Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik

Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna səfər edib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tovuz şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, filialda müxtəlif ölçülü 43 dəzgahda əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalçaların çeşniləri əsasında xalçaların istehsalına üstünlük veriləcək.
Diqqətə çatdırılıb ki, filialın xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirib.
Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova deyib: Bunlar işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələridir.
Prezident İlham Əliyev: Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, “Dilizhan” yox, “Dilican”. “Dilican” yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız “Goycha Iake”, amma burada da yazılıb “Sevan”. Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. “Ekhegnadzor” sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır.
* * *
Martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev muzeyin eksponatları ilə tanış olub.
Burada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev deyib: Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov: Mədəniyyət Nazirliyindən.
Prezident İlham Əliyev: Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıbdır. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir.
Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük.
Prezident İlham Əliyev muzeyin digər bölmələrindəki eksponatlarla da tanış olub.
* * *
Martın 4-də Tovuzda Dövlət Rəmzləri Muzeyinin yeni binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına ətraflı məlumat veriblər.
Bildirilib ki, bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb. Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin inşaat işləri bu ilin martında başa çatdırılıb.
Dövlətimizin başçısı kompleksi işə salıb.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.
Prezident İlham Əliyevə Virtual reallıq texnologiyası və onun tətbiqi ilə bağlı da məlumat verilib.
İlk dəfə olaraq bu “ASAN Həyat” kompleksində “ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki inşa olunub.
Dövlətimizin başçısı fabriki işə salıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan “ABAD” publik hüquqi şəxsin Tovuz “ABAD Factory” fabriki 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.
Kompleksdəki Hərbi Vətənpərvərlik Mərkəzi isə gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə imkan verəcək. Burada gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təmrinlərində iştirak edə biləcəklər. Bu mərkəzin “ASAN xidmət”də yerləşdirilməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradacaq.
Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşüb.
Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kresloya görə iradını bildirərək deyib: Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz gənclər, mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuz “ASAN Həyat” mərkəzinin açılışıdır. Bu münasibətlə sizi təbrik edirəm. Bu mərkəzlə tanış olarkən çox sevinirəm. Çünki bu mərkəzdə bizim siyasətimizin bir çox əlaməti öz əksini tapır. “ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Artıq 18-ci mərkəz işə düşür və mən bütün mərkəzlərin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar, yeni layihələr haqqında mənə məruzə edilir, o cümlədən bu gün.
“ASAN xidmət” öz fəaliyyətini genişləndirir, həm coğrafi əhatə, həm də xidmətlərin sayı artır. Biz birinci mərkəzi açarkən o vaxt xidmətlərin sayı demək olar ki, məhdud idi. Ancaq bu gün burada, Tovuz “ASAN Həyat” mərkəzində 320 xidmət göstərilir və müraciətlərin sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə “ASAN Həyat” mərkəzinin açılışında idim və o vaxt 36 milyon müraciət olmuşdu. Amma bu gün martın əvvəlidir və müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı bilirsiniz ki, məmnunluq əmsalı 99,4 faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir və heç bir başqa xidmət bu qədər məmnunluq doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, “ASAN xidmət”də bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş göstərişlər dəqiqliklə icra edilir.
“ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir, yeni nəslin nümayəndələridir. Burada onlar yeni baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə xidmət göstərirlər. Ona görə “ASAN xidmət” çox uğurlu layihədir və bu uğurun təməlində həm düşünülmüş siyasət, həm də bu işi təşkil edənlərin səmərəli fəaliyyəti dayanır. Biz qısa müddət ərzində ictimai xidmətlər sahəsində inqilab edə bildik. İctimai xidmətlər sahəsi həmişə çox problemli sahədir. Hələ sovet dövründə bu sahə ilə bağlı çoxlu şikayətlər var idi. O cümlədən müstəqillik illərində də ictimai xidmətlər sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların bir çoxu buna öyrəşmişdi. Ona görə “ASAN xidmət”in fəaliyyətə başlaması həm böyük ümidlər yaratdı, həm də müəyyən dərəcədə təəccüb doğurdu. Çünki bu, doğrudan da yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz işə düşəndə hesab edirəm, hər kəs görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir, bu, bizim siyasətimizdir. “ASAN”da olan şəffaflıq, mədəniyyət hər yerdə tətbiq edilməlidir. Yəni, “ASAN xidmət” bir çox sahələr üçün nümunə olub. Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də buna oxşar layihə həyata keçirilir - DOST mərkəzləri fəaliyyətə başlayır və “ASAN xidmət” kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.
“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı kifayət qədər geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir, ancaq yaxın gələcəkdə mərkəzlərin sayı 27-yə çatacaq. Ağcabədi, Balakən, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Salyan şəhərlərində mərkəzlər, Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə, insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin olunacaq. Bu mərkəz bir neçə rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali yaşayır. Bu, qərb zonasında sayca 2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində açılıb. Üçüncü mərkəz də Gəncə şəhərində açılacaq. Çünki buna tələbat var. “ASAN xidmət”in üstünlüklərinin biri də odur ki, burada növbələr müşahidə olunmur. Ancaq Bakıda tələbat o qədər böyükdür ki, biz iki yeni mərkəzin açılışına qərar verdik. O cümlədən Gəncə və Sumqayıt şəhərlərində də ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.
Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər ölkələrdə öyrənilir. Artıq “ASAN xidmət” “ASAN” adı altında başqa ölkələrdə də fəaliyyət göstərməyə başlayıb. Bu, bizim şərtimiz idi, çünki bu, bizim brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə, biz öz təcrübəmizi istənilən ölkə ilə bölüşməyə hazırıq və bunu edirik. Əlbəttə, sevinirik ki, digər ölkələr də bizim təcrübəmizdən istifadə edirlər.
Beynəlxalq təşkilatlar “ASAN”ın fəaliyyətini yüksək qiymətləndirirlər. BMT “ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin nəticəsidir.
Bu mərkəzdə təkcə “ASAN xidmət” sahəsində 200-dən çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD fabrikində birinci mərhələdə 50 iş yeri yaradılıb. “ASAN” fəaliyyətini genişləndirdikcə öz funksiyalarını da genişləndirir. Bu mərkəzlər bölgələrdə artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər - kafelər, diskotekalar, açıq səhnələr, kinoteatr. Məsələn, Tovuz şəhərində bu günə qədər, yəni, müasir dövrdə kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün bütün imkanlar var.
Əlbəttə ki, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. İndi könüllülər hərəkatı digər sahələri də əhatə edir. Mən göstəriş vermişəm ki, dövlət qurumlarında könüllülər dəstələri, qrupları yaradılsın. Artıq bəzi nazirliklərdə könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və İslam oyunlarının keçirilməsində könüllülər çox böyük xidmət göstərmişlər. Amma başlanğıc “ASAN”dan start alıb. Bu gün minlərlə könüllü artıq bu təlimdən keçib və həyatda öz layiqli yerini tutub. Əminəm ki, “ASAN xidmət”də çalışan, eyni zamanda, könüllülər kimi fəaliyyət göstərən gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Eyni zamanda, mərkəzlər innovasiya baxımından çox mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə həyatlarını daha da yüksək səviyyədə təmin etmələri üçün bu təcrübə, hesab edirəm ki, əvəzolunmazdır.
“ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da buranın qonağıdır. Biz həmişə qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında tərbiyə almalıdır. Mədəni davranış, mədəni rəftar qaydaları, mədəni xidmət - bütün bunların Azərbaycanda dərin kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil formada “ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi, ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri, göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi, “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var. Hər yerdə belə olmalıdır. Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in xüsusi rolu var. Çünki bu mərkəzlərdə göstərilən xidmətlər artıq korrupsiya, rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə mübarizə aparmalıyıq. Əlbəttə ki, inzibati tədbirlər, cəza tədbirləri.
