Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / ...Ömrümün mənasısan, anamın anasısan Azərbaycan!

...Ömrümün mənasısan, anamın anasısan Azərbaycan!

19.08.2009 [02:20]

Müslüm Maqomayev təkrarolunmaz səsi və yüksək səhnə mədəniyyəti ilə incəsənətimizin carçısına çevrilmişdi
Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və dünyada tanıdılması üçün çalışan sənət adamları sırasında Müslüm Maqomayevin özünəməxsus yeri olub. Onun Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak etməsi, xalqının sahib olduğu milli sərvətin zənginləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində çalışması üçün daha əsaslı səbəbləri var idi. çünki o, Azərbaycan mədəniyyəti tarixində öz izi, dəst-xətti olan sənətkarlar irsinin daşıyıcısı idi: Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən olan Müslüm Maqomayevin nəvəsi, kinorəssam Məhəmməd Maqomayevin oğlu. Bu status çox şeydən xəbər verirdi. Artıq Müslümün gələcəyi, hansı yolu tutacağı, nə kimi sənət sahibi olacağı məlum idi. 1942-ci il avqust ayının 17-də Bakıda sənətkar ailəsində dünyaya göz açan Müslüm gənc yaşlarından etibarən babasının yolunu seçməklə bir növ gələcək taleyini müəyyən etdi. Yaşayacağı sevgi dolu ömrün təməlini qoymuş oldu. Kiçik yaşlarından musiqi dünyasına daxil olması və irsi istedadı Müslümə fəth olunacaq zirvələr vəd edirdi.
... İlk uğurları gənclik illərinə təsadüf etdi. 1962-ci ildə Helsinki şəhərində keçirilən Gənclərin və Tələbələrin VIII ümumdünya Festivalındakı uğurlu çıxışı yaradıcılığının sağlam bünövrəsi hesab oluna bilər. Məhz bu çıxış Müslümün üzünə yeni qapılar açdı. Bu gənc bir növ dövrünün tapıntısı idi. Beləliklə, ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə Müslüm Maqomayev dövlət xəttilə “La Skala” teatrına göndərildi. 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi başlayan Müslüm sonradan (1975-ci il) Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaratdı. Uzun müddət orkestrə rəhbərlik etdi. Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri mühüm rol oynayıb.
Sənət ulduzunun parlaması 60-cı illərin sonlarına təsadüf etdi. Hər zaman olduğu kimi, o illərdə də, Azərbaycana bağlılığını nümayiş etdirdi. Olduqca zəngin repertuarı vardı. İfasında 600-dən çox əsər səslənmişdi. Onu xalqa böyük vətənpərvər kimi sevdirən isə yaradıcılığında önəmli yer tutan “Azərbaycan” mahnısı oldu. Sənətkarın ötən illər ərzində göstərdiyi fəaliyyət sovet estradasının yeni simasını müəyyən etmişdi. Bunun fonunda da Maqomayevin estrada, teatr və kinodakı çoxşaxəli fəaliyyəti yüksək bəşəri idealları özündə ehtiva edərək daim Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərməyə çalışırdı. Bəstələdiyi musiqi əsərlərində isə milliliklə novatorluğun vəhdəti əks olunurdu.
1969-cu il... Artıq məşhurluq həyatı yaşayırdı. Sopot festivalında birinci mükafata, Kann festivalında isə “Qızıl val” mükafatına layiq görülmüşdü. 1973-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə 31 yaşındaykən SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdü.
Qarşılıqlı məhəbbət son mənzili təyin etdi
Köksündə milyonlarla sevgiyə qarşılıq verəcək qədər böyük və mərhəmətli ürək daşıyırdı. Tükənməz vətən sevgisini Müslüm doğma Azərbaycanına şan-şöhrət gətirməklə sübuta yetirmişdi. Yaradıcılığının işığı tək Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı. Onu təkcə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin vətəndaşları deyil, bütün dünya tanıyır və sevirdi.
