Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın bölgələrində yeni su layihələri həyata keçirilir

Azərbaycanın bölgələrində yeni su layihələri həyata keçirilir

26.05.2016 [10:12]

Mükəmməl su təchizatı sisteminin yaradılması regionların iqtisadi potensialından, o cümlədən də aqrar sektorun imkanlarından daha səmərəli istifadə etməyə geniş perspektivlər açıb
Son 13 ildə Azərbaycan özünü dünyaya bütün parametrlər baxımından nümunəvi inkişaf modelinə malik ölkə kimi təqdim edib. İnkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biri isə ondan ibarətdir ki, bəhs olunan dövrdə respublikanın bütün regionlarında infrastruktur təminatının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılıb. Belə ki, bölgələrdə yeni yolların çəkilməsinə, şəhər və kəndlərin qazlaşdırılmasına, enerji təminatının gücləndirilməsinə böyük həcmlərdə maliyyə vəsaitləri yönəldilib. Həyata keçirilən layihələrin nəticəsidir ki, bu gün respublikanın bölgələrinin infrastruktur təminatı 13 il bundan qabaqkı vəziyyətlə müqayisədə kəskin şəkildə fərqlənir. Qısa müddətdə Azərbaycan güclü, ən müasir dünya standartları səviyyəsində qurulan infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Ölkəmizin regionlarında müasir infrastruktur yaradılmasının əsas xarakterik cəhəti isə ondan ibarətdir ki, dövlət yeni obyektlərin yaradılmasının maliyyə təminatını bir qayda olaraq öz öhdəsinə götürür. Sonradan bu layihələr bölgələrin və bütövlükdə ölkənin inkişafına təkan verən vacib faktora çevrilir. Yaradılan mükəmməl infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir göstərən mühüm faktor qismində çıxış etməklə yanaşı, qeyri-neft sektorunun üstün inkişafı, daxili istehsalın genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq zamanında regionların tarazlı inkişafının təmin edilməsi, o cümlədən də bölgələrdə zəruri infrastrukturun qurulması ölkəmizin hazırda arzuolunmaz qlobal trendlər fonunda yaranan yeni iqtisadi şəraitə uğurla adaptasiya olunmasını, vəziyyətdən daha az itkilərlə çıxmasını şərtləndirən çox mühüm faktorlardır. Respublikamız məhz öz gücünə, daxili resurslarına, regionlarda yaradılan infrastruktura arxalanaraq indiki çətin şəraitdə də inkişafın ardıcıllığına nail olmaq əzmi nümayiş etdirir.
Azərbaycan etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyub
Son illərdə bütün ölkə boyu müasir infrastruktur qurulmasından söhbət açarkən meliorasiya və su təsərrüfatının da yenilənməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın etibarlı su təchizatına nail olunmasını strateji hədəf kimi qarşıya qoyması isə heç də təsadüfi deyil. Məlumdur ki, müasir dövrdə dünya bir sıra yeni çağırışlarla üz-üzə dayanıb. Yeni minillikdə etibarlı su təchizatının da hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlərarası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən əsrdəki yerini tuta bilər. Son dövrlərdə Yaxın Şərqdə, MDB-də və başqa məkanlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa dövlətlərə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Bir sözlə, müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insanın su çatışmazlığı ilə üz-üzə qalmaq ehtimalı var.
Bütün bu deyilənlərə su çatışmazlığının ayrı-ayrı ölkələrdə yaratdığı ekoloji problemləri, iqtisadi əngəlləri və digər mənfi təzahürləri də əlavə etsək, onda etibarlı su təchizatı qayğısına qalmağın hər bir ölkə üçün həyati əhəmiyyətli məsələ olduğu barədə konkret təsəvvür yaranar. Azərbaycan da bu cəhətdən istisna deyil. Respublika ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikamızı qidalandıran əsas su mənbələrinin ölkənin hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.
Son illərdə icra olunan yeni su layihələri Azərbaycanın gücünü təsdiqləyir
Qeyd etdiyimiz kimi, ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə işlər Prezident İlham Əliyevin səyləri ilə intensiv şəkildə davam etdirilir. 2004-cü il sentyabrın 1-də dövlət başçısının yanında keçirilən müşavirədə Azərbaycanın su təchizatı, içməli suya olan tələbatı, eləcə də meliorativ layihələrin inkişaf perspektivləri müzakirə olundu və Samur-Abşeron suvarma sisteminin Dövlət Neft Fondunun vəsaiti ilə yenidən qurulması barədə qərar qəbul olundu. Sözügedən müşavirədə dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkəmizdə irimiqyaslı su layihələrinin icrasına start verildi. 2006-cı ildə İslam İnkişaf Bankının vəsaiti ilə inşa olunan Xanarx kanalının tikintisi başa çatdırıldı. 2007-ci ildə Vəlvələçay-Taxtakörpü kanalına suyu gətirən 50 kilometrlik birinci hissənin yenidən qurulması başa çatdırıldı və sonra Vəlvələçay-Taxtakörpü kanalının inşasına başlanıldı.
2013-cü ildə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Tarixi əhəmiyyət daşıyan bəhs olunan su layihələrinin texniki parametrləri kifayət qədər genişdir. Cəmi bir neçə il ərzində Vəlvələçaydan Ceyranbatan gölünə qədər uzanan və mürəkkəb relyefi ilə seçilən ərazidə böyük həcmdə işlər reallaşdırılıb. Bu layihələrin unikallığı həm də ondadır ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür. Kanal üzərində 57 mükəmməl hidrotexniki qurğu quraşdırılıb. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Qurğunun ümumi su tutumu isə 270 milyon kubmetr, faydalı su həcmi isə 238,4 milyon kubmetrdir.
Bu layihə respublikanın şimal zonasında ekoloji tarazlığın təmin edilməsinə də böyük töhfədir. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində dörd mərhələdə reallaşdırılacaq.
2014-cü ilin noyabrında istifadəyə verilən Şəmkirçay su anbarı da böyük investisiya tutumlu su layihəsidir. Layihənin yerinə yetirilməsinə 700 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Ümumiyyətlə, Şəmkirçay su anbarı Taxtakörpü su anbarından sonra qeyri-neft sektorunda reallaşdırılan ən böyük investisiya tutumlu layihədir. Şəmkirçay su anbarının ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Anbarın bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Layihə çərçivəsində Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edəcək əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Ən müasir standartlara cavab verən həmin kanallar açıq dəmir-beton üzlüklüdür. Şəmkirçay su anbarından Gəncə və Şəmkir şəhərlərinə, Samux rayonunun Nəbiağalı qəsəbəsinə saniyədə 1,6 kubmetr su verməklə əhalinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bəhs olunan irimiqyaslı su layihəsi həmçinin bölgənin ekoloji vəziyyətinin yaxşılaşmasına da müsbət təsir göstərəcək.
Son illərdə Azərbaycanda su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən infrastruktur layihələrindən biri də 2016-cı ilin fevralında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Tovuzçay su anbarıdır. İnşası uzun müddət yarımçıq qalan Tovuzçay su anbarında tikinti işləri 2006-cı ildən davam etdirilib. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb. Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.
Qeyd edək ki, bölgəni qidalandıran əsas su mənbələrindən biri olan Tovuzçay çayının sululuq səviyyəsi ilin fəsillərinə uyğun dəyişir. Çayın ən yüksək sululuq səviyyəsi bir qayda olaraq yazda qeydə alınır. İsti yay günlərində isə Tovuzçayın sululuq səviyyəsi aşağı düşür, hətta bəzən çay tamam quruyur. Beləliklə də, yay mövsümündə əhalinin və ərazidəki təsərrüfatların su təminatında ciddi gərginlik yaşanırdı. Bundan sonra Tovuzçayın su ehtiyatları yeni inşa olunan anbara yığılacaq ki, bu da bölgənin ilin bütün fəsillərində tələbata uyğun su təchizatına imkan yaradacaq.
Başqa bir amil də çox önəmlidir. Tovuz və digər qonşu rayonlar Azərbaycana qarşı iyirmi ildən artıqdır ki, işğalçılıq siyasəti həyata keçirən Ermənistanla sərhəd bölgəsində yerləşir. Məlumdur ki, bu forpost ölkə Azərbaycana münasibətdə bütün beynəlxalq normaları pozur və respublikamıza təzyiq göstərmək məqsədilə müxtəlif vasitələrə əl atır. Ermənistan Azərbaycanı qidalandıran bəzi su mənbələrinin forpost ölkənin ərazisindən keçməsindən və yaxud işğal altındakı torpaqlarda qalmasından sui-istifadə etməyə çalışır. Su mənbələrinin davamlı olaraq çirkləndirilməsi, mövsüm vaxtı süni su qıtlığı yaratması bu ölkənin respublikamıza qarşı sərgilədiyi çirkin əməllərin siyahısına daxildir. Bütün bu deyilənlər Tovuzçay su anbarının istifadəyə verilməsinin sərhədyanı rayonların su təminatı üçün necə strateji əhəmiyyət daşıdığı barədə konkret təsəvvür yaradır. Qeyd edək ki, Tovuzçay su anbarının ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi isə 18 milyon kubmetrdir.
Deyilənlərdən də göründüyü kimi, bəhs olunan layihələrin həcmi kifayət qədər genişdir. Müstəqillik illərində həyata keçirilən bu layihələr ölkəmizin gücünü və qüdrətini təsdiqləyir. Belə layihələri həyata keçirməyə yalnız Azərbaycan kimi geniş, hərtərəfli potensialı olan ölkə qadirdir.
Yeni su layihələrinin reallaşdırılması sayəsində dövriyyəyə yeni torpaqlar cəlb olunur
Azərbaycanda kənd təsərrüfatının kifayət qədər geniş potensiala malik olduğunu nəzərə alsaq, ölkənin regionlarında reallaşdırılan yeni su layihələrinin rolu barədə konkret təsəvvür yaranar. Bu layihələr regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışındakı nitqində ölkəmizdə həyata keçirilən su layihələrinin kənd təsərrüfatının inkişafında böyük önəm daşıdığına diqqət çəkərək bildirib: “Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.
Son 13 ildə həyata keçirilən su layihələri sayəsində dövriyyəyə yeni torpaqların cəlb edilməsi barədə statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə həyata keçirilən yeni layihələr hesabına ölkə miqyasında 170 min hektardan çox sahənin su təminatı və təxminən bu qədər də ərazinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahə dövriyyəyə cəlb edilib. Eyni zamanda, respublikada sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşası layihələri Azərbaycanın su təchizatı probleminin həllində çox böyük uğurdur. Layihənin bütünlüklə reallaşdırılması sayəsində 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq və 31 min hektar sahədə yeni suvarılan torpaqlar istismara veriləcək. Şəmkirçay su anbarı layihəsinə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə olunacaq.
Öz növbəsində Tovuzçay su anbarı da qərb bölgəsində aqrar sektorun inkişafına yeni impuls verəcək. Tovuzda və digər qonşu rayonlarda kənd təsərrüfatının geniş inkişaf potensialı var. Münbit torpaqlar, əmək ehtiyatları, ayrı-ayrı sahələrdə tarixən formalaşan ənənələr bu bölgədə aqrar sektorun rentabelliliyini təmin etmək baxımından geniş imkanlar açır. Bölgənin ehtiyatlarından səmərəli istifadə etməklə məhsul istehsalını artırmaq və bütövlükdə, ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə sanballı töhfələr vermək mümkündür. Qeyd edək ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Beləliklə, yeni su anbarının istifadəyə verilməsi ilə bölgədə aqrar sektorun qarşısında yeni inkişaf perspektivləri açılıb.
Yeni su layihələrinin icrası üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv davam etdirilir
Regionlarda su-drenaj layihələrinin icrasına üçüncü Dövlət Proqramında da geniş yer verilib. Bəhs olunan Dövlət Proqramında respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı su layihələrinin, meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə arxada qalan iki il ərzində böyük iş həcmi yerinə yetirilib. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir. Dünya Bankının krediti hesabına respublikanın 10 rayonunda 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb. Bundan başqa, dövlət başçısının ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə tapşırığına uyğun olaraq Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilib, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilib.
Xızıda yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanacaq
Məlum olduğu kimi, ölkənin şimal bölgəsində “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonlarında mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dövriyyəyə cəlb edilən 30 min hektar ərazidən tam səmərəli istifadə etmək məqsədilə müvafiq nazirliklərin və qurumların fəal iştirakı ilə ümumi layihə hazırlanıb. Ciddi təhlillər əsasında hazırlanan layihənin əhatə etdiyi ərazilərdə maldarlığın, bitkiçiliyin və digər gəlirli sahələrin inkişaf etdirilməsi planlaşdırılıb.
Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində aparılan işlər artıq öz müsbət nəticəsini verməkdədir. Bu il rayon ərazisində yeni suvarılan 800 hektara yaxın sahədən ilk dəfə məhsul toplanacaq. Fermerlər yeni suvarılan ərazilərdə daha çox taxıl, yem və bostan bitkiləri becəriblər.
AZƏRTAC-ın məlumatına əsasən, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində Xızı rayonunda 7 min 111 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bu ərazilər Xızının Giləzi, Şurabad, Sitalçay kəndlərinin torpaq sahələridir. Heç vaxt suvarılmayan sahələrin su ilə təminatı üçün hər 10 hektara 1 ədəd hidrant quraşdırılıb, 12 müasir su çiləyici qurğu işlək vəziyyətə gətirilib. Bununla da fermerlərə suvarma suyundan rahat istifadə etmək imkanı yaradılıb.
Yeni suvarılan torpaqlarda taxıl əkən təsərrüfatçı Gülağa Əzimov bildirib ki, əvvəllər bu sahələrdən cəmi 10-15 sentner məhsul əldə etmək mümkün olurdu. Ərazinin suvarma suyu ilə təminatından sonra bu göstərici 35-40, bəzi sahələrdə isə hətta 50 sentnerə qədər yüksəlib.
Xızıda suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində işlərə 2014-cü ilin iyulundan başlanılıb və prosesin üç mərhələdə reallaşdırılması nəzərdə tutulub.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin bildirdiyinə görə, bu vaxta kimi rayonda cəmi 2 min 970 hektar torpaq suvarılırdısa, yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində görülən işlər nəticəsində bu rəqəm dörd dəfədən çox artaraq 13 min hektara çatacaq.
Xızı rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi işləri Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron su kanalından götürülən suyun hesabına reallaşacaq.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 801 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Neft ucuzlaşıb

14 May 09:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31