Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına təkan verdi

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına təkan verdi

28.04.2016 [14:40]

1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının qarşısında dayanan ümdə vəzifələr sırasında yeni iqtisadi sistemə keçid, kommunizmin iqtisadi qalıqlarının aradan qaldırılması, iqtisadi islahatların həyata keçirilməsi, rəqabətli bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq özəl sektorun, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi dayanırdı. Lakin həmin dövrdə ölkədə siyasi sabitliyin olmaması, hakimiyyətdə təmsil olunan qüvvələrin bir-birilə çəkişməsi digər sahələrdə olduğu kimi, iqtisadi sferada da səmərəli dövlət siyasətinin yürüdülməsinə imkan vermirdi. Nəticədə də, bir tərəfdən, Sovetlər Birliyinin dağılması ilə keçmiş ittifaq respublikaları arasında həyati iqtisadi bağların qopmasının yaratdığı obyektiv çətinliklər, digər tərəfdən, daxili siyasi hərc-mərclik Azərbaycanda sosial-iqtisadi durumun kəskin pisləşməsi, iqtisadiyyatın tənəzzülü ilə nəticələndi.
1991-1993-cü illərdə sənayedə illik geriləmə 20-30 faizə, kənd təsərrüfatında 16-24 faizə, kapital qoyuluşunda 40 faizə çatmış, istehlak mallarının qiymətləri 14-18 dəfə bahalaşmış, əksər müəssisələrdə istehsal prosesi dayanmışdı. Bəhs edilən dövrdə fəaliyyət göstərən obyektlər isə öz gücünün cəmi 15-20 faizi səviyyəsində çalışırdı. Bu kimi statistik rəqəmlər gerçək həyatda minlərlə sakinin işsiz qalması, ərzaq qıtlığının yaranması, kəskin inflyasiya, bank sisteminin iflası, kölgə iqtisadiyyatının genişlənməsi, korrupsiya, rüşvətxorluq hallarının artması, ən əsası isə, bir vaxtlar müstəqilliyə böyük ümidlər bəsləyən xalqda bədbin ictimai əhval-ruhiyyənin formalaşması şəklində özünü göstərirdi.
Məhz belə bir ağır şəraitdə Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. Beləliklə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasının rəhbərliyinə gələn və həmin ildə Prezident seçilən Ulu öndər Heydər Əliyev həllini gözləyən digər bir çox problemlərlə yanaşı, iqtisadiyyatın böhrandan çıxarılması və özəl sektorun dirçəldilməsi istiqamətində qətiyyətli və ardıcıl islahatlara başladı.
Genişmiqyaslı özəlləşdirmə və sahibkarlığın dirçəldilməsi
Bir sözlə, Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin tərkib hissəsi olaraq azad və rəqabətli bazar iqtisadiyyatına keçid məqsədilə sahibkarlığın inkişafı başlıca hədəflərdən biri kimi müəyyənləşdi. Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında "Mülkiyyət" adlı 13-cü, "İqtisadi inkişaf və dövlət" adlı 15-ci və "Azad sahibkarlıq hüququ" adlı 59-cu maddə də mülkiyyətin növləri, toxunulmazlığı, bazar münasibətlərinə keçid və hər kəsin qanunlar çərçivəsində azad sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsbit edən ifadələr əksini tapdı.
Onu da qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişafının ilkin mərhələsini genişmiqyaslı özəlləşdirmə siyasəti təşkil edirdi. Ölkəmizdə özəlləşdirmənin ilk addımları isə hələ 1992-ci ildə Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrə təsadüf edir. Belə ki, həmin ildə Muxtar Respublikada kolxoz və sovxozların çox hissəsi ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında paylandı. Qısa müddət ərzində bu tədbir öz müsbət nəticəsini verərək kənd təsərrüfatında məhsuldarlığın artmasında özünü göstərdi.
Yeri gəlmişkən, Azərbaycanda kütləvi özəlləşdirməyə 1993-cü ilin yanvarında "Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" Qanunla start verilsə də o dövrdə ölkədə baş verənlər, Ermənistanın Azərbaycana hərbi təcavüzü və torpaqlarımızın işğalı, hakimiyyət uğrunda silahlı münaqişələr, eləcə də qanunun icra mexanizminin tam müəyyən edilməməsi prosesə mane olmuşdu. Və yalnız ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra - 1995-ci il martın 8-də Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "Dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli tədbirlər haqqında" Fərman bu prosesə təkan verdi. Beləliklə də, qısa müddət ərzində, 1995-1998-ci illərdə, dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı və çoxsaylı hüquqi-normativ sənədlər hazırlanıb qəbul edildi. Ümumiyyətlə, 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında", "Tor­paq is­la­ha­tı haqqında", "Torpaq bazarı haqqında" qa­nun­la­rı­n qə­bulu Azərbaycanda aqrar-sənaye sahəsində sahibkarlığın inkişafına köklü əsaslar yaratdı. Paralel olaraq ölkədə aparılan mütərəqqi maliyyə-kredit siyasəti də sahibkarların layihələrinin maliyyələşdirilməsi, investisiya yatırımı, xarici ticarət və maliyyə tərəfdaşları ilə əlaqələrin, mübadilənin genişləndirilməsinə imkan verdi.
