Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / 20 Yanvar şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq

20 Yanvar şəhidlərinin əziz xatirəsi mədəniyyət ocaqlarında da anılacaq

17.01.2018 [10:10]

Faciənin iyirmi səkkizinci ildönümü ilə əlaqədar tamaşaların göstərilməsi, sərgi-tədbirlərin keçirilməsi, o cümlədən bədii və sənədli filmlərin nümayiş etdirilməsi planlaşdırılır
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsinin 28-ci ildönümü tamam olur. Məlum olduğu kimi, hər il ölkəmizdə, eləcə də Azərbaycanın sərhədlərindən kənarda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir, bu faciədə şəhid olmuş qəhrəmanların xatirələri anılır. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müvafiq sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” da təsdiq edilib.
Məlumat üçün bildirək ki, sözügedən sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.
Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda fəaliyyət göstərən əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılıb.
Milli Dram Teatrı “Qarabağnamə” və “Xəcalət” tamaşalarını təqdim edəcək
Onu da qeyd edək ki, sözügedən sənədə uyğun olaraq bir sıra teatr və mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş geniş anım mərasimlərinin keçirilməsi planlaşdırılır. Məsələn, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yanvarın 20-də “Qarabağnamə” adlı tamaşasını təqdim edəcək. Bu tamaşa Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Səhnə əsəri Xalq artisti, uzun illər İlyas Əfəndiyevlə birlikdə işləyib, onun yaradıcılığına yaxından bələd olan rejissor Mərahim Fərzəlibəyova həvalə edilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, teatrın tarixinə silinməz sətirlərlə yazılmış “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Güclü milli ruh aşılayan səhnə əsərinin başlıca mövzusu isə xanlıqları birləşdirib vahid dövlət yaratmaqdır. Bildirilib ki, erməni fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən Cavad xan obrazları izləyənlərin yaddaşından silinməyəcək.
Tamaşaçılar tərəfindən hər dəfə maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə əsərində rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev və başqaları ifa edəcəklər.
20 Yanvar faciəsinə həsr olunmuş növbəti səhnə əsəri isə Hüseynbala Mirələmovun “Xəcalət” adlı tamaşasıdır. Yanvarın 21-də Milli Dram Teatrında nümayiş olunacaq pyes Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Pyesdə həmçinin müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.
“Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən iki hissəli dramdır.
Qeyd edək ki, səhnə əsəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir. Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.
“Əlincə qalası” Gənc Tamaşaçılar Teatrının səhnəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) isə yanvarın 19-da və 20-də yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azəri bildirib ki, tamaşanın süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 Yanvar şəhidlərinə həsr olunmuş səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.
Bundan başqa, yanvarın 20-də sözügedən mədəniyyət ocağında yazıçı Dilsuz Mustafayevin Azərbaycan xalq nağılı “Əlincə qalası” əsasında qələmə aldığı eyniadlı tamaşa nümayiş etdiriləcək. Qeyd edək ki, “Əlincə qalası” tamaşası yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüyüb tərbiyə olunmasına həsr edilib.
Bir hissəli əfsanəvi nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur.
Yuğ Teatrında “Məhşər günü” olacaq
Öz növbəsində, Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yanvarın 19-da tamaşaçıların qarşısına yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşası ilə gəlməyi planlaşdırır. Teatrın mətbuat katibi Könül Cəfərovanın verdiyi məlumata görə, səhnə əsəri uğurlu karyera qurmuş, bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş, istedadlı, təcrübəli dövlət müşavirindən bəhs edir. Nəriman Əliyevin Azərbaycan dilinə tərcümə etdiyi birhissəli səhnə əsəri Gümrah Ömərin quruluşunda təqdim olunacaq.
Tamaşada əsas rolları Əməkdar artist Vidadi Həsənov, aktyorlar Amid Qasımov və Könül Cəfərzadə ifa edəcəklər. Səhnə əsərinin musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur.
Filarmoniyada da anım tədbiri təşkil olunacaq
Bununla yanaşı, yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq.
Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq. Tədbirdə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılacaq, onların keçdiyi ömür və qəhrəmanlıq yolunu əks etdirən fotosərgi nümayiş etdiriləcək. Anım tədbiri vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edəcək.
Konsertdə Xalq artistləri Rauf Abdullayev və Gülbacı İmanovanın bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Milli qəhrəmanlarımıza həsr edilmiş filmlərin nümayişinə başlanılıb
Yeri gəlmişkən, xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən etibarən Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlərin nümayişinə başlanılıb. Ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə idarənin tabeliyində olan mədəniyyət müəssisələrində təqdim olunur.
Gənc nəslin milli təfəkkürünün formalaşması və vətənpərvər ruhda tərbiyəsində, habelə tariximizin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən bu filmlərin nümayişi yanvarın 19-dək davam edəcək.
Muzey və sənət mərkəzlərində də Ümumxalq hüzn günü ilə bağlı tədbirlər keçiriləcək
O cümlədən paytaxtın bir çox muzey və sənət mərkəzlərində də 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım tədbirləri keçiriləcək. Məsələn, Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun verdiyi məlumata görə, müsabiqə 15 yaşadək uşaq və yeniyetmələr arasında keçiriləcək. Bildirilib ki, müsabiqə xalqımızın azadlıq mübarizəsi və qan yaddaşı olan 20 Yanvar hadisələrini bir daha xatırlamaq məqsədi daşıyır. Yanvarın 18-dək nəzərdə tutulan müsabiqənin yekun sərgisində 110 fırça ustasının 120-dək sənət əsəri nümayiş etdiriləcək. Eyni zamanda, Faiq Əhmədovun “1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatı da keçiriləcək.
Bununla yanaşı, yanvarın 18-də İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi təşkil olunacaq. Sərgidə muzeyə yeni daxil olmuş 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş ediləcək. Tədbirdə muzeyin direktoru, 20 Yanvar Fondunun təmsilçiləri, şəhid ailələrinin yaxınları çıxış edəcəyi gözlənilir. Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı bədii hissə təqdim olunacaq.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 831 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30