Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında gələn ilin bol məhsulunun əsası qoyulur

Azərbaycanın regionlarında gələn ilin bol məhsulunun əsası qoyulur

03.12.2016 [12:04]

Fermerlər sahələrə hər hektardan məhsuldarlığı 50-60 sentnerə çatan rayonlaşdırılmış arpa və buğda sortlarının toxumlarını səpməyə üstünlük verirlər
Hazırda Azərbaycanda aqrar sahədə həyata keçirilən siyasətin prioritetləri sırasında daxili istehsalın genişləndirilməsi xüsusi yer tutur. Ölkəmiz bu yolla həm müxtəlif ərzaq məhsullarına olan daxili tələbatını yerli istehsal hesabına ödəməyi, həm də özünün ixrac imkanlarını artırmağı hədəfləyib. Həyata keçirilən tədbirlər artıq öz nəticələrini verməkdədir. Qısa müddətdə Azərbaycanın bir sıra pozisiyalar üzrə daxili tələbatını 100 faiz həcmində yerli istehsal hesabına təmin etməyə nail olması böyük uğurdur. Mütəxəssislər 2017-ci ildə respublikamızda aqrar sektorda məhsul istehsalının daha da artacağını proqnozlaşdırırlar.
Regionlarda payızlıq taxıl səpini uğurla davam edir
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək deyib: “Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür”.
Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 785,1 min ton taxıl istehsal olunub. 2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatdırılıb və sahələrdən 2 milyon 838,8 min ton taxıl tədarük olunub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur.
Qarşıya qoyulan hədəflərə çatmaq üçün növbəti illərdə ölkəmizdə taxıl istehsalı daha da artırılacaq. Hazırda regionlarda taxıl zəmilərində gələn ilin bol məhsulunun əsası qoyulur. Ayrı-ayrı bölgələrdə payızlıq taxıl səpini daha intensiv həyata keçirilir. Qobustan rayonunda artıq 16 ərazi vahidindən 7-də əkin başa çatıb. Bölgədə indiyədək 22 min 844 hektarda taxıl səpilib. Bundan 14 min 844 hektarı buğda, qalanı isə arpadır. Son günlər havaların əlverişli keçməsindən istifadə edən taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər. Hazırda sahələrə hər gün 70-dək səpin aqreqatı çıxarılır.
İndiyədək Kürdəmir rayonunun 6 inzibati ərazi dairəsində, o cümlədən Şilyan, Qarasu, Atakişili, Çöhranlı, Qarasaqqal və Carlı ərazi dairələrində fermerlər və fiziki şəxslər payızlıq taxıl əkinini uğurla yekunlaşdırıblar. İlkin səpin aparılan ərazilərdə normal çıxış alınıb və hazırda zərərvericilərə qarşı mübarizə tədbirləri görülür. Rayonda qalan 17 ərazi dairəsində taxıl əkini davam edir. Artıq 34 min hektarda səpin aparılıb. Hər gün sahələrə 80-dən çox texnika, o cümlədən 40-dan artıq səpin aqreqatı çıxarılır. Cari mövsümdə bölgədə 40 min hektar sahədə taxıl əkiləcəyi gözlənilir.
Ucar rayonunda da payızlıq taxıl əkini uğurla davam edir və artıq 11 min 291 hektarda səpin aparılıb. Hazırda hər gün sahələrə orta hesabla 50-55 texnika çıxarılır. Ən çox taxıl əkilən Bərgüşad, Yuxarı Seyidlər, Şilyan, Qaziyan, Boyat və bir sıra digər ərazi vahidlərində cari mövsümdə əkin dövriyyəsinə xeyli əlavə torpaq sahələri cəlb olunub. Elə buna görə də bu il 12 min hektardan çox sahədə səpin aparılacağı gözlənilir ki, bu da ötən ildəkindən çoxdur.
Bol məhsulun əsası sahələrə səpilən toxumla qoyulur
Taxılçılıqda məhsuldarlığı artırmaq üçün zəruri amillərdən biri də toxumçuluğun inkişafı ilə bağlıdır. Məlum olduğu kimi, Prezident İlham Əliyev 2015-ci il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.
Toxumçuluğun inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrə uyğun olaraq respublika miqyasında zəruri tədbirlər həyata keçirilir. Son vaxtlarda Qobustan Bölgə Təcrübə Stansiyasında buğdanın “Ruzi 84”, “Qızıl buğda”, “Ləyaqətli 80”, arpanın “Dəyanətli”, “Qüdrətli 48”, ərzaq noxudunun “Sultan” sortları yaradılıb. Bunlar əvvəlki sortlardan fərqli olaraq tez yetişir, xəstəliyə və quraqlığa davamlıdır. Mərkəzdə həm də müasir texnologiya ilə həmin sortların elit toxumları istehsal olunur. Hər il kənd təsərrüfatı bölgüsü əsasında toxumçuluq fermer təsərrüfatlarına orta hesabla 300-350 ton toxum satılır.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası da regionda taxılçılığın inkişafına öz töhfəsini verir. Belə ki, stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.
Ümumiyyətlə, toxumçuluğun inkişafına dövlət tərəfindən göstərilən dəstək bu sahəyə marağı artırıb. Hazırda respublikanın ayrı-ayrı bölgələrində onlarla yeni toxumçuluq təsərrüfatı yaradılıb. Nəticədə, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib. Görülən tədbirlər nəticəsində taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir.
Eyni zamanda, ölkəmizdə dövlət dəstəyi sayəsində toxumçuluğun intensiv inkişaf etdirilməsi fermerlərin seçim imkanını artırıb. Onların qənaəti belədir: Bol məhsulun əsası sahələrə səpilən toxumla qoyulur. Fermerlərin səpin zamanı keyfiyyət göstəriciləri yüksək olan toxum sortlarına üstünlük vermələrinə davamlı şəkildə aparılan maarifləndirmə tədbirləri müsbət təsir göstərib. Göyçay rayon Bitkilərin Mühafizəsi Mərkəzindən bildirilib ki, taxıl səpini ərəfəsində fermerlər və torpaq mülkiyyətçiləri ətraflı maarifləndiriliblər, onlara müxtəlif arpa və buğda toxumları barədə geniş bilgilər verilib. Həmçinin səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılır, şum altına fosfor və amafos gübrəsi verilir. Ümumiyyətlə, Göyçay rayonunda gələn ilin məhsulu üçün 14 min 200 hektara yaxın sahədə taxıl səpininin aparılması nəzərdə tutulur. Artıq bu günədək 13 min 600 hektarda şum çıxarılıb və hazırda işlər davam etdirilir. İndiyədək 11 min 700 hektar sahəyə taxıl səpilib. Rayonun taxılçıları buğda səpinini dekabrın 10-dək başa çatdırmağı nəzərdə tuturlar.
Rayonlaşdırılmış taxıl sortlarının məhsuldarlığı daha yüksək olur
Ölkəmizdə kənd təsərrüfatının digər sahələri kimi, taxılçılıq da qabaqcıl təcrübənin və intensiv metodların tətbiqi yolu ilə inkişaf etdirilir. Məsələn, respublikanın müxtəlif bölgələrində Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlığı adi təsərrüfatlarla müqayisədə əhəmiyyətli dərəcədə artırmaq mümkün olub. Belə ki, son illərdə respublikanın Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarında yaradılan iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner taxıl tədarük olunur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, intensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bunun üçün respublika üzrə əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.
Taxılçılıq təsərrüfatlarında rayonlaşdırılmış taxıl sortlarının becərilməsi də məhsuldarlığın artmasına müsbət təsir göstərir. Buna görə də toxumçuluq təsərrüfatlarında rayonlaşdırılmış taxıl sortlarının becərilməsinə daha çox üstünlük verilir. Bir neçə gündür ki, Salyanın Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahələrində toxumluq taxıl əkininə başlanılıb. Bu il məntəqənin ərazisində 37,5 hektar toxumluq taxıl əkini aparılacaq. Dövlət Sort-Sınaq Məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, əkin zamanı daha çox rayonlaşdırılmış “Cəlilabad-19”, “Ləyaqətli”, “Taleh-38”, “Fatimə” kimi yerli sortlara üstünlük verilir. Mütəxəssisin qənaətinə görə, rayonlaşdırılmış taxıl sortlarının məhsuldarlığı 50-60 sentnerə çatır.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 751 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30