Ana səhifə »  KİVDF »  Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni layihələr həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda turizmin inkişafı ilə bağlı yeni layihələr həyata keçirilir

İstər bu layihələr, istərsə də respublikamızda keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı getdikcə artır
Hazırda öz inkişafına görə nəinki yerləşdiyi regionda, o cümlədən dünyada fərqlənən Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilir. İstər bu uğurlar, istərsə də respublikamızda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər öz növbəsində ölkəmizə gələn xarici turistlərin sayının artmasına təkan verir. Bu artım 2018-ci ilin birinci rübü və ondan sonrakı dövrdə də özünü göstərib. Məlumat üçün bildirək ki, bu ilin birinci rübündə ölkəmizə gələn xarici turistlərin sayı 12,5 faiz artıb.
Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqama toxunan dövlət başçısı “Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq var. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər”, - deyib.
Məlum iclasdakı nitqində Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini deyən dövlət başçısı bu sahə ilə bağlı yeni layihələrin olduğunu da bildirib: “Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik”.
Beləliklə, həyata keçirilən işlər, atılan addımlar öz bəhrəsini verməkdədir. Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 29,3 faizi Rusiya Federasiyası, 22 faizi Gürcüstan, 12,1 faizi İran, 11,3 faizi Türkiyə, 4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,8 faizi İraq, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,8 faizini kişilər, 32,2 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 17,6 faizi yanvar, 15,8 faizi fevral, 26,2 faizi mart, 20,7 faizi aprel, 19,7 faizi isə may ayında ölkəyə gəlib.
Cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olmaqla) Azərbaycana gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb. İrandan gələnlərin sayında 11,3 faiz azalma müşahidə edilib.
Beş ayda Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 12,6 faiz artaraq 42,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,4 faiz artaraq 367,4 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,9 faizi dəmir yolu və avtomobil, 39,2 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Onu da vurğulamaq yerinə düşər ki, paytaxt Bakıya və ölkəmizin bölgələrinə turist axını Ramazan bayramı günlərində də davam edib. Bu sırada Şəki də var. Məlumat üçün bildirək ki, Azərbaycanın qədim mədəniyyət məskənlərindən olan Şəki bu gün həm də regionun ən önəmli turizm mərkəzi kimi tanınmaqdadır. Şəki xanlarının sarayı, Kiş kəndindəki qədim alban məbədi, orta əsrlərə aid karvansaralar, tarixi-memarlıq abidələri, yerli sənətkarların əl işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər üçün cəlbedici məkanlar hesab olunur.
Beləliklə, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Ramazan bayramı ilə əlaqədar tətil günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunub. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan olan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini bayram günlərində çoxlu sayda turist ziyarət edib. Bu ərazidə yerləşən muzey və karvansaralar, həmçinin XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayı, sənətkarlıq emalatxanaları yerli və xarici turistlərin daha çox marağına səbəb olub.
Qoruqdan verilən məlumata görə, bayram tətili günlərində Şəkiyə gələn yerli və xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunub. Xarici turistlər arasında Avropa ölkələrindən, həmçinin Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edib.
Yeri gəlmişkən, bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki Şəki xanlarının sarayının, muzeylərin qapıları səhər saatlarından axşamadək qonaqların üzünə açıq olub. Turistlərə xidmət göstərmək üçün sarayın yaxınlığında, qədim qala divarları ilə əhatələnən geniş yaşıllıq ərazidə asudə vaxt və istirahət guşəsi yaradılıb. Turistlər burada quraşdırılan çadırlarda dincələ, milli geyimdə foto çəkdirə bilib, Şəki şirniyyatları ilə samovar çayına qonaq olublar. Uşaqlar da yaddan çıxmayıb, ərazidə onlar üçün müxtəlif attraksionlar quraşdırılıb. Faytonla, atla gəzintilər də gələnlərin böyük marağına səbəb olub. Turistlərin asudə vaxtlarının maraqlı keçməsi üçün qoruğun ərazisindəki tarixi abidələrin önündə tez-tez konsertlər təşkil olunub.
