Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir

Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışında iştirak edib

Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşüb.
Sonra birgə foto çəkdirilib.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.
Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq deyib: “Zati-aliləri, xanımlar və cənablar.
Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm. Artıq dünyanın aparıcı tədbirləri sırasında öz yerini tutan VII Qlobal Bakı Forumunda sizi salamlamaqdan məmnunam.
Bu tədbirə bir çox mütəxəssislər və təcrübəli şəxslər toplanıb.
Builki Forumun mövzusu sanki dünyanın tektonik hərəkətinə bənzər bir mövzudur.
Nəticə olaraq insanların taleyində bir axın var ki, onları ən aşağı səviyyədən ən yüksəyə qaldıra bilər.
Bu fürsəti qaçırsanız həyatda uğursuzluqlara düçar olacaqsınız.
Hazırda durğun dənizin üzərindəyik.
Lazımi anda bu fürsətdən istifadə etməliyik, yoxsa uğur bizdən yan keçəcək.
Biz bu fürsəti qaçırmamalıyıq, çünki buraya açıq zehin və sağlam iradə ilə gəlmişik.
Növbəti günlərdəki müzakirələrə başlamazdan əvvəl istəyirəm ki, qürur hissi ilə sözü bu günün ilk natiqi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarı, ev sahibi Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vermək istəyirəm”.
Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söyləyib: “Əziz xanımlar və cənablar.
Əziz qonaqlar.
Əziz dostlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyimə çox şadam. Bu mühüm beynəlxalq tədbirdə bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edirəm. Mən, ilk növbədə, Nizami Mərkəzinin qlobal beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli töhfəyə görə dünən görüş keçirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Vike-Freyberqaya, cənab Serageldinə və İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirmək istərdim.
Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, - məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.
Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.
Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.
Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münaqişədən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.
Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən tək biz deyilik. Şadıq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistana açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyinin gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır. Biz səylərimizin nümayişi olaraq iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirdik. Ondan iki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür edirsinizmi, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik. Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində səylərimizi əks etdirir. Biz Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalamışıq və qəbul etmişik. Bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir. Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu, bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır.
Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur. Bu, həm də müasir infrastruktura, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır.
Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi səylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır.
Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Aralıq dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəmər sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəmər vasitəsilə nəql olunur və ümidvaram ki, gələn il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hüdudlarından kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdıran ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını əyani şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, həqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimul, iqtisadi fayda olacaq, bu ölkələrdə on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq.
Çıxışımın əvvəlində qeyd etdim ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir.
Düşünürəm ki, Forumun gündəliyi çox məharətlə seçilib. Siz bu gün narahatlığa səbəb olan ən mühüm və aktual məsələlərə toxunacaqsınız. Mən tam əminəm ki, məhsuldar müzakirələriniz və tövsiyələriniz tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq. Foruma uğurlar arzulayıram. Təşəkkür edirəm”.
* * *
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani bu mötəbər Foruma dəvət olunduğuna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir, təhlükəsizlik, ətraf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir.
Prezident Məhəmməd Əşrəf Qani deyib: “Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə mənim qarşımda duran vəzifələrdən biri məhz budur. Biz Əl-Qaidənin və sovetlərin Əfqanıstana hücumundan sonra bu cür dekonstruktiv güclərin qarşısının alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yanaşma yolu ilə qarşımızda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısının alınması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu Forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Əlamətdar haldır ki, bu Qlobal Forumun mövzusu mücərrəd deyil, bu, dünyanın gələcəyinin konturlarını cızacaq.
Mən bu kürsüdən möhtərəm cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istərdim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Təşəkkür edirəm”.
