Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev: Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq

Prezident İlham Əliyev: Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq

18.12.2019 [09:13]

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana rəsmi səfər edib
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.
Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukraynanın Prezidenti Vladimir Zelenskinin təkbətək görüşü olub.
Prezident Vladimir Zelenskini salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Əminəm ki, səfəriniz uğurlu olacaq və Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəkdir. Fürsətdən istifadə edərək, prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi təbrik edirəm. Şadam ki, qələbədən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, Siz Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük diqqət göstərirsiniz. Biz də bu münasibətlərə böyük diqqət göstəririk.
İkitərəfli gündəlik kifayət qədər genişdir. Bu gün həm siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq, humanitar və digər sahələrdə əlaqələr müzakirə olunacaq. Əminəm ki, keçiriləcək danışıqlar və imzalanacaq sənədlər bizim əlaqələrimizi daha da möhkəmləndirəcək.
Bir daha xoş gəlmisiniz”.
* * *
Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Cənab Prezident, xoş sözlərinizə görə təşəkkür edirəm. Azərbaycana rəsmi səfərə dəvət edilməyimə görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Səmimi demək istəyirəm ki, mən bundan əvvəl də Azərbaycanda səfərdə olmuşam. Azərbaycana hər səfərimdən sonra mən Ukraynaya yeni hisslərlə, yeni emosiyalarla və yeni dostlarla qayıdıram. Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik.
Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik. Azərbaycana minnətdarlığımızı bildirmək istəyirik ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Xahiş edirəm biləsiniz ki, biz də, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Mən sizi bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz”.
* * *
Ukrayna Prezidenti Vladimir Zelenski deyib: “Möhtərəm cənab Prezident, hörmətli nümayəndə heyəti.
Bir daha hamınıza təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanda ilk rəsmi səfərdə olmağım çox böyük məmnunluq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan bizim üçün çox qonaqpərvər və dost ölkədir.
Cənab Prezident, biz müzakirələrdə münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd etdik. Ancaq düşünürəm ki, Azərbaycan-Ukrayna münasibətlərini növbəti daha yüksək mərhələyə qaldırmağa böyük imkanlar var. Cənab Prezidentlə razılığa gəldik ki, yaxın zamanda Azərbaycandan bir işçi heyət Ukraynaya səfər edəcək və orada bizim bütün şirkət və müəssisələrdə olub, imkanları yerində araşdıracaq. Energetika, kənd təsərrüfatı, turizm, infrastrukturun inkişafı sahələri bizim üçün böyük maraq kəsb edir”.
Prezident İlham Əliyev: Sağ olun.
* * *
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.
Gəncə şəhəri və Odessa şəhəri arasında Niyyət Protokolunu, Quba şəhəri ilə Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Müqaviləni Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski imzalayıblar.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ukraynanın Dövlət Tənzimləmə Xidməti arasında biznesin aparılması şəraitinin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında Sazişi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə Ukraynanın Dövlət Xüsusi Rabitə və Məlumatın Mühafizəsi Xidməti Administrasiyası arasında Bakı-Kiyev dövlətlərarası hökumət rabitə xəttinin təşkil edilməsi haqqında Sazişi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko imzalayıblar.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük önəm veririk və şadam ki, səfər çox uğurlu keçir. Bu gün aparılan danışıqlar bir daha onu göstərir ki, gələcək əməkdaşlıq üçün çox gözəl imkanlar və perspektivlər vardır.
Mən çox şadam ki, Prezident vəzifəsinə seçilməyinizdən bir neçə ay sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, Sizin bizim ölkəmizə olan diqqətinizin təzahürüdür. Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk. Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarda Ukrayna-Azərbaycan ikitərəfli əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olundu və çox səmərəli fikir mübadiləsi aparıldı.
Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Prezidentin Azərbaycana rəsmi səfəri bunu təsdiqləyir. Bu gün biz ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar haqqında danışdıq. Düzdür, bu il ticarət dövriyyəmiz təqribən 20 faiz artmışdır. Ancaq mütləq rəqəmlər bizi qane edə bilməz və bu gün gələcək əməkdaşlıqla bağlı konkret məsələlər müzakirə olundu.
