
Regionlarda əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsi də diqqət mərkəzindədir
Müasir dövrdə iqtisadiyyatın inkişafını təmin edən mühüm amillərdən biri müxtəlif sahələri əhatə edən islahatların, eləcə də proqramlar və layihələrin ardıcıl şəkildə həyata keçirilməsidir. Bu istiqamətdə Azərbaycan təcrübəsinə nəzər saldıqda məlum olur ki, ölkəmizdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi iqtisadiyyatının davamlı inkişafını təmin edib, dövlətimizin qüdrətinin artmasını şərtləndirib. Ümumiyyətlə, ölkəmizdə müxtəlif sahələri əhatə edən layihələrin icra olunmasından bəhs edərkən mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işləri xüsusi olaraq diqqətə çatdırmaq lazımdır. Bu istiqamətdə görülən işlər sırasında əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması da mühüm yer tutur.
Qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında da bu istiqamətdə ardıcıl xarakter daşıyan məqsədyönlü tədbirlər uğurla davam etdirilib. Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib. Bununla yanaşı, Taxtakörpü su anbarı zonasında Xızı, Siyəzən və Şabran rayonlarında ötən illərdə suvarma suyu ilə təmin edilmiş 22 min hektar yeni suvarılacaq torpaqlar hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilir. Cari ildə Şabran rayonunda 12 min hektar torpaq sahəsində meliorativ işlər başa çatdırılacaq. Hazırda “Şabran Aqropark”a məxsus 1738 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb, Xızı rayonunda isə 436 hektar sahədə salınmış zeytun və badam bağları suvarma suyu ilə təmin edilib. Şəmkirçay su anbarı zonasında isə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişməsində keçid qurğusunun və kanalın 5 kilometrlik hissəsinin, eləcə də Goranboy və Samux rayonlarının ərazilərində yaradılmış aqroparklara məxsus torpaq sahələrinə suvarma suyunun verilməsi üçün boru kəmərinin və su hovuzunun tikintisi cari ildə başa çatdırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında ayrılmış vəsait hesabına cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsinin 8740 hektar torpaq sahəsini suvarma suyu və əhalini içməli su ilə təmin etmək üçün qazılacaq 300 subartezian quyusunun 175-də qazma işləri tamamlanıb, qalanlarında isə işin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin başa çatdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 22 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 30 mart tarixli Sərəncamına uyğun olaraq Tovuz şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək üçün alternativ su mənbəyinin yaradılması və yeni mənbədən şəhərə magistral su kəmərinin çəkilişinə başlanılıb. Tovuz şəhərinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi və yay aylarında müşahidə olunan su çatışmazlığının aradan qaldırılması məqsədilə alternativ mənbə olaraq Zəyəmçayın yatağında yeni sugötürücü qurğu tikilir. Layihəyə əsasən, Zəyəmçayda tikiləcək üfüqi suqəbuledici qurğunun məhsuldarlığı saniyədə 80-100 litr təşkil edəcək. Eyni zamanda, mənbədə baxış quyuları və sutoplayıcı kameranın inşası nəzərdə tutulur. Mənbədən götürülən suyun Tovuz şəhərinə özüaxımlı rejimdə çatdırılması məqsədilə 530 millimetr diametrli 24 kilometr uzunluğunda polad borularla magistral su xətti çəkilir. Tikinti-quraşdırma işlərinin ilin sonunadək tam başa çatdırılması nəzərdə tutulur. Yeni su mənbəyi istismara verildikdən sonra Tovuz şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq. Qeyd edək ki, 2011-2013-cü illərdə dövlət büdcəsi vəsaiti hesabına icra olunmuş Tovuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 28 min nəfərin içməli su təminatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Tovuz şəhərini içməli su ilə təchiz etmək üçün Qaziqulu kəndinin ərazisində 7 ədəd subartezian quyusu qazılıb, hər birinin tutumu 200 kubmetr olan 2 ədəd su anbarı və nasosxana tikilib, anbardan Tovuz şəhərinə 2,5 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində həmçinin rayonun Aşağı Öysüzlü kəndinin ərazisində hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı, xlorator və laboratoriya binaları tikilib, 95,5 kilometr uzunluğunda şəhərdaxili su və 110 kilometr kanalizasiya şəbəkəsi yaradılıb. Bununla yanaşı, şəhərdə yaranan tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 7 min kubmetr olan çirkab sutəmizləyici qurğu və Tovuz Sukanal İdarəsi üçün yeni inzibati bina tikilib. Layihə çərçivəsində rayonun Qaziqulu, Aşağı Öysüzlü, Abulbəyli və Bozalqanlı kəndlərində 2300 abunəçiyə də su verilib. Hazırda Tovuz şəhəri ilə yanaşı, Şamaxı, Gədəbəy və Lerik şəhərlərinin dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə yeni mənbələrin yaradılması layihələri icra olunur.
Ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrində də yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Muxtar respublikada 2018-ci ilin ötən dövründə suvarmanı mütəşəkkil təşkil etmək məqsədilə tədbirlər görülüb, 35 kilometr yeni suvarma boru xətti, 3 kilometr yeni içməli su xətti çəkilib, 12 kilometr suvarma boru xətti, 33 kilometr içməli su xətti təmir-bərpa olunub. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 410 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, müxtəlif diametrli borularla 22 min 400 metr paylayıcı boru xətti çəkilib. Sədərək rayonunda “Dəhnə” adlanan ərazidə 8 hektar sahə, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 39 hektar sahə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib. Şoranlaşmanın qarşısını almaq məqsədilə ümumilikdə 563 hektar sahədə qrunt sularının səviyyəsi aşağı salınıb. Torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə Naxçıvançay və Cəhriçayda, Qahab və Sirab selovunda, eləcə də Arpaçay vadisində selə qarşı ümumilikdə 24 kilometr istiqamətləndirici bənd salınıb. Bu dövrdə 8 kəhrizin bərpası başa çatdırılıb. “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Babək rayonunun Şəkərabad kəndində müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilib, 576 evə su verilərək sayğac quraşdırılıb, müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. Su şəbəkəsinin üzərində 3 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Su Babək qəsəbəsinə gələn ana xətdən götürülərək natrium hipoxloridlə dezinfeksiya olunur və daxili supaylayıcı şəbəkəyə verilir. Qeyd edildiyi kimi, kənddə müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. Aparılan tikinti işləri Şəkərabad kəndini, həmçinin hava limanını, yaxınlıqdakı hərbi hissəni və müəssisələri də əhatə edir. “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Şahbuz şəhər çirkab sutəmizləyici qurğusunda da tikinti işləri davam etdirilib. Şərur rayonunun Yengicə kəndində isə müxtəlif diametrli borularla 29 kilometr su xətti çəkilib, 860 ev şəbəkəyə qoşulub. Bununla yanaşı, Ordubad rayonunda ümumi tutumu 18 min kubmetr olan 6 su anbarının tikintisi başa çatdırılıb, 18 subartezian quyusu qazılıb. Həmçinin Ordubad şəhərində müxtəlif diametrli borularla 73 kilometr içməli su xətti, 72 kilometr kanalizasiya xətti və anbarlar arasında 7 kilometr təzyiqli boru xətti çəkilib.
Ümumiyyətlə, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Bərdə rayonunda 18 quyunun qazılması nəzərdə tutulub. Artıq Xanərəb, Kətəlparaq, Şahvəlilər, Qaradəmirçi, Əliyanlı, Böyük Qacar, Qurdlar, İkinci Nazırlı, Qazaxlar, Şərəfli, Qaradağlı kəndlərinin hər birində 1 ədəd, Piyadalar, Soğanverdilər və Əmirli kəndlərinin hər birində 2 ədəd olmaqla, 17 subartezian quyusu qazılıb. Kələntərli kəndində 1 ədəd subartezian quyusunun qazılması üçün hazırlıq işləri aparılır. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 500 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Bütövlükdə, Azərbaycanın bölgələrində əhalinin içməli su ilə fasiləsiz təmin olunması, eləcə də əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində kompleks işlər, məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
- Oxunub: 4080 |
- Tarix: 28-07-2018 |
-
Çap et |