Əsasən kiçik özəlləşdirməni əhatə edən birinci mərhələdə ticarət, xidmət, iaşə obyektləri, sənayenin müxtəlif sahələrində, tikintidə, nəqliyyatda fəaliyyət göstərən yüzlərlə kiçik müəssisə hərraclarda satılaraq öz sahibini tapdı. Eyni zamanda, taxıl məhsulları, quşçuluq, mebel, tikinti, ticarət sahələrində, sanatoriya-kurort və mehmanxana təsərrüfatında mindən çox orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək səhmləri özəlləşdirildi.
Onu da qeyd edək ki, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı (1997-2000-ci illər üçün)" adlı sənəddə kiçik və orta sahibkarlığın sürətlə formalaşmasının Azərbaycan cəmiyyətinin iqtisadi, sosial və siyasi problemlərinin həllinin vacib amillərindən biri olması göstərilirdi. Həmin illərdə Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, sahibkarlara informasiya, maliyyə və məsləhət xidmətləri göstərən müxtəlif strukturlar yaradıldı.
2000-ci ildə qəbul olunan ikinci Dövlət Özəlləşdirmə Proqramı ilə ölkədə daha genişmiqyaslı özəlləşdirmənin başlanğıcı qoyuldu. Bu Proqrama uyğun olaraq yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya və neft-kimya sənayesində, nəqliyyat və rabitə sahəsində iri müəssisələr özəlləşdirməyə açıq elan edildi.
2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, mayın 14-də isə xarici sahibkarlarla görüşən Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına və ölkə iqtisadiyyatına investisiya yatırımına böyük önəm verdiyini bir daha nümayiş etdirdi, sahibkarları daha fəal çalışmağa həvəsləndirdi. Ulu öndərin yerli sahibkarlarla görüşündə söylədiyi kimi, ölkənin sosial-iqtisadi inkişafı sahibkarların fəaliyyətindən asılıdır: "Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarıbdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur".
Eyni zamanda, Ümummilli liderin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" əvvəlki illərdə təməli qoyulan işlərin davam etdirilməsi üçün əlverişli hüquqi-normativ sənədə çevrildi.
Beləliklə, Ulu öndərin rəhbərliyi ilə bazar iqtisadiyyatına keçid istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən kütləvi özəlləşdirmənin aparılması ölkədə sahibkarlığın inkişafında mühüm rol oynadı.
Ulu öndərin sahibkarlığın inkişafına dəstək siyasəti davam etdirilir
Məlum olduğu kimi, bütün sahələrdə, o cümlədən iqtisadi sferada Ümummilli liderin əsasını qoyduğu siyasi kursu davam etdirən Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun, o cümlədən sahibkarlığın inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi və subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirərək, onun ümumi iqtisadiyyatdakı tutumunu 80 faizdən də yüksəyə qaldırıb.
Ötən ilin göstəricilərinə nəzər salsaq, neftin qiymətinin bir neçə dəfə azalması və bir sıra valyutalar kimi, manatın da devalvasiyasına baxmayaraq, ümumi daxili məhsul 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Ötən ildə ölkə iqtisadiyyatına yarısı xarici investisiya olmaqla 20 milyard dollara yaxın sərmayə qoyulub.
Dövlət başçısının müvafiq tapşırıqları əsasında sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması məqsədilə 2 il müddətinə sahibkarlıq sahəsində yoxlamaların aparılması dayandırılıb, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq tələb olunan növlərinin sayının 59-dan 37-dək azaldılmasına və sənədləşmə prosedurlarının sadələşdirilməsinə, bu işlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsinə, həmçinin "Elektron lisenziya" portalının yaradılmasına başlanılıb. Nəticədə, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. Müqayisə üçün deyək ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdi.
Ötən ildə minlərlə sahibkara dövlət büdcəsinin vəsaiti hesabına Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 1 milyard 15 milyon manat kredit verilib.
2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilib, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası həyata keçirilib. Təsadüfi deyil ki, ötən dövrdə kənd təsərrüfatı 6,6 faiz artıb.
Sahibkarlığın inkişafını diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bu barədə bildirib ki, biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılıb: "Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək".
Nadir AZƏRİ

"İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30