Bu gün bir qədər sonra keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu da, əminəm ki, iqtisadi sahədə, biznes dairələrinin birgə fəaliyyəti sahəsində çox önəmli addım olacaqdır. Bu biznes foruma həm Ukraynanın, həm də Azərbaycanın biznes dairələrindən çox böyük maraq var. Əminəm ki, konkret məsələlər müzakirə ediləcək.
Təbii ki, Ukrayna-Azərbaycan ikitərəfli Hökumətlərarası Komissiyasının fəaliyyətindən çox şey asılıdır. Əfsuslar ki, son bir neçə il ərzində komissiya demək olar fəaliyyət göstərmirdi. Ancaq biz indi birgə qərarla komissiyanın fəaliyyətinə yeni təkan veririk. Razılaşdırdıq ki, gələn ay artıq komissiya yığışacaq və prezidentlər tərəfindən verilən tapşırıqlar geniş müzakirə ediləcəkdir.
Ticarət dövriyyəsinin artırılması ilə yanaşı, birgə sərmayə qoyuluşu layihələri böyük maraq doğurur. Biz bu barədə də geniş fikir mübadiləsi apardıq. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər vardır. Hesab edirəm ki, bu təkliflər həyatda öz əksini tapa bilər. Bir çox sahələrdə birgə sərmayə layihələri bizim əməkdaşlığımızı daha da möhkəmləndirəcəkdir.
Energetika sahəsində əməkdaşlıq müzakirə edildi. SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası vardır. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaqdır.
Əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı. Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.
Digər önəmli məsələ, - bu gün bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları vardır. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi.
Həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi - bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir.
Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi vardır. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir.
Əlbəttə ki, biz mətbuata verilən bu açıqlamada müzakirə edilmiş bütün məsələləri sadalaya bilmərik. Çünki çox vaxt aparacaq. Ancaq deyə bilərəm ki, davam etməsinə baxmayaraq, bu səfər bütövlükdə çox uğurlu səfər kimi qiymətləndirilə bilər. Əminəm ki, bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifənin açılmasına gətirib çıxaracaq. Biz konkret məsələləri müzakirə edib, konkret tapşırıqlar verdik. Ümid edirəm ki, bu tapşırıqlar aidiyyəti qurumlar tərəfindən uğurla icra ediləcəkdir.
Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizə və Ukrayna xalqına bir daha yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonra Prezident Vladimir Zelenski bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident, hörmətli media mənsubları.
Cənab Prezident, əvvəlcə Sizə bu dəvətə görə təşəkkürümü bildirirəm, gözəl ölkənizə səfər edirik. Sizin bu qonaqpərvərliyinizə görə minnətdaram.
Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir.
Cənab Prezident, artıq qeyd etdiyiniz kimi, biz müzakirələrimizi bitirmişik, həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə söhbətimiz çox səmimi şəraitdə keçmişdir. Biz cənab Prezidentlə tərəfdaşlığımızın sözdə deyil, əməldə gücləndirilməsini müzakirə etdik. Xüsusilə də burada iqtisadi sahəyə diqqət yetirilmişdir. Əminəm ki, hər iki ölkədə Ticarət evlərinin açılması da buna təkan verəcəkdir. Məlumdur ki, 2018-ci ildən Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir, bu gün isə mən Azərbaycanda Ukrayna Ticarət Evinin açılışında iştirak edəcəyəm. Bu münasibətlə hər birimizi təbrik edirəm.
Bununla yanaşı, bu gün Bakıda Azərbaycan-Ukrayna biznes forumu təşkil ediləcəkdir. Əminəm ki, ölkələrimizin işgüzar dairələri qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edəcək və konkret nəticələr əldə edəcəklər.
