Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın sənaye quruculuğunda yeni mərhələ başlayıb

Azərbaycanın sənaye quruculuğunda yeni mərhələ başlayıb

02.02.2017 [10:06]

Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib, regionlarda da müasir sənaye təyinatlı müəssisələr işə salınıb
Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycanda qeyri-neft sənayesində istehsal və ixrac imkanlarının artırılması, innovasiyalara əsaslanan yeni müəssisələrin yaradılması həm siyasi baxımdan, həm də güclü investisiya təminatı ilə dəstəklənir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinə uyğun olaraq ötən il bu istiqamətdə işlər davam etdirilib, neftdənkənar iqtisadiyyat üzrə 410 sənaye müəssisəsi açılıb, bir sıra yeni sənaye obyektlərinin inşasına start verilib.
Azərbaycanın yeni sənaye quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri isə regional sənaye quruculuğu ilə bağlıdır. Son illərdə ölkənin sənaye xəritəsinin əhatə dairəsi paytaxtdan bölgələrə doğru əhəmiyyətli dərəcədə genişlənib, regionlarda da müasir sənaye təyinatlı müəssisələr işə salınıb. Prezident İlham Əliyev bəyan edib ki, hər bölgədə sənaye məhəllələri yaradılmalıdır. İqtisadiyyat Nazirliyinin bu günlərdə keçirilən kollegiya iclasında nazir Şahin Mustafayevin vurğuladığı kimi, ötən il respublika miqyasında sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.
Sumqayıt sənaye parkında infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb
Hazırda Sumqayıt şəhərində paralel şəkildə tikinti materialları, kimya məhsulları istehsalı və digər təyinatlı çoxlu sayda yeni müəssisənin tikintisi, avadanlıqlarla təzhizatı işləri davam etdirilir. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) isə şəhərin sənaye potensialını daha da gücləndirəcək. Kollegiya iclasında məlumat verilib ki, SKSP-nin ərazisində infrastruktur işlərinin birinci mərhələsi artıq tamamlanıb. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə Tədris Mərkəzinin tikintisi davam etdirilir. İndiyədək mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən “Azertexnolayn” zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən “MST Engineering Services”, tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən “Alco Lubricant Company”, pestisid və aqrokimyəvi məhsullar istehsal edən “Aqrokimya Azərbaycan”, 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən “SOCAR Polymer”, ferroərintilər istehsal edən “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”, Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək “AzerFloat” fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Eyni zamanda, SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.
Rezidentlər tərəfindən 2017-ci ildə Balaxanı Sənaye Parkında 5 yeni müəssisə yaradılacaq
Daha bir iri sənaye parkı Balaxanıda yaradılır. Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyan Balaxanı Sənaye Parkında qısa müddətdə böyük iş həcmi yerinə yetirilib. İnvestorlar yeni yaradılan Balaxanı Sənaye Parkına sərmayələr yönəltməyə böyük maraq göstərirlər. Parkda zəruri infrastrukturun qurulması dövlət tərəfindən dəstəklənir. Artıq Balaxanı Sənaye Parkında da infrastruktur işləri tamamlanmaq üzrədir.
Balaxanı Sənaye Parkının istehsal istiqaməti çoxşaxəli olacaq. Sənaye parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.
Mingəçevir Sənaye Parkında 150-200 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulub
İqtisadiyyat Nazirliyinin kollegiya iclasında bildirilib ki, ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulan Mingəçevir Sənaye Parkında müxtəlif təyinatlı 9 fabrikin yaradılmasına 150-200 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulub. Yeni müəssisədə 5500-dən çox iş yerinin açılması gözlənilir.
Qeyd edək ki, Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yeni istehsalat 120 min kvadratmetr ərazidə təşkil ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünər. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Cari ildən Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalına başlanacaq
Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən yaradılan Neftçala Sənaye Məhəlləsi üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni sənaye məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Sənaye məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokunda və bütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb. Məhəllənin dayanıqlı enerji ilə təmin olunması üçün transformator quraşdırılıb. Müxtəlif məqsədlər üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və 2 su quyusu tikilib.
Kollegiya iclasında məlumat verilib ki, Neftçala Sənaye Məhəlləsində ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Məhəlləsində 5 müəssisə - karton stəkan istehsal edən “Sun Rise Production”, polietilen boru istehsal edən “Toğrul-2008”, kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi “Petroqeoaz”, modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan “Providence Doytch Limited” və balıq yemi istehsal edən “Kəhf” şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq. Avtomobil istehsal edən “Azeurocar” isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır.
Növbəti sənaye məhəlləsi Masallıda yaradılır
Növbəti sənaye məhəlləsi cənub bölgəsində - Masallıda yaradılır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırda Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv şəkildə davam etdirilir. Sahibkarların yeni sənaye məhəlləsinə marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 712 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30