Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir

Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir

24.04.2019 [09:07]

Azərbaycanın regionlarında bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Dinamik tərəqqiyə malik olan Azərbaycan mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu modelin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrin inkişafının təmin olunması, eləcə də həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində möhtəşəm nailiyyətlərin qazanılmasıdır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. O da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir. Təsadüfi deyil ki, ötən müddət ərzində Azərbaycanda pambığın tədarükü dəfələrlə artırılıb.
Bütövlükdə, Azərbaycanın regionlarında pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə başlanılıb. Məhsul istehsalçıları qısa müddətdə 5215 hektarda çiyid səpiblər. Bütövlükdə bu il Saatlıda 13 min 735 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçirirlər. Bu məqsədlə artıq torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanılıb, səpin aqreqatları və digər mexanizmlər vaxtında təmir olunub, sahələr şumlanıb, arata qoyulub, malalanaraq səpin üçün hazırlanıb. Rayonda fəaliyyət göstərən “MKT” MMC, “Azər Pambıq” MMC, “Aqro AZ” MMC, “Kənd Təsərrüfatı” MMC ilə bağlanan müqavilələrə əsasən məhsul istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər. Qeyd edək ki, ötən il Saatlıda 15 min 815 hektar pambıq əkilib, 30 min 439 ton məhsul istehsal olunub.
Ucar rayonunda da pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri ciddi hazırlıqdan sonra çiyid səpini kampaniyasına start veriblər. Hazırda səpin Qaziyan, Lək və Xələc inzibati ərazi dairələrində aparılır. İlk gündən əkinə 3 səpin aqreqatı cəlb olunub. Kütləvi əkin üçün daha 2 səpin aqreqatı hazır vəziyyətdədir. Cari mövsümdə 500 hektarda çiyid səpiləcəyi nəzərdə tutulub. Sahələr əkinə tam hazırdır. Şum vaxtında qaldırılıb, əkin sahələri arata qoyulub, kifayət qədər toxum tədarük edilib. Əkində “Bəyaz altun-440” lifsiz çiyid toxumundan istifadə olunur.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Ağdam pambıqçıları üç gündə 633 hektarda səpin həyata keçiriblər. Bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. İlk olaraq səpinə Quzanlı qəsəbəsi, İmamqulubəyli, Xındırıstan, Üçoğlan kəndləri ərazisində başlanılıb. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin aprel ayının axırınadək başa çatdırılacağı nəzərdə tutulur. Rayonda pambıq səpininə ilkin başlayan fermerlərdən biri Xındırıstan kənd sakini Ramil Babayevdir. Əvvəlki illərdə hektarın məhsuldarlığına görə yüksək nəticələr əldə edən fermer bu ili də uğurla başa vurmaq əzmindədir. “Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq 2017-ci ildə 60 hektarda pambıq becərib 192 ton məhsul götürdüm. 2018-ci ildə pambıq əkinlərini və məhsuldarlığı bir qədər də artırdım. Hər hektardan orta hesabla 53 sentner məhsulumuz oldu. Bu il aqrotexniki tədbirləri ardıcıl və düzgün həyata keçirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam”, - deyə fermer bildirib. Qeyd edək ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.
Zərdab rayonunda çiyid səpini kampaniyasına uğurla başlanıb və qısa vaxtda 400 hektaradək sahədə əkin aparılıb. Cari mövsümdə 487 nəfər istehsalçı ilə bağlanan müqaviləyə əsasən 2255 hektarda çiyid səpini aparılacaq. Hər yerdə, xüsusilə Bəyimli qəsəbə, Körpükənd, İsabağı, Bıçaqçı və bir sıra digər ərazi vahidlərində səpinə mütəşəkkil hazırlıqla başlanılıb. İlk günlərdən sahələrə 20-dən çox səpin aqreqatı, bir o qədər də malaçəkən traktor çıxarılır. Hər yerdə əkinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılması və aprelin sonunadək başa çatdırılması üçün ciddi səy göstərilir.
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlayıblar. Füzuli pambıqçıları iki gün ərzində 135 hektarda səpin həyata keçiriblər. Rayonun işğaldan azad edilmiş ərazilərində bu il 800 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Səpin aparılacaq sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Çiyid səpininə ilkin olaraq rayonun Əhmədbəyli, Mahmudlu-2, Qarabağ kəndlərinin və “Fin” qəsəbəsi ərazilərində başlanılıb. “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin optimal müddətə başa çatdırılması nəzərdə tutulur. “P-Aqro” MMC-nin aqronomu Knyaz Mirzəyev bildirib ki, 143 mülkiyyətçi ilə 500 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanıb. Artıq 50 hektardan çox səpin həyata keçirilib. Fermerlər toxum, gübrə, dərman və texnikalarla tam təmin olunurlar. Səpin zamanı “Bəyaz altun” və “Ağ qızıl flaş” pambıq sortlarına üstünlük verilir.
Bunlarla yanaşı, neftçalalı “ağ qızıl” ustaları cari ildə 5 min hektar sahədə pambıq əkməyi planlaşdırırlar. Məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala İ.K” MMC tərəfindən lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub. Artıq rayonda pambıq səpininə start verilib. Səpinə ilk olaraq Xol məntəqəsindən başlanılıb və qısa müddətdə 600 hektardan çox sahəyə çiyid səpilib. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı toxum sortlarının səpininə üstünlük verirlər. Yaxın günlərdə rayonda kütləvi səpinə başlanılacaq. Ötən il 3 hektar pambıq sahəsindən 10 ton məhsul götürən, uzun müddət pambıqçılıqla məşğul olan rayonun Boyat kənd sakini Qulammirzə Adıyev bu günə kimi 1,5 hektarda səpin aparıb. Məhsul istehsalçısı səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35 sentner məhsul götürmək niyyətindədir. Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplayıblar.
Ağsuda da çiyid səpini kampaniyasına başlanılıb və qısa vaxtda 270 hektarda əkin aparılıb. İlk günlərdən sahələrə 8 səpin aqreqatı, bir o qədər də diskli mala çıxarılıb. Rayonun Rəhimli, Muradlı, Qaraqoyunlu, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində əkinə daha mütəşəkkil başlanılıb. Qeyd edək ki, cari ildə rayonda 1000 hektarda əkin aparılması nəzərdə tutulub. Artıq bütün ərazilərdə şum vaxtında çıxarılıb, sahələr arata qoyulub, əkin üçün hazırlanıb. Kifayət qədər çiyid, gübrə gətirilib. Hazırda hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, fermerlər səpinin optimal müddətdə və mütəşəkkil başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər.
Eyni zamanda, Sabirabadda da çiyid səpininə başlanılıb. Ötən il 17 min 292 ton xam pambıq istehsal edən sabirabadlı əkinçilər cari ildə 8 min 630 hektar sahədə pambıq əkməyi planlaşdırırlar. Bol məhsul yetişdirmək üçün rayonda bütün lazımi tədbirlər vaxtında görülüb, müqavilə bağlanılmış məhsul istehsalçıları lazımi texnika, toxum və dərman preparatları ilə təmin olunub. Səpin kampaniyasına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 4 min hektardan çox sahəyə toxum səpiblər. İşin yaxşı təşkili nəticəsində gün ərzində rayon üzrə 180-200 hektar çiyid səpilir. Səpin aparılmış sahənin 1552 hektarı “MKT” MMC-yə, 1416 hektarı “Azərpambıq” MMC-yə, 177 hektarı “AQRO AZ” MMC-yə, 961 hektarı isə “P-AQRO” MMC-yə məxsusdur. Məhsul istehsalçıları səpini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə ediblər.
İmişlidə də çiyid səpini müvəffəqiyyətlə davam edir. Ötən il 20 min tona yaxın xam pambıq istehsal edən imişlili fermerlər cari ildə 7 min 412 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 1062 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi köməklik göstərilir. Bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, əkinçilər səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər. Cari təsərrüfat ilində rayonda 7 min 412 hektardan çox sahədə səpin keçirilməsi nəzərdə tutulub. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da heç bir çətinlik yoxdur. Sahələrə kifayət qədər maşın, mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. Artıq 1769 hektar sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün intensiv üsullardan səmərəli istifadə edirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 604 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30