Əminəm ki, qarşılıqlı sərmayə qoyuluşu hər iki ölkənin mənafelərinə xidmət edir, burada müxtəlif birgə layihələrdən söhbət gedə bilər. Məsələn, Azərbaycanın mobil operatoru olan “Bakcell” tərəfindən “Vodafone Ukrayna”nın səhmlərinin alınması yaxşı bir nümunədir. Bu, bizim bu sahədə olan xidmətlərin yüksəldilməsinə kömək edəcəkdir. Bununla yanaşı, mən Azərbaycan şirkətlərini də Ukraynada özəlləşdirmədə fəal iştiraka dəvət edirəm. Artıq 10 ildir ki, SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Biz də əlimizdən gələni edəcəyik ki, neft-qaz məhsullarının hasilatı və daşınmasına da hər cür dəstək göstərək.
Cənub Qaz Dəhlizi layihəsi də bizim ölkəmiz tərəfindən xüsusi izlənilir. Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik.
Aerokosmik sahədə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. Müxtəlif sahələrdə, təyyarə istehsalı sahəsində, o cümlədən humanitar sahədə də məsələləri müzakirə etdik. Azərbaycanda Ukrayna kinosu günləri təşkil ediləcəkdir. Sizin də şahidi olduğunuz kimi, burada bir neçə sənəd - həm biznesin inkişafı, həm məxfi məlumatların qorunması və Ukraynanın müxtəlif bölgələrinin Azərbaycanın bölgələri ilə əməkdaşlığının təşviqi ilə bağlı sənədlər imzalandı.
Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik. Azərbaycana 2020-ci ildə GUAM-a uğurlu sədrlik arzu edirəm.
Cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Bu səfər yeni başlayıb, amma artıq məndə belə bir əminlik var ki, bu, bizim əməkdaşlığımızın yeni səviyyəsinin göstəricisi olacaqdır. Əminəm ki, bu, bizim gələcək potensialımızın inkişafına xidmət edəcəkdir. Təşəkkür edirəm”.
* * *
Bakıda Azərbaycan-Ukrayna biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Bu gün Azərbaycan-Ukrayna biznes forumunda Ukraynadan 90-dan çox şirkət, Azərbaycandan isə 100-dən artıq şirkət təmsil olunur. Bu rəqəmlər özlüyündə bir göstəricidir. Onu göstərir ki, belə biznes forumun keçirilməsinə böyük maraq var. Sözün düzü, çoxdandır ki, Ukrayna-Azərbaycan biznes forumları keçirilmirdi. Onu da bildirməliyəm ki, çoxdandır hökumətlərarası komissiya fəaliyyət göstərmirdi. Bu gün Prezident Zelenskinin səfəri zamanı bütün bu məsələlər geniş müzakirə olundu. Müzakirə edilən məsələlərin arasında iqtisadi-ticari məsələlər xüsusi yer tutmuşdur.
Mən hesab edirəm ki, Prezidentin səfəri bütövlükdə çox uğurludur. Biz bu gün çox geniş fikir mübadiləsi aparmışıq, bir neçə önəmli sənəd imzalanıb. Əsas odur ki, bizim aramızda yaranan qarşılıqlı etimad, əminəm ki, Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli rol oynayacaq.
O ki qaldı, iqtisadi əlaqələrə, burada istifadə olunmamış çox böyük potensial var. Bu gün biz bu barədə fikir mübadiləsi apardıq, gördük ki, bu il ticarət dövriyyəsinin artmasına baxmayaraq, mütləq rəqəmlər bizi qane edə bilməz. Xüsusilə Azərbaycanın Ukraynaya ixracı birtərəflidir, yəni bu, enerji daşıyıcıları əsasında formalaşır. Biz çox istərdik ki, Ukraynaya ixracımızı şaxələndirək və bu məqsədlə bir neçə addım atılmışdır, o cümlədən keçən il Kiyevdə Azərbaycanın ticarət evi açılmışdır. Hesab edirəm ki, belə ticarət evlərinin sayı çox olmalıdır və bu gün Bakıda Ukraynanın ticarət mərkəzi açılmışdır. Bu da çox gözəl hadisədir.
Beləliklə, qarşılıqlı ticarətin təşviqi üçün çox önəmli addımlar atılacaq. Eyni zamanda, hesab edirəm ki, biz sərmayə qoyuluşu məsələlərində yeni mərhələyə qədəm qoya bilərik. Son 15 il ərzində Azərbaycana 270 milyard dollar sərmayə qoyulubdur. Bu sərmayənin yarısı xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmizdə çox gözəl investisiya iqlimi vardır, xarici investorların maraqları və buraya qoyulan vəsait dövlət tərəfindən qorunur. Ukraynada da investisiya iqlimi yaxşılaşır. Biz bunu görürük və böyük investisiyalarla, özəlləşdirmə ilə bağlı böyük planlar var. Bu barədə biz Prezidentlə danışdıq, hesab edirəm ki, Azərbaycan şirkətləri müxtəlif investisiya layihələrində fəal iştirak etməlidirlər. Biz razılaşdıq ki, gələn ilin əvvəlində Ukraynada hökumətlərarası birgə komissiyanın iclası keçiriləcək. Biz bu komissiyanın iclasına ciddi hazırlaşmalıyıq. İclasda həm dövlət qurumlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər. Bu komissiyanın işinin konkret nəticələri olmalıdır və ondan sonra bizə məruzə edilməlidir.
Biznes dairələri çox həssasdır. Onlar, adətən, sərmayə qoyuluşu məsələlərinə çox böyük həssaslıqla, ehtiyatla yanaşırlar və dövlət qurumlarından müvafiq siqnallar gözləyirlər. Hesab edirəm ki, bizim Prezident Zelenski ilə bu biznes forumda birgə iştirakımız biznes dairələrinə ən gözəl siqnaldır. Hesab edirəm ki, onlar da bunu düzgün başa düşməli və nəticə çıxarmalıdırlar. Nəticə də o olmalıdır ki, bizim iqtisadi əlaqələrimiz daha sıx olsun. Əməkdaşlıq üçün çox geniş imkanlar vardır. Mən sərmayə qoyuluşunu qeyd etdim, eyni zamanda, həm Azərbaycanda, həm də Ukraynada turizm sahəsində böyük imkanlar var. Bizim ölkələrimizin çox zəngin, füsunkar təbiəti, inkişaf etmiş infrastrukturu var, ona görə bu sahəyə də diqqət yetirilməlidir.
Kənd təsərrüfatında əməkdaşlıq uğurla davam etdirilə bilər. Bugünkü əməkdaşlığın səviyyəsi, əlbəttə ki, bizi qane edə bilməz. Bütövlükdə bütün sahələrdə biz əməkdaşlığa açığıq və hesab edirəm ki, səfərin bu məsələlərin həllində çox önəmli rolu olacaqdır.
O ki qaldı, Azərbaycanda iqtisadi vəziyyətin inkişafına, ukraynalı qonaqlara bildirməliyəm ki, - artıq bunu qeyd etdim, - ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artmışdır. Yəni, ümumi daxili məhsul 300 faizdən çox artmışdır və əlbəttə, bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür.
Bu il biz çox ciddi sosial paket təqdim etdik. Əhalimizin təxminən yarısı - 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri, ilk növbədə, sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.
Biznes mühitini xarakterizə etmək üçün bildirməliyəm ki, Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, o deməkdir ki, geniş özəlləşdirmə prosesi artıq tamamlanmaq üzrədir. Dövlətin inhisarında yalnız strateji aktivlər qalıbdır. Məsələn, Dövlət Neft Şirkəti - bizim enerji şirkətimiz, su şirkətimiz, yol tikintisi şirkəti, dəmir yolu, Xəzər Gəmiçiliyi, AZAL - bizim hava yolları və bir neçə başqa şirkət. Onlardan başqa bizim bütün digər qurumlarımız özəl sektorda fəaliyyət göstərir və əlbəttə ki, bu, xarici investorlar üçün də çox gözəl iqlim yaradır.
