Ana səhifə »  Gündəm »  Azərbaycanla Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir
A+   Yenilə  A-
Azərbaycanla Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidenti Andjey Dudanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezidentlər görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır.
Mən sizin gözəl ölkənizə Öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək.
Bir daha Sizi səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz”.
Polşa Prezidenti Andjey Duda deyib: “Zati-aliləri, çox hörmətli cənab Prezident.
Məni buraya dəvət etdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə çox minnətdaram.
Düzgün qeyd etdiniz, bu, mənim Azərbaycana ilk səfərimdir. Mən Bakını ilk dəfədir ki, görürəm. Ölkə və olduqca gözəl şəhər mənə böyük təəssürat bağışladı.
Mən, həmçinin fürsətdən istifadə edib Sizi təbrik etmək istəyirəm. Çünki Sizin atdığınız hər bir addım uğur gətirir. Əminəm ki, bu, nəinki mənim təəssüratımdır, digərlərinin də təəssüratı eynidir.
Dünən biz gözəl yerlərdə olduq, gözəl abidələri gördük, həmçinin küçələrinizi seyr etdik. Bunların əsasında məhz Sizin işiniz, fəaliyyətiniz dayanır. Bu da əslində, bizdə çox yaxşı təəssürat yaradır. Sizi təbrik edirəm. Mən buraya səfər etməkdən çox şadam. Cənab Prezident, mən açıq şəkildə söyləmək istəyirəm ki, uzun illər ərzində ölkələrimiz müxtəlif sahələrdə səmərəli şəkildə əməkdaşlıq ediblər”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.
Mən Sizin ölkənizə Öz rəsmi səfərimi xatırlayıram. İki il bundan əvvəl biz Sizinlə Polşada görüşmüşdük və o görüş zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdıq. Hesab edirəm ki, iki il ərzində biz böyük yol keçmişik və müxtəlif sahələr üzrə uğurlu əməkdaşlıq formatı yaradılıb. Xüsusilə Polşa və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox önəmli sənəddir və bizim əlaqələrimizin mahiyyətini əks etdirir. Biz doğrudan da strateji tərəfdaşıq.
Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Yüksək səviyyəli qarşılıqlı səfərlər bunu əyani şəkildə təsdiqləyir. Bu gün müzakirə olunan mövzularla bağlı bizdə fikir ayrılığı yoxdur. Biz istəyirik ki, ikitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf etsin.
Hesab edirəm ki, biz iqtisadi sahədə daha da fəal işləməliyik. Çünki ticarət dövriyyəsi hələ ki, o qədər də böyük deyil, halbuki potensial var. Bu gün biz bu barədə də danışdıq və müəyyən etdik ki, növbəti mərhələdə biznes qurumlarının müntəzəm olaraq bir araya gəlməsi nəticəsində ticarət dövriyyəsi artmalıdır. Bu gün keçiriləcək biznes forum əlbəttə ki, buna nail olmaq üçün çox önəmli bir vasitədir. Bilirəm ki, forumun işinə həm Polşadan, həm Azərbaycandan çox böyük maraq var. Hesab edirəm ki, Polşa və Azərbaycan biznes dairələri bir-biri ilə sıx əlaqə quraraq, həm özləri, həm də ölkələrimiz üçün fayda gətirə bilərlər.
Hesab edirəm ki, sərmayə qoyuluşu baxımından bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Biz qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı fəal işləməliyik və ölkəmizdə gözəl sərmayə iqlimi var. Ümid edirəm ki, Polşa şirkətləri bu imkanlara diqqətlə baxacaqlar. Eyni zamanda, Azərbaycan şirkətlərinə də tövsiyə edirəm Polşadakı imkanlara baxsınlar ki, bizim aramızda olan iqtisadi və ticarət əlaqələri daha da genişlənsin. Keçən il Polşada Azərbaycanın ticarət evi açılmışdır. Bu, kiçik də olsa, önəmli addımdır. Hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha böyük addımlar atılacaq.
Bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkələrimiz üçün böyük önəm daşıyır. Azərbaycan bu sahədə öz işlərini görür. Mövcud nəqliyyat və logistika imkanları yeni bir vəziyyət yaradır. Yəni, Azərbaycan nəqliyyat mərkəzlərinin birinə çevrilir və əlbəttə, ərazimizdən keçən yüklərin həcmi də əminəm ki, artacaq.
