Ana səhifə »  İqtisadiyyat »  Azərbaycanda sənayeləşmə siyasəti uğurla davam etdirilir
A+   Yenilə  A-
Azərbaycanda sənayeləşmə siyasəti uğurla davam etdirilir

Prezident İlham Əliyev: Qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir
Azərbaycan dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edərək yüksəksəviyyəli sənaye quruculuğunu özünün inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirib. Respublikamız sənaye quruculuğuna ciddi önəm verməklə, bu prosesi həm siyasi, həm də maddi cəhətdən dəstəkləməklə daxili istehlakda yerli məhsulların xüsusi çəkisini artırmaq, özünün ixrac imkanlarını genişləndirmək, eləcə də məşğulluq kimi ciddi sosial məsələnin həllində daha yaxşı nəticələrə nail olmaq niyyətindədir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə innovativ əsaslı sənaye quruculuğu siyasətini uğurla reallaşdırmaq üçün bütün şərtlər təmin edilib. Əlverişli investisiya mühiti, bütün sahələri əhatə edən mükəmməl infrastruktur, müxtəlif mallara daxili tələbatın kifayət qədər böyük olması, ixrac bazarlarının yaxınlığı, ayrı-ayrı istiqamətlərdə xammal təchizatında yerli komponentlərin üstünlük təşkil etməsi və bu kimi digər amillər ölkəmizdə müasir sənaye quruculuğu ilə bağlı geniş perspektivlər açır.
Ölkəmizin qeyri-neft sənaye məhsullarının istehsalında qazandığı uğur dünyada rekord sayıla bilər
Azərbaycanda tarixən neft-qaz hasilatı və emalı sənayesi yüksək inkişaf səviyyəsinə çatıb ki, bu da təbiidir. Abşeron yarımadası, Xəzərin Azərbaycan sektoru karbohidrogen ehtiyatları ilə zəngindir və buna müvafiq olaraq ölkəmizdə güclü neft-qaz sənayesi formalaşıb. Dünyada neft-qaz sənayesi ilə əlaqədar bir sıra ilklər məhz respublikamızın adı ilə bağlıdır.
Yeni şəraitdə isə Azərbaycanda milli iqtisadiyyatın şaxələndirilməsi strategiyası çərçivəsində qabaqcıl texnologiyalara əsaslanan qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət göstərilir. Belə ki, ölkəmizdə neftdənkənar sənaye müəssisələrinin yaradılmasına sərmayə qoyuluşu güclü şəkildə təşviq edilir, bu məqsədlə hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə müvafiq tədbirlər görülür. Son illərdə Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə reallaşdırılan islahatların böyük bir qismi məhz respublikamızda qeyri-neft sektoru üzrə sənaye quruculuğunun genişləndirilməsinə hesablanıb. Nəticə, əlbəttə ki, sevindiricidir. 2019-cu ilin əvvəlindən milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi məhz qeyri-neft sənayesində qeydə alınıb. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə söylədiyi nitqində bundan məmnunluğunu bildirən dövlətimizin başçısı deyib: “Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Qeyd etdiyimiz kimi, Azərbaycan müasir sənaye quruculuğu siyasətində dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnir və qlobal trendləri mütləq nəzərə alır. Ölkə miqyasında yüksəksəviyyəli infrastruktur təminatına malik sənaye parklarının yaradılması deyilənlərə misaldır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq rezidentlərin sənaye parklarına investisiya yönəltmələri güclü şəkildə təşviq edilir. Sənaye parkları üçün infrastruktur təminatı, bir qayda olaraq, dövlət vəsaiti hesabına yaradılır. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındığı gündən etibarən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azaddırlar. Sənaye parklarında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. İş adamları da yaradılan əlverişli şəraitdən, dövlət dəstəyindən maksimum dərəcədə bəhrələnməyə çalışaraq yeni istehsalatların yaradılmasına məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. İndiyədək sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Bəhs olunan layihələrin icrası nəticəsində 1,5 milyard manatlıqdan çox məhsul istehsal olunub. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrdə tanker və gəmilər, elektron təhsil avadanlıqları, metal konstruksiyalar, maşınqayırma avadanlıqları, polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar, polipropilen, pestisidlər, müxtəlif növ sürtkü yağları, xortumlar və fitinqlər, kabellər, polimer məmulatlar, texniki qazlar, aliminium və plastik profillər, pambıq iplikləri və s. istehsal edilir.
Ölkəmizdə Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı əsasında təşkil olunan Sumqayıt Kimya Sənaye Parkı respublikamızda yaradılan ilk və ən böyük sənaye parkıdır. Parkın 508 hektarlıq ümumi ərazisinin 450 hektarı sənaye zonasıdır. Artıq burada 75 faiz məskunlaşma qeydə alınıb. Hazırda parkın ərazisində 9 müəssisə fəaliyyət göstərir. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşdəki çıxışında sənaye parkını şəhər içində şəhər kimi səciyyələndirərək vurğulayıb: “Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 milyard dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 milyard dollara çatacaqdır”.