Son dövrlərdə vergi və gömrük orqanlarında aparılan islahatlar bu sahələrdə öz nəticəsini verməkdədir. Ölkəmizdə bu sahələr çox problemli sahələr idi. Amma son bir neçə il ərzində çox ciddi islahatlar aparıldı və artıq bu sahələr şəffaflaşdı və biznes dərhal müsbət reaksiya verdi. Bu ilin 11 ayında vergi və gömrük orqanları xəzinəyə plandan əlavə təqribən 600 milyon dollar vəsait daxil etmişlər. Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada doqquzuncu yerdədir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Yəni, biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Bu yaxınlarda Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatına görə Azərbaycan təmiz donor ölkəsinə çevrilibdir. Yəni, biz indi borc alan ölkə deyil, borc verən ölkəyik. Biz özümüz də xarici ölkələrə sərmayə qoyuruq. Bu sərmayələr 20 milyard dollardan artıqdır. Bizim təşəbbüsümüzlə bölgədə çox önəmli enerji və nəqliyyat layihələri həyata keçirildi. Bu layihələrin həyata keçirilməsində xarici banklar, Avropa bankları, Asiya bankları bizə öz maliyyə dəstəyini göstərdi. Biz bu dəstək və daxili resurslarımız hesabına Xəzər dənizini neft kəmərləri ilə Qara dəniz və Aralıq dənizi ilə birləşdirdik. Eyni zamanda, Azərbaycandan Avropaya uzanan 3 min 500 kilometrlik qaz xətti artıq tamamlanmaq üzrədir. Gələn il biz bunun açılışını qeyd edəcəyik və beləliklə, Azərbaycan nəinki neft ixracatçısı, eyni zamanda, qaz ixracatçısı kimi dünyada öz sözünü deyəcək.
Bununla paralel olaraq biz artıq elektrik enerjisini də ixrac edirik, o cümlədən Avropaya. Artan enerji generasiya güclərimiz imkan yaradır ki, - təbii ki, biz daxili tələbatımızı ödəmişik, - başqa ölkələrin enerji təhlükəsizliyinə də töhfə veririk.
Bu gün müzakirə olunan məsələlərdən biri də nəqliyyatla bağlıdır və burada da əməkdaşlıq üçün çox geniş imkanlar var. Biz Ukraynanın nəqliyyat infrastrukturunu Azərbaycanın nəqliyyat infrastrukturu ilə birləşdirə və vahid tarif siyasəti apara bilsək, hesab edirəm ki, ölkələrimizin ərazisindən keçən yükdaşımaların həcmi kəskin artacaq. Biz keçən ilə nisbətən artımı görürük, ancaq hesab edirik ki, bu, daha da təsirli ola bilər.
Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Amma buna baxmayaraq, biz çox böyük investisiya layihələri ilə Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirdik və ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim bu rolumuzu artırır. Bu layihələr sonrakı digər layihələrə də təkan verdi, o cümlədən Şimal-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizi layihələri. Yəni, bütün bu yollar Azərbaycan ərazisindən keçir. Bu layihələr sırf iqtisadi və nəqliyyat layihələri deyil, geniş mənada beynəlxalq əməkdaşlığa da öz töhfəsini verir. Çünki bu dəhlizlər üzərində yerləşən ölkələr təbii müttəfiqlər statusuna qalxırlar. Beləliklə, bu layihələr, o cümlədən təhlükəsizliyə, əmin-amanlığa, qarşılıqlı anlaşmaya da xidmət göstərir. Hesab edirəm ki, bütün bu müsbət əsasları nəzərə alaraq biz qısa müddət ərzində həm ticarət dövriyyəmizi artıra, həm də böyük sərmayə qoyuluşu layihələrini icra edə bilərik. Beləliklə, bu biznes forumun konkret nəticələri olacaqdır. Biz bunu arzulayırıq, buna inanırıq. Azərbaycan və Ukrayna iş adamlarına uğurlar arzulayıram. Sağ olun”.
Prezident Vladimir Zelenskinin çıxışı: “Təşəkkür edirəm, cənab Prezident. Sizi və forumun bütün iştirakçılarını salamlamaq istəyirəm. Bu, həm Ukrayna, həm də Azərbaycan üçün çox mühüm hadisədir. Bilirəm ki, burada 90-dan çox Ukrayna şirkəti və 100-dən artıq Azərbaycan şirkəti iştirak edir. Bu gün bizim birlikdə olmağımız çox vacibdir. Təəssüf ki, bir neçə il ərzində belə forum keçirilməyib. Aydındır ki, əgər biz görüşməsək, dialoqa başlamasaq, normal investisiya mühiti ola bilməz. Əgər biz real işlər, real rəqəmlər barədə danışmasaq, biznes Ukraynaya gəlməyəcək və əksinə. Cənab Prezident çox mühüm iradını bildirdi. Bu, qarşılıqlı etimad məsələsidir.