Energetika sahəsində əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu sahədə də böyük potensial, qarşılıqlı maraq var. Müvafiq qurumlar, bizim şirkətlərimiz bu məsələ ilə bağlı indi işləyirlər və danışıqları davam etdirirlər.
Biz bu gün, eyni zamanda, digər sahələrdəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı, turizm və digər sahələrdə yaxşı imkanlar var. Həm əldə edilmiş nailiyyətlər, həm də yeni imkanlar mövcuddur və biz bu imkanlardan istifadə etməliyik.
Cənab Prezidentlə təkbətək görüşümdə mən, eyni zamanda, regional vəziyyətlə bağlı öz fikrimi bildirdim. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu həm tarixi ədalət tələb edir, həm də beynəlxalq hüquq tələb edir.
Bir sözlə, səfərin uğurlu keçməsi artıq reallıqdır. Əminəm ki, səfərin ikinci hissəsində də əldə ediləcək razılaşmalar bizim ümumi ikitərəfli əməkdaşlığımıza çox böyük təkan verəcək, bu əməkdaşlıq inkişaf edəcək və biz bunu istəyirik. Səfərin uğurlu keçməsi artıq onu göstərir ki, hər iki tərəfdən çox güclü siyasi iradə var.
Bir daha cənab Prezident, xoş gəlmisiniz və Sizə xoş səfər arzulayıram. Sağ olun”.
Polşa Prezidenti Andjey Dudanın bəyanatı: “Zati aliləri, cənab Prezident.
Xanımlar və cənablar.
Əvvəlcə mən, cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. Siz iki il öncə ölkəmizə səfər etdiniz. Həmin vaxtdan etibarən bizim ikitərəfli münasibətlərimiz daha da inkişaf etdi və bu, əslində Sizinlə mənim aramda olan şəxsi münasibətlərin də başlanğıcı oldu. Cənab Prezident, məni Azərbaycana, Bakıya dəvət etdiyinizə görə çox minnətdaram. Mən bu dəvəti məmnunluqla qəbul etdim və bu səfər artıq baş tutur. Cənab Prezident, Sizinlə görüşmək mənim üçün şərəf oldu. On il öncə - hətta həmin vaxtdan da uzun müddətdə Polşanın keçmiş Prezidenti Lex Kaçinski Sizinlə görüşdü. O vaxt o, Sizi özünün yaxın dostu adlandırdı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz inanılmaz dərəcədə gücləndi, Polşa ilə Azərbaycan arasındakı münasibətlər daha güclü şəkildə inkişaf etdi. Cənab Prezident, mən Sizin bu münasibətinizi yüksək dəyərləndirirəm.
Bu gün isə mənim səfərim həyata keçirilir. Biz bu gün əməkdaşlığımızın bütün sahələrini nəzərdən keçirdik və Prezident Lex Kaçinskinin faciəvi ölümündən sonra itirilmiş vaxtı aradan qaldıra bildik. Cənab Prezident, biz daha çox səfərlər, təmaslar mübadilə etdik. Bu gün biz razılaşmalara imza atdıq. Biz artıq əməkdaşlığımızın yeni erasına başlayırıq. Bununla biz əldə etdiyimiz razılaşmalara, kənd təsərrüfatı sahəsindəki əməkdaşlığa artıq böyük ümidlər bəsləyə bilərik. Hesab edirəm ki, bununla da Polşa fermerlərinin ixrac imkanları daha da genişlənəcək. Kənd təsərrüfatı sahəsində avadanlıq, həmçinin kimya sənayesi məhsullarının, gübrələrin ixrac edilməsi imkanları genişlənəcək. Bilirəm ki, Azərbaycanda bu sahədə inkişaf gedir. Əslində, qeyd etməliyəm ki, Azərbaycan bizim mühüm ticari tərəfdaşımızdır. Məlumdur ki, 2010-cu ildən sonra bütün dünyanı maliyyə böhranı bürüdü. Buna baxmayaraq, hazırda biz ticari münasibətlərimizin səviyyəsini yenidən artırırıq.
