Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bakı Metropoliteninin inkişafının İlham Əliyev dövrü...

Bakı Metropoliteninin inkişafının İlham Əliyev dövrü...

19.11.2009 [09:36]

Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Metropolitenin inşasının davam etdirilməsinin vacibliyi barədə Ulu öndər Heydər Əliyevin tövsiyələri nəinki uğurla həyata keçirilir, hətta, inkişaf etdirilir
Metronun yaranma səbəbləri və tarixi...
Suveren Azərbaycanın müasir paytaxtı Bakı Qafqazın və Yaxın Şərqin ən böyük şəhərlərindən biridir. Təbii amfiteatrın ərazisində yerləşən şəhər 150 km2 ərazini tutur və dəniz buxtası boyunca təxminən 20 km uzanır.
Bakını həm də neft şəhəri kimi tanıyırlar. Burada neft yataqlarının mövcud olması, neft hasilatının genişlənməsi Abşerona fəhlə axınına səbəb olmuşdu. Burada neftçıxarma və neft emalı, energetika, maşınqayırma, kimya, metaltökmə kimi sənaye sahələri inkişaf etmişdi. Sənaye obyektlərinin ətrafında fəhlə qəsəbələri yaranırdı. Bu baxımdan, 30-cu illərin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də, Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini tramvay, trolleybus və avtobus nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün-metronun tikintisi qərara alınmışdı.
Lakin bir qədər sonra başlanan II Dünya Müharibəsi həmin layihənin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra Nazirlər Soveti layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına və inşasına başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi. 1953-cü ildə tikinti işləri bədxah qonşularımızın paxıllığı və yuxarı dairələrdə sözlərinin keçməsi nəticəsində dayandırıldı. İnşaat işləri yalnız 1960-cı ildə MK-nın birinci katibi N.S.Xruşşovun Bakıya gəlişindən sonra bərpa olundu. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirdi. 1966-cı ildə tərkibində hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradıldı. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı şəhərində 5 stansiyası və 9,2 km-lik yeraltı xətləri olan metropoliten istismara verildi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı...
Bu ay isə Azərbaycan xalqının milli-memarlıq sənətinin məhsulu olan metronun yaranmasından daha bir il ötdü. Artıq Bakının ən populyar nəqliyyat növü olan və gün ərzində yüz minlərlə insanı ünvanına daşıyan metronun 42 yaşı tamam oldu...
Ulu öndərin başladığı siyasəti Prezident İlham Əliyev uğurla inkişaf etdirir...
Azərbaycan hazırda dünyanın sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Bu yüksək tərəqqinin, misilsiz yüksəlişin əsasında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası dayanır. Son 6 ildə qazanılmış uğur və nailiyyətlər dövlətimizin başçısının böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinin, səfərbəredici gücünün nəticəsidir.
Möhtərəm Prezidentimiz öz işi və fəaliyyəti ilə Ulu öndərimizin ölməz ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyətcə daha da zənginləşdirir, təkmilləşdirir. Nüfuzlu ekspertlərin qeyd etdiyi kimi, dövlətimizin başçısının son birillik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının işlək mexanizmlər əsasında reallaşdırılması, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması, qlobal böhranın milli iqtisadiyyata təsirlərinin zəiflədilməsi ilə səciyyəvi olub. Azərbaycanın bu uğurlu təməl üzərində 2010-cu ildə də sürətlə inkişaf edəcəyinə əminik.
Metronun inkişafının İlham Əliyev dövrü...
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 6 il paytaxtımızın ən populyar ictimai nəqliyyatının - metropolitenin inkişafında da yeni mərhələ kimi səciyyələnir. Metropolitenin maddi-texniki bazasının gücləndirilməsi, xüsusən, vaqon parkının genişləndirilməsi bu mərhələnin diqqətəlayiq nailiyyətlərindəndir. Paytaxtımızın sürətli inkişafı ilə əlaqədar ictimai nəqliyyatın işinə tələbat artdığı bir şəraitdə sərnişinlərə xidmətin səviyyəsini yüksəltmək məqsədilə Ulu öndərimizin tapşırığı əsasında 2002-ci ildən etibarən yeni vaqonların alınıb gətirilməsi ardıcıl xarakter daşıyıb. Həmin vaxtdan indiyədək metropolitenə 155 yeni vaqon gətirilib.
3 il əvvəl möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı metropoliteni ayrılmış vəsait hesabına jeton sistemindən kart sisteminə keçib, qırx ildən artıq istifadədə olmuş turniketlər yeni müasir dizaynlı turniketlərlə əvəzlənib. Sərnişinlərimiz bu yeniliyi razılıqla qarşılayıblar. çipkartın stansiyalarda qoyulmuş bankomatlarda bilavasitə sərnişinin özü tərəfindən doldurulması məsələsi də həll olunub. Möhtərəm Prezidentimizin tapşırığı ilə metronun təhlükəsizliyi, təxribat və terrorçuluq cəhdlərindən qorunması üçün ciddi tədbirlər görülüb. Stansiyalarımızın hamısı videomüşahidə qurğusu ilə təchiz edilib. Belə qurğuların vaqonlarda da quraşdırılmasını nəzərdə tutmuşuq.
Bakı metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerə layiq görülüb
Prezident İlham Əliyev metropoliten işçilərinin çətin və şərəfli əməyini daim yüksək qiymətləndirir. Dövlətimizin başçısının hər il 8 noyabrın metro işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 28 oktyabr 2006-cı il tarixli Sərəncamı bu diqqət və qayğının bariz təzahürü olub. Belə bir peşə bayramının təsis olunması əmək kollektivimizin hər bir üzvünün qəlbində qürur hissi doğurur. Son illərdə dövlətimizin başçısının fərmanları ilə Bakı metropoliteninin bir qrup işçisi yüksək mükafatlara - “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, fəxri adlara layiq görülüb, əmək veteranlarından bir nəfərə Prezident təqaüdü təyin edilib. Prezident İlham Əliyev Bakı metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əməkhaqqlarının artırılması məqsədilə ötən il iki Sərəncam imzalayıb. Bütün bunlar metropoliten işçilərinin işgüzarlığını, məsuliyyətini daha da artırır, onları daha böyük uğurlar qazanmağa ruhlandırır.
Onu da qeyd edim ki, Bakı metrosunda gediş haqqı on üç il idi ki, dəyişməz qalırdı. Halbuki, bu dövrdə ölkəmizdə yaşayış səviyyəsi də yüksəlib, maaşlar, təqaüdlər bir neçə dəfə artıb. Hazırda metropolitendə gediş haqqının maya dəyəri 49,2 qəpikdir. Azərbaycan Respublikası Tarif Şurasının qərarına əsasən, bu il oktyabr ayının 1-dən metroda gediş haqqı 15 qəpikdir. Bu məbləğ özü də Müstəqil Dövlətlər Birliyi ölkələri arasında yenə aşağı hədd sayılır. Yəni dövlətimiz metrodan istifadə edən vətəndaşların sosial müdafiəsinə diqqət və qayğısını əsirgəmir.
Bakı metropoliteni öz maddi-texniki təminatına, müasir texnologiyalarla təchiz edilməsinə və sərnişinlərə göstərilən xidmətin səviyyəsinə görə dünyanın qabaqcıl metropolitenləri sırasına daxildir. Biz dünyanın 55 ölkəsinin 154 şəhərindəki metropolitenləri birləşdirən Beynəlxalq İctimai Nəqliyyat İttifaqının, MDB məkanında 15 metropolitenin daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının üzvüyük. Bu ilin iyununda Avstriyanın paytaxtı Vyanada keçirilən Beynəlxalq İctimai Nəqliyyat İttifaqının konfransında Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerə layiq görülüb. Dünyanın 55 ölkəsinin 154 şəhərində metro var. Lakin bizim 21 stansiyadan 4-ü - “Bakmil” həftədə 800 sərnişin, “Ulduz” gündə 5-6 min, “Cəfər Cabbarlı” gündə 800, “Xətai” gündə 6-7 min sərnişin daşıyır.
Hər ildə bir metro stansiyasının tikilib istifadəyə verilməsi əsas vəzifədir...
Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı sayəsində Metropolitenin inşasının davam etdirilməsinin vacibliyi barədə Ulu öndər Heydər Əliyevin tövsiyəsi uğurla həyata keçirilir. Respublika paytaxtının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi sahəsində müəyyən edilmiş tədbirlər çərçivəsində metro tikintisi daha da genişləndirilib. Tikintisi planlaşdırılan stansiyaların sayına görə də Bakı Metropoliteni ilk yerlərdən birini tutur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti yeni tikiləcək “Müşfiq”, “Cavadxan” və “Avtovağzal” stansiyalarının girişinin inşası üçün torpaq sahəsi ayırıb. Hazırda hər üç stansiyanın inşası üzrə tikinti işləri davam etdirilir.
Metropolitenin yeni baş sxemi Bakının baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla hazırlanır. Həmin planda “Həzi Aslanov” stansiyasından Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrinin hər birinə yeni stansiyaların tikintisi nəzərdə tutulur. Həmçinin, “Müşfiq”, şərti adı “Əzizbəyov-2”, “Neftçilər-2” stansiyalarının və 1 deponun tikiləcəyi planlaşdırılıb. Bundan başqa, “Memar Əcəmi” stansiyasından Avtovağzala, buradan isə Xırdalana xətt çəkiləcək. “İçərişəhər” stansiyasından Badamdara da metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Yeni stansiyaların inkişaf planının layihəsini tenderdə qalib gəlmiş Fransanın “Sistra” firması, çexiya və Koreya respublikalarının şirkətləri həyata keçirir. Müqaviləyə əsasən, stansiyalar 14-16 aya təhvil veriləcək. “Müşfiq” hazırda inşası davam etdirilən “Azadlıq prospekti”ndən sonrakı stansiyadır. “Cavadxan” isə “Memar Əcəmi”də keçid stansiyası olacaq...
Bunun üçün əlavə yeni vaqonların gətirilməsi nəzərdə tutulub. Yeni qurulacaq stansiyalarda beş deyil, artıq yeddi vaqonlu qatarlar hərəkət edəcək, tunellərin diametri isə 5,5 metr deyil, 6 metr olacaq.
Bununla bərabər, “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər də xətlər planlaşdırılır. ümumilikdə, paytaxtda 68 stansiyanın fəaliyyət göstərməsi nəzərdə tutulub. Artıq bunların 21-dən istifadə olunur.
ötən ilin sentyabrında istismara verilmiş “Nəsimi” stansiyasının ağır hidrogeoloji şəraitdə inşa olunmasına baxmayaraq, işlər vaxtından tez yerinə yetirilib. Stansiyada ilk dəfə olaraq qatarların hərəkətinin tənzimlənməsi və texniki nəzarət kompüterləşdirilib. Dörd çıxışı olan stansiyada eskalatorlar quraşdırılıb. Paytaxtın 6-cı və 9-cu mikrorayonlarını birləşdirən stansiyanın ətrafı abadlaşdırılıb, yaxınlıqdakı binalarda təmir-bərpa işləri aparılıb.
Bu ilin dekabrında istifadəyə verilməsi planlaşdırılan “Azadlıq prospekti” stansiyasında tikinti-quraşdırma işlərinə 2007-ci ilin avqust ayından başlanıb. “Nəsimi” stansiyasını “Azadlıq prospekti” stansiyası ilə birləşdirəcək tunelin uzunluğu 1300 metrdir. ötən il burada işlərin gedişi ilə tanış olan möhtərəm Prezidentimiz İlham Əliyev stansiyanın daxili görünüşü ilə bağlı hazırlanmış layihəni özü şəxsən bəyənib.
Beləliklə, Bakı Metropoliteninin qarşısında böyük perspektivlər var və ölkənin sosial-iqtisadi inkişaf sürəti nəzərə alınmaqla hazırlanmış layihəyə əsasən, 2040-cı ilədək respublikamızın paytaxtında metro stansiyalarının sayının 68-ə çatdırılması nəzərdə tutulur. Hər ildə bir neçə metro stansiyasının tikilib istifadəyə verilməsi dövlətimizin başçısının bizim qarşımızda qoyduğu mühüm vəzifədir və metro inşaatçıları dövlətimizin dəstəyi ilə bu vəzifəni uğurla yerinə yetirmək əzmindədir.
Tağı ƏHMƏDOV,
Bakı Metropoliteni İdarəsinin rəisi
Paylaş:
Baxılıb: 1232 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30