Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Birinci Avropa Oyunları: Strateji geoiqtisadi təşəbbüs

Birinci Avropa Oyunları: Strateji geoiqtisadi təşəbbüs

14.05.2015 [10:02]

Ölkəmiz tezliklə birinci Avropa Oyunları kimi möhtəşəm bir idman yarışlarını təşkil edəcək. Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyasi deyil, eyni zamanda, iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman, təəssüf ki, bəzi hallarda, sadəcə, xərcləri cari gəlirlərilə müqayisə edilir. Birinci Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, birinci Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda Oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır.
Birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi Azərbaycanın makroiqtisadi göstəricilərinin və o cümlədən, makroiqtisadi dayanıqlı stabilliyinin qorunmasına birbaşa təsiri vardır. Əvvəla, sözügedən Oyunların təşkili nəticəsində müxtəlif makro və mikrogöstəricilərin daha da yaxşılaşması makrostabillik baxımdan olduqca vacibdir. Aydındır ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün müxtəlif subsektorların bu təşəbbüslər vasitəsi ilə dəstəklənməsi olduqca vacibdir. İkincisi, birinci Arvopa Oyunlarının ölkəmizdə təşkil edilməsi maliyyə stabilliyinin möhkəmləndirilməsinə töhfə verəcək. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Ölkəyə gələn turist öz vəsaitini milli valyutaya çevirəcək və bu isə o deməkdir ki, dönərli valyuta bolluğu formalaşacaq. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacibdir. Artıq Bakıda turistlərin sayında artımlar müşahidə edilməkdədir. Bizim apardığımız monitorinqlər göstərir ki, manata tələbatın artması və valyutadəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə olunur. Bu isə Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə, dövlət rezervlərinin milli valyutanın stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq. Üçüncüsü, mövcud infrastrukturun inkişafı, eyni zamanda, xarici sərmayələrin cəlb edilməsi və investisiya baxımından vacibdir...
Birinci Avropa Oyunları: Dayanıqlı inkişaf üçün yeni imkanlar
Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78 faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı və eləcə də, ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət edir. İnfrastruktur isə qalır. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı qazanmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin ölkəmizə gəlməsini təşviq edə biləcək. Birinci Avropa Oyunları aspektindən infrastrukturun daha da genişlənməsi ölkəmizin rəqabət qabiliyyətini artıracaq. Bu isə ölkəmizin xüsusən də, qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni stimullaşdırmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyasına pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və ixracın həcminin artmasına səbəb olacaq. Birinci Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək.
Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin infrastrukturunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabətqabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki, gəlirlər, sadəcə, qısamüddətli dövrü əhatə etməyəcək, ölkəmiz yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün istifadə edə biləcək. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq. Bu isə birinci Avropa Oyunlarının əsas strateji iqtisadi üstünlüyüdür. Bu Oyunların təşkilinə xərclənən vəsait uzunmüddətli dövrdə yaradılan infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki Oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin.
Nəzərə alsaq ki, Oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin Oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər ilk Avropa Oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu Oyunlara cəlb edilməsinə imkan yaradacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazanacaq.
Sahibkarlığın inkişafında yeni mərhələ