Bu gün mən Sizin gözəl paytaxtınızda ilk dəfə rəsmi səfərdəyəm. Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu ilə ilk dəfə görüşdüm. Mən hiss edirəm ki, bizdə dialoq başlandı. Bundan sonra konkret addımlar atılmalıdır. Ona görə ki, insanlar nəyisə vəd edəndə onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Belə hallar olub və öhdəliklər yerinə yetiriləndə biz etimad qazanırıq. Biz artıq razılaşdıq ki, gələn ay böyük hökumət nümayəndə heyəti Ukraynaya səfər edəcək və danışıqlar çərçivəsində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın mühüm məsələləri - infrastruktur, özəlləşdirmə məsələləri müzakirə olunacaq. Ukraynanın 400-dən çox müəssisəsi özəlləşdirmə üçün hazırdır. Biz real investisiyalar görmək istəyirik və hamını görməyə şadıq.
Ukrayna nümayəndə heyətinin tərkibində İnfrastruktur naziri gəlib. Biz çoxlu infrastruktur layihələrini həyata keçirmək niyyətindəyik, 16 min kilometr yol inşa etməyə hazırıq. Biz bunun marağındayıq ki, Azərbaycan şirkətləri Ukraynada yollar tiksinlər. Bilirik ki, onlar başqa ölkələrdə uğurla işləyirlər. Hamıya məlumdur ki, Azərbaycanın “Bakcell” mobil operatoru Ukrayna bazarına daxil olub və onun investisiyaları 700 milyon dollara yaxındır. Ukrayna dövləti olaraq bizim vəzifəmiz bu investisiyaları qorumaqdır. Əlbəttə, bütün bunlar qarşılıqlı etimad səviyyəsində həyata keçirilir. Biz çox istəyirik ki, Azərbaycan Ukraynaya sərmayə yatırsın. Biz, həmçinin istəyirik ki, Ukrayna da Azərbaycanda təmsil olunsun. Bizim güclü iqtisadi münasibətlərimiz, həmçinin tarixi münasibətlərimiz var.
Daha bir investisiya sahəsi turizm sferasıdır. Məsələn, Xerson vilayətinin rəhbəri burada iştirak edir. Cənab Qusev Xerson vilayətini təmsil etməyə hazırdır. Bu vilayət Ukraynada turizm üçün ən cəlbedici yerlərdən biridir. O, bu fəaliyyətə hazırdır, lakin infrastruktur çatışmazlığını hiss edir. Buna görə biz bu sahədə də investisiya layihələrinə dair təklifi nəzərdən keçirməyə hazırıq.
SOCAR şirkəti ilə bizim çox səmimi tərəfdaşlıq, dostluq münasibətlərimiz var. Ukrayna-Azərbaycan əməkdaşlığından söz düşəndə dərhal SOCAR-ı xatırlayırıq. Biz istəyirik ki, SOCAR şirkətinin Ukraynada fəaliyyəti genişlənsin. Biz SOCAR şirkətinin köməyi ilə sərhədin ayrı-ayrı hissələrində xidmətlər təqdim edilməsi üzrə bütöv komplekslər tikmişik və gələcəkdə bu fəaliyyəti genişləndirməyə hazırıq. Əminəm ki, bu, bizim ən maraqlı infrastruktur layihələrindən biri olacaq. Mənim bir ideyam var. Siz bir neçə dəfə rəqəmlər səsləndirdiniz - Azərbaycanda dövlət borcu azdır, son 15 ildə ümumi daxili məhsul 300 faizdən çox artıb. Bütün bunlar sizdə var, istərdik ki, bizdə də belə olsun”.
* * *
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə rəsmi ziyafət verilib.
Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak ediblər.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30