Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir

Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam etdirilir

02.10.2019 [09:11]

Bölgələrdə avtomobil yollarının tikintisi, yenidən qurulması ilə əlaqədar görülən işlər kənd təsərrüfatı və turizmin inkişafına təkan verir
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Paralel şəkildə, ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə həyata keçirilib.
Beləliklə, dinamik inkişaf tempinə malik olan Azərbaycanda bütün sahələrin tərəqqisinə xidmət edən kompleks xarakterli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan, infrastruktur quruculuğu istiqamətində davam etdirilən işləri də xüsusi vurğulamaq gərəkdir. Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də çoxlu sayda böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb. Bununla yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev qarşıya ölkənin bütün bölgələrində kənd yollarının abadlaşdırılması ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq hər il regionlarda təxminən min kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilir.
Ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 23-də “Quba rayonunun Quba-Qusar (9 km)-Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba-Qusar (9 km)-Alpan-Kürkün-Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bununla yanaşı, dövlətimizin başçısı sentyabrın 27-də “Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Eyni zamanda, Goranboy rayonunda 5 istiqamət üzrə - Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun, Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yolları və Qazanbulaq kəndinin giriş yolunun yenidən qurulması işləri yekunlaşdırılıb. Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bunun 37,7 kilometrlik hissəsi III texniki dərəcəli, 2,3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə malikdir. Uzunluğu 13 kilometr olan Goran-Goranboy, 7,6 kilometr olan Goranboy-Tərtər, 15,1 kilometr olan Goranboy-Borsunlu və 2 kilometr olan Gürzallar-Rus Borisi hissəsi III texniki dərəcəli, uzunluğu 2,3 kilometr olan Qazanbulaq kəndinə giriş yolu isə IV texniki dərəcəlidir. Yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb. Vurğulamaq yerinə düşər ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 15 yaşayış məntəqəsində yaşayan 32 min əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bundan başqa, yolun Goranboy-Borsunlu hissəsinin 6-cı kilometrində Rəhimliçay, 9-cu kilometrdə Gorançay və 13-cü kilometrdə Yarğançay üzərində yerləşən mövcud körpülərin də təmir-bərpa işləri yekunlaşdırılıb. Sonda 257 yol nişanının, 1200 siqnal dirəyinin quraşdırılması, 6 avtobus dayanacağının tikintisi, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Bunlarla yanaşı, uzunluğu 55 kilometr olan respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Tez-tez sürüşmə və uçqunların baş verdiyi yolun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədilə təmir-tikinti işləri bu ilin sonuna kimi başa çatdırılacaq. İşlər Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun yenidən qurulur. Hərəkət zolaqlarının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metrdir. Yolun ümumi eni 12 metr təşkil edir. Günəşli kənd sakini Kamal Rəhmanovun sözlərinə görə, əvvəllər Lerikdən Lənkərana 2 saata gedirdilər. Sürüşmə və uçqunlar yolu yararsız hala salmışdı. “Dövlətimizin başçısının Lerikə hər səfəri biz sakinlər üçün də əlamətdar olur. Hər səfərdən sonra yenidənqurma və quruculuq işləri geniş vüsət alır. Bu yol da bizim üçün bir hədiyyədir. Çox razıyıq ki, belə bir yol çəkilib”, - deyə o bildirib. Rayon sakini Cavid Kişiyev də yolun əsaslı təmirinə görə razılıq edir: “Lerik ucqar dağ rayonu olduğuna görə uçqunlar olur, yollarımız dağılır. Amma şükürlər olsun, indi yollarımız abadlaşıb. Lənkəran-Lerik yolu yüksək keyfiyyətlə təmir olunur. Mən bütün Lerik sakinləri adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.
Hazırda yolda olan mövcud körpülər təmir edilir və genişləndirilir. Körpülərin ətrafında əlavə bərkitmə işləri aparılaraq dəmir-beton svaylar vurulur. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Lerik-Lənkəran avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri aparılır, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa, ehtiyac duyulan yerlərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. 48 saylı “Yol İstismarı” MMC-nin direktoru Çingiz Əkbərov ikiqat asfalt vurulan yolda tez-tez uçqunlar olduğunu bildirərək deyib: “Uçqunların qarşısını almaq üçün 5630 metr istinad divarı çəkilib. Eyni zamanda, 7130 metr uzunluqda beton küvetlər qoyulub. Hazırda beton küvetlərin inşası davam edir. Yolun tikintisinin başa çatdırılması bu ilin sonuna nəzərdə tutulur”.
Lənkəran-Lerik yolunun yenidən qurulmasına və genişləndirilməsinə ən çox sevinənlər isə sürücülərdir. Sürücü Ənvər Cəfərov bu yoldan, demək olar, hər gün istifadə edir: “Yolun yenidən qurulması bizim də işimizi asanlaşdırır. Hər gün bu yoldan istifadə edən şagirdlər də çox əziyyət çəkirdilər. Şükürlər olsun ki, yollarımız təmir olunur, rahat gedib-gəlirik. Maşınlarımız da xarab olmur”.
Dövlət başçısının imzaladığı Sərəncama əsasən, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərinin azalmasına zəmin yaradacaq, həm də kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək. Ümumilikdə isə yolboyu yaşayan vətəndaşların sosial rifah halına müsbət təsir göstərərək, sosial-iqtisadi inkişafın sürətlənməsinə şərait yaradacaq.
Quba rayonunda isə 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə başlanılıb. 24 kilometrlik avtomobil yolu Qamqam, Töhmər, Talabı, Xarovşa, Talabıqışlaq, Küçeyi və Cağacıq kəndlərini birləşdirir. Hazırda yolun Qamqam və Töhmər kəndlərindən keçən hissəsində yol yatağı salınır. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikiləcək. İki hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 7 metr təşkil edəcək. Avtomobil yolunun tikintisinin 2020-ci ildə tamamlanması nəzərdə tutulub. Bu yolun yenidən qurulması əhalinin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına əlavə təkan verəcək.
Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində də kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Hazırda şəhərin əsas küçələrinə çıxan daxili yollara yeni asfalt örtük çəkilir. Qəbələ Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, indiyədək şəhərin Əhmədağa Bağırov küçəsində 486 metr, Cəfər Cabbarlı küçəsində 763 metr, Musabəyov küçəsində 470 metr, Səttərxan küçəsində isə 654 metr uzunluğunda daxili yollara yeni asfalt örtük çəkilib. Hazırda M.F.Axundzadə küçəsində 900 metrlik məsafədə asfalt örtüyün vurulması işləri aparılır.
Beləliklə, Azərbaycanın regionlarında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər və yenidənqurma işləri uğurla davam etdirilir. Bütövlükdə, bölgələrdə avtomobil yollarının tikintisi, yenidən qurulması ilə əlaqədar həyata keçirilən məqsədyönlü tədbirlər kənd təsərrüfatı və turizmin inkişafına təkan verir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31