Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq

Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq

18.07.2019 [09:07]

Mütəxəssislər bildiriblər ki, əgər keçən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıya vəzifə qoyub. Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Taxıl istehsalının artırılması idxalın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən valyuta axınının qarşısı alınacaq.
Fermerlər taxıl zəmilərindən bol məhsul götürüblər
Regionlarda taxılçılığın inkişafı ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Məlumdur ki, Azərbaycanın torpaq ehtiyatları məhduddur. Buna görə də mövcud torpaqlardan daha səmərəli istifadə etməklə məhsuldarlığın artırılması olduqca vacib məsələdir. O cümlədən qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. Görülən işlərin, atılan məqsədyönlü addımların artıq mühüm nailiyyətlərlə müşayiət olunması xüsusilə qeyd olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 milyon 15 min 737 hektar sahədə taxıl əkini aparılıb. Bunun 673 min 696,8 hektarı buğda, 342 min 39,8 hektarı isə arpa sahəsidir. İyulun 11-nə olan operativ məlumata görə, ölkə ərazisində 935 min 973 hektar ərazidə taxıl biçini aparılıb, 335 min 127 hektar sahədə arpa, 600 min 846 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 milyon 958 min 747 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,6 sentner təşkil edir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox məhsul əldə etmək deməkdir. Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov da bildirib ki, ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb. Onun sözlərinə görə, ötən il iyulun 9-dək ölkədə 2 milyon 319 min ton taxıl yığılmışdısa, bu ilin müvafiq dövründə 2 milyon 884 min ton taxıl toplanıb. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb.
T.Qasımov qeyd edib ki, bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən çox olacaq. “Əgər keçən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib. Müşahidələr göstərir ki, bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq”, - deyə assosiasiya sədri bildirib.
T.Qasımov aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə məhsuldarlığı daha da artırmağın mümkünlüyünü qeyd edib: “Assosiasiya taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması üçün fermerlərin maarifləndirilməsinə xüsusi diqqət yetirəcək. Bundan başqa, aqrar sahədə çalışanların bazarın nəbzini daha yaxşı tutması üçün onlara lazımi məsləhət və tövsiyələr veriləcək. Bildiyiniz kimi, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti hər il müxtəlif istiqamətlərdə dəyişir. Məsələn, bu il dünya bazarında qarğıdalı baha, taxıl ucuz olursa, gələn il qiymətlər əksinə olur. Balansı düzgün tənzimləmək və fermerlərin qazanması üçün öz tövsiyəmizi verəcəyik. Çünki fermer bu sahədən qazanc əldə etməsə, növbəti il əkində maraqlı olmayacaq”.
O bildirib ki, taxıl istehsalçıları məhsulun satışı ilə bağlı heç bir problemlə üzləşmirlər: “Son illərdə ölkədə çoxlu taxıl qəbulu məntəqələri və elavatorlar inşa olunub. Fermerlər istehsal etdikləri məhsulu saxlayıb istədikləri vaxt sata bilərlər”.
Qazax rayonunda taxıl biçini vaxtında və itkisiz başa çatıb
Yüksək məhsuldarlığın qeydə alındığı rayonlardan biri Qazax rayonudur. Ölkəmizin əksər bölgələrində olduğu kimi, Qazaxda da taxıl biçini vaxtında və itkisiz başa çatıb. Verilən məlumatlara görə, Qazax rayonunda bu ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8 min 305 hektarda buğda, 4 min 250 hektar sahədə isə arpa yetişdirilib. Qazax taxılçıları zəmilərdən 42 min 330 ton məhsul götürüblər. 4250 hektar arpa sahəsindən 10 min 902,2 ton, 8305 hektar buğda zəmisindən isə 31 min 427,8 ton məhsul tədarük olunub. Cari mövsümdə orta məhsuldarlıq 33,7 sentner təşkil edib. Arpa sahələrində məhsuldarlıq 25,65 sentner, buğda zəmilərində isə 37,8 sentner olub. Biçin müddətində sahələrə 60 kombayn cəlb edilib.
