Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanda regionların sosial-iqtisadi inkişafı strateji prioritet kimi müəyyənləşdirilib

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı strateji prioritet kimi müəyyənləşdirilib

02.09.2015 [10:06]

Ölkəmizin sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı mütəmadi olaraq artır
Sirr deyil ki, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.
Azərbaycanın dinamik inkişafı keyfiyyətcə yeni mərhələdə...
Ümumiyyətlə, həyata keçirilən rasional iqtisadi inkişaf strategiyası və praqmatik islahatlar sayəsində bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bütün bunların fonunda hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması kimi tədbirlər milli inkişafın Azərbaycan modelinin yaranmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmizdə hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Dolayısıyla, yüksək beynəlxalq nüfuza və əsaslı ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın dinamik tərəqqisini təmin edən başlıca amil praqmatik inkişaf strategiyasının həyata keçirilməsidir. Bu strategiya bütün sahələrin inkişafının təmin olunmasını nəzərdə tutmaqla yanaşı, həm də özündə kompleks islahatları ehtiva edir. Təsadüfi deyil ki, Azərbaycanın inkişaf platforması ildən-ilə yeni iqtisadi proseslərin, industrial cəmiyyət quruculuğunun və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir.
Əlbəttə ki, həyata keçirilən institusional islahatlar, praqmatik tədbirlər davamlı iqtisadi inkişafın əsası qismində çıxış edir. Statistik göstəricilər sosial-iqtisadi siyasətin səmərəliliyini əks etdirməklə yanaşı, gələcəyə nikbin baxmağa əsas verir. Belə ki, Azərbaycan iqtisadiyyatı son 6 ayda 5,7 faiz artıb. Buna paralel olaraq qeyri-neft sektorunda 9,2 faiz artım qeydə alınıb, sənaye istehsalı isə təxminən 4 faiz artıb. Bu sırada qeyri-neft sənayesinin 14 faizdən çox artmasını da xüsusi vurğulamaq lazımdır.
Beləliklə, Azərbaycan Respublikasının dinamik iqtisadi tərəqqisi bütün sahələrin paralel inkişafına strateji töhfələr verir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun mühüm bölməsi olan sənayenin inkişafına xüsusi əhəmiyyət verilir. Zəngin yerli xammal, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi sənaye sektorunun son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Sənayenin strukturuna diqqət yetirdikdə qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Regionların tarazlı inkişafı ümuminkişaf prosesinə mühüm töhfədir
Başlıca məqam budur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.
Tərəddüdsüz qeyd etmək olar ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə yerlərdə istehsal və emal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Bu məqamda vurğulamaq gərəkdir ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: ötən müddət ərzində Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə nail olan modern dövlətə çevrilib. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın dinamik inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Ümumilikdə, ölkəmizdə son 11 il ərzində ümumi daxili məhsul 3 dəfədən çox, qeyri-neft sektoru 2,6, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə düşüb. Respublikamızda işsizlik cəmi 5 faiz civarındadır. Hazırda Azərbaycan geniş maliyyə imkanlarına malik ölkələr sırasında yer alır. Ölkəmiz ÜDM-in cəmi 10 faizi həcmində xarici borclanmaya malikdir ki, bu da çox yaxşı göstəricidir. Paralel surətdə Azərbaycanın idxaldan asılılığı aradan qalxıb və ölkəmizin qeyri-neft məhsullarının ixracı üzrə geniş potensialı bərqərar olub.
Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib
O da qeyd edilməlidir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Regionların sosial-iqtisadi inkişafını əsaslandıran Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib.
Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına təkan verən addımlarından biri də sahibkarlara güzəştli kreditlərin ayrılmasıdır.
Dövlət başçısının müvafiq göstərişlərindən sonra respublikada iri, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, yüksəkkeyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı, ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması istiqamətində işlər görülüb. Xüsusən bölgələrdə kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın qeyri-neft sahəsində yeni iş yerlərinin açılmasına imkan yaradıb.
Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, son illərdə regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir. Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən, birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib.
Bu gün bölgələrin hər bir guşəsində quruculuq işlərinin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır. Amma qarşıdakı illərdə yeni dövrün tələbləri başqa cür olacaq. Azərbaycan inkişaf etdikcə ölkə qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi məsələlər meydana çıxmaqdadır. Dövlət isə bütün bu tədbirləri də perspektiv inkişaf planında nəzərə alacaq, gələcəkdə daha yeni layihələrin hazırlanaraq həyata keçirilməsinə qərar verəcək.
Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr reallaşdırılır
Qeyd etdiyimiz kimi, ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. O da xüsusi olaraq qeyd edilməlidir ki, bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Ümumiyyətlə, Azərbaycanda hər bir sahədə müşahidə edilən yüksək inkişaf tendensiyası nəqliyyat sektorunda da nəzərə çarpmaqdadır. Təsadüfi deyil ki, nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişafı istiqamətində ardıcıl və yüksək göstəricilərə əsaslanan uğurlu addımlar atılmaqdadır. Belə ki, atılan bu addımlarla mövcud zəngin potensialdan səmərəli şəkildə istifadə edilərək yol infrastrukturunun və buna yanaşı sahələrin inkişafı istiqamətində uğurlu nəticələr əldə edilir. Bununla da nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində qarşıda duran bütün vəzifələr uğurla reallaşdırılır. Bu isə onu deməyə əsas verir ki, bu sahə davamlı iqtisadi inkişafın başlıca strateji istiqamətlərindən və göstəricilərindən birini təşkil etməkdədir. Ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri, eləcə də, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sosial, iqtisadi, mədəni, ekoloji və digər sahələr baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Belə ki, nəqliyyat sisteminin təkmilləşdirilməsi və bu yöndə aparılan abadlıq-quruculuq işlərinin daha da intensivləşdirilməsi vətəndaşlara daha təhlükəsiz, iqtisadi cəhətdən əlverişli və rahat nəqliyyat əlaqəsi yaratmağa imkan verir...
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunel və yol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminal binası isə ötən il istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilir və bu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.
Vurğulamaq gərəkdir ki, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpü və yol ötürücüləri tikilib və ya təmir olunub. O cümlədən, cari ilin birinci rübündə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Haqqında bəhs olunan layihələrin 2015-ci ilin sonunadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.
Bu kontekstdə avqustun 24-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon (bir milyon beş yüz min) manatı Sabirabad rayon İcra Hakimiyyətinə ayrılıb. Sərəncamla Maliyyə Nazirliyinə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb. Qeyd edək ki, ötən ilin dekabrında Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində bu yolun müəyyən hissəsinin açılışında iştirak edib.
Beləliklə, regionların inkişafının fonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi də xüsusi diqqət mərkəzindədir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30