Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Birinci Avropa Oyunları Azərbaycana böyük iqtisadi dividendlər gətirəcək

Birinci Avropa Oyunları Azərbaycana böyük iqtisadi dividendlər gətirəcək

25.04.2015 [11:59]

Ekspertlər yarışların ölkəmizin turizm potensialının, ixrac və investisiya imkanlarının təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər
Azərbaycanın bu ilin iyununda keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmiz üçün çox böyük hadisədir. Çünki birinci Avropa Oyunları respublikamızın bütün dünyada həm də yüksək səviyyəli idman ölkəsi kimi təqdim olunmasında mühüm rol oynayacaq. Eyni zamanda, Azərbaycanın adı “qoca qitə”nin tarixində ilk Avropa Oyunlarının keçirildiyi və bu Oyunların yüksək standartlarının müəyyən edildiyi ölkə kimi qalacaq.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək yarışlarda Avropa Olimpiya Komitəsinə üzv olan bütün ölkələrinin iştirakı gözlənilir. Daha dəqiq desək, Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçıların bəyan etdikləri kimi, birinci Avropa Oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, ilk Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı olimpiya idman növüdür. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Sürətli iqtisadi inkişafı birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsində mühüm rol oynayıb
Yuxarıda deyilənlərdən göründüyü kimi, Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Tarixdə ilk dəfə keçiriləcək mötəbər Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi isə heç də təsadüfi deyil. Bu, ilk növbədə, ölkəmizin bütün dünya üçün nümunə ola biləcək reallıqları ilə bağlıdır.
Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsində mühüm rol oynayan amillər sırasında ilk olaraq ölkəmizin iqtisadi inkişafını vurğulamaq lazımdır. Bu da səbəbsiz deyil. Belə ki, hazırda dünyanın mənzərəsi bir sıra siyasi, iqtisadi narahatçılıqlarla səciyyələnsə də, Azərbaycan özünün möhkəm daxili sabitliyə və dinamik sosial-iqtisadi tərəqqiyə rəvac verən inkişaf modeli ilə fərqlənir. Dünya üçün narahat keçən son 11 ildə ölkəmiz kənardan heç bir kömək olmadan öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirməyə müvəffəq olub. Hazırda respublikamız ümumi daxili məhsulun cəmi 8 faizi həcmində xarici borclanmaya malikdir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdəndir. Azərbaycan strateji valyuta ehtiyatlarını 50 milyard dollara çatdırmaqla qısa müddətdə investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib. Bu gün Azərbaycanın iqtisadi inkişafı elə bir səviyyəyə çatıb ki, regionda hər hansı bir layihəni ölkəmizin təşəbbüsü və fəal iştirakı olmadan reallaşdırmaq mümkün deyil. Artıq respublikamız bütün Avropa üçün əvəzolunmaz, etibarlı enerji təchizatçısına çevrilib. Azərbaycanın təşəbbüsü ilə həyata vəsiqə alan “Cənub” qaz dəhlizinin və bu nəhəng layihənin tərkib hissəsi olan TANAP və TAP-ın reallaşmasından sonra Avropanın enerji təchizatında ölkəmizin önəmi daha da artacaq. Ölkəmizin dinamik iqtisadi inkişafı, həmçinin, beynəlxalq səviyyəli qurumlar tərəfindən də etiraf olunur. Qlobal miqyasda böyük nüfuza malik Davos İqtisadi Forumu ötən ilin ikinci yarısında yaydığı son hesabatında Azərbaycanı iqtisadi rəqabətlilik indeksi üzrə 38-ci pillədə qərarlaşdırıb. Bu isə o deməkdir ki, respublikamız dünyanın ən güclü iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 11 ildə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanı iqtisadi cəhətdən geniş potensiala malik bir ölkəyə çevirib. Məhz bu amil birinci Avropa Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsində həlledici faktorlardan biri qismində çıxış edib. Avropanın idman ailəsi yekdilliklə Azərbaycan kimi güclü dövlətin birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının cari ilin iyununda Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: “Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır”.
Azərbaycanın geniş iqtisadi potensialı ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan birinci Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin yarışlara hazırlığı yüksək səviyyədə başa çatdırmasına imkan verib. Artıq ölkəmiz tarixdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib, ayrı-ayrı idman obyektlərində yüksək səviyyədə əsaslı yenidənqurma işləri həyata keçirilib. Hazır olan idman qurğularında yayda birinci Avropa Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir. Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışması keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən artıq mənzildən ibarətdir.