Turistlərə göstərilən xidmətlərə gəlincə, bildirilib ki, bu mövsümdən başlayaraq turistlərə bir neçə yeni xidmət növü də təklif olunub. Yenicə fəaliyyətə başlayan səyyar bələdçilər turistlərin arzusuna uyğun olaraq, onları şəhərin görməli yerləri, tarixi məkanları ilə tanış edib, otellər, restoranlar barədə məlumat veriblər. Xan yaylağına gəzintilərin təşkili də turistlərin böyük marağına səbəb olub.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də bayram tətili günlərində xüsusi canlanma hiss olunub. Burada fəaliyyət göstərən şəbəkə ustası Hüseyn Hacımustafazadə və təkəlduz ustası Vəfa Mustafayevanın dediyinə görə, turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstəriblər.
Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində dincələn turistlərin sayı isə ikiqat artıb. Bayram günlərində Quba rayonuna gələn turistlər daha çox Qəçrəş və Quba-Xınalıq istiqamətində yerləşən istirahət mərkəzlərinə üz tutublar.
Qonaqların əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında xeyli sayda əcnəbi də olub. Quba Turizm İnformasiya Mərkəzindən bildirilib ki, həmin günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çox olub. Onlardan biri, almaniyalı turist Fritz Lange KİV-ə açıqlamasında deyib ki, biz Qubaya istirahət etmək, eyni zamanda, nadir quş növlərini araşdırmaq məqsədilə gəlmişik: “Burada ancaq dağlıq ərazilərdə yaşayan bir sıra endemik quşlar var. Qubaya bir həftəlik gəlmişik. Azərbaycanda olduğumuz müddətdə yalnız bir gün restoranda yemək yemişik. Digər günlərdə yerli mətbəx nümunələrinin dadına baxmışıq. Ölkənizin çox dadlı və özünəməxsus mətbəxi var”.
Ümumiyyətlə, Qubaya gələn əcnəbi turistlərin sayı hər il artır. Verilən məlumatlara əsasən, son illər ərəb ölkələrindən gələn qonaqlar çoxluq təşkil edir. Əcnəbi turistlər Qubanı təbiətinə, qonaqpərvər insanlarına və ləziz mətbəxinə görə seçirlər. Rayondakı istirahət mərkəzlərinin təmsilçiləri isə turistlərin buradan razı getmələri üçün əllərindən gələni edirlər.
Rayona gələn qonaqların çoxluğu nəzərə alınaraq, Quba Turizm İnformasiya Mərkəzi istirahət və bayram günlərində də fəaliyyət göstərib. Turistlərin rayonda istirahətini təmin etmək üçün “qaynar xətt” yaradılıb. Əcnəbi və yerli turistlər 24 saat ərzində (070) 530-76-70 nömrəsinə zəng edərək istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala biliblər. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən turistlərə ödəniş əsasında nəqliyyat vasitəsi və bələdçi də təqdim olunub.
Zəngin flora və faunası, qədim və orta əsrlərə aid tarixi abidələri ilə tanınan İsmayıllı rayonu da istər yerli, istərsə də xarici turistlərin maraq göstərdiyi bölgələrdəndir. Təsadüfi deyil ki, rayona gələn turistlərin sayı ildən-ilə artır. Təkcə Ramazan bayramı günlərində rayona 5 mindən çox turist gəlib. Bu, ötənilki bayram günlərində gələn turistlərin sayından 15 faiz çoxdur.
İsmayıllı Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bayram günlərində bütün turizm mərkəzləri, o cümlədən “Qız qalası”, “Qızıl qaya”, “Narniya” yerli və xarici turistlərlə tamamilə dolub. Xeyli sayda turist isə Xanagah, Aşağı Cülyan, Buynuz kəndlərində fərdi evlərdə qalıb.