Cənab Prezident, bu, mənim cavab səfərimdir. Hesab edirəm, cənab Prezident, Sizin səfəriniz və mənim səfərim ölkələrimizə iqtisadi münasibətlərin genişləndirilməsi üçün yeni üfüqlər açacaqdır. Biznes forumu təşkil etdiyinizə görə təşəkkürümü bildirirəm, cənab Prezident. Biz bu gün həmin tədbirdə iştirak edəcəyik. Həmin tədbir çərçivəsində azərbaycanlı sahibkarlar polşalı sahibkarlarla görüşəcəklər. Bu da yeni təmasların qurulmasına imkan yaradacaq və nəticədə daha çox müqavilələr imzalanacaq. Bu isə bizim qarşılıqlı iqtisadi mübadilələrimizi artıracaq.
Hörmətli cənab Prezident, hesab edirəm ki, biz yeni imkanlar yaradırıq. Hazırda mən səbirsizliklə gözləyirəm ki, hər iki ölkənin biznes icması görüşsün. Hesab edirəm ki, Sizin ölkənizdəki Ələt Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad sənaye zonasında Polşa şirkətlərinin də nümayəndəliyi olmalıdır. Sizin ölkəniz artıq bir qovşağa çevrilməkdədir və istərdik ki, Polşa şirkətləri buraya gəlməklə, fəaliyyət göstərməklə bizim mübadilələrimizə böyük töhfə versinlər. Biz Bakının yaxınlığında yerləşən Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə etmək istəyirik. Ümidvarıq ki, Polşa şirkətləri bu imkanlardan yararlanacaq.
Cənab Prezident, biz bu gün enerji sektoru haqqında danışdıq. Biz, həmçinin multimodal daşımalar dəhlizləri haqqında fikir mübadiləsi apardıq. Burada, həmçinin Xəzər dənizi vasitəsilə Qafqaz ölkələrinə, İrana, Ukraynaya, Polşaya, Mərkəzi Asiyaya və Çinə çıxış imkanları müzakirə olundu. Bütün bunlar məhz nəqliyyat sahəsinə aid olan məsələlərdir. Həmçinin bu bağlılıq və iqtisadi münasibətlər daşımalar baxımından olduqca vacibdir ki, biz Avropa İttifaqının bir hissəsi olaraq bu bölgədən istifadə edək. Bununla biz bu prosesləri qarşılıqlı şəkildə genişləndirə biləcəyik. Gələcəkdə neft və qaz sahəsində əməkdaşlığımızı genişləndirmək fikrindəyik. Biz Azərbaycanın ərazisindən istifadə edərək nəqliyyat daşımaları sahəsində də azərbaycanlı həmkarlarımızla birgə işləyəcəyik. Bildiyiniz kimi, Çin genişmiqyaslı “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürmüşdür. Mənə elə gəlir ki, mühüm strateji mövqeyə malik Azərbaycan Polşa ilə birgə işləyərək Avropaya yeni bir pəncərə aça bilər. Fikrimcə, bu, hər ikimiz üçün çox vacibdir ki, biz bu dəhlizin bir hissəsi olaq.
Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər.
Həmçinin biz istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında çərçivə sazişinə dair aparılan danışıqlar da tezliklə başa çatdırılsın. Bu, həm Azərbaycan vətəndaşları, həm də Avropa İttifaqı vətəndaşları üçün imkanlar yaradacaq. İstərdik ki, Azərbaycan, həmçinin Dünya Ticarət Təşkilatına üzvlük baxımından da nəticələr əldə etsin. Əslində bu da bizim ikitərəfli iqtisadi münasibətlərimizə müsbət təsir göstərəcək.
Sonuncu vacib bir məqamı, cənab Prezident, bildirmək istəyirəm ki, biz polşalılar tarixən Azərbaycanda olmuşuq. Uzun illər ərzində, - mən bunu xüsusi qeyd etmək istəyirəm, - demək olar ki, yüz ildən də çox əvvəl Polşa memarları Azərbaycanda yaşayıblar, yaradıblar. Bir çox polyaklar, Polşanın ziyalı dairələrinin təmsilçiləri də burada olublar. Burada mən Polşa memarlarını xüsusi qeyd etmək istəyirəm. Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir.
Cənab Prezident, buna görə mən Sizə təşəkkürümü bildirirəm ki, bu gün biz, həmçinin Bakının mərkəzində Polşa memarlarının adını daşıyan küçəni açacağıq. Küçənin adı da çox böyük rəmzi məna daşıyır. Hesab edirəm ki, obrazlı desək, Polşa memarlarının xatirəsi bir daha əbədiləşdiriləcək.
