
Azərbaycan zəngin neft-qaz ehtiyatlarına malik bir ölkə kimi, təbii olaraq, bu resurslardan gəlir mənbəyi şəklində istifadə edir. Lakin bu da bir həqiqətdir ki, regionun əsas enerji ixracatçısı olan respublikamız düzgün qurulmuş enerji siyasəti nəticəsində iqtisadiyyatın digər sahələrində də sürətli irəliləyişə nail olub. Təkcə bu ilin birinci yarısının iqtisadi göstəriciləri qeyri-neft sektorunun inkişafında əldə olunan irəliləyişi görməyə imkan verir. Belə ki, cari ildə neft sektorunda artım 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olub. Bu isə o deməkdir ki, qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü siyasət öz müsbət nəticələrini verməkdədir. Respublikanın istehsal sahəsinə böyük töhfələrdən biri də bu günlərdə “Akkord” qranit-mərmər zavodunun açılması oldu. Açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi zavod, müasir avadanlıqlarla təchiz olunan geniş istehsal imkanlarına malik bir müəssisədir.
Son illər ölkədə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat, əslində, sözügedən istehsal müəssisəsinin tikilməsi zərurətini ortaya çıxarmışdı. Əlavə edək ki, zavodun tikilməsinə və yenidən qurulmasına sərf olunan 19 milyon manat vəsaitin 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti, qalanını isə “Akkord” şirkətlər qrupunun sərmayəsi təşkil edib. Zavod və daş karxanalarında ümumilikdə 200-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulub.
Sözügedən istehsal müəssisəsinin tikilməsi Azərbaycanda istehsal sənayesinin və azad sahibkarlığın inkişafından xəbər verir. Məlum olduğu kimi, Sovetlər birliyinin tərkibindən ayrılandan sonrakı ilk illərdə ölkəmizdə fəaliyyət göstərən zavod və fabriklərin əksəriyyəti fəaliyyətini dayandırmış, istehsal sənayesi tənəzzülə uğramışdı. Bunun da nəticəsində, Azərbaycan demək olar ki, tamamilə idxal məhsullarından asılı vəziyyətə düşmüşdü. Bununla belə, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra istehsal müəssisələrinin yenidən qurulması yönündə həyata keçirdiyi tədbirlər nəticəsində sözügedən sahədə canlanma yarandı. Bu strategiyanın günümüzdə də davam etdirilməsi sayəsində isə artıq ölkəmizdə qeyri-neft sahələrində istehsal olunan bir çox məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunur.
Xatırladaq ki, bir müddət öncə 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edən Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğulayıb: “Bu gün Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və bildiyiniz kimi, biz bu gün qeyri-neft sektorunun inkişafına üstünlük veririk”.
Qeyd etdiyimiz kimi, respublikamızın iqtisadi inkişafında müsbət tendensiyalardan biri də neft və qazın satışından əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsidir. Dövlət başçısının sözügedən iclasda səsləndirdiyi fikirlər həmin uğurlu strategiyanın bundan sonra da davam etdiriləcəyini deməyə əsas verir: “Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib, Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın”.
Enerji satışından gələn gəlirlərin idarə olunması üzrə uzunmüddətli strategiya isə bu istiqamətdə işlərin planlı və sistemli şəkildə həyata keçirilməsinə imkan verir. Neft və qaz gəlirlərinin idarə olunması üzrə 2005-2025-ci illəri əhatə edən uzunmüddətli strategiyanın təsdiq olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il Fərmanında da göstərildiyi kimi, qeyri-neft sektorunun uzunmüddətli dövr ərzində neft və qaz gəlirləri hesabına inkişafı ölkənin xarici borclara ehtiyacının azaldılmasına xidmət edir. Bu isə o deməkdir ki, Azərbaycanın öz gəlirləri daxili iqtisadi inkişafı təmin etməyə imkan yaradır. Bununla belə, azad bazar iqtisadiyyatının bərqərar olduğu ölkəmiz xarici investisiyalar üçün açıqdır. Bu gün respublikada yaradılan əlverişli iqtisadi mühit yerli sahibkarların və xarici şirkətlərin müxtəlif sahələrə investisiyalar yatırmasına geniş imkan yaradır. Dünya iqtisadiyyatında gedən proseslərin təsirilə əksər beynəlxalq səviyyəli şirkətlərin və ölkələrin xərclərini kəskin şəkildə azaltmasına baxmayaraq, bu, Azərbaycana xaricdən gələn investisiyaların həcminə əhəmiyyətli təsir göstərməyib. Eyni zamanda, ölkənin daxili valyuta ehtiyatları və sahibkarlığın inkişafına yaradılan hərtərəfli imkanlar daxili investisiya qoyuluşunun artmasına da müsbət təsir göstərib. Bir faktı vurğulamaq yerinə düşər ki, bu ilin ilk altı ayında ölkə iqtisadiyyatına 3,8 milyard dollar həcmində investisiya qoyulub ki, bunun da təxminən 3 milyard dollarını daxili sərmayələr təşkil edir. Daxili investisiyaların qoyuluşunda həm dövlət, həm də özəl şirkətlər fəal iştirak edir. ölkəmizdə azad sahibkarlığın inkişafını təmin edən başlıca amillərdən biri məhz rəqabətli bazar mühitidir. Sevindirici haldır ki, sahibkarlığın inkişafı bilavasitə dövlətin prioritetləri sırasındadır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər də bilavasitə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına yönəlib. Belə ki, hər il dövlət tərəfindən sahibkarlara ayrılan böyük həcmdə kreditlər kənd təsərrüfatının, turizm sahəsinin inkişafına, infrastruktur layihələrin qısa zaman ərzində reallaşmasına təkan verir.
Azərbaycan iqtisadiyyatının dayanıqlı və rəqabətədavamlı olmasını ölkəmizin ötən il baş verən dünya iqtisadi böhranından ciddi zərər çəkməməsi faktı da təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət dəyərləndirilir və ölkəmizin kredit reytinqləri ildən-ilə artır. Beləliklə, bu gün qeyri-neft sektorunun inkişafı istehsalın artmasına, yeni iş yerlərinin yaradılmasına və bütövlükdə ölkə iqtisadiyyatının irəliləməsinə zəmin yaradan əsas amil kimi çıxış edir.
Hülya MƏMMƏDLİ
- Oxunub: 16290 |
- Tarix: 11-08-2010 |
-
Çap et |