Son vaxtlar bütün vətəndaşların diqqətinə çatdırılan operativ tədbirlər, rüşvətxor məmurların ifşa olunması, onların bədnam əməllərinin ifşa edilməsi - bütün bunlar onu göstərir ki, korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər sistem xarakteri daşıyır. Əgər kimsə bunu bu günə qədər başa düşməyibsə, o, gərək başa düşsün və bu mübarizə davam etdiriləcək. Cəza tədbirləri cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də olmalıdır. Onlardan biri və bəlkə də birincisi “ASAN xidmət”də yaradılmış qaydalardır. Çünki burada imkan da yoxdur. Gənclər artıq bu ruhda tərbiyə olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə kömək etməyə hazır olmaq - bütün bunlar insanların formalaşması üçün çox önəmli amillərdir. Ona görə “ASAN xidmət” haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq. Bu, daha dərin, daha geniş məna daşıyan çox ciddi bir hərəkatdır və bizim siyasətimizi əks etdirən hərəkatdır.
Mən bir dəfə demişəm, bir daha demək istəyirəm, birinci mərkəzlər açılan zaman kimsə düşünə bilərdi ki, bu, sadəcə olaraq, ictimai xidmət mərkəzləridir. Elə deyil. Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən təşəbbüs idi və artıq həyatda öz əksini tapıb. Azərbaycan bu sahədə də liderdir. İntellektual məhsulun yaradılması və bu gün ixracı artıq reallıqdır.
Əlbəttə, bir daha demək istəyirəm, gənclər burada çox gözəl məktəb keçərək həyatda layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail olmaq üçün ilk növbədə, bilikli, savadlı və vətənpərvər olmalısınız. Hesab edirəm ki, bu üç əsas amil gələcəkdə də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə ki, bu gün qoruyur. Bu gün dünyada gedən proseslər gözümüzün qabağında baş verir. Yeni münaqişə ocaqları, yeni müharibə ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər, kütləvi etirazlar, polis zorakılığı, dinc nümayişçilərə qarşı amansız zorakılıq göstərilməsi, minlərlə nümayişçinin həbs edilməsi, onların öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə bizim gözümüzün qabağında baş verir, hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də kütləvi narazılıqdır. Bunun da səbəbləri var. Bu, təkcə maddi amillərlə məhdudlaşmır. Ədalətsizlik, hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə, sosial problemlərin həll edilməməsi, bir çox amillər var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır. Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki, bizim böyük sərvətimizdir və bunu biz özümüz qazanmışıq, heç kim bizə kömək etməyib. Ən ağır günlərdə heç kim bizə kömək etməyib. Mən istəyirəm ki, gənclər bunu bilsinlər. Nəyi əldə etmişiksə, öz gücümüz, cəsarətimiz, istedadımız hesabına əldə etmişik. Bizim elə günümüz var idi ki, pulumuz yox idi. O vaxt - 1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi 8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye iflic vəziyyətdə. Çadır şəhərcikləri, köçkünlər vaqonların içində, vaqonların altında yaşayırdılar. Bütün bunları biz yaşamışıq. Amma görün, bu gün düşünülmüş siyasət, sabitlik nəticəsində Azərbaycan dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdədir. Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki müsbət ovqat - bütün bunlar Azərbaycan reallıqlarıdır. Bölgələrin inkişafı. Tovuz şəhəri Bakıdan uzaqda yerləşir. Amma Tovuz şəhərinin timsalında biz bu inkişafı görürük. Baxın, indi qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük problem olub. Artıq bir neçə ildir ki, Tovuz şəhərinin içməli su problemi öz həllini tapıb. Müasir xəstəxana, müasir dializ və diaqnostika mərkəzləri, idman kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət Muzeyinin və xalça fabrikinin açılışlarında iştirak etmişəm. Bütün bunlar onu göstərir ki, ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm, - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur, - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək üsulları da fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır. Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir.
Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır. “ASAN xidmət” mərkəzlərində, o cümlədən burada işləyənlər və könüllülər bax, bu ruhda tərbiyə alırlar. Buna görə bir daha qayıdıram “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq tərəfindən belə yüksək qiymət verilir. Mən sizi mərkəzin açılışı münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
* * *
ASAN könüllüsü Ummahanı Abdullayeva: Möhtərəm cənab Prezident, Sizi salamlayıram. Mən Beyləqanda keçirilmiş “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçısı olmuşam. Mən bir hərbçi qızı olaraq demək istəyirəm ki, atam mənə həmişə hərbçi həyatı barədə danışanda mən bunu, sadəcə, onun dedikləri və televizorda gördüklərim qədər təsəvvür edirdim. Layihəyə müraciət barədə elanı gördükdən sonra isə qərara gəldim ki, mən də bu layihədə iştirak edim. Layihə sayəsində mən əsgərlərimizlə çiyin-çiyinə olarkən onların bizim rahat və təhlükəsiz yaşamağımız üçün necə çalışdıqlarını və hansı çətinliklərin öhdəsindən gəldiklərini gördüm. Atamın danışdıqlarının həqiqətən də canlı şahidi oldum. Xanım olsaq da, biz layihə iştirakçıları bütün gücümüzlə hərbi təlimlərdə, taktiki hazırlıq, topoqrafiya, atəş və digər hərbi hazırlıqlarda iştirak etdik. Bir həftə boyunca özümüzü əsl əsgər olaraq hiss etdik.
Ölkəmiz tarixboyu öz qəhrəman oğulları ilə yanaşı, mərd xanımları ilə də tanınıb. Biz Sara xatunun, Həcərin, Nigarın yetirmələriyik. Vətənpərvərlik hissi, mərdlik damarlarımızdan axan qanımızda var.
Cənab Prezident, Siz Sərəncamınızla elan etdiyiniz bu “Könüllülər ili”ndə hərbi vətənpərvərlik düşərgəsində sevərək iştirak edəcəyəm. Demək istəyirəm ki, Azərbaycan xanımları olaraq biz də Sizin göstərişinizlə bir an belə düşünmədən torpaqlarımızı işğaldan azad etməyə hazırıq.
Prezident İlham Əliyev: Sağ olun.
ASAN könüllüsü Bəxtiyar Rzayev: Möhtərəm Prezident, cənab Ali Baş Komandan, mən də Sizi salamlayıram. Mən “ASAN xidmət” tərəfindən Gədəbəydə və Beyləqanda təşkil edilən “Hərbiyyə” vətənpərvərlik düşərgəsinin iştirakçısı olmuşam. Onu qeyd edim ki, bu layihə beş dəfə həyata keçirilib və 500 gənc bu düşərgənin iştirakçısı olub. Baxmayaraq hərbi xidmətə yollanmağıma azı 2 il var, mən yenə də hərbi düşərgəyə qatılmağı və o mühiti vaxtından əvvəl görməyi özümə borc bildim. Hər iki düşərgədə yaşadığımız əsgər həyatı bizə sabit bir dövlətin mövcudluğu üçün möhkəm sütunların olduğunu göstərdi. Biz əsgərlərimizlə, komandirlərimizlə və qazilərimizlə eyni mühitdə peşəkar orduya sahib olduğumuzu gördük. Mən və komanda yoldaşlarım orada olarkən bizə sual verdilər: Əmr gəlsə, kimlər düşmən qarşısına çıxmağa, şəhid olmağa hazırdır. İştirakçıların hər biri “mən” deyərək cavab verdi. Bu, ani bir refleks deyildi, çünki bizim hər birimiz bu ruhda yetişmişik və bu ruhda da tərbiyə alırıq.
Cənab Prezident, Sizin Münxendəki paneldə aşkar üstünlüyünüz, düşməni əminliklə susdurmağınız bizi daha da ruhlandırdı. Həmin çıxışla bir daha sübut olundu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün təkcə hərbi gücə malik deyil. O, öz həqiqətlərini sülh və danışıqlar yolu ilə də hər kəsə sübut edə bilib. Demək istəyirəm ki, istər sülh yolu ilə, istərsə də müharibə yolu ilə Vətənimiz uğrunda hər şeyə hazırıq. Cənab Ali Baş Komandan, biz hər birimiz Sizin sadiq əsgərinizik.
