Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir

06.04.2019 [09:03]

Ölkəmizdə kiçik və orta biznes nümayəndələrinə, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bütün sahələrdə yardımlar edilir, qayğı göstərilir
Son illərdə Azərbaycanda, xüsusilə də ölkənin regionlarında iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Bu da səbəbsiz deyil. Belə ki, dövlət tərəfindən respublikamızda sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilir. Vurğulamaq lazımdır ki, son 15 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.
Onu da qeyd edək ki, son 15 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb. Bu il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, son 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atılıb. Dövlət başçısı qeyd edib ki, sahibkarlığın inkişafına böyük dəstək verilib: “Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək”.
Vurğulanmalıdır ki, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, respublikamızda özəl bölmənin inkişafının dəstəklənməsi, o cümlədən də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi davamlı səciyyə daşıyır. 2018-ci ildə ölkə üzrə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
Onu da qeyd etmək yerinə düşər ki, yuxarıda bəhs olunan konfransda sahibkarlığın inkişafının davamlı dəstəklənməsi məsələsinə də toxunulub. Belə ki, dövlət başçısı sahibkarlıqla bağlı siyasətin davam etdiriləcəyini bildirib: “Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.
Sahibkarlara dəstəkdən danışarkən vurğulamaq yerinə düşər ki, aprelin 3-də “Aqrolizinq” ASC tərəfindən Xızı rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. İmanqulukənd kəndində təşkil olunan səyyar satışda 40-a yaxın sahibkar fermerə 20 ton mineral gübrə satılıb. Səyyar satışdan yararlanan təsərrüfatçılar mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər. “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
“Aqrolizinq” ASC tərəfindən Qusar rayonunda da mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib. Təşkil olunan səyyar satışda 50-yə yaxın fermerə 25 ton mineral gübrə satılıb. Səyyar satışdan yararlanan təsərrüfatçılar mineral gübrələri 70 faiz güzəştlə əldə ediblər. Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına fevral ayından etibarən başlanılıb.
Eyni zamanda, Tovuz və Ağstafa rayonlarında da sahibkarlara azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışının keçirilməsi nəzərdə tutulub. Səyyar satışın Tovuz rayonunun Qaraxanlı kəndində, Ağstafa rayonunun Korxəlfəli kəndində keçirilməsi nəzərdə tutulub. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər və səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yerli sahibkarlara yardım məqsədilə Gədəbəy rayonunun Saratovka kəndində də analoji səyyar satışın keçirilməsini nəzərdə tutub. Bu kəndə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər. Bu səyyar satış zamanı da vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə edə bilərlər.
Eləcə də Samux rayonunda yerli sahibkarlar, fermerlər azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışından yararlana biləcəklər. Belə ki, növbəti səyyar satışlar Samux rayonunda baş tutacaq. Satışın keçiriləcəyi ərazilərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri də səyyar satışdan yararlana bilərlər.
Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığa yardım, kiçik və orta sahibkarlığın təşviqi, eləcə də ailə təsərrüfatlarının yaradılması və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı mühüm layihələr də həyata keçirilir. Bu layihələrdən yararlanan insanlar öz bizneslərini qura və sahibkarlıq subyektinə çevrilə bilirlər. Bu məqsədlə ölkənin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da mütəmadi işlər aparılır. Belə ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların, sahibkarlıq subyektlərinin yaradılmasına kömək göstərilməsi məqsədilə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə ümumilikdə 21 aztəminatlı ailə müəyyənləşdirilərək özünüməşğulluq üzrə Dövlət Proqramına cəlb edilib.
Qeyd edildiyi kimi, ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində mütəmadi addımlar atılır. Yerli sahibkarların maarifləndirilməsi, o cümlədən dövlət tərəfindən verilən kreditlərin səmərəli istifadəsi üçün mütəmadi görüşlər keçirilir, məsləhətləşmələr aparılır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısının təşkili də məhz bu məqsədə xidmət göstərir. Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə, qoyunçuluq və emal olunmuş qoyun məhsulları (ət, dəri və yun daxil olmaqla) alt-sektorunun cari vəziyyətini, mövcud və yarana biləcək çətinlikləri öyrənmək, bu alt-sektorun əhalinin iş yerləri, gəlir, ətraf mühit, sosial mənfəətlər və digər mühüm iqtisadi fəaliyyətlərə verə biləcəyi faydaların araşdırılmasıdır. Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, regionlarda yaşayan sahibkarlar, həmçinin FAO-nun beynəlxalq mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, iclas Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.
Eləcə də “Yalama Aqropark”ın tərəfdaşı, Almaniyanın “Josera” şirkəti ilə birgə təşkil edilən forum da kiçik və orta biznes sahibkarlarının, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan yerli fermerlərin inkişafına xidmət göstərib. Qeyd edək ki, dünyanın 21 ölkəsindən südçülük sahəsi üzrə 65 ekspertin qatıldığı forumun iştirakçıları “Yalama Aqropark”a gələrək burada yaradılan şəraitlə tanış olublar. Forum çərçivəsində müəssisədə təşkil edilən panellərdə südçülük sahəsində təcrübə və bilik mübadiləsi aparılıb, müxtəlif mövzular müzakirə edilib.
Tədbirin praktiki hissəsində “Yalama Aqropark”da yem rasionlarında əlavələr və vitaminlərin istifadəsi, yemləmə sahəsində innovativ yanaşmalar, həmçinin silos hazırlanması və istifadəsi haqqında danışılıb. “Yalama Aqropark” MMC-nin icraçı direktoru Zaur Əliyev bildirib ki, südçülük sahəsində təcrübə və bilik mübadiləsi platforması kimi qəbul olunan bu tədbir indiyədək dünyanın müxtəlif ölkələrində keçirilib.
Forumun məqsədi ölkəmizdə südçülük sahəsinin inkişafı üçün beynəlxalq təcrübəni öyrənmək, bilik və təcrübə mübadiləsini təmin etməkdir. Tədbir əcnəbi mütəxəssislərin ölkəmizdə mövcud heyvandarlıq kompleksləri haqqında məlumatlandırılmasına şərait yaradır.
Forumda Almaniya, Fransa, İspaniya, Belçika, Türkiyə, Ekvador, Çili, Kanada həmçinin Rusiya, Ukrayna, Belarus kimi ölkələrdən mütəxəssislər iştirak edirlər. Qeyd edək ki, “Yalama Aqropark” Xaçmaz rayonunun Yalama qəsəbəsində ölkə üzrə yaradılmış ilk aqroparkdır.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30