Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / / Azərbaycanda 2020-ci ildə də regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı addımlar atıldı

Azərbaycanda 2020-ci ildə də regionların sosial-iqtisadi inkişafı istiqamətində davamlı addımlar atıldı

07.01.2021 [08:46]

İşğaldan azad edilən ərazilərdə bərpa işlərinə başlanılması ötən ilin ən əlamətdar hadisələrindəndir
(əvvəli ötən sayımızda)

Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi əsasən, qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.
Bu barədə Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixdə imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda bildirilib. Sərəncamda ölkənin məhdud su ehtiyatlarından səmərəli istifadə edilməsi üçün nəzərdə tutulan tədbirlərin reallaşdırılması məqsədilə müvafiq qurumlara, o cümlədən Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə zəruri tapşırıqlar verilib. Eyni zamanda, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiqlənib.
Perspektivdə su təchizatı sahəsində ölkə üzrə yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla yenidən qurulması nəzərdə tutulan hidroqovşaq, kollektor və suvarma kanallarının siyahısı təsdiqlənib. Təqdim olunan siyahıya əsasən, ölkə üzrə 20 kanalın, Bəhrəmtəpə hidroqovşağının və Mil-Qarabağ kollektorunun yenidən qurulması nəzərdə tutulub. Dövlət başçısının imzaladığı digər Sərəncamla isə dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiqlənib. Belə ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına 2 saylı əlavəyə uyğun olaraq ölkə ərazisində Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay, Zəyəmçay su anbarlarının yaradılması nəzərdə tutulub.
Ötən il bəhs olunan ayrı-ayrı layihələrin icrasına start verilib. Paralel şəkildə respublikamızın bir sıra şəhər və kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində intensiv işlər görülüb. 2020-ci ildə dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirli, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşahağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb. Yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması layihələrinin bir çoxunu isə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) sırf daxili imkanları hesabına həyata keçirib. 2020-ci ildə “Azərsu” ASC-nin daxili imkanları hesabına Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin və digər yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub.
2020-ci ilin sonlarında içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı əsasında icra olunan layihə yekunlaşıb. Noyabr ayının əvvəlindən yeni mənbədən Neftçala şəhərinə keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.
2020-ci ildə ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 96 faizə çatdırılması böyük nailiyyətdir
Məlum olduğu kimi, Azərbaycan qaz ehtiyatları ilə zəngin olan ölkədir. Respublikamızın “Şahdəniz” və digər yataqlardan çıxarılan “mavi yanacaq” resursları diversifikasiya edilmiş marşrutlarla qonşu və Avropa ölkələrinə çatdırılır. Daxili istehlakçıların “mavi yanacaq”a olan tələbatının dolğun şəkildə ödənilməsi isə Azərbaycanın məqsədyönlü enerji siyasətinin prioritetini təşkil edir. İndiyədək reallaşdırılan layihələr sayəsində respublikamızda 2020-ci ildə qazlaşdırmanın səviyyəsi 96 faizə yüksəlib ki, bu da böyük nailiyyətdir. Hazırda ölkəmiz ümumi qazlaşdırmanın səviyyəsinə görə dünyada öncül mövqelərdən birini bölüşür. Qeyd etmək yerinə düşər ki, respublikamızda ucqar dağ kəndlərində belə evlərdə “mavi yanacaq” alovlanır.
Regionlarda qazlaşdırma sahəsində işlər ötən il intensiv şəkildə davam etdirilib. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində 7214,6 km yeni qaz kəməri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 225 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 158 yaşayış məntəqəsi qazlaşdırılaraq “mavi yanacaq”la təmin edilib. 2020-ci il ərzində yeni qazlaşdırma layihələri respublikanın bütün bölgələrini əhatə edib. O cümlədən Göygölün Toğanalı, Daşkəsən rayonunun Aşağı Daşkəsən, Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilməsi təmin olunub. Şamaxı rayonunda 51 məntəqədə qazlaşma işləri yekunlaşıb. Ötən il Kürdəmir rayonunun Qarabucaq və Qurdbayramlı kəndlərinə qaz çəkilişi tamamlanıb. Bununla da Kürdəmir rayonunda qazlaşdırılma səviyyəsi 100 faizə çatdırılıb. Həyata keçirilən yeni qazlaşdırma layihələrinin sayəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1.954.584-ə çatıb.
Ölkə üzrə yeni qazlaşdırma layihələrinin həyata keçirilməsi ilə yanaşı, müştəri məmnunluğunun təmin olunması da davamlı olaraq diqqət mərkəzində saxlanılır. İl ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclarla təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi təmin edilib.
İşğaldan azad edilmiş ərazilərə həyat qayıdır
Vurğulamaq yerinə düşər ki, reginoların sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar, görülən quruculuq işləri artıq işğaldan azad edilən əraziləri də əhatə etməkdədir. Belə ki, 2020-ci ilin sonlarından etibarən bəhs olunan ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpasına start verilib. Artıq “Azərsu” tərəfindən Şuşa şəhərinə suyun verilməsi təmin edilib.
“Azəriqaz” müharibə zamanı düşmənin artilleriya atəşinə məruz qalan Gəncə, Ağdam, Ağcabədi, Bərdə və Beyləqanda “mavi yanacaq” təchizatı ilə bağlı problemləri əsasən, aradan qaldırıb, bəzi ünvanlarda isə işlər davam etdirilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpası və müvafiq infrastrukturun yaradılması işləri çərçivəsində yaşayış ərazilərinin təbii qaz təchizatı üçün ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb. Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutların araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib.
Hazırda Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir. Eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyası tam yenidən qurulmaqla yanaşı, enerjiötürmə qabiliyyəti artırılır. “Azərişıq” ASC də işğaldan təmizlənən ərazilərimizdə başlanan bərpa işlərinə fəal qoşulub. Qurum “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. İşgaldan azad edilən ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə ötən ilin dekabrında “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında video-konfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. İmzalanan müqaviləyə görə, Agdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək.
İşğaldan azad edilən ərazilərdə yol infrastrukturunun yenilənməsi istiqamətində də intensiv iş aparılır. Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb. Ötən il Füzuli rayonundan Şuşaya yolun çəkilməsinə başlanılıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50,0 (əlli) milyon manat ayrılıb. Yolun inşası yerli və Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək və artıq bununla bağlı müqavilə imzalanıb. Prezident İlham Əliyev 24 noyabr 2020-ci il tarixində “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bəhs olunan Sərəncamla ümumi uzunluğu 45,0 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılması 2020-ci ilin ən böyük uğurlarındandır. Yeri gəlmişkən Prezident İlham Əliyev 4 yanvar 2021-ci il tarixində “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında müvafiq Fərman imzalayıb. Şübhə yoxdur ki, Fondun fəaliyyətə başlaması ilə işğaldan azad edilmiş ərazilərdə bərpa işləri daha da sürətlənəcək və onların əhatə dairəsi daha da genişlənəcək.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30