Prezident İlham Əliyev: Sağ ol.
ASAN könüllüsü Leyla Sarıyeva: Möhtərəm cənab Prezident, Sizi Tovuz elində xoş gördük. Bu an mənim və könüllü yoldaşlarım üçün həqiqətən də unudulmaz tarixi andır. Sizin sərəncamlarınızla regionlarda “ASAN xidmət” mərkəzlərinin yaradılmasına dair xəbərləri eşitdikcə rayonumuzla bağlı da bu xəbəri eşidəcəyimiz günü səbirsizliklə gözləyirdik. Bu gün mən ikiqat xoşbəxtəm. Bu xəbəri eşitməklə, arzuma çatmaqla yanaşı, eyni zamanda, mən burada region gənclərini təmsil edirəm.
Cənab Prezident, Siz Kürdəmir “ASAN xidmət” mərkəzinin açılışında da qeyd etdiyiniz kimi, ASAN təkcə bir layihə deyil, bu, bir siyasətdir, hərəkatdır, niyyətdir. Biz də bu siyasətin davamçıları olaraq çox xoşbəxtik və qürur duyuruq. Bura mən və mənim kimi gənclər üçün yeni ideyalar, təşəbbüslər və təcrübə mərkəzidir. Biz burada faydalı işlər görə biləcəyimiz peşəkar kadrlarla zəngin bir mühit əldə etmişik. Bununla da insanların, cəmiyyətin, dövlətin həyatında iştirak hüququ qazanmışıq. Biz bu gün şadıq ki, sülh və sabitliyin mövcud olduğu ölkədə yaşayırıq. Bu sabitliyi qorumaq üçün əlimizdən gələni edəcəyik. Mən də bu il təşkil olunacaq “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində iştirak edəcəyəm.
Cənab Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağ problemi həll olunacaq. Hər zaman bizi dinlədiyiniz, bizə dəstək olduğunuz və yaratdığınız bu imkanlar üçün təşəkkür edirik.
Prezident İlham Əliyev: Çox sağ olun.
Tovuz regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Aygün Cabbarlı: Möhtərəm cənab Prezident, rayonumuza xoş gəlmisiniz. Sizi doğma yurdumuzda görməyə çox şadıq. Mənim üçün bu gün çox qürurvericidir. Çünki mən ASAN könüllüsü kimi başladığım bu yolda Tovuz regional “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi qarşınızda çıxış edirəm. Sizin təşəbbüsünüzlə yaradılan bu mərkəz rayonumuzu daha da gözəlləşdirib. Gözəlləşdirməklə yanaşı, burada olan istər əyləncə sahələri, istərsə də sakinlərin inkişafına dəstək olan mərkəzlər Sizin sosial-iqtisadi siyasətinizin bütün komponentlərini özündə birləşdirir. Belə ki, “ASAN xidmət” mərkəzi sayəsində həm vətəndaşlarımız rahat xidmət alacaqlar, həm də Tovuz və ətraf rayonlardan 200-dən çox gənc işlə təmin olunacaq. Bu gənclər elə biz könüllülərik. Mərkəzimizə daxil olan ABAD məktəb təlim mərkəzi 6 sahə üzrə - saz musiqi alətlərinin hazırlanmasından tutmuş turizmə kimi müxtəlif peşələri özündə birləşdirir. Bu da yeni peşələrə yiyələnmək üçün əvəzolunmaz fürsətdir.
Cənab Prezident, bildiyiniz kimi, burada əhalinin çox hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Düşünürəm ki, ABAD fabrikin açılması həm onların əməyini dəyərləndirəcək, həm də rayonumuzda məşğulluq səviyyəsini daha da artıracaq. Ən əsası isə ASAN hərbi vətənpərvərlik mərkəzidir. Çünki bu mərkəz təkcə biz gənclərin deyil, həm də uşaqdan böyüyə hər kəsin vətənpərvər dəyərlərə sadiq, milli ruhda yetişməsinə təkan verəcək.
