Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Pambıqçılığın inkişafı istiqamətində atılan addımlar bölgələrdə bu sahəyə marağın artmasında əsaslı rol oynayır

Pambıqçılığın inkişafı istiqamətində atılan addımlar bölgələrdə bu sahəyə marağın artmasında əsaslı rol oynayır

01.09.2017 [20:25]

Regionlarda yeni pambıq tədarükü məntəqələri tikilir, sahibkarlara subsidiyalar verilir, əkinəyararlı torpaq sahələri genişləndirilir
Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində aparılan uğurlu fəaliyyət öz bəhrəsini verməkdədir. Belə ki, bu istiqamətdə yüksək nəticələrin əldə olunması bunu deməyə əsas verir. Kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi istiqamətində atılan addımlar, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanda kənd təsərrüfatının bir sıra sahələrinin yeni mərhələyə qədəm qoymasına imkan verib. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən aqrar sektorun dinamik və sürətli inkişafını təmin etmək üçün bölgələrdə əsaslı tədbirlər görülür, yeni texnikalar alınır, sahibkarlığın inkişafına stimul verən addımlar atılır.
Qeyd edilməlidir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı həm də ixrac qabiliyyəti yüksək olan məhsulların daha geniş istehsalına şərait yaradır. Bu mənada, regionlarda texniki bitkilərin yetişdirilməsi xüsusilə qeyd edilməlidir. Yeri gəlmişkən, ölkəmizdə pambıqçılığın inkişafına göstərilən diqqət və qayğı bu sahənin yenidən yüksəlişinə imkan verir. Vurğulanmalıdır ki, bu ilin mart ayında keçirilən Pambıqçılığın inkişafına dair Respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev də pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri olduğunu bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır: “Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda, pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Bunu artıq pambıq əkən bütün rayonların ictimaiyyəti və vəzifəli şəxslər yaxşı bilirlər, görürlər ki, bu gün bu rayonlarda işləmək istəyən, ancaq hələ işsiz qalan vətəndaş özü üçün iş tapa bilər”.
Xüsusilə vurğulanmalıdır ki, pambıqçılığın daha yüksək səviyyədə vüsət tapması üçün dövlətimiz sahibkarlara hərtərəfli yardım göstərir. İstər subsidiyaların verilməsi, istər yeni texnikalarla təminat məsələsinin həll edilməsi, istərsə də yeni torpaqların əkinə cəlb edilməsi regionlarda pambıqçılığın inkişafında yeni səhifələr açır. Sözügedən müşavirədəki çıxışında Prezident İlham Əliyev də bildirmişdi ki, vətəndaşların, fermerlərin stimullaşdırılması istiqamətində ciddi tədbirlər görülüb: “Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstərir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur. Əlbəttə ki, biz gələcəkdə pambıqçılığı daha sürətlə inkişaf etdirəcəyik. Pambıqçılıq daha geniş vüsət alacaq və həm vətəndaşlara, həm dövlətə bunun ancaq böyük xeyri olacaqdır”.
Yeri gəlmişkən, ölkə Prezidentinin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı bir daha pambıqçılığın şöhrətinin bərpa edilməsi məsələsinə toxunub. Belə ki, Prezident İlham Əliyev artıq pambıqçılıqla məşğul olmaq istəyən insanların saylarının artdığını diqqətə çatdırıb: “Bu, pambıqçılıq rayonlarında işsizliyi, demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz, əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək. İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük maraq var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir”.
Vurğulamaq lazımdır ki, Saatlı rayonunda artıq pambıq yığımına start verilib. İlk məhsul yığımı dövlət başçısının Saatlıda olarkən çiyid səpininə start verildiyi sahələrdən başlanılıb və gün ərzində buradan 50 ton pambıq yığılıb. Vurğulanmalıdır ki, cari təsərrüfat ilində rayonda 17 min 220 hektar sahədə pambıq əkilib. Fermerlər və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi becərmə işləri apardığından sahələrdə bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə yetişmiş məhsulu qısa müddətdə toplayaraq tədarük məntəqələrinə təhvil verməkdir. Bunun üçün rayonda bütün zəruri tədbirlər həyata keçirilib. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, 100-dən çox traktor, 180-ə yaxın qoşqu texnikası və 30 pambıqyığan kombayn hazır vəziyyətə gətirilib.