Yaradılan idman və digər infrastruktur obyektləri bundan sonra uzun illər boyu xalqımıza xidmət göstərəcək
Birinci Avropa Oyunları Azərbaycanın malik olduğu yüksək dəyərlərin dünyada təbliği baxımından müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, yarışların iqtisadi baxımdan ölkəmizə böyük dividendlər gətirəcəyi də şəksizdir. Bu kontekstdə birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq gərəkdir. Məlumdur ki, birinci Avropa Oyunlarına hazırlıq tədbirləri yalnız idman qurğularının inşası və təmiri ilə məhdudlaşmayıb. Yarışlara hazırlıqla bağlı paytaxtımızın yol-nəqliyyat infrastrukturunun imkanlarının daha da genişləndirilməsi istiqamətində ciddi iş aparılıb. Belə ki, Olimpiya Stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi, yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması həyata keçirilib. Şəhərin yol-nəqliyyat infrastrukturunun birinci Olimpiya Oyunlarına hazırlanması üzrə görülən işlər çərçivəsində Ziya Bünyadov prospektinin yenidən qurulması və prospektin üzərində yeni yol qovşaqlarının tikintisini xüsusi vurğulamaq gərəkdir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Olimpiya Stadionuna birbaşa yolun tikintisi həyata keçirilib.
Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində paytaxtımızda aparılan genişmiqyaslı abadlıq işlərini, həmçinin əsas tədbirlərin və idman yarışlarının keçiriləcəyi Olimpiya Stadionunun yerləşdiyi ərazidəki Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılmasını da ayrıca vurğulamaq gərəkdir. Qeyd edək ki, Böyükşor gölü 1000 hektar ərazini əhatə edir. Gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə tam təmizləmə işləri 300 hektara qədər ərazini əhatə edir. Ekoloji layihənin icrasına Hollandiyadan ixtisaslı mütəxəssislər də cəlb olunub. Birinci Avropa Oyunlarından sonra 2020-ci ilədək gölün bərpasının ikinci mərhələsi reallaşdırılacaq. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq və burada ekosistem bərpa olunacaq.
Birinci Avropa Oyunları Azərbaycanın turizm potensialının təbliğində müstəsna rol oynayacaq
Ekspertlər birinci Avropa Oyunlarının ölkəmiz üçün müxtəlif cəhətdən əhəmiyyətli olduğuna diqqət çəkirlər. Məsələn, Milli Məclisin deputatı İlham Məmmədov yarışların Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açacağını bildirib. Birinci Avropa Oyunlarının iqtisadi əhəmiyyətinə diqqət çəkən millət vəkili deyib: “İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Azərbaycanı istəməyən, uğurlarını qəbul edə bilməyən qüvvələr isə bundan çox əndişələnəcək”.
Birinci Avropa Oyunlarının Azərbaycanın turizm imkanlarının təbliği baxımından əhəmiyyəti isə daha böyükdür. Məlumdur ki, ölkəmiz geniş turizm potensialına malikdir. Respublikamızda turizmin müxtəlif növləri sürətlə inkişaf edir, paytaxt Bakıda və bölgələrdə çoxlu sayda yüksək səviyyəli turistyerləşdirmə obyektləri istifadəyə verilib. Bu yaxınlarda ABŞ-ın nüfuzlu “New York Times” qəzeti 2015-ci ildə dünyanın gəzməli-görməli şəhərlərinin siyahısına Bakının da adını daxil edib. Bu da birinci Avropa Oyunları üçün ciddi təbliğat xarakteri daşıyır. Yarışlar zamanı ölkəmizə gələn turistlərin sayının çox olacağı proqnozlaşdırılır. Ümumiyyətlə, güman olunur ki, birinci Avropa Oyunları keçirilən dövrdə yayımlardan və ölkəmizə gələn tursitlərin xərclərindən böyük məbləğdə vəsait əldə etmək mümkün olacaq. Ekspertlər bildirirlər ki, yarışlara dövlət büdcəsindən ayrılan vəsaitin xeyli hissəsi ölkəmizə gələn turistlər hesabına kompensasiya olunacaq.
Birinci Avropa Oyunlarını iqtisadi baxımdan səmərəli layihə kimi səciyyələndirən iqtisadçı-ekspert, “İqtisadi və Sosial İnkişaf Mərkəzi”nin rəhbəri Vüqar Bayramov deyib ki, burada məqsəd Oyunlar başa çatdıqdan sonra da avropalı turistləri ölkəmizə cəlb etməkdir: “Bu yarışların gəlirləri yalnız yarış ərəfəsində ölkəyə gələn turistlərin xərcləyəcəyi vəsaitlə məhdudlaşmayacaq. Yarışlar zamanı ölkəmizin turizm potensialı ilə tanış olan qonaqlar, təbii ki, sonrakı illərdə də respublikamıza gəlməyə can atacaqlar. Bundan başqa, yarışlara hazırlıq çərçivəsində ölkəmizdə tikilən idman qurğularından gələcəkdə də istifadə olunacaq və həmin qurğular gələcəkdə də gəlir gətirəcək. Birinci Avropa Oyunları Azərbaycan üçün gəlirli layihə hesab oluna bilər. Yarışlar keçirildikdən bir il sonra yeni idman kompleksləri mənfəətlə işləmək imkanına malik olacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1289 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31