* * *
Albaniya Prezidenti İlir Meta Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, dünya çox mühüm dəyişikliklərlə üzləşib. Xüsusilə Avropada təhlükəsizlik baxımından yaşanan çətinliklərə toxunan Albaniya Prezidenti həmin çətinliklərin ölkələrin birgə səyləri nəticəsində aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb. İlir Meta Azərbaycan ilə əməkdaşlığın ölkəsi üçün faydalarından da danışaraq deyib: “Biz bilirik ki, dünyada, eyni zamanda, enerji sahəsində də bir çox dəyişikliklər vardır. Albaniya strateji və tranzit bir ölkə rolunu oynamaqdadır. Misal üçün Albaniya Azərbaycanın “Şahdəniz” yatağından Trans-Adriatik boru kəməri ilə gələn qazı digər Avropa ölkələrinə ötürməkdə çox böyük rola malikdir. Ümumiyyətlə, Albaniyanın Avropadakı rolu stratejidir. Digər qaz xətləri də ölkəmizdən keçməkdədir. Bu xətlər Monteneqro, Bosniya və Herseqovina və digər ölkələri birləşdirir. Bir sıra ölkələrin siyasi kursu İkinci Dünya müharibəsindən sonra 180 dərəcə dəyişmişdir. Albaniyanın məqsədi milli maraqlarını, regionumuzda stabilliyi təmin etməkdir.
Demokratiyaya gəldikdə deməliyəm ki, ölkəmiz sosial cəmiyyətin çiçəklənməsi istiqamətində səylər göstərməkdədir. Azərbaycan ilə qurulan tərəfdaşlığımız bu istiqamətdə göstərdiyimiz səylərə mühüm töhfə verməkdədir”.
* * *
Sonra Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Caferoviç çıxış edib. Qonaq dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayaraq deyib: “Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, belə bir Forum keçirir. Bu Forum bir çox ölkədən iştirakçıları bir araya gətirmişdir. Sizinlə birlikdə burada olmaq, hamımızı narahat edən məsələləri müzakirə etmək mənim üçün çox xoşdur.
Həqiqətən də çox böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Qarşımızda bir çox mürəkkəb məsələ vardır. Bu məsələlərdən biri də qeyri-müəyyənlikləri aradan qaldırmaqdır. Dünyada qlobal və regional təhlükələr mövcuddur, bunların öhdəsindən gəlmək tələb olunur. İndiki çətinliklər, sadəcə, yarandıqları yerlərlə bağlı deyil, fundamental dəyişikliklər tələb edir. Ümumiyyətlə, dünya nizamındakı dəyişikliklər vacib məsələlərdən biridir.
Heç bir ölkə bu çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə inteqrasiyanın vacibliyi göz qabağındadır və siyasətlər məhz buna görə hazırlanmalıdır. Hər bir ölkə üçün əsas məsələlərdən biri öz təhlükəsizliyinin təmin edilməsidir. Bunu ancaq qonşu ölkələrlə birlikdə və qlobal platformada təmin etmək mümkündür. Məhz buna görə də bizim ortaq qərarlara ehtiyacımız vardır.
Bu problemlərin öhdəsindən ancaq öz qüvvələrimizi və potensiallarımızı birləşərək gələ bilərik. Bunu nəzərə alaraq demək lazımdır ki, müasir təhdidlərə və təhlükələrə qarşı ortaq həll yollarının tapılması tələb olunur. Bunun əsası əlbəttə ki, ölkələrin suverenliyinin təmin edilməsi şərti ilə qarşılıqlı birgə fəaliyyətlərin hazırlanması və həyata keçirilməsidir”.
* * *
Moldova Prezidenti İqor Dodon çıxışında bildirib ki, dünyada yeni çağırışlar, yeni risklər artmaqdadır. İstər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizliyi təmin etmək üçün ölkələrin birgə səylərinə və əməkdaşlığına ehtiyacın olduğunu vurğulayan Prezident İqor Dodon deyib: “Mən, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevə VII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürümü bildirmək istərdim.