Hörmətli cənab Prezident, demək istəyirəm ki, bu binaları seyr edərkən bizim qəlbimizdə nostalji fikirlər yaranır. Çünki İkinci Dünya müharibəsi zamanı alman faşistləri bizim şəhərlərimizin tarixi abidələrini dağıtmışdılar. Biz həmin mirası yenidən bərpa etməkdə müəyyən çətinliklərlə üzləşdik. Lakin Bakıda bu abidələr çox yüksək səviyyədə qorunub saxlanmışdır. Mən bunu bu gün böyük fərəh hissi ilə qeyd edirəm. Bu gün Bakıda - Azərbaycanın paytaxtında olarkən, qeyd edirəm ki, Sizin çox qiymətli tarixi mirasınız var. Bu mirasın yaradılmasında Polşa memarları da iştirak ediblər.
Cənab Prezident, Sizə bir daha təşəkkürümü bildirirəm”.
Sonra Azərbaycan və Polşa prezidentləri ölkələrimizin mədəni və tarixi irsini əks etdirən poçt markalarını qarşılıqlı olaraq təqdim ediblər.
* * *
Mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Polşa biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda nitq söyləyiblər.
Prezident İlham Əliyevin nitqi: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, biznes forumun iştirakçıları.
Cənab Prezident, Sizi bir daha salamlayıram. Biz Sizinlə səhərdən bir yerdəyik. Bu gün Sizin Azərbaycana rəsmi səfəriniz çərçivəsində geniş fikir mübadiləsi aparılmışdır, müxtəlif mövzular ətrafında danışılmışdır və artıq demək olar ki, səfər çox uğurludur. Əminəm ki, bu səfər Polşa-Azərbaycan əlaqələrinin gələcək inkişafına çox böyük təkan verəcəkdir.
Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Mən Polşaya öz səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində də görüşürük, danışırıq və bu görüşlər ikitərəfli əlaqələrimizə çox böyük fayda verir. Bu gün isə biznes forum çərçivəsində Polşa-Azərbaycan biznes dairələrinin nümayəndələri bir araya gəliblər və bu da təbiidir. Çünki bizim yüksək səviyyədə siyasi əlaqələr imkan verir ki, biznes dairələri də bir-biri ilə sıx təmasda olsunlar.
Bilirəm ki, forum çərçivəsində bir neçə saziş imzalanacaq. Bu, onu göstərir ki, forumun real nəticələri olacaqdır. Amma gələcəkdə əlbəttə ki, bu sazişlərin sayı daha da çox ola bilər. Çünki qarşılıqlı maraq kifayət qədər böyükdür. Sadəcə olaraq, biznes dairələri bir-birini yaxından tanımalıdırlar və biznes imkanlarını araşdırmalıdırlar. Hesab edirəm ki, Prezident Dudanın səfəri bu baxımdan çox əhəmiyyətlidir. Çünki bəzi hallarda məlumat qıtlığı imkan vermir ki, biznes dairələri bir-biri ilə sıx əlaqə qura bilsinlər.
Biz çox maraqlıyıq ki, ticarət dövriyyəsi artsın. Bu gün bu barədə kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. İxrac-idxal əməliyyatlarının artırılması üçün konkret addımlar atılır. Keçən il Polşada Azərbaycanın Ticarət Evi açılmışdır. Hesab edirəm ki, bu, önəmli addımdır və Azərbaycanda istehsal olunan məhsullar bu Ticarət Evi vasitəsilə təqdim ediləcək. Biz sərmayə qoyuluşu ilə bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, burada da imkanlar var, sadəcə olaraq, biz öz səylərimizi düzgün istiqamətə yönəltməliyik ki, sərmayə qoyuluşu sahəsində səmərə əldə olunsun.
Mən hesab edirəm ki, biznes dairələri üçün əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliləyiş var. Dünya Bankı da bunu qeyd edir. Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır. Ona görə sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulmuşdur. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində həm iş adamları özlərini daha rahat hiss edirlər, həm də dövlətlər daha böyük fayda götürür.
Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar imkan verir ki, biz öz maliyyə imkanlarımızı genişləndirək. Xarici dövlət borcu aşağı səviyyədədir, biz çalışırıq ki, daha da aşağı səviyyəyə endirək. Hazırda bu, ümumi daxili məhsulun 19 faizini təşkil edir. Biz beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edirik və onlar Azərbaycanda gedən islahatlara müsbət qiymət verirlər.
Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır.
Azərbaycanda nəqliyyat sektorunun inkişafı son illərdə prioritet məsələ kimi qalır və bu gün biz bu barədə fikir mübadiləsi apardıq. Azərbaycanda yaradılmış müasir nəqliyyat infrastrukturu həm ölkə daxilində, həm də regional çərçivədə əhəmiyyətlidir. Son illər ərzində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılmış addımlar artıq öz səmərəsini verir. Biz müasir nəqliyyat və logistika infrastrukturu yaratmışıq. Əlbəttə ki, bunun biznes dairələri üçün çox böyük əhəmiyyəti, çox böyük faydası var. Çünki nəqliyyat infrastrukturu olmadan biznesin inkişafından söhbət gedə bilməz.
Azərbaycan ənənəvi olaraq enerji sektorunun inkişafına böyük diqqət göstərir. Ancaq bizim əsas məqsədimiz qeyri-enerji sektorunun inkişafıdır. Bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi bizim üçün prioritetdir və son illərdə bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, Polşa-Azərbaycan biznes dairələrinin birgə fəaliyyəti nəticəsində bu sahəyə də diqqət göstəriləcək.
Biz bu gün kənd təsərrüfatı sahəsində artıq nəticə hasil etmişik və saziş imzalanmışdır. Polşanın bu sahədəki təcrübəsi bizim üçün çox əhəmiyyətlidir. Bizim ölkəmizin inkişafı, o cümlədən iş yerlərinin yaradılması üçün kənd təsərrüfatının çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz bu sahədə sürətli əməkdaşlıq aparmaq üçün yaxşı imkanlara malikik.
Son illərdə Azərbaycanda turizmin inkişafı geniş vüsət alıb. Polşa vətəndaşları sadələşdirilmiş viza rejimi əsasında ölkəmizə gələ bilirlər. Hesab edirəm ki, qarşılıqlı təqdimatlar keçirilməlidir. Yəni, insanlarımız bir-birilərini daha yaxından tanımalıdır ki, turizm daha da sürətlə inkişaf etsin və qarşılıqlı səfərlər həyata keçirilsin.
Beləliklə, yüksək səviyyəli siyasi əlaqələr imkan verir ki, biznes sahəsində də yaxşı nəticələr olsun. Hazırda aramızdakı ticarət dövriyyəsi bizim potensialımızı əks etdirmir. Ticarət dövriyyəsini artırmaq üçün, ilk növbədə, biznes dairələri daha fəal olmalıdırlar, biz isə öz tərəfimizdən onlara hər zaman dəstək veririk. Prezident cənab Andjey Duda ilə bugünkü biznes forumdakı iştirakımız bu dəstəyin növbəti təzahürüdür.
Mən Polşa və Azərbaycan iş adamlarına yeni uğurlar arzulayıram. Arzu edirəm ki, sizin aranızdakı əməkdaşlıq yaxşı nəticələrə gətirib çıxarsın. Sağ olun”.
Polşa Prezidenti Andjey Dudanın nitqi: “Hörmətli cənab Prezident.
Hörmətli nazirlər.
Hörmətli Polşa və Azərbaycan biznes nümayəndələri.
Hörmətli sahibkarlar.
Cənab Prezident, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Azərbaycanın bu sahədəki qurumlarına təşəkkürümüzü bildiririk ki, onlar bu biznes forumu bizim üçün təşkil etdilər, tikinti sahəsində və digər sahələrdə çalışan Azərbaycan və Polşa şirkətlərini bir araya gətirdilər.
Son illər ərzində, ümumiyyətlə, bizim münasibətlərimiz çox intensivləşmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal üzvüyük. Qeyd etmək istəyirik ki, biz məhz Azərbaycan ilə Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq sazişinin imzalanmasında olduqca maraqlıyıq.
Bu gün Polşa ilə Azərbaycan arasında bir sıra razılaşmalar imzalandı. Bu da əslində bizim münasibətlərimizin yeni bir səhifəsini göstərir. Biz Polşa tərəfi olaraq uzun müddətdir Avropa İttifaqının üzvüyük və bu mövqedən çıxış edərək istərdik ki, Avropa İttifaqı öz əməkdaşlıq qapılarını daha geniş açsın və yalnız müttəfiqlər haqqında düşünməsin, həmçinin digər ölkələrlə də əməkdaşlıq imkanlarını genişləndirsin. Biz çox şadıq ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq edir. Bununla biz, həmçinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığımızı da inkişaf etdirmiş oluruq.