Qeyd edək ki, İsmayıllıda 220-dən çox tarix və mədəniyyət abidəsi var ki, onlardan 32-si ölkə, qalanları isə yerli əhəmiyyətlidir. Dünya əhəmiyyətli Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu bu gün turistlərin maraq göstərdikləri əsas məkandır. Elə buna görədir ki, Ramazan bayramı günlərində Lahıca 3 min nəfərdən çox turist gəlib. Gələnlər arasında yerli turistlərlə yanaşı, Almaniyadan, Fransadan, İngiltərədən olan ziyarətçilər də var.

Bu məqamda onu da bildirək ki, artıq bütün bölgələrimiz, o cümlədən Azərbaycanın turizm məkanlarından biri olan cənub bölgəsi yay turizm mövsümünə tam hazırdır. Əvvəlki illərdən fərqli olaraq cənub bölgəsində yay turizm mövsümü bu ilin mart ayından başlanıb. Mədəniyyət və Turizm Nazirliyi və Lənkəran Turizm-İnformasiya Mərkəzinin əməkdaşlarından ibarət işçi qrupu bölgənin turizm və istirahət mərkəzlərində, çimərliklərdə monitorinqlər aparıb.
Bildirmək yerinə düşər ki, geniş turizm imkanlarına malik olan cənub bölgəsinin əsrarəngiz təbiəti, tarixi abidələri, milli mətbəxi, adət-ənənələri, folkloru rayona gələn turistlərin böyük marağına səbəb olub. Ölkəmizə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri də Lənkəran rayonudur. Turistləri buraya cəlb edən əsas amillər isə Lənkəranın dəniz, dağ və meşə ilə əhatə olunmasıdır.
Son illər rayona gələn turistlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu ilin beş ayında Lənkəranda mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı 8857 nəfər olub. Onlardan 10 faizi xarici turistlərdir. Bölgəyə ən çox turist İran İslam Respublikasından və Rusiya Federasiyasından gəlib.
Lənkəran Turizm-İnformasiya Mərkəzi cənub bölgəsinin turizm potensialının təbliği sahəsində müxtəlif tədbirlər həyata keçirib. Mərkəzin direktoru İlqar Əzimov bildirib ki, Lənkəranın turizm potensialını əks etdirən ingilis və Azərbaycan dillərində buklet, flayer və digər çap materialları hazırlanaraq sərgilərdə nümayiş etdirilib, turistlərə təqdim olunmaq üçün rayonda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərə, muzeylərə və Heydər Əliyev Mərkəzinə paylanılıb.
Eyni zamanda, rayonun turizm potensialını təbliğ edən orijinal flayer və təqvim, Lənkəranın turist marşrutu xəritəsi hazırlanaraq gələn qonaqlara verilib. Hazırda isə cənub bölgəsinin turist marşrutu xəritəsi üzərində iş gedir.
İlk dəfə olaraq Mərkəz tərəfindən Lənkəranda fəaliyyət göstərən otellərin ingilis və rus dillərində kataloqu hazırlanıb. Cənub bölgəsinin digər rayonları Lerik və Astara üzrə də bu tip çap məhsullarının hazırlanması planlaşdırılıb.
Ölkəmizin cənub bölgəsinin turizm potensialının beynəlxalq səviyyədə təbliğ olunması məqsədilə Mərkəz aprelin 5-7-də Bakıda keçirilmiş turizm və səyahətlər sərgisində bölgəni layiqincə təmsil edib. Sərgi çərçivəsində iştirakçılara yerli sənətkarlar tərəfindən hazırlanan milli suvenirlər təqdim olunub. Sərgidən sonra cənub bölgəsinin turizm məkanlarına maraq artıb, istirahət ocaqları və turlarla bağlı müraciətlər olunub. Xüsusilə əcnəbi turistlərin bölgəyə axını artıb.
İyunun əvvəlində İtaliyanın müxtəlif bölgələrini təmsil edən turist heyəti Lənkərana səfər edib. Lənkəran Turizm-İnformasiya Mərkəzi tərəfindən gələn qonaqlar üçün maraqlı turlar təşkil olunub.
Son illərdə ölkəmizə xarici turist axınını nəzərə alaraq turizm obyektlərində qonaqlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi mühüm rol oynayır. Bununla əlaqədar mütəmadi treninq və seminarlar təşkil olunur. Nəticədə respublikamıza, eləcə də bölgələrə səfər edən xarici turistlərin sayı ildən-ilə artır.
Xarici turistlərin ölkəmizə daxil olmalarını asanlaşdırmaq və qeydiyyatlarının təkmilləşdirilməsi ilə bağlı bir sıra normativ aktlar, o cümlədən mehmanxana və mehmanxana tipli obyektlərdə, turizm məkanlarında əcnəbi turistlərin qeydiyyatının yeni norma və qaydaları qəbul olunub.
İyunun 15-dən yeni turizm mövsümünün başlaması ilə əlaqədar olaraq əcnəbi turistlərin qeydiyyatında olan yeniliklərin tətbiqi ilə bağlı Lənkəran-Turizm İnformasiya Mərkəzi və Dövlət Miqrasiya Xidmətinin Regional İdarəsinin təşkilatçılığı ilə Lənkəranda fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri üçün maarifləndirici tədbir təşkil olunub.
Mərkəz tərəfindən yerli sənətkarlıq növlərinin təbliği məqsədilə əl işlərinin sərgisi və cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgilər maraqla qarşılanıb. Lənkəranda fəaliyyət göstərən bir sıra otellərdə Mərkəzin təşəbbüsü ilə yerli sənətkarların əl işlərinin satışına başlanılıb.
Ekoloji turizm növlərinin araşdırılması və milli parklarda müxtəlif turizm xidmətlərinin təşkili, sağlamlıq və ekstremal turizm növlərinin təbliği və inkişafı məqsədilə ekoloji turizm üçün əlverişli imkanları olan Hirkan Milli Parkı ilə əməkdaşlıq davam etdirilir. Milli Parkla yanaşı, turistlər üçün ekoturizm marşrutları üzrə gəzintilər də təşkil olunur.
Bölgə üçün yeni olan aqroturizmin inkişafı ilə bağlı işlərə də start verilib. Turistlər üçün çay plantasiyalarına və çay fabrikinə turlar təşkil edilir.
Hazırda Lənkəranda iki böyük turizm obyektinin tikintisi, Astaradakı dənizkənarı bulvarda genişləndirmə işləri davam etdirilir. Bütün bunlar isə cənub bölgəsinə daha çox turistin gəlməsinə səbəb olacaq.
Əsrarəngiz gözəlliyə, mülayim iqlim şəraitinə malik Astara rayonunda turizmin inkişafı üçün geniş imkanlar var. Rayonun Xəzər dənizi və Talış dağları ilə əhatə olunması, zəngin tarix və mədəniyyət abidələri xarici turistlərin daha çox marağına səbəb olur.
Lənkəran Regional Mədəniyyət İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov bildirib ki, Astarada turizmin inkişafı həm təbii şəraitlə, həm də maddi-texniki bazanın olması ilə əlaqədardır. Rayonda fəaliyyət göstərən 13 turizm obyekti həm dəniz sahili boyu, həm də dağətəyi ərazilərdə yerləşir. Turizm obyektləri yay dövründə çimərlik, digər mövsümlərdə kənd və dağ turizminin inkişafına xidmət edir.
Ötən il Astara rayonuna gələn 6000 turistin 950 nəfərinin xarici vətəndaş olduğunu qeyd edən Ş.Bayramov bu ilin beş ayında rayona 1500 nəfərə yaxın turistin gəldiyini, onların 500 nəfərinin xarici turist olduğunu bildirib. Vurğulanıb ki, Rusiyadan Astaraya gələn turistlərin sayı ildən-ilə artır. İrandan gələn turistlərin sayı isə daha çoxdur. Astara ilə sərhəd olduğundan onlar üçün mövsümi turizm anlayışı yoxdur. Rayonda keçirilən mədəni-kütləvi tədbirlər də turistləri cəlb edir.
Öz növbəsində Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi, rayonun dağ kəndlərinə gedən yolların asfaltlaşdırılması turizmin inkişafı üçün geniş imkanlar açır.
Astarada turizmin inkşafı istiqamətində atılan addımlardan söz düşmüşkən, bir müddət öncə Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Tematik turların təşkilində turizm bələdçilərinin rolu” mövzusunda həyata keçirilən layihə çərçivəsində təlim iştirakçıları üçün Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən Həmid Abdulla hamamı və Gəzəndaş ziyarətgahına tematik tur təşkil edilib. Turizm bələdçiləri, həmçinin Ərçivan qəsəbəsindəki “Yanar bulaq”da, “LƏM” yay istirahət evində, Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksində, rayonun digər turizm obyektlərində olublar.
Turizmin inkişafı, həmçinin ölkəmizə gələn xarici turistlərin sayının artması istiqamətində ölkənin qərb bölgəsinə də davamlı addımlar atılır. Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Hacıkənd qəsəbəsində Azərbaycan ədəbiyyatının və tarixinin böyük bir hissəsini özündə əks etdirən “Nizami Gəncəvi: sələflər və xələflər” adlı parkın açılması da bu istiqamətdə atılmış addımlardan biridir.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Gəncə şəhərində bir çox tarixi abidələrin bərpa edildiyini, yeni muzeylərin, mədəniyyət mərkəzlərinin yaradıldığını, görkəmli ictimai-siyasi, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirildiyini, həmçinin şəhərin qədim tarixinin, zəngin mədəniyyətinin təbliği istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, ölkəmizin ən səfalı istirahət məkanlarından olan Göygöl Milli Parkına ötən il 40-a yaxın ölkədən çoxlu qonaq və turist gəlib. Xarici qonaqlar həm də Hacıkənddə olub, bu yerlərin füsunkar mənzərəsini seyr ediblər.
İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Hacıkənd qəsəbəsinin mərkəzində parkın salınmasında məqsəd bu ərazidə yaşıllıq və mikroiqlim mühiti yaratmaqla yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin yaradılmasında və onların qorunmasında böyük xidmətləri olmuş şəxsiyyətləri, ictimai-siyasi və mədəniyyət xadimlərini, böyük filosofları, eləcə də tarixi qəhrəmanları təbliğ etmək, Gəncənin qədim Şərqin mədəniyyət mərkəzi kimi zəngin tarixi-mədəni irsə malik olduğunu bu bölgəyə istirahətə gələn yerli və xarici turistlərə göstərməkdir.
Məlumat verilib ki, bu məqsədlə parkda geniş tikinti işləri aparılıb. Parka suvarma sistemi çəkilib, burada ağac və gül kolları əkilib. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb. Abidənin qarşısında Nizami Gəncəvidən əvvəl və sonra yaşamış digər şair və yazıçıların, alim və filosofların, tarixi və əfsanəvi qəhrəmanların heykəlləri qoyulub.
Parkda əfsanəvi sərkərdə Əfrasiyab, müsəlman şərqinin ilk qadın şairəsi Məhsəti Gəncəvi, görkəmli şair və alimlər Ömər Gənci, Əbül-üla, Əsəd, Rəziyyə, Qivami Mütərrizi, Siti, Əbubəkr Gəncəvilər, Nizami Gəncəvinin xələfləri sayılan Doxtəri Xətibi Gəncə, Doxtəri Həkim Gav, Mühasib Gəncəvi, Mirzə Şəfi Vazeh, Şeyx İbrahim Qüdsi və Şeyx Zamanın, eləcə də Gəncənin yadelli işğalçıların istilasına qarşı inadla müqavimət göstərən Usta Bəndər kimi 17 görkəmli tarixi şəxsiyyətin heykəli ucaldılıb. Bir sözlə, görünən odur ki, ölkəmizdə turizmin inkişafı diqqət mərkəzindədir və bu istiqamətdə atılan addımlar davamlı xarakter daşıyır.
Nadir AZƏRİ

 
  • Oxunub:  2280  |  
  • Tarix:  30-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21