Azərbaycan dünyada kosmik sənayenin inkişafına böyük önəm verən ölkə kimi tanınır
Azərbaycanın qısa müstəqillik tarixində dünya kosmos ailəsinin üzvünə çevrilməsi ölkəmizdə innovativ əsaslı müasir sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyini əyani şəkildə təsdiqləyir. Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Qeyd edək ki, altmış səkkiz ölkədən 398 üzvü birləşdirən Beynəlxalq Astronavtika Federasiyası dünyada texniki sahədə mövcud olan ən böyük qurumlardan biridir. Beynəlxalq Astronavtika Konqresi də öz növbəsində istər iştirakçıların say baxımına, istərsə də burada müzakirə olunan məsələlərin vacibliyinə görə dünya miqyasında ən mötəbər tədbirlərdən biri sayılır. Tədbir çərçivəsində paytaxtımıza dünyanın texnoloji gündəliyini müəyyən edən qurumların rəhbərlərindən, nümayəndələrindən ibarət təxminən 6-7 min xarici qonağın gələcəyi gözlənilir. Belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququnun Bakıya həvalə edilməsi isə heç də təsadüfi deyil. Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayenin inkişafında böyük uğurlar qazanması Baş Assambleyadakı müzakirələrdə 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ilə bağlı qərarın dəstəklənməsinə öz müsbət təsirini göstərib. Hazırda respublikamız dünyada kosmik sənayenin inkişafına böyük önəm verən ölkə kimi tanınır. Prezident İlham Əliyev bu yaxınlarda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən ölkəmizin kosmik sənayenin inkişafında qazandığı uğurlardan məmnunluğunu bildirib. “Azərbaycanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlar doğrudan da çox təsirlidir. Gənc müstəqil ölkə üçün qısa müddət ərzində belə nailiyyətlərin əldə edilməsi böyük hadisədir. İndi bizim 3 peykimiz var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. ASC-nin yaradılmasından təxminən 3 il sonra - 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Azərbaycanın dünya kosmos ailəsinin tərkibində fəaliyyəti ilə bağlı qarşısına qoyduğu hədəflər isə daha genişdir. “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” yüksək ayırdetməli Yer səthini məsafədən müşahidə peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
2018-ci il sentyabrın 26-da isə Azərbaycanın sayca üçüncü peyki - “Azerspace-2”-ni orbitə buraxılıb. “Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edir.
Geniş texniki parametrlərə malik peyklərin uğurla orbitə buraxılması müstəqil Azərbaycanın siyasətini təzahür etdirir və ölkəmizin gücünü, qüdrətini göstərir. Belə genişmiqyaslı kosmik layihələri ancaq Azərbaycan kimi güclü dövlət reallaşdıra bilər.
“Azərkosmos” ASC-nin fəaliyyəti ilə bağlı statistika kifayət qədər sevindiricidir. Qurum 2019-cu ilin yanvar-sentyabr aylarında dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. ASC-nin 2019-cu ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.
Ölkənin sənaye xəritəsi regionlara doğru genişlənir
Əlamətdar haldır ki, respublikamızda yeni sənaye müəssisələri yalnız paytaxt Bakıda və digər iri şəhərlərdə yaradılmır. Azərbaycan sənaye müəssisələrinin yalnız iri şəhərlərdə təmərküzləşməsi ənənəsindən yan keçib. Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev respublikanın bütün bölgələrində sənaye məhəllələrinin və klasterlərinin yaradılması ilə bağlı qarşıya mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə ölkəmizin sənaye xəritəsi bölgələrə doğru genişlənir. Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışından sonra yerli sahibkarlarla görüşdəki çıxışında bildirib ki, bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. O cümlədən regional sənaye quruculuğunun həyata keçirilməsini uğurlu bir addım kimi səciyyələndirən dövlət başçısı “Ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Artıq həyat bunu göstərir. Bir neçə rayonda belə məhəllələr, sənaye parkları yaradılıb, o cümlədən Masallı rayonunda”, - deyə bildirib.
Ölkəmizdə ilk sənaye məhəlləsi dövlətimizin başçısının iştirakı ilə 2017-ci ildə Neftçalada açılıb. Həmin Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir.
Ötən il istifadəyə verilən Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı Sərəncamla yaradılıb. Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə 2017-ci ilin iyulunda başlanıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb, yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. İlk mərhələdə mebel, dam örtükləri və aksesuarları, dəmir məmulatları, döşək, taxta emalı və məmulatları istehsalı, taxta evlərin hazırlanması ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri yaradılıb.
Hazırda respublikanın daha bir neçə bölgəsində də sənaye məhəllələrinin təşkili istiqamətində intensiv iş aparılır. Qeyd edək ki, Azərbaycanın regionlarında həm sənaye məhəllələrində, həm də sənaye məhəllələrindən kənarda yeni istehsalatların yaradılmasına investisiyalar yönəldərkən ciddi bazar araşdırmaları aparılır. Daxili bazarda böyük tələbat duyulan, eyni zamanda, ixrac potensialı yüksək olan məhsulların istehsalı nəzərdə tutulan müəssisələrin yaradılmasına daha çox üstünlük verilir.
Bir qədər bundan əvvəl Abşeron rayonunun ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodunun yaradılması deyilənləri bir daha təsdiqləyir. “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq ki, bu da zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək.
Yeni müəssisələr hesabına Azərbaycandan sənaye məhsullarının ixracı artır
Yuxarıda vurğulandığı kimi, Azərbaycanda müasir sənaye quruculuğu yalnız daxili tələbatın yerli istehsal hesabına ödənilməsi baxımından deyil, eyni zamanda, xarici bazarlara daha çox rəqabətqabiliyyətli məhsullar çıxarmaq nöqteyi-nəzərindən də böyük önəm daşıyır. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bir qədər bundan əvvəl “İxrac İcmalı”nın 2019-cu ilin oktyabr sayını təqdim edib. İcmaldan da göründüyü kimi, respublikamızdan ixrac həcmləri getdikcə artır. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sektoru üzrə 1 milyard 413 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 9 ayında qeyri-neft sektoru üzrə ixrac 206 milyon ABŞ dolları və ya 17 faiz artıb.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdən ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında sənaye məhsullarının da çəkisi böyükdür. Ümumiyyətlə, 2019-cu ilin 9 ayı ərzində plastmas və onlardan hazırlanan məmulatların ixracı 152 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, pambıq lifi ixracı 86,7 milyon, kimya sənayesi məhsullarının ixracı 76,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,7 milyon, şəkər ixracı 23,2 milyon, pambıq ipliyi ixracı 22,5 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 20,3 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 59 faiz, pambıq lifinin ixracı 38 faiz, kimya sənayesi məhsullarının ixracı 35 faiz, pambıq ipliyinin ixracı 32 faiz, meyvə-tərəvəzin ixracı 14 faiz, şəkər ixracı 12 faiz, elektrik enerjisinin ixracı 6 faiz artıb.
O cümlədən yeni yaradılan sənaye müəssisələri ölkəmizdən ixrac həcmlərinin artmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı yeni istehsalatların üstünlüklərinə diqqət çəkərək bildirib: “Son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür”.
Haqqında bəhs olunan “SOCAR-Polymer” layihəsinin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR Karbamid” zavodu da geniş istehsal imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR Karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Yeri gəlmişkən, məmnunluq hissi ilə vurğulayaq ki, Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.
Sahibkar Fərman İslamlı məlumat verib ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan “Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstana, Ukraynaya və Qazaxıstana ixrac olunur. Atıq ABŞ-a da məhsul ixracına başlanıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7770  |  
  • Tarix:  08-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi
02 Aprel 12:22
Operativ Qərargah: İnsanların ciddi şəkildə özünü təcridi üçün şərait yaradılıb
02 Aprel 12:18
Koronavirusa 41 yeni yoluxma halı qeyd olunub
02 Aprel 11:56
Yaqut Qarayeva: Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir
02 Aprel 11:19
Naqif Həmzəyev: Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi
02 Aprel 11:00
Xərçəng xəstələrinə koronavirusla bağlı onkoloji tövsiyələr
02 Aprel 10:52
Yol polisi: Bu günədək 16 min 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
02 Aprel 10:45
Şanlı Aprel döyüşlərindən dörd il ötür
02 Aprel 10:32
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı müraciət edib
02 Aprel 10:12
Kəlbəcərin işğalından 27 il ötür
01 Aprel 20:14
Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür
01 Aprel 20:05
Aydın Hüseynov: Azərbaycan dövləti bu proqramlarla özünün iqtisadi və sosial gücünü bir daha nümayiş etdirdi
01 Aprel 20:02
Sahib Məmmədov: Fəaliyyətini şəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan sahibkarlar dəstəkdən daha çox faydalanacaqlar
01 Aprel 19:59
Fikrət Yusifov: Dövlətdən öz zərərlərini bağlamaq üçün dəstək alan hər bir sahibkar daha dürüst olmağa borcludur
01 Aprel 19:57
İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb
01 Aprel 19:54
ÜST-nin Baş direktoru COVID-19-un təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin siyasətini təqdir edir
01 Aprel 17:25
“ASAN xidmət” vətəndaşlara #OGünGələcək pozitiv mesajını ötürüb
01 Aprel 17:21
Prezident İlham Əliyev Şamil Ayrımı “Dostluq” ordeni ilə təltif edib
01 Aprel 17:09
Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
01 Aprel 17:07
İtaliya XİN Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” tanımadığını bəyan edib
01 Aprel 16:57
Şamil Ayrım: İşğalçı Ermənistanın növbəti təxribatçı əməli sülh danışıqlarına zərbədir
01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:50
Elçin Əhmədov: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən “seçkilər” oradakı cinayətkar rejimin özü kimi qondarmadır
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA