Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Regionların qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir

Regionların qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir

06.02.2018 [09:59]

Əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin edilməsi üçün bölgələrdə müvafiq işlər görülür
Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli islahatlar bütün sahələrdə inkişafın əldə olunmasını şərtləndirib. Yeni iqtisadi şəraitdə regionların sosial-iqtisadi inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi isə milli tərəqqinin davamlı xarakter daşımasına etibarlı zəmin yaradıb. Vurğulamaq gərəkdir ki, regionların sosial-iqtisadi inkişafına hədəflənmiş tədbirlər çoxşaxəli xarakter daşıyır və bütün sahələri əhatə edir. Eyni zamanda, hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrin qazlaşdırılması ilə bağlı layihələrin əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır. Belə ki, Prezident İlham Əliyevin bütün bölgələrin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq müvafiq Dövlət proqramları çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Başqa sözlə, bölgələrdə qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Hətta indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar. Hazırda ölkəmizdə qazlaşdırma 93 faizə çatdırılıb və bütün şəhərlər tam olaraq qazla təmin olunub. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi: “Bölgələrdə, demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib. Bir çox kəndlərimizdə bu proses davam etdiriləcək”.
Qeyd etmək lazımdır ki, qazlaşdırma və qaz təminatının bərpası istiqamətində davam etdirilən məqsədyönlü tədbirlərin nəticəsi kimi, başa vurduğumuz 2017-ci il ərzində Ağcabədi rayonunda 78.1 km, Bərdə rayonunda 103.5 km, Beyləqan rayonunda 101.9 km, Biləsuvar rayonunda 259.47 km, Göyçay rayonunda 118.49 km, Göygöl rayonunda 144.22 km, Kürdəmir rayonunda 43.58 km, Lerik rayonunda 44.02 km, Masallı rayonunda 110.32 km, Quba rayonunda 42.02 km, Saatlı rayonunda 158.85 km, Sabirabad rayonunda 68.55 km, Şəki rayonunda 80.5 km, Ucar rayonunda 155.96 km, Xaçmaz rayonunda 213.03 km və s. uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və kənddaxili qaz xətləri çəkilib. Digər tərəfdən, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Ağstafa, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Xaçmaz, Şamaxı, Oğuz, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Lerik, Biləsuvar, Cəlilabad, Masallı və Astara rayonları üzrə 56 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Cari ildə də qazlaşdırma prosesi uğurla davam etdirilməkdədir. Yeri gəlmişkən, yanvarın 27-də Göyçay rayonunun Çaxırlı kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, 660 abonenti olan Çaxırlı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 93 min 645 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən Əkbər Hacıyev bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Kənd sakinləri isə çıxış edərək sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, eləcə də təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Samuxda isə abonentləri təhlükəsiz və davamlı qazla təchiz etmək məqsədilə rayonun kənddaxili qaz təsərrüfatı yenilənir. Bunun üçün rayonun Cırdaxan kəndində və Qarayeri qəsəbəsində 590 metr yeni qaz xəttinin çəkilişi başa çatıb. Həmçinin Samux şəhərində, Çobanabdallı, Sərkar, Əlibayramlı, Qarayeri, Qiyaslı və Lək kəndlərində yeni qaz tənzimləyiciləri quraşdırılıb. İl ərzində Çobanabdallı, Qarabağlılar və Əhmədbəylilər kəndlərinin küçədaxili qaz xətlərinin korroziyaya uğramış hissələri dəyişdirilib, 50 ədəd qaz tənzimləyici şkafların giriş və çıxışına 103 ədəd manometr quraşdırılıb. Alabaşlı, Qarayeri qəsəbələrində və Səməd Vurğun küçəsində şəxsi həyətlərdən keçən qaz xətləri təhlükəsizlik üçün küçəyə çıxarılıb. Alabaşlı-Qarayeridə 593 metr, Ziyatlı kəndində isə 623 metr yeni daşıyıcı qaz xətti çəkilib. Qiyaslı kəndində 155 metr ortatəzyiqli qaz xətti çəkilərək, qaz tənzimləyici şkafa qoşulub. İl ərzində 679 qaz sayğacı yenisi ilə əvəzlənib. Bütövlükdə, ötən il rayon üzrə 40 min 988,124 kubmetr təbii qaz istehlak olunub. Qaz təsərrüfatında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində cəmi 5,9 faiz itki olub. İstehlakçılar tərəfindən təbii qazın ödənişi 93,8 faiz təşkil edib. Hazırda əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin edilməsi üçün işlər rayonun digər kəndlərində də görülür.
“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin xidməti ərazisinə daxil olan doqquz rayonda da qazlaşdırma ilə əlaqədar mühüm işlər görülür. Regional idarə Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarını əhatə edir. Üçüncü Dövlət Proqramının qəbulundan bəri qazlaşdırılan yaşayış məntəqələrinin sayı iki dəfə artaraq 293-ə çatıb. Hazırda İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Kürdəmirin Mollakənd, Muradxan, Göyçayın Çərəkə, Lək-Çıplaq, Ucarın Təzə Şilyan, Bərgüşad kəndlərində qazlaşdırma işləri aparılır. Bu yaşayış məntəqələrinin qazlaşdırılmasının mayadək başa çatdırılması nəzərdə tutulub. Dövlət Proqramına müvafiq olaraq cari ildə Qobustan, Ucar, Şamaxı, Göyçay, Ağsu, Kürdəmir rayonlarında daha 8 kəndin qazlaşdırılması məqsədilə tikinti-quraşdırma işlərinə başlanılacağı gözlənilir.
Bunlarla yanaşı, Bərdə rayonunun ən böyük yaşayış məntəqələrindən olan Lənbəran kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. 930 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 122 min 886 metr olan polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulmasından, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını deyən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış edərək sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Bərdədə həyata keçirilən sosial layihələrdən danışıblar. Çıxış edən sakinlər əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. SOCAR-ın prezidenti Rövnəq Abdullayev kənddəki evlərdən birinin mətbəxində olub, ev sahibini təbrik edib, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanıb.
Göründüyü kimi, regionların qazlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin edilməsi üçün bölgələrdə müvafiq işlər görülür. Ümumiyyətlə, ölkədə qazlaşdırmanın cari ilin sonuna qədər 95 faizə çatdırılması nəzərdə tutulub ki, bu da olduqca mühüm göstəricidir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan çıxışı zamanı diqqətə çatdırıb ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır: “Bu, çox yüksək göstəricidir. Hesab edirəm ki, bu göstəriciyə görə də biz dünya miqyasında qabaqcıl yerlərdəyik. Relyefimizi nəzərə alsaq, bir daha görərik ki, bu, nə qədər mürəkkəb işdir. Ona görə bu gün də qazlaşdırmanın səviyyəsi - 93 faiz yaxşı göstəricidir. Ancaq bilməliyik, hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31