Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / 2019-cu ildə ölkəmizdə 800 ton barama tədarükü nəzərdə tutulur

2019-cu ildə ölkəmizdə 800 ton barama tədarükü nəzərdə tutulur

13.02.2019 [09:40]

Kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində görülən işlər nəticəsində regionlarda barama istehsalı ildən-ilə artır
Məlum olduğu kimi, ötən 15 il ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Bu uğurların əldə edilməsinin kökündə isə dövlət başçısının müvafiq fərmanları ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları dayanır. Məhz ötən 15 il ərzində reallaşdırılan üç Dövlət Proqramı çərçivəsində, eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində də uğurlar əldə edilib.
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik baramaçılığın, ipəkçiliyin dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Həyata keçirilən davamlı tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ildə respublikamızda 230 kiloqram barama tədarük olunmuşdusa, keçən il yaş barama istehsalı 513 tona çatıb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub: “Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, respublikanın hər yerində olduğu kimi, Füzuli rayonunda da Prezident İlham Əliyevin ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində zəruri tədbirlər görülür. Füzuli rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata görə, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəd tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağını nəzərə alaraq, 40 tondan artıq barama istehsalı proqnozlaşdırılır.
Sözügedən istiqamətdə Ağcabədi rayonunda müvafiq işlər görülür. Ağcabədi rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilib. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə isə 37 min 146 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni salınan tut bağları, əhalinin təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınsa, 40 tondan çox barama istehsalı proqnozlaşdırılır.
Son illər Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılıb. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Ötən il Şəkidə baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Kümçülər barama istehsalından 432 min manat gəlir əldə ediblər.
Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədilə son üç ildə rayon ərazisində 376 min ədəd tut tingi əkilib. Əkilən tinglərin 162 mini intensiv tipli tut bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə yerli tut tingləridir.
Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Bərdə rayonunda da öz bəhrəsini verməkdədir. Bərdə rayon İcra Hakimiyyətindən bildiriblər ki, baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə isə 24,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınmaqla, 30 tondan çox barama istehsalı proqnozlaşdırılır.
Respublikamızın digər bölgələrində olduğu kimi, Yevlax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Yevlax şəhər İcra Hakimiyyətindən bildiriblər ki, rayonun inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə həmin il rayon ərazisində 95 min, 2017-ci ildə 53 min, 2018-ci ildə isə 35 min tut tingi əkilib. Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməkdədir. Belə ki, 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə isə 11 tona yaxın barama istehsal olunub. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağını nəzərə alsaq, barama istehsalının da xeyli artacağını proqnozlaşdırmaq olar.
Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini icra edən Teyyub Nəcəfov bildirib ki, rayonun inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 2,4 ton, 2017-ci ildə 13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 200 min ədədə yaxın tut tingi əkilib.
T.Nəcəfov qeyd edib ki, rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir. “Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağını nəzərə alsaq, 20 tondan çox barama istehsalını proqnozlaşdırmaq olar.
Ötən il 14 tondan çox barama istehsal edən sabirabadlı kümçülər cari ildə məhsul istehsalını daha da artırmaq üçün hazırlıq işlərinə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyev bildirib ki, son 3 ildə ayrı-ayrı yaşayış məntəqələrində 81 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunub və digər işlər görülür. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 168 ailəyə 338 qutu ipəkqurdu toxumu paylanılıb və 14 tondan çox məhsul istehsal edilib. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi edilir. Artıq rayonda ipəkqurdu bəsləmək istəyən 200-dən çox ailə qeydə alınıb. Qeyd edək ki, aprel ayından başlayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.
Beləliklə, yuxarıda sadalananlar da bir daha onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızda kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə dəfələrlə artır.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30