Dövrün əfsanəsi sayılan sənətkar müsahibələrində dəfələrlə vurğulayırdı ki, onun sənətkar olaraq püxtələşməsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. ümummilli lider Azərbaycan naminə yaşayıb yaradan hər bir sənət adamına olduğu kimi, Müslüm Maqomayevə də böyük diqqət və qayğı ilə yanaşırdı. Ulu öndər Heydər Əliyev Müslüm Maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu diqqət sayəsində Müslüm  ömrünün böyük hissəsini Moskvada yaşasa da, özünü hər zaman bakılı hiss edirdi. Qarşılıqlı sevginin vəhdəti olaraq da şöhrəti dünyanı dolaşsa belə son mənzili doğma Bakı, Fəxri Xiyaban oldu. Bu gün, onunla bağlı söylənən fikirlər keçmiş zamanda səslənsə də, Azərbaycan xalqı öz böyük oğlu ilə hər zaman olduğu kimi fəxr edəcək. İfası ilə insanlara sevinc və sevgi bəxş edən Müslüm nəinki Azərbaycan xalqının, sənətə qiymət verən hər bir insanın könlündə var olacaq.
Dostlar dilə gəldi... dünya ondan danışdı...
Müslümün vəfat etməsi xəbəri dinindən və dilindən asılı olmayaraq, çox insanların gözlərini  yaşartdı. Gözlər yaşardıqca, xatirələr dilə gəldi. Nüfuzlu dövlət başçıları, tanınmış siyasətçilər, sənət adamları, sadə vətəndaşlar....
Nə zamansa sənət meydanında yolları kəsişən, eyni səhnəni bölüşən, qastrol səfərlərində yoldaş olanlar Müslüm dünyasına başqa bir rakusdan baxmağa başladı. Onun zəngin mədəniyyətə sahib olmasından isə hamı danışdı. Onunla bağlı xatirələr səslənən zaman isə vahid bir fikir meydana çıxdı, Müslüm Maqomayevin sənəti elə bir zirvədə qərar tutmuşdu ki, Azərbaycan üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü idi. Səsi, sənəti, səhnə mədəniyyəti ilə bütün kainatı fəth etmişdi. Ən böyük uğuru isə əldə etdiyi zirvədə müdrikliyini və sadəliyini qoruyub saxlaya bilməsi oldu.
Hər zaman pərəstişkarlarının zövqünü oxşamağa çalışırdı. Sənətkarla bağlı səsləndirilən xatirələrin ən təsirlisi isə ömür-gün yoldaşı, opera ifaçısı Tamara Sinyavskayaya məxsus oldu. Sənətkarın vəfatından bir müddət əvvəl verdiyi müsahibələrin birində M.Maqomayevin xalqa görünməyən tərəflərini, elin vurğunu olduğu sənət adamı kimi deyil, sevən kişinin xarakterini açmışdı. Tamara xanımın xatirələrindən: “29 yaşımda Müslümlə yenicə tanış olmuşduq. Mən o zaman İtaliyada təcrübə keçirdim. Müslüm demək olar ki, hər gün zəng vurur, yeni musiqilərini mənə dinlədirdi. Onunla uzun-uzadı danışardıq. Zənglərin ona nə qədər baha başa gəldiyinisə indi özünüz fikirləşin. Amma puldan söhbət onun üçün qadağan olunmuş mövzu idi. O, hər zaman səxavətli kişi, gözəl ailə başçısı olub”.
Tamara xanım Müslüm Maqomayevə ən yaxın olan şəxsiyyətin Ulu öndər Heydər Əliyevin dünyadan köçməsinin sənətkara ağır təsir etdiyini, hətta özünə daha çox qapandığını da etiraf etmişdi. “Müslüm oxumağı da tərgitmişdi. Son gününə kimi yaxın dostunun vəfatına çox üzülürdü. Vaxt var idi Müslümün doğum gününü Heydər Əliyevin Xəzərin sahilində yerləşən bağ evində qeyd edirdik. Artıq bunların hamısı keçmişdə qaldı”.
Bəli, Müslüm Maqomayev heç bir zaman pərəstişkarlarının yaddaşından silinməyəcək. Məşhur mahnısı ilə tərənnüm etdiyi Ana Vətəninin qoynunda hüzura qovuşan sənətkar hər zaman özünün də arzuladığı kimi daxilən cavan, ürəyi yaradıcılıq şövqü ilə döyünən bir sənət fədaisi kimi hafizələrdə yaşayacaq.
TURANƏ

Paylaş:
Baxılıb: 1250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31