Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Ölkəmizin rayonlarında sənaye məhəllələrinin yaradılması iqtisadi inkişafa təkan verir

Ölkəmizin rayonlarında sənaye məhəllələrinin yaradılması iqtisadi inkişafa təkan verir

11.08.2016 [10:09]

Regional sənaye quruculuğuna başlanılması ilə Azərbaycanın bölgələri yalnız aqrar əsasda deyil, eyni zamanda, sənaye əsasında inkişaf edəcək
Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib: “Mən dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Əlbəttə ki, Bakı Cənubi Qafqazın ən böyük sənaye şəhəridir. Gəncə, Sumqayıt və eyni zamanda, Mingəçevir şəhərində çox böyük sənaye potensialı, çox hazırlıqlı kadr potensialı var”.
Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.
Deyilənlərdən də göründüyü kimi, Azərbaycanda sənayenin yeni regional strukturunun formalaşdırılmasına güclü siyasi iradə var. Respublikanın müxtəlif bölgələrində yeni sənaye mərkəzlərinin fəaliyyətə başlaması isə öz növbəsində bütün ölkəboyu iqtisadi aktivliyin artmasına və regionların inkişafına yeni impuls verəcək. Mütəxəssislərin qənaəti də budur ki, regional sənaye quruculuğuna başlanılması ilə Azərbaycanın bölgələri yalnız aqrar əsasda deyil, eyni zamanda, sənaye əsasında inkişaf edəcək.
Neftçala Sənaye Məhəlləsində bütün zəruri infrastruktur yaradılıb
Elə bu ilin ötən müddəti ərzində görülən işlər də belə deməyə əsas verir. Məsələn, iyulun 22-də Neftçala Sənaye Məhəlləsinin inzibati binasında məhəllənin mövcud və potensial rezidentləri ilə görüş keçirilib. Tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanışlıq olub və rezidentlərin sənaye məhəlləsindəki gələcək fəaliyyətlərinə dair müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılan Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur inşa olunub. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sənaye məhəlləsi 8 istehsal təyinatlı modullaşdırılmış blokdan, inzibati və texniki binalardan ibarətdir. Neftçala Sənaye Məhəlləsinin inzibati binası ikimərtəbəli olmaqla, toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının idarə olunması, yeməkxana və tibbi xidmətlər də göstəriləcək.
Tədbiri açan Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonda sahibkarların təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını, dövlət başçısının Sərəncamı ilə yaradılmış Neftçala Sənaye Məhəlləsinin kiçik və orta sahibkarlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri iqtisadiyyatın inkişafının stimullaşdırılmasına xidmət edir. Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir.
Nazir müavini hazırda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının uğurla icra olunduğunu, Proqramın əsas istiqamətlərindən birinin sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yenilərinin qurulması olduğunu qeyd edib. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir. Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır. Ölkə sənayesinin inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan N.Səfərov Neftçala Sənaye Məhəlləsində bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, artıq sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb. Bugünkü tədbir çərçivəsində Neftçala Sənaye Məhəlləsinin rezidenti olan “Azevrocar” və “Sunrise production” şirkətlərinə qeydiyyat şəhadətnaməsi təqdim olunub.
Mərasimdə vurğulanıb ki, növbəti sənaye məhəlləsinin Masallı rayonunda yaradılması regionun iqtisadiyyatının daha da gücləndirilməsində mühüm rol oynayacaq. Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Belə ki, sahibkarlar tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium, plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf Azərbaycanda sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışıb. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Neftçaladan söz düşmüşkən, avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Təməlqoyma mərasimində məlumat verilib ki, istehsal gücü ildə 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 milyon ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.
Nazirlər avtomobil zavodunda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobil modelləri, eləcə də Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. Sonra Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khodro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribüter, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.
Masallı Sənaye Məhəlləsi rayonda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar açacaq
Bu məqamda qeyd edək ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.
Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir.
Kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamına müvafiq olaraq Masallı rayonunda Sənaye Məhəlləsi yaradılacaq. On hektar sahəni əhatə edəcək Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək. Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Belə ki, iş adamları tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium, plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Burada həmçinin aqrologistik mərkəzin yaradılması da nəzərdə tutulub.
Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, başlıcası isə əhalinin işlə təmin olunmasına kömək göstərəcək sənaye məhəlləsi, eyni zamanda, Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən yerli iş adamları üçün də geniş imkanlar yaradacaq.
Ağstafa Sənaye Parkında tikinti işləri sürətlə davam edir
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması, iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq, Ağstafa rayonunda “Karvan-L” şirkətinin böyük istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının tikinti işlərinə başlanılıb. Sənaye parkı üçün ayrılmış torpaq sahəsində inzibati binanın inşası sürətlə davam edir. İstehsal və emal müəssisələri üçün nəzərdə tutulan avadanlıq və qurğuların tikinti meydançasına gətirilməsi təmin edilib, istehsal və emal müəssisələrinin tikintisinə hazırlıq işləri gedir.
Ümumi dəyəri 12,5 milyon manat olan “Karvan-L Eko” Sənaye Parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəz emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələri, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanması və qablaşdırılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin ediləcək, mövsümi işlərə isə 1000 nəfərin cəlb olunacağı gözlənilir.
Gəncənin sənaye potensialı gücləndirilir
Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafını təmin etmək üçün qeyri-neft sektorunda istehsal sahələrinin artırılması, eləcə də sənaye potensialının gücləndirilməsi istiqamətində verdiyi tapşırıqlar Gəncə şəhərində də uğurla icra olunur. Nəzərdə tutulan iqtisadi layihələr həyata keçirildikdən və istehsal tutumlu sənaye müəssisələri yaradıldıqdan sonra Gəncə respublikanın dotasiyasız şəhərləri sırasına daxil ola bilər.
Hazırda şəhərdə istehsal olunan sənaye məhsulunun 93,0 faizi emal sənayesinin payına düşür. Bu ilin birinci yarısında emal sənayesində, kompüter, elektron və optika məhsulları, qida məhsulları, un və un məmulatları, tikinti materialları, toxuculuq, kağız və karton, mebel, nəzarət ölçü cihazları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində, həmçinin metallurgiya sənayesində artım müşahidə olunub. Emal sənayesinin strukturunda metallurgiya sənayesi 44,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,7 faiz təşkil edib. İstehsal olunan məhsulun 43,0 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub.
Göstərilən sahələrin inkişafı ilə yanaşı, müasir, yeni istehsal sahələrinin yaradılmasının dəstəklənməsi, sənaye zonalarının və klasterlərinin təşkili işləri də davam etdirilir. Hazırda Bakı-Qazax avtomobil yolunun sağ tərəfindəki 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları istehsalı zavodunun inşası davam etdirilir. Eyni zamanda, “Avanqard N” MMC tərəfindən quru inşaat materialları istehsalı zavodunun inşası üçün danışıqlar aparılır. “Elba Kəsim və Emal Fabriki” MMC-nin inşası davam edir. “Gil-Torpaq” İstehsalat Sahəsinin yenidənqurma layihəsinin iqtisadi-texniki əsaslandırılması işləri başa çatdırılaraq Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin müvafiq rəyləri əsasında Nazirlər Kabinetinə təqdim edilib.
Sənaye istehsalından danışarkən bildirək ki, Sumqayıtda fəaliyyət göstərən “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən ipliklər Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya ixrac olunur. Müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə “Sumqayıt Trikotaj” Açıq Tipli Səhmdar Cəmiyyəti, 2008-ci ildən isə “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Bir neçə istehsal sahəsi olan fabrikdə hazırda 500-dən çox işçi çalışır və orta aylıq əməkhaqqı 360 manat təşkil edir.
Fabrikdə tərkibi 100 faiz pambıq olan iplik istehsal sahəsində 2 növ təkqat iplik istehsal edilir. Quraşdırılmış avadanlıqlar Almaniya, İtaliya və İsveçrə istehsalıdır. Avadanlıqların illik istehsal gücü 3500-4000 ton təkqat iplikdir. Bununla yanaşı, illik istehsal gücü 1500-2000 ton olan ipliklərin cütləmə-burma sahəsi də fəaliyyət göstərir. İstehsal edilən ipliklərin 99 faizi ixrac edilir. Hazırda Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya iplik ixrac olunur. İplik istehsalından yaranan ilkin tullantıların bir hissəsinin təkrar emalda istifadə edilməsi və istehsalın səmərəliliyini artırmaq məqsədilə fabrikdə müasir avadanlıqlar quraşdırılıb. Bu avadanlıqların köməyi ilə ilkin tullantıların 50 faizə qədəri yenidən pambıq mahlıcı kimi istehsala qaytarılır.
Trikotaj məhsullarının istehsalı sahəsində əsasən Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Burada tam avtomatlaşmış trikotaj toxuma avadanlıqları quraşdırılıb. Fabrikdə bütün sahələri əhatə edən yüksək keyfiyyətli geyimlər istehsal olunur.
Qadınlar üçün üst geyimlərinin tikişi sahəsində dəbdə olan və hər zövqə cavab verən geyimlər istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən Türkiyədən idxal edilən və tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. İllik istehsal gücü 100 min ədəd köynəkdir. Burada müasir naxış vuran texnoloji maşınlar quraşdırılıb. Bu naxış vuran texnoloji maşınlar geyimlərə istənilən naxışın vurulmasına imkan yaradır.
Fabrikin ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə etməklə, Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşnilərini görmək olar.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında ölkəyə valyuta daxilolmalarını artırmaq və iqtisadiyyatın sənaye potensialının gücləndirilməsi üçün yeni dərman preparatları istehsal edəcək müəssisələrin qurulmasının vacibliyini qeyd edib. Bu baxımdan Azərbaycanın əvəzsiz sərvəti olan müalicəvi Naftalan nefti ölkəmizə böyük məbləğdə valyuta axını üçün əsas ola bilər. Mütəxəssislər deyirlər ki, Naftalan neftindən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Dünyada onun əvəzi yoxdur. Xüsusən oynaq, nevroloji, damar, uroloji, ginekoloji və dəri xəstəliklərinin müalicəsində böyük faydası var. Araşdırmalar və mütəxəssis rəyləri göstərir ki, ərazidə Naftalan neftindən müxtəlif xəstəliklərin müalicəsində istifadə oluna biləcək dərman istehsal edən müəssisənin yaradılmasına ehtiyac var. Belə bir müəssisə həm Naftalanın sənaye istiqaməti üzrə inkişafına təkan verər, həm də ölkəyə böyük məbləğdə gəlir gətirərək, şəhərin dünya miqyasında tanınmasına kömək göstərər.
Naxçıvanda sənaye məhsulunun istehsal həcmi artıb
Qeyd edək ki, sənaye sahəsinin inkişafı Naxçıvan Muxtar Respublikasında da xüsusi olaraq nəzərə çarpır. Belə ki, bu ilin yanvar-iyun aylarında muxtar respublikada 511 milyon 840 min 500 manat həcmində sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 3 faiz üstələyib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 18 milyon 510 min 800 manatlıq, qeyri-dövlət sektorunda isə 493 milyon 329 min 700 manatlıq məhsul istehsal olunub. İstehsal olunan sənaye məhsulunun 96,4 faizi özəl sektorun payına düşüb. Cari ilin ötən dövründə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 32 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-iyun ayları ərzində təsərrüfat subyektlərinə 370 min manat həcmində kreditin verilməsi təmin olunub. Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərib, cari ilin ilk altı ayında 148 milyon 950 min 100 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac edilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 905 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30