Xüsusilə vurğulamaq istəyirəm ötən illərdə istər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizlik tam təmin olunmayıb. Ümumiyyətlə, biz bu gərginliyin azalmasını müşahidə edə bilmirik. Yeni çağırışlar, yeni risklər artmaqdadır. Moldova Respublikası istəyir ki, müxtəlif ölkələr arasındakı gərginlik aradan qalxsın. Biz bu gün və sabah burada yeni xarici siyasət məsələləri haqqında danışacağıq. Əminəm, bu zaldakı liderlərin əksəriyyəti də düşünür ki, hər şeyin başında milli maraqlar dayanmalıdır. Əlbəttə ki, heç də asan dövrdə yaşamırıq və Moldovanın olduğu regionda da problemlər çoxdur. Bunların öhdəsindən necə gəlmək, onları necə həll etmək olar? Bilirsiniz ki, Moldova artıq sovetlər dağıldıqdan sonra MDB-nin üzvü olmuşdur, daha sonra Avropa İttifaqı ilə assosiativ müqavilə bağladıq və vizasız gediş-gəliş imkanı əldə etdik . Daha sonra biz Avropa İqtisadi Birliyinin üzvü olduq. Bunlar Moldovaya nə verir - Avropa İttifaqı ilə, eyni zamanda, MDB ölkələri ilə rahat ticarət aparmaq imkanı. Amma digər məsələ təhlükəsizliklə əlaqədardır. Biz özümüzü hər hansı bir hərbi təşkilatın üzvü kimi görürükmü? İstər Qərbdə olsun, istər Şərqdə. Milli təhlükəsizliyin təmin edilməsi baxımından biz öz statusumuzu, neytral mövqeyimizi qoruyub saxlayacağıq və biz bunun sayəsində öz məqsədlərimizə nail olmaq istəyirik. Bu məqsədlər isə, ilk növbədə, sərhədlərimizin toxunulmazlığını və sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu neytral mövqeyimizin dünyada da qəbul olunmasını istəyirik”.
* * *
Sonra söz Monteneqro Prezidenti Milo Cukanoviçə verilib. Prezident Milo Cukanoviç deyib: “Zati-aliləri.
Xanımlar və cənablar.
Mən bu nüfuzlu Forumda birinci dəfə iştirak edirəm. Monteneqronu Forumda bizim əvvəlki prezident təmsil etmişdir ki, o da hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür.
Azərbaycan xüsusilə son illər ərzində çox vacib beynəlxalq forumlar təşkil edir və bununla əlbəttə ki, qlobal və regional sabitliyə öz töhfəsini verir. Əlbəttə ki, bu, gözəl ölkənin və xalqın töhfəsi deməkdir. Monteneqro da Azərbaycanın dost ölkəsidir. Düşünürük ki, biz burada çox vacib məsələni müzakirə edirik”.
Monteneqro Prezidenti ölkələrin siyasətinin multikultural olmasının əhəmiyyətinə nəzər salıb, hər bir ölkədə sabitliyin və əmin-amanlığın təmin edilməsinin vacibliyini vurğulayaraq deyib: “Dünya siyasətinin böyük məqsədlərinə ancaq o halda çata bilərik ki, biz öz vətəndaşlarımız üçün sabitliyi və sülhü təmin edək. Bu, əlbəttə ki, dünyanın yeni siyasətinin başlıca məqsədi olmalıdır. İstər Monteneqroda, istərsə də hər hansı bir digər ölkədə olsun. Biz belə qəbul edirik ki, xarici siyasətimiz həssas olmalıdır və bütün dəyişikliklərə reaksiya verməlidir, öz mexanizmlərini təkmilləşdirə bilməlidir”.
* * *
Bolqarıstanın Baş naziri Boyko Borisov dünyada hökm sürən münaqişələrdən danışıb və diqqətə çatdırıb ki, münaqişə edən ölkələrin əldə olunan razılaşmalara, imzalanan sənədlərə riayət etmələri vacibdir. Ölkəsinin qonşularla dostluq münasibətlərindən danışan Boyko Borisov Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirərək deyib: “Bolqarıstan qonşuları olan ölkələrlə və ya Avropa İttifaqı ilə münaqişə yaşamamışdır. Bu gün biz çox təhlükəsiz şəraitdə yaşayırıq. Bütün qonşularımızla gözəl münasibətlər yaradılıb. Biz çox gözəl bir qonşuluq şəraitində, qarşılıqlı hörmət zəminində bütün etnik qruplara sülh içində yaşamaq imkanı yaratmışıq.
Mən də Azərbaycanla çox gözəl münasibətlərimizin olduğunu bildirmək istərdim. Bu gözəl münasibətlərin əsasını qoyan möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Birinci xanıma da xüsusi minnətdarlıq düşür. Çünki Bolqarıstanda tarixi kilsə və abidələrin bərpasına birinci xanımın bilavasitə töhfəsi olmuşdur. Biz bu töhfəni yüksək qiymətləndiririk.
