Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Regionlarda təhsil ocaqlarının təmir və tikintisi sistemli şəkildə davam etdirilir

Regionlarda təhsil ocaqlarının təmir və tikintisi sistemli şəkildə davam etdirilir

13.09.2019 [09:29]

Artıq təmiri başa çatmış və yeni inşa edilmiş çox sayda məktəb binası “Bilik günü”ndə şagird və müəllimlərin istifadəsinə veriləcək
Məlum olduğu kimi, sentyabrın 16-da ölkəmizdə növbəti tədris ilinə start veriləcək. Bununla əlaqədar respublikamızın bütün təhsil ocaqlarında, ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri başa çatmaq üzrədir. Belə ki, Azərbaycanın bir çox şəhər və kəndində yeni məktəb binalari tikilib, köhnə binalar təmir olunub, avadanlıqlar yeniləri ilə əvəzlənib. Məktəblərin maddi-texniki bazaları gücləndirilib. Bütün bunlar isə təhsilin keyfiyyətinə müsbət təsir göstərən amillərdəndir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son 15 ildə məktəb tikintisinə böyük diqqət yetirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Ümumiyyətlə, 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyondan çox şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.
Təsadüfi deyil ki, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində də işlərin davam etdirilməsinin vacibliyinə toxunub: “Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu da çox önəmli hadisədir. Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir”.
Lerik rayonunda 3 yeni məktəb və 10 mobil tipli məktəb müəllim və şagirdlərin ixtiyarına veriləcək
Qeyd edilən diqqət və qayğının nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq son illər Lerik rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. 1985-2003-cü illərdə Lerik rayonunda cəmi 3 məktəb tikilmişdisə, son 15 ildə rayonda 58 məktəb inşa olunub, 22-si isə əsaslı təmir edilib.
Bu il Lerikdə 13 modul tipli məktəbin quraşdırılması, 4 orta məktəbin tikintisi və 1 məktəbin əsaslı təmiri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2117 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən Orand kənd məktəbinin tikintisində də demək olar işlər yekunlaşmaq üzrədir.
Üçmərtəbəli, 180 şagird yerlik Orand kənd məktəbi üçün yeni binanın tikintisinə ötən il oktyabrın 17-dən başlanılıb. Məktəb binasının hörgü işləri tamamlanıb, elektrik xətləri çəkilib, santexnika işləri görülüb. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, pəncərələr qoyulur.
Lerik şəhərinin mərkəzində yerləşən Valeh İbrahimov adına inteqrasiya təmayüllü internat tipli gimnaziyanın ikimərtəbəli binasında da qızğın iş gedir, əsaslı təmir olunur.
Təhsil Nazirliyinin sifarişi ilə yenidən qurulan 350 şagird yerlik binanın tavan, döşəmə, qapı və pəncərələri, digər yardımçı otaqları təzələnib. İstilik, işıqlandırma, su təchizatı sistemləri isə yenidən qurulur. Bundan başqa, binanın zirzəmi hissəsində, bünövrədə gücləndirmə işləri aparılacaq. Oğlanlar və qızlar üçün yataqxanalar tikiləcək. Bütün avadanlıq və əşyalar yenilənəcək.
Məktəbin ərazisində bir ədəd 100 kubluq içməli su anbarı, bir ədəd eyni tutumlu yanğına qarşı su anbarı, müasir tipli qazanxana, yeni futbol, voleybol meydançaları, idman zalı, akt zalı, yeməkxana, valideynlər üçün gözləmə yerləri tikiləcək.
Rayonun Orand, Siyov və Əvilə kənd məktəbləri, eləcə də 10 modul tipli məktəb “Bilik günü” müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Son üç ildə şimal bölgəsinin altı rayonunda 38 yeni məktəb binası tikilib
Qəbələ rayonunun Qaradeyn kənd tam orta və Şəfili kənd ibtidai məktəbləri üçün quraşdırılan 80 və 20 şagird yerlik modul tipli binalar “Bilik günü”ndə şagirdlərin istifadəsinə veriləcək. Bu barədə rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi də başa çatmaq üzrədir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.
