Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran, Astara və Lerik rayonlarına səfər edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran, Astara və Lerik rayonlarına səfər edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verib.
Bildirilib ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış olublar.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Sizi ürəkdən salamlayıram, Lənkəran rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Lənkərana Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə yeni obyektlərin açılışında iştirak edirəm və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin sayı çoxalır. Bu gün Lənkəranda yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə tanış oluram. Tanışlıq çox gözəl təəssürat bağışlayır, çox gözəl istirahət zonasıdır, gözəl oteldir. Siz bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O sanatoriyanın görüntüləri bu stenddə göstərilir, tamamilə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, müasir tələblərə cavab vermirdi. Şadam ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər. Bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır.
Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir. Keçən il mən burada olarkən dəniz sahilində yerləşən otelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl otelin açılışını qeyd edirik.
Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir.
Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur. İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir.
Dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir. O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm infrastrukturuna cəlb edək.
Avtomobil yolları çəkilir. Mən keçən ay Bakı-Astara avtomobil yolunun açılışını etdim, gözəl tədbir keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi təxminən 40 kilometr qısalıb və bu gün dünya miqyasında ən gözəl yollardan biridir. Mən Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm, adam zövq alır, gözəl, hamar, mənzərəli bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə, Bakıdan Lənkərana, Astaraya gəlmək üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.
Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər. Ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.
O cümlədən ölkəmizdə müalicəvi turizm inkişaf edir və İstisu Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə önəmli addımdır. Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək.
Yəni, müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir. Beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır. İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir.
Bütövlükdə son illərdə Lənkəran rayonunda çox böyük işlər görülüb. İlk növbədə, biz infrastruktur layihələrinə böyük diqqət göstərmişik. Mənim yadımdadır, ilk dəfə Prezident kimi mən Lənkərana gələndə Lənkəran şəhərində demək olar ki, təbii qaz yox idi. Bu gün nəinki Lənkəran şəhərində, Lənkəran rayonunda qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll etmişik. Elektrik enerjisi ilə həmişə problemlər var idi. 2005-ci ildə Astarada tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti nəticəsində bu problem də indi öz həllini tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16 meqavat gücündə elektrik stansiyalarının tikintisi başa çatıb. Bunlar bütün bölgəyə xidmət göstərən elektrik stansiyalarıdır.
Beş il bundan əvvəl Lənkəranın içməli su problemi həll olundu. Yadımdadır, o günü də biz birlikdə qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən quruldu və bu proses davam etdirilir, gələn il əlavə vəsait ayrılacaq. Yəni, infrastrukturla bağlı olan bütün məsələlər həll olunur, görülən işlər göz qabağındadır, 40-dan çox məktəb tikilib və ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik. 2003-cü ildə birinci Olimpiya kompleksi yaradılmışdır. Ancaq əfsuslar olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində mütləq ən gözəl Olimpiya mərkəzi yaradılsın, biz bu gün onun açılışını qeyd edəcəyik. Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası əsaslı bərpa edilmişdir. Bu gün “Azərxalça” İstehsalat Birliyinin filialının açılışını qeyd edəcəyik. Orada da 100-dən çox insan işlə təmin ediləcək. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, Lənkəran rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə görüləcək işlər haqqında da biz indidən düşünürük. Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq. Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın. Sizi bir daha salamlayıram, təbrik edirəm və yeni uğurlar arzulayıram”.
Sakin: Cənab Prezident, biz də Sizi təbrik edirik. Bu gün ilk dəfə Prezident seçilməyinizin 15 ili tamam olur. Siz bu 15 ildə Lənkəranda gördüyünüz işləri sadaladınız, hamısına görə çox sağ olun. Təşəkkür edirəm. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının da açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsiblər.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verib.
Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət ediblər.
Xalçaçılar ölkəmizdə bu qədim sənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Xalçaçı Sevda Cəbrayılova: Cənab Prezident, xoş gəlmisiniz, Sizi görməyimizə çox şadıq. Çoxdandır ki, Sizi gözləyirdik. Bizə bu gözəl hədiyyəyə görə Sizə ürəkdən minnətdarıq, sağ olun. Bütün xalçaçı qızlar adından Sizə minnətdarıq.
Xalçaçı İradə Əliyeva: Çox sağ olun ki, bizim zəhmətimizə belə bir dəyər vermisiniz, keçmiş xalçalarımızı bizə qaytarmısınız. Çox sağ olun, Sizə çox-çox təşəkkür edirik.
Emalatxana rəisi Nargilə Qənbərova: Xoş gəlmisiniz. Sizin Sərəncamınız və Mehriban xanımın xalçaçılara qayğısı sayəsində bizim üçün belə bir gözəl bina tikildi. Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Nargilə Qənbərova: Burada 116 toxucu işləyir, 15 şagirdimiz var. Demək olar ki, nəqliyyata qədər bütün şəraitlə təmin olunmuşuq. Belə bir gözəl müəssisə xalçaçı xanımların ixtiyarına verilib. Buna görə çox sağ olun. Mən “Azərxalça”nın işçisi olaraq, 40 ilə yaxındır ki, bu sənətdə çalışıram. Amma biz heç vaxt bu cür şərait, belə gözəl bina görməmişdik. Bizim xəyallarımızı gerçəkləşdirdiniz, ağlımıza gəlməyəni bizim üçün həyata keçirdiniz. Çox sağ olun. Allah Sizi qorusun! Bu gün sevincimizin həddi-hüdudu yoxdur.
Prezident İlham Əliyev: Sağ olun, mən sizi ürəkdən təbrik edirəm.
Sevda Cəbrayılova: Cənab Prezident, bu gün Sizin prezidentliyinizin 15 illik yubileyidir. Təbrik edirik! Mən Sizi sevən bir insan kimi deyirəm bunu, buna haqqım da var. Çünki yaşım buna yol verir. Siz hər ikiniz idmanı da ucaltdınız, musiqiyə də böyük qiymət verirsiniz. Əminəm ki, indi xalçaçılığı da dünya səviyyəsinə ucaldacaqsınız. Hər şey əladır. Ancaq bir təəssüfüm var, yaşım 57-dir, kaş 17 olaydı.
Prezident İlham Əliyev: 57 nədir ki? Bu il mənim də 57 yaşım olacaq.
Sevda Cəbrayılova: Allah övladlarınızı, nəvələrinizi saxlasın. Oğlunuz hərbi xidmətdədir, sağ-salamat gəlsin. Bu, bütün ailələrə, övladlarını yayındıran valideynlərə bir nümunədir. Nəvələrim böyüyür, inşallah, o vaxta qədər yaşasam onları mütləq cəbhəyə, hara lazımdırsa göndərəcəyəm. Allah köməyiniz olsun, Mehriban xanım, muğamı dünyada tanıdırsınız, idmanı inkişaf etdirirsiniz. Muğamı da, idmanı da çox sevirəm.
Prezident İlham Əliyev: Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. “Azərxalça”nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. Hər fabrikdə 100-dən çox işçi çalışır. Mənə verilən məlumata görə, burada 116 işçi var. Demək olar ki, onların hamısı qadınlardır. Qadınlar üçün iş yerləri, belə gözəl şərait yaradırıq. Belə gözəl binada işləmək də xoşdur, adama zövq verir. Siz bizim qədim sənətimizi yaşadırsınız, burada şagirdlər də var, təlimlər keçirilir. Bu, deməyə əsas verir ki, xalçaçılıq sənəti Azərbaycanda əbədi yaşayacaq.
Xalçaçılar: Əlbəttə, Sizin sayənizdə, cənab Prezident.
Prezident İlham Əliyev: Bu sənəti yaşadan sizsiniz. Mən ona görə sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Fabrik tikiləndən sonra özümüzü həm boya ilə, həm ipliklə təmin edəcəyik. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin. Yəni, xalçaçılıq Azərbaycanda tam yerli xammal əsasında inkişaf edəcək. Bir daha demək istəyirəm ki, ən önəmlisi, hər fabrikdə qadınlar üçün 100-dən çox, bəzilərində 120, 130, 150 iş yeri, gözəl şərait yaradılır ki, siz burada işləyəsiniz, yaxşı pul qazanasınız və bu sənəti əbədi yaşadasınız. Sağ olun.