Biz də artıq qaz dəhlizinə qoşulmaq barədə düşünürük. Bu dəhlizlə nəql olunan qazın bir hissəsinin məhz Bolqarıstanda qalmasında çox maraqlıyıq. Düşünürük ki, Azərbaycan qazı Bolqarıstanın iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcək. Bolqarıstan-Türkiyə-Bosniya və Herseqovina-Monteneqro arasında münasibətləri xüsusi qeyd etmək istərdim. Biz bunu “Balkan qovşağı” adlandırırıq. Beləliklə, bizim kifayət qədər müştərək planlarımız mövcuddur. İstəməzdim uzun-uzadı danışım.
Azərbaycan Respublikasının Prezidentinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığımı bildirmək istərdim ki, belə bir gözəl tədbiri ərsəyə gətiriblər. Düşünürəm ki, gələcəkdə də biz belə bir forumda bərabər şəkildə iştirak edəcəyik. Hörmətli həmkarlarım, dostlarım, dəvətinizə görə təşəkkür etmək istərdim”.
* * *
Daha sonra İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sercio Mattarellanın müraciətini Forum iştirakçılarına çatdıraraq deyib: “Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli Forum iştirakçıları, hörmətli dostlar.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın müraciətini oxumaq mənim üçün çox böyük şərəfdir. Bu, VII Qlobal Bakı Forumu üçün xüsusi hazırlanmış müraciətdir.
İtaliya Prezidenti cənab Sercio Mattarellanın müraciətində deyilir: “Hörmətli həmsədrlər və Forum iştirakçıları. Məni bu Foruma dəvət etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Təəssüflər olsun ki, mən Forumda iştirak edə bilmədim. Amma buna baxmayaraq mən sizin hamınızı çox düzgün seçim etdiyinizə görə və düzgün deviz seçdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz görürük ki, hər il bu Forumda mədəniyyətlərin dialoqu mövzusu və onun ətrafında müzakirələr aparılır. Hər dəfə bu Forumda qarşılıqlı anlaşmanın vacibliyi vurğulanır. Biz bilirik ki, həm milli kimliyin, həm də digər ölkələr və ümumiyyətlə, xalqlar arasında münasibətlərin güclənməsi ən vacib məsələlərdən biridir.
Bu möhtəşəm Forum məhz Bakıda, çox gözəl şəhərdə təşkil olunub. Cənab Prezident İlham Əliyev Öz nitqi ilə bu Forumu daha da şərəfləndirir, Forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyanın qarşılaşdığı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyanın cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurğulanır. Bu fürsətdən istifadə edərək mən Forumun işinə uğurlar arzu edirəm. Sizi ən xoş arzularımla salamlayıram. Sağ olun”.
* * *
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Birləşmiş Krallığın Baş naziri Tereza Meyin müraciətini oxuyaraq deyib: “Zati-aliləri cənab Prezident.
Xanımlar və cənablar.
Burada olmaq, bu Forumda iştirak etmək, həmçinin Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin müraciətini sizin üçün oxumaq mənim üçün böyük şərəfdir.
Baş nazir Tereza Meyin müraciətində deyilir: “Mən VII Qlobal Bakı Forumunun iştirakçılarını salamlayıram. Xüsusilə cənab Prezident İlham Əliyevə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu Forumda dünyanı maraqlandıran müxtəlif məsələlər müzakirə olunur. Böyük Britaniya ilə Azərbaycan çox güclü əlaqələr qurmuşdur. Hələ 1992-ci ildə diplomatik əlaqələr yaradılmışdır. Mən cənab Prezidentlə müzakirələrdə iştirak etmişəm. Eyni zamanda, strateji enerji əməkdaşlığına dair məsələləri müzakirə etmişik. Bunların məqsədi qarşılıqlı təhlükəsizliyi təmin etməkdir. Sadəcə, indiki dövr üçün deyil, gələcək 10 illiklər boyunca bunun edilməsi məqsədimizdir. Bir çox sahələrdə əməkdaşlığımız davam edir. Biz bu əməkdaşlığı daha da möhkəmləndirməyə davam edirik. Ən vacibi də odur ki, onun təməli çox möhkəmdir. Bu bünövrə məhz qarşılıqlı hörmətə əsaslanır. Bu Forum dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəlmişdir. Mən bu istiqamətdəki bütün fəaliyyətləri dəstəkləyirəm. Forumun işinə uğurlar arzulayıram”.
* * *
BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin Baş katibi Antonio Quterreşin Foruma müraciətini oxuyaraq deyib: “Cənab Prezident.
Xanımlar və cənablar.
Hörmətli iştirakçılar.
Sizin qarşınızda çıxış etmək və Baş katib Antonio Quterreşin bu Foruma müraciətini çatdırmaq mənim üçün çox böyük şərəfdir.
İlk növbədə, VII Bakı Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.
Cənab Antonio Quterreşin məktubunda deyilir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə VII Qlobal Bakı Forumunun təşkili üçün təşəkkür edirəm.
Dünyamız bir paradoksla qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlmiş səylər əlaqəsizdir. Ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çoxtərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Lakin, sadə dildə desək, bu, kifayət deyil. Biz insanların qorxu və narahatlıqlarına cavab verən həll yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyət, humanitar yardım, insan hüquqlarının qorunması, dayanıqlı inkişafın təşviqi məsələləri ilə məşğul olur.
Gördüyümüz bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim sürətlə dəyişir. Onu yavaşıtmaq üçün göstərdiyimiz səylər yetərli deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəyəm. Həyəcan təbilini çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işində sizin dəstəyinizə güvənirəm. 
Digər qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və başqa tərəfdaşlarla çoxtərəfli əməkdaşlıq çox zəruridir. Bu tərəfdaşlıq ruhunda dialoqa sadiqliyinizi alqışlayır və məhsuldar müzakirələr keçirməyinizi arzu edirəm”.
* * *
Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək deyib: “Zati-aliləri, cənab Azərbaycan Respublikasının Prezidenti.
Hörmətli dövlət və hökumət başçıları, diplomatlar və qonaqlar.
Mən bilirəm ki, sizin müxtəlif titullarınız vardır. Hamınızı salamlayıram. İlk növbədə, cənab Prezidentə ev sahibliyi və himayədarlıq etdiyinə görə Beynəlxalq Şura adından təşəkkürlərimi bildirmək istəyirəm. İlbəil görürük ki, bu Forumun çox böyük nəticələri vardır. Çox sağ olun, cənab Prezident, həqiqətən də Sizin dəstəyinizin rolu çox böyük olub. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, buraya gələnlərin hamısına təşəkkürlərimizi bildirmək istəyirəm. Onlar da Azərbaycanın nailiyyətlərini burada müşahidə edə bilərlər.
Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən gələn qonaqları qəbul edir. Bu Forum yeni xarici siyasət mövzusuna həsr olunmuşdur. Burada biz müxtəlif məsələləri müzakirə edirik, çox aktual məsələlərə toxunuruq, dünyanın indiki vəziyyətini nəzərdən keçiririk. Fransızca bir deyim var: “Bir çox şeyin dəyişməsinə baxmayaraq, yenə də bir çox şey eyni qalmaqdadır”. Təəssüflə qeyd etmək lazımdır ki, dünya siyasətində də belə bir hal baş verməkdədir. Bəzən biz görürük ki, köhnə həllər yenə də dəyişməz olaraq qalır. Biz Forumun əvvəlində bir çox problemlər haqqında eşitdik. Azərbaycan Prezidenti bu problemlər haqqında danışdı. Azərbaycanın bir sıra əraziləri işğal olunmuşdur. Biz bu səhər xarici siyasətin yeni balansa çatması və buna nail olunmağın vacibliyi haqqında eşitdik. Yeni siyasətin milli maraqlara uyğun olması tələbini də eşitdik. Vacib olan odur ki, biz dini və ya ideoloji fərqlərə əsaslanaraq Tövratda da qeyd edildiyi kimi, ayrılmayaq. Yəni, biz görürük ki, dünyada bir çox münaqişələr mövcuddur. Ölkələrin iqtisadi vəziyyətinə nəzər yetiririk, iqlimin necə dəyişdiyini müşahidə edirik. Biz görürük ki, bu, sadəcə, bir ölkəyə təsir göstərmir, bu, bir çox ölkəyə və regiona təsir edir.
