Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli inkişafına təkan verib

Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli inkişafına təkan verib

03.03.2016 [10:01]

Bu inkişafı cənub bölgəsinin timsalında da aydın görmək mümkündür
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan dünyanın əksər ölkələri üçün nümunə təşkil edir. Buna səbəb isə düşünülmüş və ardıcıl surətdə islahatarın həyata keçirilməsi, ölkənin ümumi tərəqqisini təmin edən Dövlət proqramlarının uğurla reallaşdırılmasıdır. Məhz bu kontekstdə 2015-ci il də bütövlükdə ölkəmiz üçün uğurlu il olub. Əvvəlki illərdə olduğu kimi ötən il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı işlər görülüb, ölkəmizin dinamik inkişafı təmin edilib. Ötən il ölkə iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edib, sosial layihələrin icrası təmin olunub. Yeri gəlmişkən, Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biri olmaqla beynəlxalq maliyyə qurumlarının da diqqət mərkəzindədir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, öz növbəsində, ölkəmizin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial rifah halının daha da yüksəlməsinə geniş imkanlar açıb. Qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları üzrə ardıcıl olaraq həyata keçirilən layihələr isə şəhər, qəsəbə və kəndlərimizin abadlaşması ilə nəticələnib.
Bir sözlə, ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli inkişafına təkan verib və bu inkişafı cənub bölgəsinin timsalında da aydın görmək mümkündür. Hər halda sözügedən regionun əhatə olunduğu rayonlarda, o cümlədən Astarada ötən il ərzində əldə edilən nailiyyətlər də belə deməyə əsas verir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2015-ci ilin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin aprelin 11-də Astaraya növbəti səfəri olub. Səfər zamanı dövlətimizin başçısı 12 min nəfər əhalinin yaşadığı və 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını edib, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Dövlət başçısı səfərdən sonra Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı Sərəncam imzalayıb.
Ümumiyyətlə, 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən il Astara rayonunda bir sıra infrastruktur layihələri reallaşdırılıb. Belə ki, hesabat ilində 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi yekunlaşıb, 860 şagird yerlik Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması davam etdirilib, ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə start verilib. Ötən il Pensər çayı üzərində 2 avtomobil körpüsü tikilib istifadəyə verilib, Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsinə başlanılıb.
Rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması istiqamətində atılan addımlar çərçivəsində Kijəbə-Burzuband avtomobil yoluna, Siyaku kənddaxili yollarına, Rüdəkənar kənddaxili yollarına asfalt salınıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Siyaku-Marzəsəy, Sığəkəran və Siyakeş kənd avtomobil yollarına çınqıl materialı döşənib, kəndlərarası yollarda müxtəlif texnikalarla hamarlama işləri aparılıb. Pensər çayının Şəmətük kəndindən keçən hissəsində uzunluğu 18 metr, Şiyəkəran kəndindən keçən hissəsində isə uzunluğu 45 metr olan avtomobil körpüləri tikilib istifadəyə verilib.
Rayon sakinlərini illərdən bəri narahat edən əsas problemlərdən biri də Astara şəhərinin əhalisinin içməli su ilə təminatının olmaması idi. Və 2015-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə əhalinin bu narahatçılığına son qoyulacaq. Magistral su xəttinin 8 km hissəsində işlər tamamlanıb, hazırda burada xətt tikintisi davam etdirilir.
Ötən il rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam edib, əvvəlki illərdə qaz almayan, ümumi abonent sayı 827 olan Çayoba və Tüləküvan kəndlərinin qazlaşdırılması təmin edilib. 2015-ci il ərzində rayon üzrə ümumilikdə 1424 evin qazlaşdırılması həyata keçirilib.
Eyni zamanda, rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər çərçivəsində ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif gücdə olan transformator və naqillər yenilənib, dəmir dayaqlar basdırılıb.
2015-ci ildə rayon Telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 730 min manat təşkil edib. İl ərzində bir sıra yaşayış məntəqələrinin kabel xətlərində təmir işləri aparılıb, telefon rabitəsinin dayanıqlılığı əsasən təmin edilib.
2015-ci ilin “Kənd təsərrüfatı ili” olması ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət daha da artırılıb. Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 253 min manat dəyərində güzəştli kreditlər verilib. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 105 min manat subsidiya verilib, fermer təsərrüfatlarına və fiziki şəxslərə 501 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 343 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar, 151 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına lazımi aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilib, suötürücü kanallar təmizlənib. Ümumilikdə rayon üzrə 421 ton yaşıl çay yarpağı yığılaraq emal müəssisələrinə təhvil verilib.
Rayonda çəltikçiliyin inkişafı istiqamətində də müəyyən işlər görülüb. 65 hektar sahədə çəltik əkini aparılıb, 254 ton məhsul əldə edilib. 86 hektar buğda, 517 hektar paxlalı bitkilər, 234 hektar qarğıdalı, 1351 hektar kartof, 2727 hektar faraş tərəvəz, 916 hektar dənli bitkilər, 539 hektar bostan bitkiləri, 1124 hektar sahədə yonca əkilib.
2015-ci ildə iribuynuzlu mal-qaranın sayı 46 min 900 baş, xırdabuynuzluların sayı 28 min 600 baş olub. 3723 ton diri çəkidə ət, 30 min 150 ton süd, 25 ton yun, 11 milyon 400 min ədəd yumurta istehsal olunub.
Rayonda suvarma əsasən açıq kanallar vasitəsilə aparılır. İl ərzində ümumilikdə rayon ərazisində 115 min 900 paqonometr suvarma və suötürücü kanallar, 4500 paqonometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Rayonun Rudəkənar yaşayış məntəqəsində subartezian quyusunun qazılması başa çatdırılıb, Artupa və Maşxan kəndlərində quyuların qazılması işləri davam etdirilir.
Cənub regionunun aparıcı rayonlarından olan Lənkəranda da 2015-ci ildə sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr əldə edilib. Öncə qeyd edək ki, ötən il aprelin 11-də Prezident İlham Əliyevin Lənkərana növbəti səfəri rayonun ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşüb. Səfər zamanı dövlətimizin başçısı yeni obyektlərin açılış mərasimlərində iştirak edib.
Ümumiyyətlə, ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 350,3 milyon manat olub. Bu, əvvəlki illə müqayisədə 0,6 faiz çoxdur. Bu dövrdə rayonda 2825 yeni iş yeri açılıb ki, onun 2212-si daimi iş yeridir.
2015-ci il Lənkəranda bir çox sahələrdə olduğu kimi, aqrar sahədə də uğurlarla yadda qalıb. Belə ki, “Kənd təsərrüfatı ili”ndə rayonda əkilmiş 8112 hektar sahənin 5138 hektarını tərəvəz, 1480 hektarını dənli bitkilər, 576 hektarını kartof, 282 hektarını bostan bitkiləri, 579 hektarını yem bitkiləri təşkil edib. İl ərzində rayonda 126 min ton tərəvəz, 101 ton yaşıl çay yarpağı, 3124 ton taxıl məhsulları, 343 ton çəltik, 5115 ton kartof və 2548 ton bostan məhsulları istehsal edilib, meyvə bağlarından 17272 ton məhsul yığılıb.
Hesabat ilində rayonda heyvandarlıq məhsullarının istehsalı sahəsində də artım qeydə alınıb, 6451 ton ət, 32885 ton süd, 38,6 ton yun, 15,6 milyon ədəd yumurta istehsal edilib.
Eyni zamanda, ötən il rayonda sosial məsələlərin də həllinə diqqət artırılıb, bir sıra yeni obyektlər tikilərək istifadəyə verilib. Lənkəran şəhərində 29 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir edilib, 14 binanın fasadı yenilənib.
Doqquz yaşayış məntəqəsini birləşdirən 11,2 kilometr uzunluğunda Aşağı-Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 3,2 milyon manat vəsait hesabına əsaslı təmir olunaraq asfaltlanıb. Eyni zamanda, digər Sərəncama əsasən ayrılmış 5,6 milyon manat vəsait hesabına 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yoluna asfalt döşənib.
Əvvəlki illərdə olduğu kimi, ötən il də rayon əhalisinin fasiləsiz içməli su, təbii qaz və elektrik enerjisi ilə təmini məsələsi diqqət mərkəzində olub. Ümumiyyətlə, rayonun yaşayış məntəqələrində 42117 abonent təbii qazla təmin olunub. Bu, ümumi abonentlərin 87 faizini təşkil edir. Ötən il rayonun Darquba kəndində yeni məktəb binası, Lənkəran şəhərində 120 yerli uşaq bağçası tikilərək istifadəyə verilib.
Cənub regionunun digər rayonları kimi, 2015-ci il Lerik üçün də uğurlu olub. Lerikdə ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan yığıncaqda da bildirildiyi kimi, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar bu rayonun da sosial-iqtisadi inkişafına müsbət təsir göstərib.
Məlumat üçün bildirək ki, dağlıq ərazidə yerləşən Lerikdə əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır. Və dövlət səviyyəsində aqrar bölmənin inkişafına göstərilən dəstək, məhsul istehsalçılarına yanacaq, həmçinin motor yağlarına görə verilən subsidiyaların artırılması, güzəştli şərtlərlə gübrələrin verilməsi əhalinin aqrar sahənin inkişafına marağını artırıb.
Ötən il həmçinin rayonda 732 nəfər yeni işlə təmin olunub. Bunun 410-u daimi iş yerləridir.
Eyni zamanda, Peştətük kəndində tikintisinə başlanılan süfrə suyu və şirə müəssisəsi rayonda meyvəçiliyin daha da inkişafına stimul verəcək, meyvə və giləmeyvələrin emalı əhalinin gəlirlərinin artmasına zəmin yaradacaq.
2015-ci ildə rayonda sosial-iqtisadi sahədə də bir çox uğurlar əldə olunub. Belə ki, hesabat ilində sosial məsələlərin həllinə diqqət artırılıb, yeni obyektlər tikilərək istifadəyə verilib. 180 şagird yerlik Pirasora və Ambu kənd tam orta məktəbləri üçün yeni bina inşa edilib, Lerik şəhər 3 nömrəli tam orta, Sors kənd ümumi orta məktəbi, Sorsçay kənd ibtidai məktəbinin binaları əsaslı təmir olunub.
Bundan başqa hesabat dövründə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb, 180 şagird yerlik Boykəndil kənd tam orta və Əvilə kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi davam etdirilib.
Anburdərə, Zəriküməco, Hıramo, Yuxarı Bilnə, Nıso-Murya, Qədiməkücə, Livədirqə kəndlərinin qazlaşdırılması başa çatdırılıb. Hazırda Murya, Durğan, Mastayıl və Əvilə kəndlərinin qazlaşdırılması istiqamətində işlər aparılır.
Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq 35 kilovoltluq yüksəkgərginlikli Lerik-Telavar-Yardımlı elektrik hava xətti yenidən inşa olunub, Lənkəran-Hamarat-Lerik elektrik hava xətti isə əsaslı təmir edilib.
Ölkəmizin hər yerində olduğu kimi, Masallıda da 2015-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər üzrə rayonda müsbət dinamika əldə olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı bu inkişafın daha sürətlə aparılmasını və onun əhatə dairəsinin genişlənməsini təmin edəcək.
Qeyd olunub ki, hesabat dövründə rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 17,8 faiz artaraq 562,3 milyon manat olub. Bu dövrdə sənaye məhsullarının həcmi 4,6, kənd təsərrüfatı məhsullarının həcmi 3,9, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,3 faiz artıb.
Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 274 layihə üzrə 2 milyon 589 min 500 manat kredit verilməsi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə və 331 yeni iş yerinin açılmasına səbəb olub.
Hazırda rayonda “ASAN həyat” kompleksində tikinti işləri sürətlə aparılır. Birinci mərhələdə tikintisi nəzərdə tutulan “ASAN xidmət” mərkəzinin binasının beton konstruksiya işləri başa çatdırılıb və hazırda divar hörgü işləri görülür. Bu ilin birinci yarısında layihənin birinci mərhələsinin başa çatdırılıb istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda, Masallı rayonunda sənaye məhəlləsinin tikilməsi üçün hazırlıq işlərinə də başlanılıb. 10 hektar sahəni əhatə edəcək sənaye məhəlləsinin tikintisi Masallı iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə yeni təkan verəcək.
2015-ci ildə istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz müsbət təsirini göstərib. Rayonda 2140 yeni iş yeri yaradılıb ki, bunun da 1780-i daimidir.
Ölkəmizdə əldə edilən uğurlardan Yardımlı rayonuna da pay düşüb. Ümumiyyətlə, dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikanın digər bölgələri kimi, Yardımlı rayonu da inkişaf dövrünü yaşayır. Məhz bunun nəticəsidir ki, ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr qazanılıb. Nəzərdə tutulmuş bütün sosial layihələr uğurla icra edilib. Eyni zamanda, infrastruktur layihələri uğurla icra olunub və həmin istiqamətdə işlər bu il ərzində də davam etdiriləcək.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 6 yanvar 2016-cı il tarixli Sərəncamı ilə on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə 1,4 milyon (bir milyon dörd yüz min) manat, 10 fevral 2016-cı il tarixli Sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 1,3 milyon (bir milyon üç yüz min) manat vəsait ayrılıb.
Bundan başqa, Sırıq-Vərgədüz-Bürzümbül-Osnağaran yolu ilə bağlı layihə təqdim olunub və tikintisi bu il üçün planlaşdırılıb. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına isə uzunluğu 1,5 km olan Çayüzü və uzunluğu 2,5 km olan Pirembel kənd yolu asfaltlaşdırılıb. Digər kəndlərdə də yollar çınqıl örtüklə təmir olunub, kəndarası və kənddaxili yollar da təmir edilib.
Ötən il rayonun mərkəzi küçəsi asfaltlaşdırılıb və digər küçələri çınqıl örtüklə təmir olunub. Şəhərdə su və kanalizasiya xətlərinin, rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın, eləcə də idman kompleksinin tikintisi davam edir. Şəhər 1 saylı tam orta məktəbi əsaslı təmir olunub, şəhər 2 saylı uşaq bağçası Heydər Əliyev Fondu hesabına tikilib. Digər kəndlərdə də məktəb tikintiləri davam etdirilir.
Əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, rayon məşğulluq mərkəzində 350-yə yaxın yeni iş yerləri yaradılıb və artıq mərkəzdə qeydiyyatda olan 300 nəfər müvafiq işlə təmin olunub.
Yardımlı rayonunda dayanıqlı elektrik enerjisinin təmini məqsədilə rayona yeni 35 kilovoltluq yüksəkgərginlikli hava elektrik xətti çəkilib, Ərus yarımstansiyası yenidən tikilib və tam müasir avadanlıqla təchiz olunub. Bununla da rayonun bütün yaşayış məntəqələrinə 24 saat elektrik verilişi bərpa olunub. Rayonun qazlaşması istiqamətində də işlər davam etdirilir. Ötən ildə rayonun Urakəran və Bürzümbül kəndləri də qazla təmin edilib və qazlaşmış yaşayış məntəqələrinin sayı 13-ə, abonentlərin sayı 2,225-ə çatdırılaraq, rayon üzrə qazlaşma 30 faiz təşkil edib.
Ümumiyyətlə, 2015-ci ildə rayon üzrə 94 milyon 583 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu da 2014-cü illə müqayisədə 8,8 faiz çoxdur. Məhsul istehsalı ötən illə müqayisədə 7 faiz artaraq 1,471 manat olub. 658 min manatlıq sənaye, 36 milyon 823 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub və 3 milyon 437 min manatlıq tikinti işləri həyata keçirilib. Qeyd edək ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olur.
Ötən il Cəlilabad rayonu üçün də bir çox əlamətdar hadisələrlə yadda qalıb. Bunlardan ən mühümü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də rayona növbəti səfəri olub.
Eyni zamanda, ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlar qazanılıb, genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib. “Kənd təsərrüfatı ili”ndə rayonda əvvəlki illə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,1 faiz artıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında “Avanqard” MMC-nin taxılçılıq təsərrüfatı yaradılıb.
2015-ci ildə rayonda taxıl məhsulları ilə yanaşı, 85681 ton kartof, 1175 ton tərəvəz, 254 ton bostan məhsulu, 4085 ton qarğıdalı, 1148 ton günəbaxan, 1705 ton şəkər çuğunduru, 1402 ton meyvə və 9850 ton üzüm istehsal olunub.
Ötən il lizinq yolu ilə xaricdən 35 baş cins qaramal alınıb, həmçinin 2747 baş qaramal süni yolla mayalandırılıb. İl ərzində 23100 ton ət, 82940 ton süd, 354 ton yun və 41 milyon 332 min ədəd yumurta istehsal edilib.
Beləliklə, yuxarıda sadalananlar ölkəmizdə sosial-iqtisadi inkişaf siyasətinin davamlı xarakter daşıdığını və hər bir bölgənin tərəqqisinə təkan verdiyini bir daha təsdiqləyir. Heç şübhəsiz, əldə edilən uğurlarda 2004-cü ildən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da payı var. Daha doğrusu, ölkəmizin iqtisadi inkişafının, eləcə də bölgələrin əsaslı yüksəlişinin təməl bazası sayılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində regionların siması əhəmiyyətli şəkildə dəyişib, onların dinamik inkişafı təmin edilib. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb və bu siyasət davamlı xatakter daşıyır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30