Pambıq yığımı zamanı qarşıya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün rayonda xüsusi qərargah yaradılıb. Gün ərzində yığım və digər məsələlərlə bağlı bütün məlumatlar qərargaha ötürülür və ortaya çıxan çətinliklər operativ olaraq aradan qaldırılır. Qeyd edək ki, bu il Saatlı pambıqçıları sahələrdən 25-30 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Füzuli rayonunda da pambıq qəbulu məntəqəsi tikilir. Horadiz şəhərində inşa olunan məntəqə 4 hektar ərazini əhatə edir. Məntəqə 9 xırman, 60 tonluq qapan, 100 kubmetrlik iki su anbarı, nasosxana, inzibati bina, transformator yarımstansiyasından ibarət olacaq. Burada həmçinin çirkab sularının qəbulu üçün anbar tikiləcək, elektrik və su xətləri çəkiləcəkdir. Hazırda məntəqədə dəmir-beton işləri aparılır. Məntəqə builki məhsul qəbulu zamanı fəaliyyət göstərəcək.
Ağcabədi rayonunda isə pambıq zərərvericilərinə qarşı kimyəvi mübarizə işləri aparılır. Pambıq sahələrində mənənə, trips, tor gənəciyi və pambıq sovkasına qarşı müşahidələr aparılaraq, iqtisadi ziyanlı hədd aşkar olunan sahələrdə kimyəvi mübarizə işləri həyata keçirilir. Müxtəlif preparatlardan istifadə olunmaqla aparılan mübarizənin səmərəliliyi 90 faizdir. Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında “Kraun KO” şirkətinə məxsus taxıl sahələrində, Hindarx qəsəbəsi, Avşar, Salmanbəyli, Gələbəddin, Qiyaməddinli, Qaravəlli və digər kəndlərdə siçanabənzər gəmiricilərə qarşı sink fosfid və brodifacoum preparatları ilə kimyəvi mübarizə aparılıb. May-avqust aylarında isə karantin alaq otu olan tikanlı quş üzümünə qarşı Muğanlı, Kürdlər və Ağcabədi şəhəri ərazisində kimyəvi mübarizə işləri həyata keçirilib.
Respublikamızın iri pambıqçılıq rayonlarından olan Kürdəmirin Sor-Sor kəndinin və Qarabucaq qəsəbəsinin ərazisində ümumi gücü 9 min ton olan iki pambıq qəbulu məntəqəsi tikilir. Hər iki məntəqə sentyabrın əvvəllərində məhsul qəbul edəcək. Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən, qəbul gücü 6 min ton olan məntəqə 10 hektar sahəni əhatə edir. Artıq məntəqənin ətrafına hasar çəkilib, 18 taya yerinin, inzibati və laboratoriya binalarının hörgüsü başa çatdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq kəndi ərazisində tikilən və qəbul gücü 3 min ton olan məntəqədə də işlər sürətlə davam etdirilir.
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı yevlaxlı fermerlərin bu strateji məhsula olan marağını artırıb. Bu il rayonda 2168 hektar sahədə pambıq əkilib ki, bu da ötən ildəkindən 733 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərirlər. Bu il fermerlərlə müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə 1718 hektar, “Yevlax Kənd Təsərrüfatı” MMC ilə 450 hektarda çiyid səpini həyata keçirilib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının direktoru Şaban Həsənov pambıqçılıqla məşğul olan fermerlərin ilbəil artdığını, pambıq tarlalarının genişləndiyini bildirib: “Əgər 2016-cı ildə 85 nəfərlə müqavilə bağlanmışdısa, bu il 215 nəfərlə müqavilə imzalanıb. “MKT-Yevlax” filialı ilə müqavilə bağlayanların və innovasiya təsərrüfatının hesabına cari ildə 1718 hektar sahəyə yüksək kondisiyalı və məhsuldar toxum səpilib. Yaxşı çıxış alınıb, barlı kollar yetişib”.
Hazırda pambığın qəbulu, saxlanması və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə pambıq qəbulu məntəqəsində tikinti-abadlıq və yenidənqurma işləri aparılır. Mövcud 7 ədəd pambıq yığılacaq talvarın dam örtükləri dəyişdirilir, yanğın təhlükəsizliyini və hazır məhsulun texnoloji tələblərə uyğun saxlanılmasını təmin etmək məqsədilə 13 ədəd müasir standartlara cavab verən meydançalar inşa olunur. 50 tonluq elektron tərəzi və qapançı otağı da yenilənir. İşlərin bu ayın 20-dək yekunlaşması nəzərdə tutulur.
Aran qəsəbə sakini Arzu Səfərov pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 125 hektarda çiyid səpmişəm. Məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparır, tarlalara bar suyu veririk. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.
Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi dəstək neftçalalı fermerlərin də bu strateji məhsula olan marağını artırıb. Elə bunun nəticəsidir ki, bu il rayonda fəaliyyət göstərən fermerlər əkin sahələrini genişləndirərək 11 min 141 hektara çatdırıblar. Fermer İmaməddin Dadaşov bildirib ki, ötən il 60 hektar sahədə pambıq yetişdirərək hər hektardan 37 sentner məhsul götürüb. Bu il isə əkin sahələrini genişləndirərək 100 hektara çatdırıb. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən bol məhsul yetişib. Hər kolda 35-40 qoza var. Bu da göstərir ki, bu il hər hektardan 40 sentnerdən çox məhsul götürmək mümkün olacaq. Onun sözlərinə görə, indiyədək rayonun pambıq tarlalarında 5 dəfə becərmə, 3 dəfə ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. Sahələrin suvarılması da daim diqqət mərkəzində olub. Plantasiyalarda kompleks becərmə işləri avqustun axırlarına qədər başa çatdırılacaq. Qeyd edək ki, bu il rayonda 22 min ton pambıq istehsalı nəzərdə tutulub.
Sabirabadda pambıqçılığın sürətli inkişafı və məhsul istehsalının artırılması ilə əlaqədar olaraq pambıq qəbulu məntəqələri də yenidən qurulur. Təmir və yenidənqurma işlərinə ilk olaraq rayonun Moranlı və Qaratəpə kəndlərindəki məntəqələrdən başlanılıb. Altı min ton xam pambıq qəbul etmək gücünə malik olan məntəqələrdə təmir işlərinə ötən ayın əvvəllərindən start verilib. Hər biri 10 hektar ərazini əhatə edən məntəqələrdə pambıq tayaları üçün 18 ədəd meydança, inzibati bina, laboratoriya və 30-a yaxın yardımçı tikili inşa edilir. Məntəqələrə elektrik, su və kanalizasiya xətləri çəkilib, yanğın mühafizəsi üçün avadanlıqlar və istilik sistemi qurulur. Pambıq qəbulu məntəqələri ən müasir avadanlıqlarla təchiz olunur. Təmir işləri başa çatdıqdan sonra Moranlı, Qaratəpə və qonşu kəndlərin pambıqçıları üçün heç bir çətinlik qalmayacaq.
“MKT İK” MMC-nin Sabirabad filialının direktoru Yunis Gözəlov bildirib ki, rayonda pambıq istehsalının ilbəil artması ilə əlaqədar gələcəkdə daha bir neçə pambıq tədarükü məntəqəsinin yenidən qurulması nəzərdə tutulub.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Ucar rayonunda pambıq qəbulu məntəqəsi və emalı müəssisəsi tikilir. Bu məqsədlə ayrılan 10,5 hektar torpaq sahəsində 5000 ton qəbul gücünə malik məntəqə inşa olunur. Məntəqədə 100 kubmetrlik iki su anbarı, 16 taya yeri, tərəzi və nəzarət sahəsi, inzibati bina və sair tikilir. Məntəqə sentyabrın əvvəllərində məhsul qəbuluna hazır olacaq. Qəbul məntəqəsində işlər başa çatdırıldıqdan sonra emal müəssisəsinin inşasına başlanılacaq. Qeyd edək ki, inşaat işləri “Azəraqrartikinti” ASC-nin Ağsu Aqrar Tikinti İdarəsi tərəfindən aparılır.
Cəlilabad rayonunda da pambıqçılığın inkişafı ilə bağlı mühüm addımlar atılmaqdadır. Rayonun ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilib, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Ötən il rayonda əkilmiş 426 hektar pambıq sahəsindən 798 ton məhsul istehsal edilib. Bu il isə pambıq əkini 500 hektara çatdırılıb. Hazırda sahələrdə yüksək səviyyədə aqrotexniki tədbirlər görülür.
Tərtər rayonunda pambıqçılığın inkişafı ilə bağlı ciddi dönüş yaranıb. Belə ki, cari ildə pambıq əkinləri 2015-ci illə müqayisədə 5,7 dəfə, 2016-cı ilə nisbətən isə 3 dəfə artaraq 3123 hektara çatdırılıb. Ötən il tarlalardan 2334 ton ağ qızıl toplanılıb. Hər hektarın məhsuldarlığı 22,5 sentner olub ki, bu göstərici ilə Tərtər rayonu respublikada 3-cü yeri tutub. Rayon pambıqçıları bu il 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Ağcabədi rayonunda isə 2016-cı ildə rayon ərazisində 3661 hektar sahədə pambıq becərilib, 8852 ton məhsul istehsal olunub. Bu il isə 9492 hektarda çiyid səpini həyata keçirilib ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur.
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Ağsu rayonunda da pambıq qəbulu məntəqəsi tikilir. Məntəqə builki məhsul qəbulu zamanı fəaliyyət göstərəcək. Tikinti işləri Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqoyunlu bələdiyyəsi ərazisindən ayrılan 6 hektar sahəni əhatə edir. Obyekt “Azəraqrartikinti” ASC-nin Ağsu Aqrartikinti İdarəsi tərəfindən inşa olunur. Qısa vaxtda 2,4 metr hündürlükdə 1035 metr hasar çəkilib, 2 ədəd 100 kubmetrlik su anbarından biri inşa olunub, digərində isə işlər davam etdirilir. Habelə, hər biri 250-300 tonluq 12 taya və tərəzi yerləri pambıq qəbulu üçün hazırlanır. Nəzarət məntəqəsi və inzibati binalar üçün nəzərdə tutulan yerlərdə hörgü işləri aparılır.
Vurğulanmalıdır ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, pambıqçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, pambıqçılıq sahəsində elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, pambıqçılığın infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulub. Həmçinin pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması, pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsinin təşviqi, pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, pambıqçılıq məhsullarının ixracının təşviqi, pambıqçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi, pambıqçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi və pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsi kimi vəzifələr də qarşıda duran əsas məqsədlər sırasındadır. Bu səbəbdən də sözügedən sahənin yüksək səviyyədə inkişaf etdirilməsi üçün beynəlxalq əlaqələr qurulur. Yeri gəlmişkən, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “John Deere” şirkəti arasında əməkdaşlıq çərçivəsində aqronomluq fakültəsində pambıqçılıqda müasir texnologiyaların tətbiqinə dair müzakirələrə başlanılıb. Azərbaycan Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində fəaliyyət göstərən və “John Deere” şirkətinin dəvəti ilə universitetə gəlmiş aqrobiznes üzrə məsləhətçi Corc Melton və aqronom Ceyms Pauel universitetin əməkdaşları ilə pambıqçılıqda qabaqcıl idarəetmə qaydaları, o cümlədən pambıq əkini üçün hazırlıq işləri, toxumların seçilməsi, səpin norması, xəstəlik və zərərvericilərlə mübarizə, suvarma, məhsulun yığılması, çeşidlənməsi və digər texnoloji proseslərə dair bilik və təcrübələrin mübadiləsini aparırlar. Müzakirələrin əsas hissəsi ətraf ərazilərdə pambıqçılıq təsərrüfatlarında aparılmaqla, fermerlərə praktik tövsiyələr veriləcək, nəticələr ümumiləşdiriləcək.
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında da pambıqçılığın inkişafına həsr olunmuş elmi-praktik seminar - tarla günü keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda alimlər, pambıqçılıq şirkətlərinin nümayəndələri və pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər. Bildirilib ki, elmi-praktik seminar “Rayonlaşmış aborigen və xaricdən gətirilmiş pambıq sortlarının müqayisəli əkini” və “Pambıq əkinlərində irriqasiya eroziyasının araşdırılması yolları” mövzularına həsr olunub. Qeyd olunub ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu il Beyləqan rayonunda 8 min 500 hektar sahədə pambıq səpini aparılıb. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə müqavilə əsasında becərirlər. Hazırda rayonda pambıq yığımına hazırlıq görülür. Tədbir iştirakçıları pambıq sortlarının sərgi əkininə baxış keçirib, “AzNİXİ-195”, “Gəncə-2”, “Gəncə-8”, “Gəncə-78”, “Gəncə-80”, “Gəncə-103”, “Gəncə-110”, “Gəncə-114” yerli və “Karizma”, “Ağ qızıl” xarici pambıq sortları, onların becərmə texnologiyası ilə tanış olublar. Fermerlər yerli pambıq sortlarında avqust ayının sonunadək 60-70 faiz, xarici pambıq sortlarında isə 15-20 faiz qoza açımının şahidi olublar. Bildirilib ki, yerli pambıq sortları tez yetişən və məhsuldar olduğundan, qeyri-sabit hava şəraitinin məhsuldarlığa təsiri minimuma endirilir. Yerli sortlar yüksək aqrotexniki qulluq nəticəsində orta hesabla hər hektara 50 sentnerədək məhsul vermək iqtidarındadır.
Qeyd olunduğu kimi, ölkəmizdə məşğulluq kimi vacib sosial məsələnin həllində 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasının rolunu da xüsusi qeyd etmək lazımdır. Pambıqçılığın iqtisadi əhəmiyyəti ilə yanaşı, sosial önəmi də böyükdür. Pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəm 200 minədək artıb.
PƏRVİZ SADAYOĞLU

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30