Əslində, turizm sektoru birinci Avropa Oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirilir. Turizm üçün sözügedən Oyunların təşkil edilməsi həm cari, həm də strateji baxımdan əlverişlidir. Əvvəla, birinci Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər edəcək. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Birinci Avropa Oyunlarının 2 həftə davam etdiyini nəzərə alsaq, bu, o deməkdir ki, Oyunlar keçirilən müddətdə hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Bu isə turizm sektorunun Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə biləcəyini göstərir. Gəlirlər, təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmayacaq, daha geniş miqyası əhatə edəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından, xüsusilə də, xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazanacaq. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalanır və bu da həmin sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Üçüncüsü, birinci Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə biləcək.
Bu möhtəşəm Oyunların keçirilməsindən iqtisadi baxımdan, təbii ki, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır. Birinci Avropa Oyunları zamanı turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir. Çoxlu sayda turistlərin ölkəmizə gəlməsi kafe və restoranlar daxil olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması demək olacaq. Hətta taksi sürücüləri də birinci Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss edəcəklər. Turistlərin Oyunlar keçirildiyi müddətdə həyata keçirəcəyi sərmayənin böyük qismi, məhz kiçik və orta sahibkarların faydalanmasına yönələcək. Bir məsələyə də diqqəti cəlb etmək istərdim ki, Oyunların təşkili ilə bağlı ayrılan vəsaitlər çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi, məhz yerli kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilmişdir. Bu isə o deməkdir ki, sahibkarlarımız hətta Oyunlar təşkil edilənədək birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən iqtisadi xeyir əldə edə biliblər. Eyni zamanda, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bir qismi daimi olmaq şərti ilə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımdan olduqca əhəmiyyətli məqamdır.
Əslində, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi əhəmiyyəti də ondan ibarətdir ki, indi formalaşan infrastruktur sonradan başqa möhtəşəm idman yarışlarının cüzi xərclə təşkil edilməsinə və strateji baxımdan Azərbaycanın ciddi gəlirlər əldə etməsinə imkan yaradacaq. Bircə faktı qeyd etmək lazımdır ki, artıq ölkəmizin bir neçə möhtəşəm yarışlara ev sahibliyi etməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycan “Formula 1”, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa çempionatının oyunları kimi ciddi və möhtəşəm yarışları təşkil edəcək. Bu isə o deməkdir ki, artıq inkişaf etmiş infrastruktur bizə imkan verəcək ki, həmin yarışların təşkilindən faydalana bilək. Sözügedən yarışların təşkili ölkəmizə yenidən çoxlu sayda tursitlərin gəlməsi deməkdir. Deməli, iqtisadiyyatın müxtəlif sahələri bundan faydalana biləcək. Vətəndaşlarımız bu Oyunların təşkilindən iqtisadi fayda əldə edəcəklər. Bu isə o deməkdir ki, ölkəmiz ilk Avropa Oyunlarını keçirməklə, əslində, strateji baxımdan Azərbaycana yaxın gələcəkdə ciddi gəlirlər vəd edən təşəbbüsü reallaşdırır. Digər tərəfdən, inkişaf etmiş infrastruktura malik olmaq ölkəmizin rəqabət qabiliyyətini artırır və bu da sərmayə qoyuluşlarının çoxalması baxımdan vacibdir.
Birinci Avropa Oyunları sosial layihə kimi
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi cəhətdən müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial üstünlükləri də var. Əvvəla, bu Oyunların təşkil edilməsi ölkəyə əlavə vəsaitin daxil olması deməkdir. Bu vəsait isə birbaşa sahibkarların, işçilərin faydalanmasına səbəb olacaq. Deməli, gəlirlər artacaq. İkincisi, yeni xərcləmələr dövlət büdcəsinə əlavə vergi ödənişlərinə imkan yaradacaq və deməli, büdcənin sosial öhdəliklərinə müsbət təsir göstərəcək. Üçüncüsü, ölkəmizə gələcək turistlərin yalnız paytaxtda deyil, eyni zamanda, regionlara getməsinin gözlənilməsi və məhz orada əhalinin müxtəlif xidmətlərindən faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyi deməkdir. Dördüncüsü, birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək, yeni təşəbbüslərin reallaşmasına imkan verəcək. Bu isə növbəti illərin dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək.
Birinci Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır. Bu, eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Birinci Avropa Oyunlarının niyə ölkəmizdə təşkil edilməsinin isə bir cavabı var: Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsi və həyata keçirilən islahatlar ölkəmizin Avropa tarixində yeni bir mərhələni başlatmağına imkan verdi.
Vüqar BAYRAMOV
İqtisadçı alim

Paylaş:
Baxılıb: 1057 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30