Sonda qeyd etmək istəyirəm, biz gənclər inanırıq və əminik ki, bu gün doğma Tovuzda açılan bu mərkəz sabah Qarabağ torpaqlarında açılacaq və bizim şanlı Azərbaycan bayrağımız orada yüksələcək. Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verərək deyib: Cənab Prezident, bu yol 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edir. Siz bu yolu çəkdirməklə təkcə Tovuz camaatı üçün deyil, çox insan üçün savab iş görmüsünüz. Belə ki, burada - Haçaqaya deyilən yerdə bu zonada yaşayan insanların bir inanc yeri, piri var. Buraya heç vaxt yol olmayıb. Siz buraya yol çəkdirmisiniz, artıq Balakəndən, Azərbaycanın çox yerindən sakinlər, eləcə də Gürcüstan azərbaycanlıları buraya gəlirlər.
Prezident İlham Əliyev: Orada yaşayış məntəqəsi var, ya ancaq pirdir?
Saleh Məmmədov: Yaxınlıqda yoxdur, ancaq pirdir. Cənab Prezident, onu qeyd edim ki, Ağacqala kəndinin 400 sakini yüz illər idi Tovuz rayonunun mərkəzinə Gədəbəy və Şəmkir vasitəsilə gəlirdilər. Yol olmayıb. Bu yolun çəkilməsi ilə həmin 400 sakin Tovuz rayonunun mərkəzinə birbaşa gedə biləcək. Bu, çox əhəmiyyətli yoldur.
Prezident İlham Əliyev: Qovlardan Haçaqayaya qədər məsafə nə qədərdir?
Saleh Məmmədov: 24 kilometrdir. Bu yolun çəkilməsi nəticəsində insanlar maşınlarla Haçaqayaya qalxa bilirlər. Biz yolun 2 kilometrlik hissəsini dağı partlatmaq üsulu ilə çəkdik.
Prezident İlham Əliyev: Mənzərəli yerlərdir. Orada turizm inkişaf etdirilməlidir.
Saleh Məmmədov: Bəli, həmin hissə Tovuzun ən dağlıq əraziləridir. Əvvəllər torpaq və çınqıl əsaslı yol olub, indi asfalt-beton örtüklü yoldur. Cənab Prezident, Siz sərəncamlarınızla kənd yollarını şəhər yollarına çevirmisiniz.
Prezident İlham Əliyev: İndi kənd yolları elə bil magistral yollardır.
Saleh Məmmədov: Bəli, əhali də bunu görür və alqışlayır.
Prezident İlham Əliyev: Burada yolların böyük əksəriyyəti təmirlidir.
Saleh Məmmədov: 2020-ci il üçün Əyyublu yolu ilə bağlı Sərəncamınız var, cənab Prezident. Sizin sayəsində bu ərazilərdə çox gözəl yollar çəkilib. 2018-ci ildə imzaladığınız Sərəncama əsasən çəkilmiş 32 kilometrlik yol da tam təhvil verilib. Bu yol boyunca 8 min insan yaşayır. Baqqallı deyilən bir kənd var, orada şəfalı bulaq suları var. Bundan başqa, bizim qızıl mədəninə də yollar çəkilib, bu yollarla oraya xammal daşınır.
Prezident İlham Əliyev: Qızıl mədənləri indi istismar olunur?
İcra başçısı Məmməd Məmmədov: Bəli işləyir, orada çalışan insanlar çox yaxşı əməkhaqqı alırlar.
Prezident İlham Əliyev: Kənd camaatı işləyir? Hansı kəndlərdən?
İcra başçısı Məmməd Məmmədov: Qoşa kəndi. Ətraf kəndlərdən də gəlib işləyirlər. Bu da bizə çox böyük gəlir gətirir.
Saleh Məmmədov: Cənab Prezident, bu yollar çəkilənə qədər insanlar 50-100 il torpaq yollarla hərəkət ediblər. Bu gün isə Sizin sayənizdə belə abad yollar çəkilib.
* * *
Sonra Prezident İlham Əliyev Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  4980  |  
  • Tarix:  06-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA