Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın ərzaq təminatında broyler quşçuluq təsərrüfatlarının rolu getdikcə artır

Azərbaycanın ərzaq təminatında broyler quşçuluq təsərrüfatlarının rolu getdikcə artır

17.11.2015 [10:01]

Son illərdə regionlarda sənaye quşçuluğunun intensiv inkişaf etdirilməsi sayəsində respublikanın quş ətinə olan tələbatı 97 faiz, yumurtaya olan tələbatı isə 100 faiz daxili istehsal hesabına təmin olunur
Hazırda Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bu istiqamətdə zəruri tədbirlər həyata keçirilib və son dərəcə yaxşı nəticələr qazanılıb. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bu strateji hədəflə bağlı fikirlərini ifadə edərək deyib: “Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik!”
Müasir dövrdə ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır
Ölkəmizin yaxın perspektivdə etibarlı ərzaq təminatının yaradılmasına nail olunması ilə bağlı hədəf müəyyənləşdirməsi ilk növbədə müasir dünya çağırışları ilə bağlıdır. İndiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən biri qismində çıxış edir. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir k, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Ciddi narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmə, iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.
Bütün bu faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur. Dövlət başçısı haqqında bəhs olunan konfransdakı nitqində ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün böyük önəm daşıdığını xüsusi olaraq nəzərə çatdırıb.
Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün geniş imkanlara malikdir
Qeyd edək ki, Azərbaycanın özünün ərzaq təhlükəsizliyini daxili istehsal hesabına təmin etməyə hər cür imkanı var. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Eyni zamanda, ölkəmizdə dövlət tərəfindən aqrar sektorun inkişafına, o cümlədən də daxili istehsal hesabına ölkənin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına güclü siyasi iradə nümayiş etdirilir və hərtərəfli maliyyə, təşkilati-texniki dəstək göstərilir. Ölkəmizdə ərzaq təhlükəsizliyinə nail olunması dövlətin iqtisadi sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Qarşıya qoyulan hədəf isə belədir: Növbəti 5 il ərzində ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapmalıdır.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.
Ölkədə ərzaq təminatı ilə bağlı sahələrin inkişafına çoxşaxəli dövlət qayğısı göstərilir
Ölkəmizdə aqrar sektorun, o cümlədən də ərzaq təminatı ilə bağlı sahələrin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Bu barədə söhbət açarkən Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizinin kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilməsini xüsusi vurğulamaq gərəkdir. Respublikamızda müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılıb.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında qarşıya qoyduğu hədəf isə belədir: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.
Broyler quşçuluq təsərrüfatları ölkənin ərzaq təminatının ödənilməsində mühüm rol oynayırlar
Son illərdə ölkəmizdə ərzaq təminatı ilə bağlı digər sahələr kimi, sənaye quşçuluğunun inkişafı da diqqət mərkəzində saxlanılır. Respublikada sənaye üsulu ilə quş əti istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən, eləcə də quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunub. Həmçinin yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb. Bütün bunların nəticəsidir ki, respublikamızın ərzaq təminatının daxili istehsal hesabına ödənilməsində broyler quşçuluq təsərrüfatlarının çəkisi getdikcə yüksəlir. Məlumdur ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda ölkədə sənaye quşçuluğunun inkişafı ilə bağlı bir sıra hədəflər qoyulub. Artıq inamla söyləmək mümkündür ki, bu hədəflərə çatılması istiqamətində böyük işlər görülüb və bu gün sənaye quşçuluğu Azərbaycanın daxili istehsal hesabına ərzaq təminatında əhəmiyyətli mövqe tutur. Bəhs olunan Dövlət Proqramında 2015-ci ildə ölkədə quş əti istehsalının illik həcminin 80 min tona çatdırılmasının nəzərdə tutulmasına baxmayaraq, hələ 2013-cü ildə bu sahədə istehsal 98 min tona çatdırılmaqla hədəflənən göstəricinin 35 faiz üstələnməsinə nail olunub. Hərtərəfli dövlət qayğısı sayəsində sənaye quşçuluğunda istehsalın həcmi 2007-ci ilə nisbətən 57 faiz artaraq 61.9 min tondan 1914-cü ildə 99,4 min tonadək yüksəlib. Yerli istehsalın artması və daxili bazarı yüksək keyfiyyətli məhsulla təmin etməsi öz növbəsində respublikamıza xaricdən quş ətinin ixracının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. 2007-ci ildə ölkəyə 21.2 min ton quş əti idxal olunsa da, bu rəqəm son illərdə 3.8 min tonadək azalıb. Qeyd edək ki, quş əti üzrə ölkədaxili tələbat illik təxminən 100 min tondur və hazırda bu tələbatın 97 faizi yerli istehsal hesabına təmin olunur.
Sənaye quşçuluğunun inkişafı ölkədə həmçinin yumurta istehsalının artması ilə nəticələnib. Belə ki, respublikamızda 2010-cu ildən bəri yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 mlrd. ədəd təşkil edib. Qeyd edək ki, hazırda yumurtaya olan tələbat 100 faiz daxili istehsal hesabına təmin olunur.
Məmnunluq hissi ilə vurğulamaq lazımdır ki, hazırda Azərbaycanın sənaye quşçuluğunun intensiv inkişafı sayəsində ölkəmizin bu sahədə müəyyən həcmlərdə ixrac imkanları da yaranıb. Yüksək keyfiyyətli Azərbaycan məhsulları xarici istehlak bazarlarında bir qayda olaraq müştəri məmnunluğu ilə qarşılanır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 1101 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31