Bu gün iqtisadi təşəbbüslərə gəldikdə, ölkələrimiz arasında olan gündəlik göstərir ki, xalqlarımızın rifahına xidmət edən bir çox layihələr var. Bu sırada nəqliyyat sahəsini, daşımaları qeyd etmək istəyirəm. Həmçinin müxtəlif istiqamətlərdə nəqliyyat dəhlizləri yaradılmışdır. Son illər ərzində Polşa xüsusən də dəniz limanlarına və dəmir yol xətlərinə malik olan dövlətlərlə öz əlaqələrini inkişaf etdirib. Bu baxımdan bizim ölkəmizdə logistika infrastrukturunun yaradılmasına da diqqət yetirilir. İstərdik ki, bu gün biz, həmçinin beynəlxalq hava limanları vasitəsilə bu sahədəki mübadilələri daha da artıraq. Biz ölkəmizdə bunu yaradırıq. Ölkəmizin coğrafi mövqeyindən istifadə edərək, biz yaxşı anlayırıq ki, bununla bağlı bir sıra üstünlüklər var və bu üstünlüklərdən istifadə olunmalıdır. Xüsusən də Şimal ilə Cənub, Qərb ilə Şərq, Avropa ilə Asiya arasında multimodal daşımalar əməliyyatları artmalıdır. Qeyd etmək istəyirəm ki, Polşa, həmçinin Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır. Biz, həmçinin istərdik ki, Avropanın cənub-qərb hissəsində öz əlaqələrimizi daha da genişləndirək.
Azərbaycan bu gün geniş imkanlara malik olan ölkədir və bilirik ki, böyük layihələr həyata keçirməkdədir. Azərbaycan, həmçinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur. Bunun sayəsində Çinə və Hindistana ticarət marşrutları daha da qısalacaqdır. Bu baxımdan istərdik ki, Polşa şirkətləri Azərbaycanda daha geniş şəkildə fəaliyyət göstərsinlər. İstərdik ki, Polşada da Azərbaycan şirkətləri daha geniş şəkildə çalışsınlar və məhsulların ixrac-idxalı ilə məşğul olsunlar.
Qeyd etmək istəyirəm ki, biz son illər ərzində ticarət dövriyyəsində 600 milyon dollara yaxın imkanlar əldə etmişik. Bu da, həmçinin bizim ümumi daxili məhsulumuzun artımından xəbər verir. İstərdik ki, ölkələrimiz arasında ticarət mübadilələri daha da artsın. Təbii ki, bizim ötən il ərzində geniş şəkildə artan ticarət dövriyyəsi buna yaxşı misaldır. Çünki həm Azərbaycan məhsulları Polşada, həm də Polşa məhsulları Azərbaycanda təşviq olunur.
Cənab Prezident, hörmətli iştirakçılar, ümid edirəm ki, bu gün hər iki ölkənin biznes qurumları arasında imzalanacaq sazişlər bizim təmaslarımızı daha da gücləndirəcək və yaxın gələcəkdə ticarət dövriyyəmizi artıracaq. Təbii ki, iqtisadi və ticari münasibətlərimizin genişləndirilməsi baxımından, həmçinin istərdik ki, bizim xarici ticarət üzrə qurumumuz Bakıda daha geniş şəkildə fəaliyyət göstərsin və sizin də müvafiq strukturlarınız bizə qoşulsun.
Cənab Prezident, keçirdiyimiz görüşlərə, aparılmış məhsuldar fikir mübadiləsinə görə Sizə təşəkkürümü bildirirəm. İstərdim ki, ölkələrimiz bu iqtisadi faydalardan yararlansın və bundan sonra da biz Azərbaycanın və Polşanın maraqlarına xidmət edən layihələri birgə həyata keçirək. Mən Sizə işlərinizdə uğurlar arzulayıram”.
Biznes forum işini təqdimatlar və iş adamlarının ikitərəfli görüşləri ilə davam etdirib.
* * *
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə rəsmi ziyafət verilib.

 
  • Oxunub:  9240  |  
  • Tarix:  01-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA