Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında maldarlığın inkişafında intensiv metodlardan geniş istifadə edilir

Azərbaycanın regionlarında maldarlığın inkişafında intensiv metodlardan geniş istifadə edilir

20.02.2016 [09:47]

Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub ki, bunun da sayəsində məhsuldarlıq artıb
Son illərdə Azərbaycanda müasir çağırışlar nəzərə alınmaqla müəyyənləşdirilən iqtisadiyyatın şaxələndirilməsi strategiyasında həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub. Bu da təsadüfi deyil. Respublikamızın güclü iqtisadi potensialı, coğrafi amillər, tarixən formalaşan ənənələr, əhalinin təxminən yarısının bölgələrdə məskunlaşması və digər bu kimi amillər ölkədə aqrar sektorun inkişafına güclü stimul verir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində kənd təsərrüfatını ölkəmizin qeyri-neft ixracını, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək sahə kimi səciyyələndirib: “Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə keçən il “Kənd təsərrüfatı ili” olmuşdur. Ancaq hesab edin ki, bu il də “Kənd təsərrüfatı ili”dir. Hər il “Kənd təsərrüfatı ili” olmalıdır”.
Aqrar sektorun inkişaf dinamikası heyvandarlıqda da qabarıq şəkildə nəzərə çarpır
Qeyd edək ki, respublikanın regionlarında aqrar sektorun inkişafında dövlət başçısı səviyyəsində güclü siyasi iradə nümayiş etdirilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. “Kənd təsərrüfatı ili”ndə respublikanın aqrar sektorunda 7 faizədək artım qeydə alınıb.
Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. Ötən il respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, cari ildə də respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində artım baş verəcək. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
Ət və ət məhsulları istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır
Məlumdur ki, son illərdə bütün dünyada aqrar sektorun digər istiqamətlərində olduğu kimi, heyvandarlıqda da meydana çıxan yeni çağırışlar, ilk növbədə, bu sahədə intensiv metodların tətbiqi ilə bağlıdır. Ölkəmizdə də heyvandarlıqda seleksiya işinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına böyük diqqət yetirilir. Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ölkəyə həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalanma işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb.
Digər tərəfdən, süni mayalama xidmətlərinin genişlənməsi və müasirləşdirilməsi də davam edir. Prezident İlham Əliyevin Sərəncamı ilə Respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması üçün vəsait ayrılıb. Mərkəz yaxın aylarda işə başlayacaq. Bundan sonra ölkəni müxtəlif cins heyvanların toxumları ilə tam təmin etməklə yanaşı, həm də ixrac potensialı yaradılacaq. Bununla yanaşı, ölkəyə yüksək məhsuldar heyvan cinslərinin gətirilməsi və lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması da davam edəcək. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində ölkə miqyasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edərək deyib: “Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürübdür. Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaqdır”.
Normativ-hüquqi bazanın möhkəmləndirilməsi maldarlıqda intensiv metodların tətbiqinə əlavə stimul verir
Ölkənin regionlarında heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat vəsait ayrılması tapşırılıb. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya verilməsi nəzərdə tutulub. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsi qaydaları hazırlanıb.
Heyvandarlıq üzrə ailə-fermer təsərrüfatlarının yaradılması pilot layihəsi böyük perspektivə malikdir
Respublikamızda heyvandarlığın intensiv inkişafına nail olunması məqsədilə həyata keçirilən ailə-fermer təsərrüfatlarının yaradılması pilot layihəsi də böyük perspektiv vəd edir. Ötən ilin əvvəlində start verilən layihəyə əsasən Ağcabədi, Bərdə və İmişli rayonlarında 5-10 başlıq kiçik ailə təsərrüfatlarının yaradılmasına kreditlər ayrılır. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə kəndli təsərrüfatını əhatə edir. Layihə çərçivəsində bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulub. Pilot layihəyə uyğun olaraq Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar ötən il noyabr ayının sonlarında Ağcabədi rayonunun Təzəkənd kəndində yaradılmış 25 fermer təsərrüfatına verilib.
“Qəbələ-Aqro Kompleks” MMC tərəfindən xaricə cins heyvan ixracı çox yaxşı nümunədir
Qeyd etdiyimiz kimi, ölkənin regionlarında maldarlığın intensiv metodlarla inkişaf etdirilməsi kifayət qədər yaxşı nəticələr verir. Bu yaxınlarda “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən xarici ölkəyə - Türkmənistana cins heyvan ixracı da olduqca yaxşı nümunədir. Qalib Əbdüləliyev bildirib ki, müstəqillik dövründə ilk dəfədir ki, biz yüksək məhsuldar “Simmental” cins düyələri xarici ölkəyə ixrac edirik. “Qəbələ-Aqro Kompleks”də 1600 başdan çox ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvan saxlanılır. “Həmin heyvanlar gündə orta hesabla 25 litr, ildə isə 6700 litrdən çox süd verir. Bu sahədə ixrac davamlı olacaq. Əlbəttə, istərdik ki, təkcə “Qəbələ-Aqro Kompleks”ində deyil, digər təsərrüfatlarda da heyvanların, eləcə də müxtəlif heyvandarlıq məhsullarının ixracı mümkün olsun” - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi vurğulayıb.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 972 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30