Qəbələ rayonunun təsərrüfatlarında da taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Bu günədək 19 min 600 hektar zəminin məhsulu biçilib, 64 min 284 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,8 sentnerdir. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov bildirib ki, tədarük edilən taxılın 14 min 124 tonu arpa, 50 min 160 tonu isə buğdadır. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 32,1 sentner, buğda zəmilərində isə 33 sentnerdir. Rayonda hələlik biçilməmiş 600 hektar buğda sahəsi qalır. Arpa sahələrində biçin isə tam başa çatıb.
Qəbələli fermerlər ötənilki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan isə orta hesabla 32,2 sentner məhsul götürülüb.
Kürdəmir rayonunda rekord həcmdə məhsul istehsal olunub
Kürdəmir rayonunda da fermerlər taxıl biçinini uğurla başa çatdırıblar. Cari mövsümdə rekord həcmdə - 162 min 93 ton məhsul istehsal olunub. Bu göstərici ötən ildəkindən 32 min ton çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu ilin məhsulu üçün 48 min 46 hektar sahədə taxıl yetişdirilib. Biçin kampaniyasında 100-dək kombaynın qüvvəsindən istifadə olunub. Cari mövsümdə zəmilərin hər hektarından orta məhsuldarlıq 34 sentner təşkil edib. Bu da keçən ildəkindən 3 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Qarasaqqal, Qarasu, Şilyan, Köhünlü və sair ərazi dairələrində məhsuldarlıq daha yüksək olub.
Zərdab rayonunda da zəmilərdən istehsal olunan məhsulun həcmi ötən illə müqayisədə artıb. Belə ki, zəmilərdən 62 min 135 ton məhsul istehsal olunub ki, bu da ötən ildəkindən 1985 ton çoxdur. Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu ilin məhsulu üçün 18 min 715,5 hektar sahədə taxıl yetişdirilib. Hər hektardan orta məhsuldarlıq 33,2 sentner olub. Bu, ötənilki göstəricidən çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Körpükənd, Bəyimli, Alıcanlı, Dəkkəoba və sair ərazi dairələrində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər də taxıl biçinini başa çatdırıblar. 1100,6 hektar sahədə biçin aparılıb, onun da 1021,6 hektarı arpa, 79 hektarı buğda sahələridir. Zəmilərdən 2 min 545,4 ton məhsul əldə olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 23,1 sentner təşkil edib. Rayon üzrə ən çox məhsul tədarükü Qarıqışlaq (622,5 ton), Alxaslı (452,7 ton) və Malıbəy (319,7 ton) obalarında olub.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1111,1 hektar taxıl sahəsindən 2 min 450,2 ton məhsul götürüblər.
Bəzi rayonlarda fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. Rayon statistika idarəsindən verilən məlumata görə, taxıl istehsalçıları bu günədək 10 min 908,4 hektar sahənin 10 min 888,3 hektarında biçini aparıb, 29 min 419,4 ton buğda, 12 min 870,4 ton arpa tədarük ediblər. Hər hektarın məhsuldarlığı buğda sahələrində 41,6 sentner, arpa zəmilərində isə 33,7 sentner təşkil edir.
Bundan başqa, indiyədək 407,4 ton dən üçün qarğıdalı, 50,4 ton noxud, 8 min 189,1 ton müxtəlif növ tərəvəz məhsulları, 3 min 962,4 ton kartof, 1748 ton müxtəlif növ meyvə istehsal olunub. Hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 51,9 sentner, noxud üzrə 25,2 sentner, tərəvəz məhsulları üzrə 123,2 sentner, meyvə üzrə isə 12,9 sentnerdir.
Hacıqabulun taxıl sahələrində də məhsul yığımı uğurla davam edir. Hazırda zəmilərdə 54 kombayn işləyir. Gün ərzində 300-350 hektar sahənin taxılı toplanır. Qısa müddətdə 31 min 611 hektar taxıl sahəsindən 70 min 737 ton məhsul yığılıb. Biçin aparılmış arpa sahələrinin məhsuldarlığı 2,9 sentnerdir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 36 min 933 hektar sahədə taxıl əkilib, bunun da 11 min 8 hektarını arpa, 25 min 925 hektarını isə buğda sahəsi təşkil edir. Məhsulu qısa müddətdə toplamaq üçün rayonda biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 54 kombayn, 170-dək maşın mexanizm mülkiyyətçilərin istifadəsinə verilib.
Biçinə vaxtında başlayan əkinçilər artıq arpa biçinini başa çatdırıb, zəmilərdən 30 min 752 ton məhsul götürüblər.
Hazırda buğda sahələrinin məhsulu yığılır. İndiyədək 20 min 667 hektar sahədən 39 min 285 ton məhsul yığılıb. Rayon üzrə ən yüksək məhsuldarlığa Abdulabad kənd sakini Vilayət İsgəndərov nail olub. Fermer becərdiyi taxıl sahəsinin hər hektarından 50 sentner məhsul götürüb.
Aqşin ŞAHİNOĞLU

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30