Yeni dərs ili ərəfəsində Oğuzda üç modul tipli məktəb istifadəyə verilib. Oğuz rayonunun Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində hər biri 96 şagird yerlik modul tipli məktəb binaları istifadəyə verilib. Bu barədə Oğuz Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, son illər ölkənin hər yerində olduğu kimi, Oğuz rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, 2005-ci ildən indiyədək Oğuz rayonunda 3760 şagird yerlik 20 yeni məktəb binası, Yemişənli, Qarabaldır və Xalxalqışlaq kənd məktəbləri üçün modul tipli yeni tədris binaları tikilib istifadəyə verilib. Həmin müddətdə Oğuz şəhərindəki 1, 2 saylı və Çaldaş kənd tam orta məktəblərin binaları əsaslı təmir olunub, 2015-ci ildə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən Padar kənd tam orta məktəbin binasında bərpa-gücləndirmə işləri aparılıb.
Yeni dərs ilində Oğuzun ümumtəhsil məktəblərində 418 sinif komplektində 6224 şagirdin təhsil alması nəzərdə tutulur.
Xaçmaz şəhərində inşa olunan 432 şagird yerlik digər ikimərtəbəli məktəb binası isə yeni tədris ilində istifadəyə veriləcək. Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina 30 sinif otağından ibarətdir.
Xaçmaz şəhərində 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binası əsaslı təmir olunub. Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə təmir-bərpa işlərinə iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.
Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Artıq binada söküntü işləri başa çatdırılıb. Hazırda suvaq işləri görülür, dam örtüyünün dəyişdirilməsi həyata keçirilir.
Təhsil Nazirliyinin 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Fərhad Əmrahov bildirib ki, binada əsaslı təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək. Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün şərait yaradılacaq.
Qeyd edək ki, son üç ildə şimal bölgəsinin altı rayonunda 38 yeni məktəb binası tikilib. Bu məktəblərin 36-sı modul tipli məktəblərdir. Qarşıdakı illərdə regionda daha 55 məktəb binasının tikintisi nəzərdə tutulub. Bu təhsil ocaqlarından 50-si modul tipli məktəblər olacaq.
Son illər Şəki rayonunda 35-dək yeni məktəb binası tikilib
Şəki rayonunun Kiş, İbrahimkənd və Oxud kəndlərində quraşdırılan hər biri 96 şagird yerlik modul tipli məktəb binaları “Bilik günü”ndə öz qapılarını şagirdlərin üzünə açacaq. Bu barədə şəhər Təhsil Şöbəsindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisi də sürətlə davam etdirilir. Dördmərtəbəli və beş korpusdan ibarət bu məktəb binası Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur. Binanın tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, son illər rayonda 35-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 8 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Şirvan şəhərinin tədris ocaqlarında da yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb. Şəhərin 16 ümumtəhsil məktəbinin hamısında cari təmir işləri yekunlaşmaq üzrədir.
Şəhər 5 nömrəli ümumi orta məktəb üçün inşa olunan yeni binanın tikintisi də başa çatıb. 432 şagird yerlik məktəb binasının tikintisinə ötən ilin sentyabr ayında başlanılıb. Artıq binanın daxilində bütün işlər yekunlaşıb. Hazırda inventar və texniki avadanlıqlar quraşdırılır, əyani vəsaitlər asılır, ərazidə abadlıq işləri görülür, tamet döşənir, yaşıllıqlar salınır. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək. Burada 18 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, yeməkxana, idman və akt zalları fəaliyyət göstərəcək. Bir sözlə, binada şagirdlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. Məktəb binası “Bilik günü”ndə şagird və müəllimlərin istifadəsinə veriləcək.
Dövlət başçısının imzaladığı Sərəncama əsasən Sumqayıtda 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binası tikilir. Şəhərin “İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdə idi.

(davamı növbəti sayımızda)
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30