Azərbaycan Silahlı Qüvvələr Günü İslamabadda qeyd olunub
27 İyun 08:42
Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
27 İyun 08:41
Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
27 İyun 08:36
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb
27 İyun 08:33
Azərbaycanlı deputat: Psixi xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır
27 İyun 08:25
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA