Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib

Sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib

19.02.2013 [01:11]

Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpasına və inkişafına, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılmasına, səhiyyə və təhsil müəssisələrinin tikintisinə irihəcmli dövlət investisiyaları yönəldilib
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Artıq beşinci ildir ki, regionların sosial-iqtisadi inkişafını müəyyən edən ikinci Dövlət Proqramı (2009-2013-cü illərə dair) icra edilir. Sözügedən Dövlət Proqramı çərçivəsində həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda Azərbaycanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib. Başqa sözlə, paytaxtda olduğu kimi, respublikamızın regionlarında sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır.
Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən, elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı Prezident İlham Əliyev bir daha vurğulayıb ki, infrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur: “İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir”.
2012-ci ildə də regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən, nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilib. Belə ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilib, 935 transformator və 29 yarımstansiya tikilib və ya əsaslı təmir olunub. Regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilib və ya əsaslı təmir olunub. Bakıda, Balaxanıda məişət tullantıları zavodunun tərkib hissəsi olan elektrik (təqribən 20 meqavata yaxın elektrik enerjisi əldə etmək mümkün olacaq) stansiyasının tikintisi artıq başa çatıb. Hazırda Azərbaycan qonşu ölkələrə elektrik enerjisinin ixracı ilə bağlı ötürücü xətlərin yenilənməsi məsələlərini müzakirə edir. Eləcə də, bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlərə başlanılıb. Dövlət başçısı bildirib ki, elektrik enerjisinin təchizatı ilə bağlı son illər ərzində görülən işlər nəticəsində, demək olar ki, artıq qıtlıq hiss olunmur: “Çünki son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyalarının tikintisi təmin edilmişdir. Bu proses davam etdirilir. Bu il Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının işə düşməsi nəticəsində biz təqribən 800 meqavata qədər yeni güclər əldə edəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. Bu da təqribən 400 meqavata yaxındır. Yəni, bu, bizim enerji potensialımızı böyük dərəcədə möhkəmləndirəcəkdir. Eyni zamanda, su elektrik stansiyalarının tikintisi davam etdirilir. Keçən il biz kiçik çaylarda bir neçə stansiyanın açılışını qeyd etmişik. Eyni zamanda, böyük layihələrin icrası ilə paralel olaraq su elektrik stansiyalarının və bərpa olunan alternativ enerji növlərinin yaradılması prosesi gedir. Mən onların arasında bu yaxınlarda Füzuli Su Elektrik Stansiyasının açılışını qeyd edə bilərəm. İyirmi beş meqavat gücündə olan stansiya bərpa olunan enerji növüdür”.
İnfrastruktur layihələrinin reallaşdırılması istiqamətində görülən tədbirlər arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub. Cari ilin sonuna qədər Azərbaycanda qazlaşdırma prosesinin 90 faizə çatacağı nəzərdə tutulub. Bütün bölgələrdə qazlaşdırmanın 100 faizə çatdırılması üçün böyük investisiya layihələri icra edilməkdədir.
İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur. Digər tərəfdən, Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək. Həmçinin, Taxtakörpü su anbarının tikintisi davam edir və bu il bu nəhəng infrastruktur layihəsi istifadəyə veriləcək. Layihənin reallaşdırılması nəticəsində on minlərlə hektar torpaq sahələrini suvarmaq mümkün olacaq və eyni zamanda, bu layihənin tərkib hissəsi olan 25 meqavat gücündə olan su elektrik stansiyası tikiləcək.
Həmçinin, Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, 25 yeni körpü və tunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.
Dövlət başçısının kənd yollarının təmiri ilə bağlı müvafiq sərəncamlarına əsasən ötən il 18 layihə üzrə işlərə başlanılıb, cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanması nəzərdə tutulub.
İnvestisiya Proqramında böyük yer tutan layihələrdən biri də kənd təsərrüfatının inkişafı ilə bağlı olan meliorasiya layihələridir. Hazırda ölkəmizdə iki nəhəng, qeyri-neft sektoruna qoyulan ən böyük investisiya tutumlu layihə - Taxtakörpü və Şəmkirçay su anbarları layihələri icra edilməkdədir. Bu layihələrin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaq ki, bu, həm ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac potensialı da yaradacaq.
Şübhəsiz, ölkəmizdə aparılan sənayeləşmə siyasəti də regionların dinamik inkişafına ciddi təkan verib. Hazırda Bakı şəhərində, respublikanın müxtəlif bölgələrində sənayeləşmə proqramının uğurlu icrası nəticəsində yeni böyük, kiçik istehsal və emal sənayesi müəssisələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır. Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb. Bununla belə, dövlət başçısı respublikada qeyri-neft sektorunun inkişafına təkan vermək, Azərbaycanda uzunmüddətli məhsul istehsalını genişləndirmək və xarici ölkələrə çıxmaq imkanının genişləndirilməsi üçün yerli məhsulların keyfiyyətinin artırılmasının əhəmiyyətini vurğulayıb. Məlum müşavirədə Prezident İlham Əliyev bildirib ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır: “Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə, ixracyönümlü məhsulların istehsalı da artmaqdadır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq”.
Beləliklə, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir. Eyni zamanda, hökumət Sumqayıt, Gəncə şəhərləri və Bakının Qaradağ rayonunda 3 sənaye şəhərciyi yaratmağı planlaşdırır. Bu istiqamətdə kompleks tədbirlər görülür. Texnologiya parklarının bundan sonrakı uğurlu fəaliyyəti üçün əlavə tədbirlər paketi hazırlanır. Həmçinin, Sumqayıtda, Balaxanıda, Qaradağ rayonunda və digər yerlərdə böyük sənaye kompleksləri yaradılması nəzərdə tutulub. Bununla yanaşı, texnologiya parklarının ixtisaslaşması prosesi də artıq müəyyən edilib - yüksək Texnologiya Parkı, Kimya Texnologiya Parkı və Balaxanı Texnologiya Parkı. Sözügedən parklarda yeni yaradılacaq müəssisələr ölkəmizin sənaye potensialının güclənməsinə xidmət göstərəcək.
SEVİNC

Paylaş:
Baxılıb: 1193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30