Sevda Cəbrayılova: Çox sağ olun. Sizə nə qədər minnətdarlıq etsək yenə də azdır. Hər dəfə buraya gəlməyiniz bizim üçün bayramdır. Gözləyirik, xalça emalatxanamıza tez-tez gəlin. Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Mən keçən il də, bu il də gəlmişəm. Bu, 15 il ərzində mənim Prezident kimi Lənkərana 10-cu səfərimdir. Bundan sonra hələ xeyli açılışlar olacaq, bəlkə bu fabrikin ikincisini də yarada bilərik.
Xalçaçılar: İnşallah.
Nargilə Qənbərova: Onsuz da müraciət edənlərin sayı çoxdur. Bəlkə də yüzü keçib.
Sevda Cəbrayılova: Sizinlə birinci dəfədir ünsiyyətdə oluruq, cənab Prezident. Bu, tarixə düşdü. Biz öz nənələrimizin xalçasını toxuyuruq.
Nargilə Qənbərova: Biz həmişə xalça toxumuşuq. Amma Lənkərana aid olan xalçaları, çeşniləri toxumamışıq. Bunu Siz yaratdınız.
Prezident İlham Əliyev: Lənkəranın çox qədim xalçaçılıq məktəbi, sənəti var. Burada sırf Lənkəran məktəbinin xalçaları toxunur. Mən sizi ürəkdən təbrik edirəm. Sağ olun.
Xalçaçılar: Sağ olun, var olun.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası da istifadəyə verilib, Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
* * *
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.
Dövlətimizin başçısı Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin rəmzi açılışını bildirən düyməni basıb.
Sonra Prezident İlham Əliyev Astara rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb: “Mən sizi salamlayıram. Bu gün Astara şəhərində çox gözəl, əlamətdar bir gündür. Biz Astara şəhərinə rəsmi olaraq içməli suyun verilməsini qeyd edirik. Mənə verilən məlumata görə, artıq iki aya yaxındır ki, evlərə təmiz içməli su verilir. Bu, çox gözəl hadisədir. Mən də bu gün gəlmişəm ki, bu gözəl hadisəni sizinlə birlikdə rəsmi qaydada qeyd edim.
İçməli su insan sağlamlığı üçün əsas şərtdir. Bunu hər kəs bilir. Astara şəhərində də bu problem öz həllini tapıb. Beləliklə, şəhər sakinlərinə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Növbəti mərhələdə artıq bir çox kəndlərə də suyun verilməsi nəzərdə tutulur. Əlbəttə, növbəti illərdə bu məqsədlə əlavə vəsait ayrılacaq ki, bu problem öz həllini tapsın. İçməli su layihələrinin icrası böyük maliyyə vəsaiti, çox böyük investisiyalar tələb edir. Biz bunu edirik ki, insanlar çox təmiz, keyfiyyətli su ilə təmin olunsunlar. Çünki bir daha demək istəyirəm ki, sağlamlıq üçün, normal həyat tərzi üçün içməli su əsas şərtdir.
Bir çox rayonlarımızda içməli su layihələri icra edilir. Artıq açılışlar da olub, növbəti illərdə də açılışlar olacaq. Qarşıya məqsəd qoyulubdur ki, Azərbaycanın bütün şəhərlərində 100 faiz tam standartlara uyğun içməli su layihələri icra edilsin və beləliklə, biz ölkə qarşısında duran əsas infrastruktur məsələlərini həll etmiş oluruq.
Digər layihələrə gəldikdə, Astara rayonunda infrastrukturun yaradılması sürətlə gedir, qazlaşdırma 83 faizdir, kənd yollarının tikintisi geniş vüsət alıb. Mənə verilən məlumata görə, Astara rayonunun kənd yollarının 92 faizi yenidən qurulub. Bu, çox gözəl göstəricidir. Gələn ilin Dövlət İnvestisiya Proqramında yeni, növbəti layihə nəzərdə tutulur. Beləliklə, hesab edirəm ki, bütün kəndlərin yolları çox gözəl səviyyəyə çatdırılacaqdır.
Eyni zamanda, keçən ay Bakı-Astara avtomobil yolunun açılışı olmuşdur. Bu, ən yüksək səviyyəli, çox rahat, təhlükəsiz yoldur. Bilirsiniz ki, yolun yeni istiqaməti müəyyən edilib, yeni tras çəkilib və yolun uzunluğu 40 kilometr qısalıb. Bu yol heç bir şəhərə girmədən düz Astaraya qədər gəlir. Beləliklə, yolboyu yaşayış məntəqələrinin rahatlığı təmin edilir. Əvvəllər bütün yolboyu yerləşən şəhərlərə yük maşınları girirdi və insanları narahat edirdi. İndi bütün yolboyu şəhərlərimiz - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan bu problemdən azad olunub. Bir qalıb ki, Astara şəhərinin problemi də həll olunsun, biz bunu da edəcəyik. Çünki bir hissə qalıb. Azərbaycan-İran sərhədinə qədər yeni yol çəkiləcək. Belə olan halda qonşu ölkəyə yük maşınları və vətəndaşlar Astara şəhərinə girmədən birbaşa sərhədə gedəcəklər. Biz bu layihə üzərində işləyirik, müəyyən işlər görülüb, torpaq ayrılıb, hətta torpağın birinci layları da hamarlanıb. Həm bu il, həm gələn il əlavə vəsait ayrılacaq. Hesab edirəm ki, gələn ilin ortalarına qədər mövcud Bakı-Astara trasından Azərbaycan-İran sərhədinə qədər yeni tras çəkiləcək və heç bir tranzit yük maşını Astara şəhərinə girməyəcək. Biz bunu da edəcəyik ki, Astara sakinləri bu problemlərdən azad olsunlar.
Digər layihələrə gəldikdə, bildiyiniz kimi, 2005-ci ildə Astara şəhərində modul tipli elektrik stansiyası tikilmişdir. Bu stansiya həm rayona, həm də bütün bölgəyə xidmət edir. Beləliklə, elektrik enerjisi ilə təchizat məsələləri də həll olunub. Bu gün içməli su layihəsi, - qazlaşdırmanı dedim, - kənd yolları çəkilir. Yəni, Astarada əsas infrastruktur məsələləri demək olar ki, öz həllini tapmaqdadır.
Sosial infrastruktura gəldikdə, rayonda son illərdə 35 məktəb, Olimpiya İdman Kompleksi tikilib, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir edilib, digər sosial obyektlər yaradılır. Astara rayonunun çox böyük turizm potensialı var. Bakı-Astara yolu istifadəyə veriləndən sonra əlbəttə ki, turistlərin sayı da artmalıdır və artacaq. Xarici turistlər Astaraya üz tuturlar. Burada turizm infrastrukturu, eyni zamanda, istirahət zonaları, o cümlədən bulvar kompleksi yaradılır. Astara sakinləri üçün bulvar kompleksinin yaradılmasına əlavə vəsait ayrılmışdır ki, bu istirahət zonası daha da böyük ərazini əhatə etsin.
Bilirsiniz ki, keçən il Lənkəranda bu zonanın inkişafına təkan verəcək çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirə keçirilmişdir. Müşavirədən sonra dövlət proqramları qəbul edilmişdir və bu sahədə də irəliləyiş var. Ona görə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir. Turizm infrastrukturunun yaradılması öz həllini tapır. Yeni iş yerlərinin yaradılması prosesi də gedir. Çünki kənd təsərrüfatına verilən böyük dəstək, əlbəttə ki, məşğulluğu artırır, insanlar daha da yaxşı imkanlar əldə edirlər, öz rifah halını yaxşılaşdırırlar və bu gözəl diyarda işlər daha da yaxşı gedəcək.
Artıq qeyd etdiyim kimi, gələcəkdə Bakı-Astara avtomobil yolunun İran sərhədinə çatdırılması layihəsi icra olunacaq. Eyni zamanda, burada kommunal evlərdə yaşayan insanlar üçün 48 mənzildən ibarət yeni yaşayış binası tikiləcək. Gələn ilin investisiya proqramında yeni kənd yollarının layihəsi nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələlər həll ediləndən sonra biz əsas infrastruktur layihələrini yerinə yetirmiş oluruq. Gələcəkdə, sadəcə olaraq, bu imkanlardan istifadə edilməlidir ki, rayonun potensialı daha da böyüsün. Sahibkarlığın, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, burada yeni emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Ənənəvi kənd təsərrüfatı sahələri daha da sürətlə inkişaf etməlidir. Bu məqsədlə lazımi tədbirlər görülür, dövlət tərəfindən kifayət qədər böyük diqqət göstərilir.
Astara rayonunda və qonşu rayonlarda son illər ərzində görülmüş işlər çox böyük maliyyə vəsaiti tələb edən işlərdir. Həm elektrik, həm qaz, həm də yol təsərrüfatlarının, Lənkəran beynəlxalq aeroportunun yaradılması, su layihələrinin icrası, magistral yolların çəkilişi, kənd təsərrüfatına verilən dəstək böyük maliyyə vəsaiti tələb edir. Biz bunu da edirik və etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bunu tələb edir. Bu proqramı da biz qəbul etmişik və bu ilin sonunda üçüncü Dövlət Proqramı başa çatır. Demək olar ki, biz proqramı artıqlaması ilə icra etmişik, o cümlədən proqramda Astara rayonuna aid olan bütün məsələlər artıqlaması ilə öz həllini tapıbdır.
Deyə bilərəm ki, sonuncu böyük layihə, bax, bu gün rəsmi qaydada istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm”.
Sonra Prezident İlham Əliyev Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı elektromobillə kompleksin ərazisini gəzib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Lerik rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Lerik şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub.
Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Prezident İlham Əliyevə son dövrlərdə rayonda həyata keçirilən sosial-iqtisadi layihələr barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunun Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Piran-Hamarat-Vijaker avtomobil yolunda aparılan yenidənqurma işləri ilə bağlı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.
Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır.
Bu gün Lerikdə 16 meqavat gücündə yeni elektrik stansiyasının açılışı nəzərdə tutulur. Beləliklə, bu enerji ümumi sistemə verilərkən nəinki Lerik rayonunun tələbatını, eyni zamanda, bütün cənub zonasının enerji təsərrüfatının dayanıqlığını təmin edəcək. Əlbəttə ki, biz, ilk növbədə, Lerik rayonunu etibarlı enerji mənbəyi ilə təmin edəcəyik.
Bu gün biz artıq Lerik şəhərinin içməli su ilə təminatını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq bu layihə icra edildi. Onun icrası üçün çox böyük vəsait ayrıldı və biz buna nail ola bilmişik. İçməli su insan sağlamlığı üçün əsas şərtdir və bundan sonra vətəndaşlar təmiz, ən yüksək standartlara cavab verən içməli su ilə təmin olunacaqlar.
Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar. Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq.
Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.
Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar - bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik.
Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcəkdir.
Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma - bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.
Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq. Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq.
Sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.
Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə haqqında məlumat verib.
Prezident İlham Əliyev Lerik şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Dövlətimizin başçısı Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində də iştirak edib.
“Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısı elektrik stansiyasını işə salıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Lerikdə Bayraq Muzeyinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimlərində iştirak edib.

 
  • Oxunub:  5340  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib
09:14
17 Dekabr
Oqtay Əsədov: Gürcüstanın bayramı Azərbaycanın bayramıdır
09:07
17 Dekabr
Salome Zurabişvili: Cənubi Qafqazda sülh və təhlükəsizlik bütün dünyaya lazımdır
09:05
17 Dekabr
Cavanşir Feyziyev: Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən etibarlı tərəfdaşıdır
09:02
17 Dekabr
Azərbaycan Milli Məclisinin sədri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak edib
08:55
17 Dekabr
Marian Lupu: Azərbaycan ilə Moldova arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir
08:51
17 Dekabr
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
08:45
17 Dekabr
Geoffreu Van Orden: Azərbaycan Avropanın regiondakı ən vacib tərəfdaşıdır
08:36
17 Dekabr
“Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” II Beynəlxalq konfransı keçirilib
08:33
17 Dekabr
ADA Universitetinin əməkdaşları Lənkəran Dövlət Universitetində olublar
08:28
17 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ISESCO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
08:26
17 Dekabr
Heydər Əliyev Fondu uşaq evlərinin sakinləri üçün əyləncə proqramı təşkil edib
08:23
17 Dekabr
İranın informasiya və milli təhlükəsizlik naziri Bibiheybət məscid-ziyarətgah kompleksində olub
08:21
17 Dekabr
Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin vitse-prezidenti Faiq Oqtayla görüşüb
08:18
17 Dekabr
Türkiyədə yaşayan azərbaycanlılarla görüş keçirilib
08:16
17 Dekabr
Gürcüstan və Türkiyə rəsmiləri regional layihələrin perspektivlərini müzakirə ediblər
16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+3 +5