Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarından xarici bazarlara yüksəkkeyfiyyətli fındıq ixracı artır

Azərbaycanın regionlarından xarici bazarlara yüksəkkeyfiyyətli fındıq ixracı artır

17.02.2017 [09:59]

2016-cı ildə respublikamızdan İtaliya, Rusiya, Almaniyaya və digər ölkələrin istehlak bazarlarına 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub
Yeni şəraitdə aqrar sektorda qarşıya qoyulan əsas vəzifələrdən biri regionların potensialından daha səmərəli istifadə etməklə ölkəmizin yeni ixrac imkanlarının yaradılmasına nail olmaqdır. Məlumdur ki, Azərbaycanın aqrar sektorunda buraxılan və yüksək keyfiyyəti ilə fərqlənən məhsullar xarici isrehlak bazarlarında yaxşı tanınır və onlara tələbat kifayət qədər yüksəkdir. Belə yüksək rəqabətqabiliyyətli məhsulları xarici bazarlara daha böyük həcmlərdə çıxartmaqla ölkəmizə valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bu isə dünya birjalarında neftin kəskin ucuzlaşması fonunda ölkəmizin gəlirlərinin azalmasını müəyyən dərəcədə kompensasiya etmək baxımından çox vacibdir.
Qeyd edək ki, ölkəmizın ixrac imkanlarının genişləndirilməsi məqsədilə genişməzmunlu tədbirlər həyata keçirilir. Respublikamızda başlanan yeni nəsil iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə ölkədə ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Son vaxtlarda ayrı-ayrı xarici ölkələrdə ardıcıl şəkildə logistik mərkəzlər yaradılır, eyni zamanda, “Made in Azerbaijan” brendi geniş şəkildə təbliğ olunur. Ölkəmizdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında Azexport.az portalı yaradılıb. İndiyədək portala beş mindən artıq yerli istehsal olan məhsul daxil edilib. Artıq portal vasitəsilə müxtəlif ölkələrdən ilin əvvəlindən 7 milyon dollara yaxın məhsul sifarişi daxil olub. Cari il fevralın ilk 10 günü ərzində “Azexport”un ixrac sifarişlərinin həcmi 2 milyon ABŞ dollarına yaxınlaşıb. Əsasən Çin, Rusiya, Gürcüstan, Misir, Belarus, Pakistan, Toqo və başqa ölkələrdən şərab, toyuq əti, yumurta, müxtəlif şirələr, alma, viski və digər məhsullara sifarişlər gəlir. “Azexport” təchizat zənciri üzrə bütün xidmətlərə - sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır.
Ümumiyyətlə, respublikanın aqrar sektorunda ixrac imkanları kifayət qədər böyükdür. Gəlirli sahələrdən biri də fındıqçılıqdır.
Azərbaycan fındıq istehsalına görə dünyada dördüncü ölkədir
Azərbaycanın aqrar sektorunda yetişdirilən ixracqabiliyyətli məhsullar sırasında fındıq xüsusi yer tutur. Hazırda xarici istehlak bazarlarında böyük tələbat duyulan fındıq ölkəmizin bir sıra bölgələrində asan yetişir. Zaqatala, Qax, Balakən, Qəbələ kimi rayonlarda fındıq bağlarının məhsuldarlığı kifayət qədər yüksəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda vurğulandığı kimi, hazırda respublikamızda fındıqçılıq 13 rayonda inkişaf etdirilir. Respublika üzrə mövcud fındıq bağlarının ümumi sahəsi isə 30-35 min hektara bərabərdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Azərbaycana məxsus ata-baba sortu dünyada ən keyfiyyətli və ən bahalı fındıq növlərindəndir.
Konfransda Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov bu sahənin inkişaf perspektivləri ilə bağlı böyük nikbinlik ifadə edib. Fındıqçılığın qeyri-neft sektoru üzrə ölkəmizə valyuta gətirən əsas sahələrdən biri olduğunu deyən İ.Orucov vurğulayıb ki, ötən il respublikamızdan 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Azərbaycanın regionlarında yetişdirilən fındıq əsasən İtaliya, Rusiya və Almaniyaya göndərilib. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri vurğulayıb: “Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Keçmiş illərdən fərqli olaraq, istehsalçılarımız xarici ölkələrə artıq birbaşa məhsul ixrac edirlər. Bu sahədə dövlət dəstəyi ilə keçirilən təşviq tədbirlərinin rolu böyükdür. Təşkil olunmuş çoxsaylı biznes-forum, ixrac missiyaları və işgüzar görüşlərdə iştirak etmiş və potensial idxalçılarla əlaqə yaratmışıq. Biz yeni dəstək mexanizmlərindən, xüsusilə ixracın təşviqi və “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş yararlanırıq. Bununla yanaşı, məhsulun artırılması məqsədilə dövlət tərəfindən fındıq istehsalçılarına 10 milyon manat məbləğində güzəştli kreditlər verilib”.
Qeyd edək ki, hazırda respublikamızda fındıqçılıq sahəsində yüz minə yaxın insanı birləşdirən 25 mindən çox ailə-fermer təsərrüfatı çalışır. O cümlədən ayrı-ayrı bölgələr fındıq ixracında daha yaxşı nəticələr əldə edirlər. Keçən il Zaqatala fermerləri fındıq ixracından 91 milyon manatdan çox gəlir əldə ediblər. Rayon üzrə fındıq ixracından gələn gəlir əvvəlki ilə nisbətən 44,8 milyon manat artıb. Qəbələ fındıq emalı müəssisəsi də xarici bazarlara fındıq ixracı üzrə geniş təcrübə qazanıb. Müəssisədə emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukrayna bazarlarına ixrac edilir.
Yaxın perspektivdə regionlarda fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq
Yaxın perspektivdə regionlarda fındıq istehsalının daha da artırılması hədəflənib. Ölkəmizdə fındıq istehsalının artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Bu qəbildən olan tədbirlər sırasında mövcud fındıq bağlarına aqrotexniki xidmətlərin səviyyəsinin artırılması, bu sahədə qabaqcıl təcrübədən, intensiv metodlardan geniş istifadə olunması, suvarmanın təşkili xüsusi yer tutur. Eyni zamanda, regionlarda fındıq bağlarının sahəsi genişləndirilir. Cəmi bir il ərzində respublika miqyasında fındıq bağlarının sahəsi dövlət dəstəyi hesabına 40 faiz artıb. Perspektivdə isə ardıcıl dövlət dəstəyi sayəsində regionlarda fındıq bağlarının sahəsini 80 min hektara çatdırmaq nəzərdə tutulub. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına fındıq pöhrələrinin alınmasına 700 min manat ödənilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, respublikamızda yeni fındıq bağlarının salınması istiqamətində məqsədyönlü iş aparılır. Təkcə ötən ilin payız mövsümündə Zaqatala rayonunun ərazisində 2 min 560 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 16 min 419 hektara çatdırılıb. Yaxın illərdə rayon ərazisində 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir.
Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində iş aparılır. Yaxın illərdə rayon ərazisində 4 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.
Balakəndə də fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Prezident İlham Əliyevin fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Balakən rayonunda yeni fındıq bağlarının salınması istiqamətində zəruri işlər aparılır. Ötən ilin payız əkini mövsümündə rayon ərazisində 1413,2 hektar sahədə yeni fındıq bağları salınıb.
Ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi məqsədilə bu qəbildən olan işlər həmçinin İsmayıllı, Qəbələ və digər rayonlarda da davam etdirilir.
İstehsalçılar fındıq ixracını genişləndirmək üçün bir sıra təkliflər irəli sürürlər
Respublikanın bölgələrində fındıq istehsalı ilə məşğul olan fermerlər ixracın həcmini artırmaq üçün bir sıra təkliflər irəli sürürlər. Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov yuxarıda bəhs olunan konfransda fındıq istehsalçılarının təkliflərini dilə gətirib: “Bu sahənin potensialı böyükdür. İstehsalın və ixracın artırılmasına nail olmaq üçün assosiasiya üzvləri adından bir sıra təklifləri irəli sürmək istərdim: fındıq ixracı ilə bağlı prosedurların sadələşdirilməsi və sürətləndirilməsi; əsas istehsal bölgələrində laboratoriyaların açılması və laborator analizlərin aparılmasının təkmilləşdirilməsi; fındıq istehsalının artırılması üçün maliyyə resurslarına çıxış, o cümlədən güzəştli kreditlərin genişləndirilməsi; ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin əlavə olunması (hazırda həmin mexanizmə yalnız emal olunmuş fındıq daxildir və assosiasiyamızın üzvləri ancaq bu təşviq imkanlarından yararlanırlar); fındıqçılıq sahəsində yüksəkixtisaslı aqronom və texnoloqların hazırlanması”.
Regionlarda yetişdirilən yüksək qida dəyərinə malik olan fındığın xarici istehlak bazarlarında “Made in Azerbaijan” brendi ilə təqdim edilməsi ölkəmizin tanıdılması baxımından da çox önəmlidir. Azərbaycan fındığının yüksək keyfiyyəti ilə tanış olan xarici istehlakçılarda, eyni zamanda, ölkəmiz barəsində də müsbət rəy formalaşır. Buna görə də xarici bazarlara fındıq ixrac edən fermerlər məhsulun zövqoxşayan dizaynla qablaşdırılmasını və yüksək səviyyədə təqdimatını diqqət mərkəzində saxlayırlar.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 762 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30