Xanımlar və cənablar, çıxış edən dövlət başçıları da bunu qeyd etdilər ki, bütün yeni aspektlər və yeni mühit bizdən çox böyük iş, eyni zamanda, çox böyük intellekt tələb edir. Yeni və köhnə problemlər yenə də mövcuddur. Onları həll etmək üçün bir çox beynəlxalq qurumlar da işləyir. Bizim məqsədimiz bunları həll etməkdir. Düşünürük ki, gələcəkdə biz bunları həll edə biləcəyik. Buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həm qurumlara, həm də şəxslərə yeni mükafat təsis edib və onu təqdim edir. Bu il iki nəfər bu mükafata layiq görülüb”.
* * *
Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib: “Mən istərdim İsmail Serageldini dəvət edim ki, o da təqdimat mərasimində iştirak etsin. İlk mükafat Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə verilir. O, beynəlxalq sülhə verdiyi töhfəyə görə mükafatlandırılır”.
Mükafat Prezident Əşrəf Qaniyə təqdim olunub.
Prezident Məhəmməd Əşrəf Qani deyib: Mən uşaq ikən Nizami Gəncəvinin şeirlərini əzbər bilirdim. Demək istəyirəm ki, mən bundan böyük mükafat gözləmirdim.
Vayra Vike-Freyberqa: İkinci namizədimiz Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedidir. Bu mükafat Kerri Kennediyə onun rəhbərlik etdiyi Fondun insan hüquqlarına, gənc liderlərin təhsilinə, həssas uşaqlara hörmətlə yanaşmasına görə verilir.
Mükafat Kerri Kennediyə təqdim olunub.
Kerri Kennedi deyib: Təşəkkür edirəm. Sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən Bakıya dünən gecə gəlmişəm. Nizami Gəncəvinin adını daşıyan bu mükafatı almaqdan çox məmnunam. Nizami deyirdi ki, hər bir yeni ölkəyə gedəndə o ölkənin mədəniyyətini öyrənin. Bu, elə bir yanaşmadır ki, insanı nəticə etibarilə müdrikliyə gətirib çıxarır. Digər mədəniyyətlərlə tanış olmaq insanın müdrikliyinin rəmzidir. Burada müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi bir təşkilat bizi bir araya gətirib. Bu təşkilat daha yaxşı gələcəyin qurulması üçün öz səylərini əsirgəmir. Bu fürsətdən faydalanaraq özümü çox qürurlu hesab edirəm.
* * *
Forum işini panel iclasları ilə davam etdirib.

 
  • Oxunub:  8970  |  
  • Tarix:  15-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

26 Avqust 13:09
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Şabranda vətəndaşların müraciətlərini dinləyib
26 Avqust 12:52
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb, onların səhhəti ilə maraqlanıb
26 Avqust 12:41
Bu gündən məktəbəhazırlıq qruplarına qeydiyyat başlanır
26 Avqust 11:50
Futbol üzrə Qadınlar Liqasında iştirak edəcək komandaların məşqçiləri ilə görüş təşkil olunub
26 Avqust 11:40
Salyanın üzüm bağlarında məhsul ötən ildəkindən çox olacaq
26 Avqust 11:35
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib
26 Avqust 11:21
Ehtiyat zabit hazırlığı kursuna qəbul başlayır
26 Avqust 11:12
Futzal üzrə Azərbaycan millisi bu gün Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək
26 Avqust 11:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
26 Avqust 10:57
Azərbaycan İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında təmsil olunub
26 Avqust 10:46
Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
26 Avqust 10:42
Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Dance Your Style” beynəlxalq rəqs yarışması keçirilib
26 Avqust 10:36
Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
26 Avqust 10:34
Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
26 Avqust 10:08
Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
26 Avqust 09:19
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb
26 Avqust 09:12
Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür
26 Avqust 09:07
Heydər Əliyev Mərkəzinin parkında Xalq artisti Faiq Ağayevin konserti olub
24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA