Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev deyib: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.
Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.
Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən - Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək.
İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.
Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.
Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir - evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər.
* * *
Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir.
Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəliblər.
Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı.
Prezident İlham Əliyev deyib: Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.
Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik - münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik.
Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır.
Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi.
Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?!
Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar.
Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
* * *
Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları görüb və avtomobili saxlayaraq onlarla görüşüb.
* * *
Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib: Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır.
Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir.
Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir.
Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın.
Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq.
Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.
Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik.
Bu da Xudafərin su anbarıdır.
Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır.
* * *
Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəliblər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq.
Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.
Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşüblər.
Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir.
Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəliblər.
Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırıb.
Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Gedək baxaq bəzi binalara.
Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir.
Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar.
Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb.
Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.
Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik.
Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar.
Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın.
Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 
  • Oxunub:  4620  |  
  • Tarix:  18-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub

28 Yanvar 15:16
Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək
28 Yanvar 15:09
“TRT Haber” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj yayıb
28 Yanvar 14:41
Karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır
28 Yanvar 14:22
Azərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
28 Yanvar 14:18
İşğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşu ilə bağlı 80 müraciət daxil olub
28 Yanvar 14:13
Türkiyəli psixoterapevtlər vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar
28 Yanvar 13:32
Prezident İlham Əliyev Sabunçu və Suraxanı rayonlarında yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
28 Yanvar 13:22
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28 Yanvar 13:16
Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək
28 Yanvar 13:12
Şəhid mədəniyyət işçilərinin ailə üzvləri və döyüşlərdə yaralanan mədəniyyət işçiləri ilə görüş keçirilib
28 Yanvar 13:11
Yusif Abdullayev: Pakistan və Yaponiyada Azərbaycan ticarət evlərinin açılması ilə bağlı müraciətlər var
28 Yanvar 12:52
Sevinc Hüseynova: Ölkəmizdə şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı yüksək səviyyədədir
28 Yanvar 12:52
Azərbaycan-Vatikanın əlaqələri ilə bağlı müzakirələr aparılıb
28 Yanvar 12:43
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə sənəd qəbulu başa çatıb
28 Yanvar 12:28
Qızılağac Milli Parkının mühafizə yegerlərinə və müfəttişinə qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb
28 Yanvar 12:21
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
28 Yanvar 12:10
UEFA Avropa çempionatının 12 şəhərdə keçirilməsi ilə bağlı öhdəliyini təsdiqləyib
28 Yanvar 12:08
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti TÜRKSOY-un “Abay 175 il” medalı ilə təltif edilib
28 Yanvar 12:06
Əziz Şuşa, adınla böyü
28 Yanvar 12:04
Vaşinqtonda Azərbaycandan Avropaya kommersiya qaz nəqlinin başlanmasına həsr edilmiş müzakirələr aparılıb
28 Yanvar 12:00
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda 650 min ağacın əkilməsi aksiyası İspaniyada mükafata layiq görülüb
28 Yanvar 11:43
Ölkəmizdə Şərqi Qafqaz turunun sayı artıb
28 Yanvar 11:37
İnformasiya və rabitə müəssisələri ötən ay 239,8 milyon manatlıq xidmət göstərib
28 Yanvar 11:35
Keçən ay nəqliyyat vasitələri ilə 17,6 milyon ton yük daşınıb
28 Yanvar 11:28
Son bir ildə 955 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib
28 Yanvar 11:14
Şuşa nəinki Azərbaycanın, Qafqazın mədəniyyət paytaxtı kimi mühüm mərkəzə çevriləcək
28 Yanvar 10:54
ÜST-nin Çinə göndərdiyi missiya karantin dövrünü başa vuraraq araşdırmalara başlayır
28 Yanvar 10:43
Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarlarının hərəkəti nə vaxt bərpa ediləcək?
28 Yanvar 10:42
Vətən müharibəsində evi tam dağıdılmış və qəzalı vəziyyətə düşmüş vətəndaşlara yardımların verilməsi yekunlaşır
28 Yanvar 10:41
NK: Fevralın 1-dən restoranlar şənbə və bazar günləri də yerində xidmət göstərə biləcək
28 Yanvar 10:39
İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Alıbəyli kəndinin videogörüntüləri yayımlanıb - VİDEO
28 Yanvar 08:58
Ermənistanın təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına başlanılıb
28 Yanvar 08:54
Məğlub Ermənistanda yeni siyasi kataklizmlər...
28 Yanvar 08:52
Vaksinasiyadan öncə və sonra: necə qidalanmalı, nəyə diqqət etməli?

28 Yanvar 08:50
Radikal müxalifətin növbəti manipulyasiya cəhdi...

27 Yanvar 22:40
ATƏT PA-nın “Fəaliyyətə Çağırış” İşçi Qrupunun “Ortaq məqsədin təsdiqlənməsi” mövzusunda ilk iclası keçirilib
27 Yanvar 21:27
Azay Quliyev ATƏT PA-da Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışıb
27 Yanvar 21:01
Səməd Seyidov AŞPA prezidenti Hendrik Daems ilə görüşüb
27 Yanvar 20:24
“Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilib
27 Yanvar 19:25
Rafael Hüseynov: Ermənistan gələcəyini düşünürsə, qarşıdurma cəhdlərindən əl çəkməlidir
27 Yanvar 19:18
Mikayıl Cabbarov: SOCAR yeni inkişaf dövrünə qədəm qoyacaq
27 Yanvar 18:31
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
27 Yanvar 18:26
Rusiya Prezidenti Qarabağa dair üçtərəfli bəyanatın ardıcıl olaraq həyata keçirilməsinin vacibliyini qeyd edib
27 Yanvar 18:21
Yaponiyanın səfiri “ASAN xidmət”də
27 Yanvar 18:12
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndinin videogörüntülərini paylaşıb - VİDEO
27 Yanvar 18:10
Vüqar Rəhimzadə: Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq
27 Yanvar 18:09
Polis əməkdaşları ticarət obyektlərində sanitar-epidemioloji vəziyyətə nəzarəti gücləndiriblər
27 Yanvar 17:58
Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
27 Yanvar 17:54
Malik Həsənov: Azərbaycan gələcək illərdə İKT sahəsində liderlik mövqeyini daha da möhkəmləndirəcək
27 Yanvar 17:52
Əliabbas Salahzadə: Yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi dayanıqlı inkişafın təminatında əsas amillərdəndir
27 Yanvar 17:50
Pərvin Kərimzadə: “Böyük Qayıdış” işğaldan azad olmuş torpaqları dircəldəcək
27 Yanvar 17:44
Nigar Arpadarai: Azərbaycan ərazilərində saxlananlar “müharibə əsirləri” deyil, diversant və terrorçu qruplardır
27 Yanvar 17:34
Qənirə Paşayeva: Azərbaycan Dillər Universiteti təhsilimiz və mənəviyyatımız üçün vacib layihələr həyata keçirir
27 Yanvar 17:31
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
27 Yanvar 17:30
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
27 Yanvar 17:19
Azərbaycanın xarici işlər naziri ilə ATƏT-in Minsk qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
27 Yanvar 17:16
Hikmət Hacıyev: Prezident İlham Əliyevin təşəbbüskarı olduğu 3+3 formatı dövlətlər arasındakı sıx əlaqələri, inteqrasiyanı nəzərdə tutan ideyadır
27 Yanvar 17:14
Yeni kitab: “Münxendən başlayan zəfər”
27 Yanvar 16:43
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir
27 Yanvar 16:33
Azərbaycanda koronavirusdan 601 nəfər sağalıb, 226 yeni yoluxma faktı qeydə alınıb
27 Yanvar 16:20
Naxçıvan nümayəndəliyinin rəhbəri Əfqanıstan səfiri ilə görüşüb
27 Yanvar 16:12
Prezidentin köməkçisi: Vətən müharibəsi müddətində qardaş Türkiyənin mənəvi, psixoloji, siyasi, diplomatik dəstəyi çox önəmli amillərdən idi
27 Yanvar 16:11
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştiraka hazırdır
27 Yanvar 16:03
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
27 Yanvar 16:01
ÜST: Koronavirusa qarşı peyvəndin çatdırılmasında problemlər mövcuddur
27 Yanvar 16:00
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
27 Yanvar 15:53
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
27 Yanvar 15:43
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
27 Yanvar 15:43
Hikmət Hacıyev: Azərbaycan və Türkiyə prezidentləri tərəfindən həyata keçirilən siyasət qardaş ölkələrimiz arasındakı münasibətləri nümunəvi səviyyəyə çatdırıb
27 Yanvar 15:41
Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6