Ana səhifə »  KİVDF »  Regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
A+   Yenilə  A-
Regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır

2018-ci ilin sonunadək əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihələri həyata keçiriləcək
Son 15 ildə bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən genişmiqyaslı infrastruktur quruculuğunu, həmçinin paytaxtda və bölgələrdə reallaşdırılan yeni su və kanalizasiya layihələrinin timsalında aydın şəkildə izləmək mümkündür. Bəhs olunan dövrdə respublikanın onlarca şəhər və qəsəbəsinin, kəndlərin içməli su təchizatının yaxşılaşması əhalinin kommunal xidmətlərlə təminatında çox ciddi keyfiyyət dəyişiklikləri yaradıb.
Bütövlükdə, son 15 ildə respublika əhalisinin su təchizatının yaxşılaşdırılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, ötən dövrdə su və kanalizasiya layihələrinin icrasına başlanan 50 şəhərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Həyata keçirilən müxtəlif layihələr çərçivəsində 9230 km içməli su xətti çəkilib, ümumi məhsuldarlığı sutkada 689 min kubmetr olan 5 sutəmizləyici qurğu, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 308 artezian və subartezian quyusu qazılaraq istismara verilib.
Bəhs olunan dövrdə tullantı sularının axıdılması sahəsində də mühüm işlər görülüb. Belə ki, son 15 ildə 3540 km kanalizasiya və yağış suları xətləri çəkilib, emal gücü sutkada 126 min kubmetr olan 3 tullantı sutəmizləyici qurğu tikilib, eyni zamanda 2 qurğuda əsaslı yenidənqurma işləri aparılıb.
Həyata keçirilən su layihələri sayəsində abonentlərin sayı da artıb. Ölkə üzrə abonentlərin sayı 2018-ci ilin əvvəlinə 2004-cü illə müqayisədə 530 min artaraq 1 milyon 410 minə çatıb, eyni zamanda 1 milyondan artıq sayğac quraşdırılıb. Müqayisə üçün bildirək ki, 2004-cü ildə fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi ölkə üzrə 26 faiz olduğu halda, artıq bu göstərici 67 faizə yüksəlib.
Reallaşdırılan yeni layihələr hesabına paytaxtın, Bakıətrafı qəsəbələrin, həmçinin Aran bölgəsinin su təminatı yaxşılaşıb
Son 15 ildə reallaşdırılan yeni su layihələri sırasında Oğuz-Qəbələ-Bakı, Külüllü mənbələrinin, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. 2007-2010-cu illərdə tikilmiş müstəqil Azərbaycanın ən böyük yerli infrastruktur layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsilə Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında stabillik təmin olunub.
2015-ci ilin oktyabrında işə salınmış və ən son texnologiya əsasında yaradılmış Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi - onun məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edir - və 84 km uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri bu gün Abşeron yarımadasının böyük bir ərazisini yüksəkkeyfiyyətli içməli su ilə təmin edir. Bu qurğunun və infrastrukturun imkanlarından istifadə etməklə tarix boyu şirin su almayan Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsinə mərkəzləşdirilmiş qaydada içməli su verilib.
Abşeron yarımadasında reallaşdırılan bu iki layihə öz növbəsində imkan verib ki, Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi uzun illərdir içməli su problemi ilə üzləşən Aran bölgəsinin ehtiyaclarının ödənilməsinə yönəldilsin. Şirvan-Muğan və Sabirabad-Saatlı su kəmərlərinin tikintisi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 km uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. Artıq Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinin sakinləri bu mənbədən keyfiyyətli su ilə təmin olunur. Gələcəkdə Neftçala şəhəri, həmçinin kəmərin marşrutu boyu yerləşən 121 kəndin sakinlərinin də bu layihədən faydalanması nəzərdə tutulur.
Ölkənin digər regionlarında reallaşdırılan layihələr üzrə görülən işlərin miqyası da kifayət qədər böyükdür. Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər 62 km uzunluğunda magistral su kəməri çəkilib, Sabirabad və Saatlı şəhərlərinə bu mənbədən suyun verilməsi təmin edilib. Ötən il bu mənbədən Saatlı və Sabirabad rayonlarının bəzi kəndlərinə də su verilib.
Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü mənbəyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan mənbə yaradılıb və anbar kompleksi tikilib. Buradan Zərdab şəhərinə 72, Ucar şəhərinə 57, Kürdəmir şəhərinə 27, Ağsu şəhərinə isə 25 km uzunluğunda magistral kəmərlər çəkilib. Bu şəhərlərə, həmçinin magistral kəmərlər üzərində yerləşən bəzi kəndlərə içməli suyun verilməsi təmin edilib. Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib. Artıq Mingəçevir sakinləri yeni qurğu və şəbəkədən içməli su ilə təmin edilir. Yaxın gələcəkdə buradan Yevlax şəhərinə və ətraf 8 kəndə də içməli suyun verilməsi təmin ediləcək.
Kənd yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması proqramı uğurla həyata keçirilir
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramı çərçivəsində kənd və qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xızı rayonunun Yeni Yaşma kəndində icra olunan layihə bu günlərdə uğurla yekunlaşıb və 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib.
Xızı rayonunun Yeni Yaşma kəndində yeni içməli su təchizatı sistemlərinin yaradılması dövlət investisiya layihəsi çərçivəsində həyata keçirilib. Yeni layihənin icrasına qədər kəndin su təchizatı 1990-cı illərdə yaradılmış infrastruktur hesabına həyata keçirilib. Həmin illərdə tikilmiş magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan son vaxtlar normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı. Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib.
Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. Qısa müddətdə kənd ərazisində 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb. Hər bir evə birləşmə verilib və 360 abonent sayğacla təmin edilib. Kəndin mərkəzində əhalinin ümumi istifadəsi üçün bulaq quraşdırılıb. Eyni zamanda kəndin relyef şəraiti nəzərə alınaraq dayanıqlı su təchizatı məqsədilə 2 ədəd hidrofor tipli nasos stansiyası inşa edilib. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb, 2000-dən çox sakin yeni yaradılmış infrastruktur hesabına fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir. Kənd ərazisində içməli su şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra qazıntı işləri aparılmış yerlərdə asfalt örtüyü bərpa edilib.
2018-ci ildə kənd yaşayış məntəqələrində reallaşdırılacaq layihələrdən 45 min sakin faydalanacaq
Regionlarda kəndlərin su təchizatının yaxşılaşdırılması istiqamətində işlər perspektivdə də davam etdiriləcək. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 9 aprel 2018-ci il tarixində “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Hazırda bölgələrdə Sərəncamın icrası uğurla təmin edilir. Sərəncama uyğun olaraq reallaşdırılan layihələr çərçivəsində kəndlərdə 13 subartezian quyusu qazılacaq, 8 ədəd su anbarı, 195 km su xətti inşa ediləcək. Dayanıqlı su təchizatı məqsədilə 672 ədəd bulaq, 4 su qülləsi, 9 nasos stansiyası quraşdırılacaq. Bu layihələrdən 30 kəndin 45 min sakini faydalanacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihələri həyata keçiriləcək.
Qeyd edək ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub. Artıq Oğuz rayonunun Astraxanovka, Vladimirovka və Qarabulaq kəndlərində layihələrin icrası yekunlaşıb və 2000-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 34 ədəd bulaq quraşdırılıb. 29 km uzunluğunda Balaşüm-Söyüdlü magistral su kəməri rayonun Xaçmaz kəndi yaxınlığındakı bulaq və çay sularından qidalanır. 2012-ci ildə icra edilmiş layihə çərçivəsində sugötürücü qurğular, ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı, magistral xətlər və paylayıcı su şəbəkələri inşa edilib. Yaradılmış infrastruktur hesabına Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndinin 20 minədək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Ümumilikdə, 2018-ci ildə “Azərsu” ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.

Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndinin içməli su problemi həllini tapıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində icra olunan layihə yekunlaşıb.
Kəndə içməli suyun verilməsi münasibətilə təşkil olunmuş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov ötən il Göyçay rayonunun 14 kəndində içməli su layihələrinin icra olunduğunu xatırladaraq 40 minədək sakinin su probleminin həll edildiyini bildirib. Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq bu il 13 rayonun kəndlərində içməli su layihələri icra olunacaq. Artıq kəndlərdə tikinti-quraşdırma işlərinə başlanılıb və ilk layihə Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində yekunlaşıb.
Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində su təchizatı sistemləri mövcud olmayıb. Kənd əhalisi uzun illər arx sularını duruldaraq istifadə edib. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay şəhərinin su və kanalizasiya infrastrukturunun yenidən qurulması ətraf kəndlərin də içməli su təminatı üçün imkanlar yaradıb. İkinci Ərəbcəbirli kəndi Göyçay şəhərinə yaxın məsafədə yerləşdiyindən kəndə içməli suyun şəhər şəbəkəsindən verilməsi qərara alınıb.
İcrasına 2018-ci ilin aprel ayında başlanılmış layihə çərçivəsində Göyçay şəhərindən İkinci Ərəbcəbirli kəndinə 2 km uzunluğunda magistral su xətti çəkilib. Kənd ərazisində 5 km paylayıcı su şəbəkəsi yaradılıb, əhalinin ümumi istifadəsi üçün 33 ədəd bulaq quraşdırılıb. Tikinti-quraşdırma işləri qısa müddətdə başa çatdırılıb və icra olunan layihədən 1500-dək sakin faydalanıb.
“Azərsu” ASC-nin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindəki xidmət bölmələrinə 31311 müraciət edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri xidmətlərini asanlaşdırır və bu sahədə şəffaflığın artırılmasını təmin edir. 2018-ci ilin yanvar-may aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi xidmətlərdən istifadə genişlənib.
2018-ci ilin 5 ayında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 31311 müraciət edilib. Müraciətlərin 12911-i “ASAN xidmət”, 18400-ü isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Ötən müddətdə edilən müraciətlər arasında smart kartlara yükləmələr haqqında məlumatın verilməsi, texniki şərtin verilməsi, itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə 2014-cü ilin may ayından başlanılıb. 2017-ci ildən “Azərsu” ASC “ASAN Kommunal” mərkəzlərində də təmsil olunur. Ümumilikdə 2014-cü ildən indiyədək bütün xidmət mərkəzlərinə vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 130 minədək müraciət daxil olub.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Sabunçu rayonundakı 4 və Nizami rayonundakı 5 saylı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Mingəçevir şəhərlərindəki “ASAN xidmət”, həmçinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində təşkil olunub.
“Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” elektron xidməti istifadəyə verilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən sayca 12-ci - “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” adlı elektron xidmət istifadəyə verilib.
Yeni xidmətin təqdimatına həsr olunmuş mətbuat konfransında “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı son illər elektron xidmətlərin tətbiqi dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadənin əhəmiyyətindən danışıb. Bildirib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq indiyədək 11 növdə elektron xidmət istifadəyə verilib. Sayca 12-ci olan “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” adlı xidmət mexaniki sayğacları olan əhali qrupu abonentləri üçün nəzərdə tutulub. Yeni xidmətin tətbiqindən sonra abonentlər sayğac göstəricilərini fərdi şəkildə, elektron qaydada təqdim edə biləcəklər.
“Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin rəisi Emil Əhmədov “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” adlı elektron xidmətinin təqdimatını edib. Bildirib ki, bu xidmətdən www.e-gov.az portalında qeydiyyatdan keçmiş şəxslər istifadə edə bilərlər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” elektron xidməti seçilməlidir.
Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar abonent kodunu, sayğacın zavod və plomb nömrələrini, sayğacın son göstəricisi və oxunma tarixi barədə məlumatları təqdim etməli, sayğacın həmin dövrə olan şəklini fayl formasında (pdf, jpg, jpeg, png formatında) qoşmaya əlavə etməlidir. Eyni zamanda müraciət edən şəxs əks əlaqə üçün işlək telefon nömrəsi və ya elektron poçt ünvanını göstərməlidir. Əgər bir ünvanda bir neçə sayğac olarsa, onda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir.
Daxil edilən məlumatlar düzgün olduğu halda “Müraciət et” düyməsi seçilir və “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik.” bildirişi ekranda əks olunur. Bundan sonra müraciət cavablandırılması üçün müvafiq struktur bölməsinə yönləndirilir. Elektron müraciət qeydiyyata alındığı gündən ən geci 5 iş günü müddətində cavablandırılır. Bundan sonra təqdim olunmuş bildiriş əsasında abonent ödəniş apara bilər. Əgər abonentin təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.
Müraciətin nəticəsi olaraq formalaşan fakturanı abonent www.e-gov.az portalından əldə edə bilər. Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir, əks halda müraciət etibarsız sayılır və sorğu icra edilmir. Müraciət formasındakı uyğunsuzluqlar və yanlışlıqlar aradan qaldırılanadək müraciətin qəbulundan imtina edilir.
Mərkəzi Laboratoriya növbəti səriştəlilik proqramını uğurla başa vurub
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. Mərkəzi Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən laboratoriyaların təcrübəsini əsas götürərək beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur.
Laboratoriyanın İçməli Suyun Fiziki-kimyəvi analizlərin aparılması şöbəsi yenidən Böyük Britaniyanın FAPAS şirkəti tərəfindən təşkil olunan səriştəlilik test proqramında iştirak edib. Laboratoriya bu proqrama içməli suyun 13 fiziki-kimyəvi göstəricisi ilə qoşulub. Təqdim olunan analiz nəticələri proqramı uğurla başa vurmağa imkan yaradıb.
Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün, kadrların peşəkarlığının göstəricisidir.
Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 105-ə çatdırılıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6840  |  
  • Tarix:  10-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 23:18
Mehman Əliyevə xatırlatma
16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır
16 İyul 13:58
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
16 İyul 13:53
Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb
16 İyul 13:42
İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilib
16 İyul 13:36
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb
16 İyul 13:34
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar
16 İyul 12:52
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:39
Əfqanıstan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:35
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16 İyul 12:31
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
16 İyul 12:16
Lerikdə “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim
16 İyul 12:15
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb
16 İyul 11:40
Naxçıvanda icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb
16 İyul 11:38
Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir
16 İyul 11:30
Azərbaycan təbii qaz ixracını artırıb
16 İyul 11:26
Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 İyul 11:23
Gürcüstanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb
16 İyul 11:20
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
16 İyul 11:17
Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb
16 İyul 11:16
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
16 İyul 11:14
Bakıda yeni layihə uğurla həyata keçirilir
16 İyul 11:10
Özü bu dünyadan getsə də, səsi daim yaşayan sənətkar
16 İyul 11:07
DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb
16 İyul 11:03
Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib
16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA